Eldar Mansurovun “Bayatılar”ı Braziliyada səsləndirildi
Bizi izləyin

Magazin1

Eldar Mansurovun “Bayatılar”ı Braziliyada səsləndirildi

Tanınmış tar ifaçısı, Azərbaycanın əməkdar artisti Sahib Paşazadə "Serrinya" Beynəlxalq İncəsənət Festivalında iştirak edib.

Publika.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Braziliyanın San Paulo ştatının Braqanza Paulista şəhərində keçirilən həmin festivalda ifaçımız Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi və braziliyalı musiqiçi Benjamin Taubkinin dəvəti ilə iştirak edib.

S. Paşazadə sözügedən tədbirdə Braziliyadan və dünyanın müxtəlif ölkələrindən gələn milli musiqi alətləri ifaçıları ilə 10 günlük yaradıcılıq təcrübə mübadiləsi həyata keçirib və onların birgə ifaları səsyazmaya alınıb. Həmçinin, Sahib Paşazadə səfər çərçivəsində Braziliyanın San Paulo şəhərindəki "Casa do Nucleo" adlanan mərkəzdə solo konsert proqramı ilə çıxış edib. Konsertin əvvəlində S.Paşazadəni iştirakçılara təqdim edən "Casa do Nucleo" mərkəzinin rəhbəri, B.Taubkin Azərbaycanın zəngin mədəniyyəti, tar musiqi aləti haqqında onlara geniş məlumat verib.

Azərbaycan tarının tarixi, inkişafı və texniki imkanları barəsində tamaşaçılara ətraflı məlumat verən S.Paşazadə bu bənzərsiz sənət növünün 2012-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.

Konsert zamanı ifaçı "Segah", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Cahargah" kimi Azərbaycan muğamlarından parçalar və "Azərbaycan", "Bənövşə", "Naz-Nazı" və digər Azərbaycan milli rəqslərini habelə, braziliyalı bəstəkarı Zeqinya Abreunun "Tiko-Tiko" əsərini Azərbaycan musiqisi ilə sintez edərək ifa edib. Onun ifası auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, "Serrinya" Beynəlxalq İncəsənət Festivalının bədii rəhbəri Benjamin Taubkin 2013-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalında iştirak edib. O, Azərbaycan bəstəkarı Eldar Mansurovun "Bayatılar" musiqisini Braziliyada səsləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm