Həmkarlarına paxıllıq edən Sevda Yahyayeva: “Bütün yayı konsertə hazırlaşmışam”
Bizi izləyin

Magazin1

Həmkarlarına paxıllıq edən Sevda Yahyayeva: “Bütün yayı konsertə hazırlaşmışam”

Müğənni Sevda Yahyayeva bu axşam "Yaşıl Teatr"da konsert proqramı ilə çıxış edəcək. Odur ki, müğnnini sevənlərin hamısı bu gecə "Yaşıl Teatr"a toplaşacaq. Birdən-birə bu qədər pərəstişkar qarşısında çıxış etmək, şübhəsiz, müğənnini həyacanlandırır. Bu, konsert üçün son hazırlıqlarını görən müğənninin hər hərəkətindən, hər sözündən hiss olunur.

Publika.az müğənni Sevda Yəhyayevanın konsert həyacanını bölüşüb:

- Bu gün konsert verəcəksiniz, nə hisslər keçirirsiniz?

- Həyəcanlıyam da, sevincliyəm də. Bu axşam baş tutacaq konsertə çox ciddi hazırlaşmışam. İnanıram ki, hazırladığımız konsert proqramı məni izləməyə gələnlərin də ürəyincə olacaq.

- Deyəsən, məşqlər kifayət qədər uzun çəkib?

- Dünənə kimi məşqlərimiz davam edib. Bilirsiniz ki, musiqi orkestri gənclərdən ibarətdir. Orkestrin rəhbəri İsmayıl Əsədov və Samir Sultanov peşəkar musiqiçilərdir. İfa etdiyim bütün mahnılar fərqli aranjemanda təqdim olunacaq.

- Konsert üçün seçilən mahnılar ancaq öz repertuarınızdandır, yoxsa…?

- Konsertdə həm öz mahnılarımı, həm də klassik mahnılar ifa edəcəm. Səsimə uyğun klassik mahnılar seçmişəm. O mahnıları hələ heç kəs ifa etməyib. Ancaq repertuarıma yeni daxil olan mahnı da ifa edəcəm. Həmin mahnının musiqisi Ramal İsrafilova, sözləri isə Arzu Yəhyayevaya aiddir. Mahnının adı "Yanımda olmalısan" adlanır. Ritmik mahnıdır.

- Niyə mahnıları fərqli aranjemanda ifa etmək qərarına gəldiniz?

- Səbəb odur ki, orijinal versiyada mahnılarımı artıq dinləyicilərim eşidib.

- Amma yeni aranjemanı da ilk dəfə dinləyib qəbul etmək çətindir…

- Düzdür, bu müğənni üçün də asan deyil. Çətin iş olsa da, mən bunu tez mənimsəyə bildim. Hətta məşqlərə yeni başlayanda elə bilirdim ki, yeni mahnılardır. Mahnılarımı yeni aranjemanda tanıya bilmirdim.

- Sizcə tamaşaçı üçün bunu qəbul etmək çətin olmayacaq?

- Mən inanıram ki, qəbul edəcəklər. Çünki tamam fərqli və marağa səbəb olacaq tərtibatdadır. Düşünürəm ki, əgər tamaşaçı konsertə gəlib elə eşitdiyi versiyada mahnıları dinləyəcəksə, bunun nə marağı ola bilər? Bu səbəbdən çalışmışıq ki, konsertdə olan tamaşaçılar mahnıları tamam fəqli ruhda, fərqli abu-havada dinləsinlər.

- Konsert repertuarınıza klassik mahnıları daxil etməyiniz nə ilə əlaqədardır?

- Çünki klassik mahnılar məndə daha yaxşı alınır. Əslində, onların sayı elə də çox deyil. Cəmi 2 klassik mahnıya müraciət etmişəm. Çox sevdiyim mahnılardır.

- Konsertdə neçə mahnı ifa edəcəksiniz?

- Ümumilikdə 20 mahnı ifa edəcəyəm. Bütün mahnıları canlı oxuyacam. "Nero" rəqs qrupu də səhnəni mənimlə bölüşəcək. Səhnə dekoru, işıq və səs rejissorundan tutmuş, hər bir iş yüksək səviyyədə təşkil olunub.

- Belə çıxır ki, Sevda Yəhyayeva bu yay istirahət etməyib?

- Bu yay istirahətə "yox" dedim. İstirahət əvəzinə, bütün yayı konsertə hazırlaşmışam və məşq etmişəm. Hətta sosial şəbəkələrdə həmkarlarımın istirahət şəkillərini görürdüm, onlara bir anlıq paxıllığım tuturdu. Amma düşünürəm ki, mənə bu an konsertimin uğurla keçməsi lazımdır. Bu yay dincəlməsəm də olar. Qarşıda hələ çox aylar var. Qismət olsa, gələn yay dincələrəm.

- Konsert repertuarınızın üstündə ciddi işlər gedib. Bəs, səhnə geyiminiz necə olacaq?

- Geyimlərim üzərində gənc modelyer və dizayner Ləman Süleymanova məşğul olur. İlk dəfədir ki, onunla iş birliyimiz olur. Ləman xanımı illərdir tanısam da, ilk dəfədir ki, atelye açıb və ilk çalışdığı məşhur da elə mən oldum. Konsertim üçün 2 fərqli geyim hazırlanıb. Kostyumlarımdan birinin üzərində 2 minə yaxın daş olacaq. Çox ağır paltardır. Onu daşımaq çox çətindir. Geyimlərimin hər ikisi ağırdır. Hətta ayaqqabılarım belə xüsusi olaraq konsert üçün hazırlanır. Paltarlarım ağır olsa da, çalışacağam ki, tamaşaçı bunu hiss etməsin.

- Bəs, niyə bu qədər ağır paltar geyinməyə razılıq verdiniz?

- Mən istədim ki, fərqli olsun. İndiyədək bütün konsertlərimdə müxtəlif səhnə kostyumlarım olub. Gecə paltarı və s. geyinmişəm. Bu dəfə tamam başqa bir şou göstərmək istəyirəm. Geyimlərim nə qədər ağır və narahat olsa da, bunu tamaşaçı hiss etməyəcək.

- Bir neçə gün bundan öncə mətbuat konfransı keçirdiniz və orada müşahidə etdim ki, heç bir bəzək əşyasından istifadə etməmisiniz. Marağınız yoxdur?

- (Gülür) Mən həmin gün jurnalist dostlarımla görüşə gəlmişdim. Özümü rahat hiss etmək istədim. Daş-qaş, aksessuarlar bu axşam konsertimdə olacaq. Ümumilikdə isə, bəzək əşyalarına meylli insan deyiləm. Konsertlərdə isə çalışıram hər şey yerində olsun. Bəlkə də mənlik olsa, səhnəyə də sadə çıxaram. Amma tamaşaçıya sadə müğənni maraqsız görünür. Tamaşaçı müğənnini səhnədə parıltılı, əsl ulduz kimi görmək istəyir. Buna görə də, sevənlərimə hörmət olaraq onların istədiyi kimi çıxacam.

- Amma elə həmkarların var ki, konsertinə cins şalvar və idman ayaqqabılarında çıxır…

- Hər kəsin öz seçimi var. Mən fərqli düşünürəm.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm