Ədalət Şükürov: “Mən hesabatımı çoxdan vermişəm”
Bizi izləyin

Magazin1

Ədalət Şükürov: “Mən hesabatımı çoxdan vermişəm”

Bu günlərdə Azərbaycanın əməkdar artisti Ədalət Şükürov Dağıstan Respublikasının "Xalq artisti" adına layiq görülüb. Bu xəbər birmənalı qarşılanmayıb. Öz vətənində 9 ildir ki, əməkdar artist olaraq qalan sənətçinin Dağıstan Respublikasının xalq artisti adına layiq görülməsi nə ilə izah olunur?

Publika.az bu və digər məsələlərlə bağlı Ədalət Şükürovdan müsahibə götürüb.

- Ədalət bəy, sizi təbrik edirik. Dağıstanın xalq artisti adına layiq görülmüsünüz. Sirr deyilsə, hansı xidmətlərinizə görə ad verdilər sizə?

- Təbrikə görə təşəkkür edirəm. Mən hələ 2000-ci ildən Dağıstanın dövlət tədbirlərində fəal iştirak edirəm. 2008-ci ildə Dağıstan Respublikasının prezidenti Muxu Əliyev mənə əməkdar artist adı verib. Bu hadisənin üstündən 7 il keçdikdən sonra Dağıstanın Respublika günü münasibəti ilə mənə Dağıstan Respublikasının xalq artisti adı verildi. Müğənninin xidməti nə olacaq ki? Mən onların bir çox dövlət tədbirlərində fəal iştirak edirəm. Bu, çətin işdir. İnanmıram ki, məndən sonra Azərbaycandan hansısa sənətçiyə Dağıstanın xalq artisti adı verilsin. Nəinki xalq, heç əməkdar artist adı almaq özü asan iş deyil. Gərək Dağıstanın konstitusiya günü, Gənclər günü, Dərbəndin yaranma günü konserti, Rusiyanın bayrağı ilə bağlı tədbirlərdə iştirak edəsən. Buna baxmayaraq, mən fəxr edirəm ki, başqa bir ölkənin xalq artisti adına layiq görüldüm.

- Xalq artisti adına layiq görülməyinizi xüsusi yığıncaqla qeyd etdiniz?

- Açıq desəm, mən doğum günlərini, bayramları təmtəraqlı şəkildə qeyd etmirəm.

- Niyə?

- Elə insanlar var ki, istənilən əlamətdar günü təmtəraqlı şəkildə qeyd edir. Mən uşaqlıqdan beləyəm. O vaxt keçirməyə imkan olmayıb, indi isə imkan olsa da, kompleksim var.

- Fəxri ad almağınızı qeyd etməyəcəksiniz?

- Yəqin ki, 10-15 dost-tanışla bir məclis qurarıq. Bunu da etməzdim. Amma dostlarım zəng edirlər ki, nə vaxt yığışaq. Bu səbəbdən kiçik də olsa, bir məclis düzənləyəcəm.

- Ad aldıqdan sonra sizi ilk təbrik edən kim oldu?

- Dağıstanın prezidenti (gülür). Ramazan Abdulatipovdan sonra Dağıstanda olan dostlarım da təbrik etdi. Sonra isə ailə üzvlərim zəng etdi.

- Bu il yay istrahətini necə keçirdiniz?

- İstirahətim Monteneqrodan başladı. Əslində, ora festivala getmişdim. Monteneqronun Herceq Novi şəhərində "Suncane Skale '' pop musiqi festivalında ölkəmizi təmsil etməyə yollanmışdım. Bu Balkan ölkələrinin çox böyük musiqi yarışmasıdır. 7 gün davam edən festival boyunca istirahətə də vaxt tapdım. Oradan qayıtdıqdan sonra isə Azərbaycanımızın rayonlarında istirahət etdim. Bu il xaricə gedə bilmədim. Bilgəhdə bağ evim var. Hətta orda dincəlməyə də güclə vaxt tapıram.

- Bəs vaxtınızın əksər hissəsini nəyə sərf edirsiniz?

- Vaxtımın böyük hissəsi xırda işlərə sərf olunur. Əsasən, studiyada mahnı yazdırıram, musiqi işləri ilə məşğul oluram. Məsələn, fəxri ad almağımla əlaqədar bir sıra telekanallar müsahibə alır. Buna da vaxt sərf olunur. Gündə planlaşdırılmayan bir sıra işlər çıxır.

- Avqust-sentyabr aylarında bir sıra həmkarlarınız konsert verəcək. Siz niyə konsert vermirsiniz?

- Bu barədə heç fikirləşmirəm. Konsert vermək üçün təşkilatçı olmalıdır. Mən öz-özümə konsert verə bilmərəm.

- Təşkilatçılardan konsert proqramı üçün sizə müraciət edən yoxdur, yoxsa Azərbaycanda təşkilatçı yoxdur?

- Konserti təşkilatçı etməlidir. 2009-cu ildə Nahid Emiloğlu konsertimi təşkil edib. Mən də böyük məmnuniyyətlə "Yaşıl Teatr"da konsert verdim. Yoxsa müğənni durub özü-özünə konsert verər?!

- Bəs niyə təşəbbüs göstərmirsiniz ki, konsertinizi təşkil etsinlər?

- İstəyirəm ki, onlar məndən xahiş etsinlər. Məsələn, bu yaxınlarda Odessada konsertim olacaq. Bunu məndən xahiş ediblər, mən də qəbul etmişəm. Avqustun əvvəlində daha bir konsertim Dağıstan filormoniyasında olacaq. Orada da bu konserti məndən təşkilatçı xahiş edib.

- Bu konsertlərdən qonorar alırsınız?

- Əlbəttə ki! İstər zalda bir nəfər, istərsə yüz, istərsə də min nəfər olsun. Bu, onların problemidir. Mən qonorarımı alıram. Bax konsert belə olur. Özünə hörmət edən müğənni durub sponsor axtarmaz ki, gəlib ona konsert keçirtsinlər. Bu nə qədər düzgündür? Yox, təşkilatçı təklif etsə, mən canla-başla razılaşaram, qonorarımı da alaram. Mənim konsertlərim hər zaman belə olub. Amma söhbət hesabat konsertindən gedirsə, bu, tamam fərqli şeydir. Məsələn, müğənni 10-20 il calışır və istəyir tamaşaçılarına hesabat konserti versin. Mənə isə hesabat konserti lazım deyil. Mən hesabatımı çoxdan vermişəm.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm