Firəngiz Mütəllimova: “Yaşadığım stresslərdən sonra əməliyyatdan başqa çarəm qalmadı” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Firəngiz Mütəllimova: “Yaşadığım stresslərdən sonra əməliyyatdan başqa çarəm qalmadı” - MÜSAHİBƏ

İki il əvvəl beyin əməliyyatı leçirən 56 yaşlı xalq artist Firəngiz Mütəllimova hələ sevir, sevilir. Gözlərinin işığı sönmədən də sevməkdən vaz keçməyəcək. Deyir ki, gözləri parıldayırsa, sevgidəndir. Nə ötən illər, nə ağır əməliyyat gözlərinin parıltısını azalda bilməyib.

Firəngiz Mütəllimovanın Publika.az-a müsahibəsini təqdim edirik:

- Uzun müddət səhhətinizlə bağlı müalicə aldınız. Hazırda vəziyyətiniz necədir?

- Mən müalicə almamışam, beyin əməliyyatı keçirmişəm. 2 il bundan əvvəl qəfildən belə bir zərurət ortaya çıxdı. Yaşadığım stresslərdən sonra əməliyyatdan başqa çarəm qalmadı. Şükür Allaha, hazırda yaxşıyam. Hərdənbir müayinəyə gedirdim. İndi müayinəyə də gedə bilmirəm.

- Niyə?

- Həkimim başqa ölkədədir. O, Türkiyəyə qayıtdıqdan sonra gedəcəyəm. Özümü yaxşı hiss edirəm. Narahat olmayın.

- Bu əməliyyat sizi sənətinizdən geri atmadı?

- Heç də geri düşmədim. İndi yeni tamaşa üzərində işləmək istəyirəm. Sentyabrdan təqdim etməyi çox istərdim. Çünki iki ildir ki, "Qarabağnamə"də oynayıram. Artıq yenilik etmək lazımdır. Hətta tamaşaçılar da zəng edib bununla maraqlanır.

- Əməliyyat xəbərinizi niyə gizlədirdiniz?

- Belə lazım bildim. Əməliyyat olunduğumu uzun müddət bilmədilər. Başıma papaq qoyub dərsə gəlirdim. Ayağımda zəiflik var idi. Hamı elə bilirdi ki, ayağım burxulub. Əməliyyat öncəsi xəbərlərin çıxmasını özüm istəmirdim. Ağır ürək əməliyyatı keçirən qardaşımın mənim əməliyyatımdan xəbər tutmasını istəmirdim. Bu səbəbdən ondan gizlətməli oldum. Sonradan isə özüm jurnalistləri yığıb həkimim ilə birlikdə açıqlama verdim. Şükür Allaha, bütün o günlər geridə qaldı.

- Yəni, açıqlama vermək ehtiyacı duydunuz?

- Çox adam inanmırdı belə çətin beyin əməliyyatı keçirdiyimə. Bu səbəbdən belə bir addım atdım. Hətta beyin əməliyyatımı tam olaraq "YouTube" video izləmə portalına yerləşdirmişəm. İnansınlar ki, bu şou, reklam olmayıb.

- Firəngiz xanım, yay istirahətiniz necə keçir?

- Çox yaxşı keçir. Əsasən, Bakıda oluram. Arada Şamaxıda, Pirquluda olduq. Orada bizə xüsusi qulluq etdilər. Azərbaycanlı olaraq fəxr edirəm ki, bizim belə gözəl məkanlarımız var. Hətta orada olanda elə bir dolu yağdı ki, sonuncu dəfə belə dolunu Şuşada görmüşdüm. Ora mənə Şuşanı xatırlatdı. Çalışıram bütün istirahətimi ailəm ilə birlikdə olum. Stressdən uzaq olmağa çalışıram. Beynimin və ruhumun dincəlməsinə çalışıram.

- Hansı ixtisasdan dərs deyirsiniz?

- Aktyor sənəti ixtisası üzrə dərs keçirəm. Kurs rəhbəriyəm. 2-ci kurs tələbələrim də var. Onlarla parçalar üzərində işləyirik.

- Türkiyədə yaşayırsınız...

- (sözümü kəsərək) Yox, yaşamırıq. Hamı elə bilir ki, biz orada yaşayırıq. Tez-tez gediş-gəliş olduğundan belə bir fikir formalaşıb. Mən ora müayinəyə gedirdim. Türkiyə artıq mənə ikinci vətənim kimidir. Türkiyəni Bakı kimi əzbər tanıyıram.

- Türkiyədə şəxsi eviniz var?

- Yox. Öz evimiz yoxdur. Kaş ki, olardı (gülür). İnşallah, o da olar.

- Amma, deyəsən, bacınız orada yaşayır.

- Yox, heç bacım da orada yaşamır. O da mənimlə gedir. Məcburdur ki, mənim qulluğumda dayansın. Həkim də mənə məsləhət görüb ki, təbiət qoynunda tez-tez vaxt keçirim. Odur ki, Türkiyənin gəzməli-görməli yerlərinə tez-tez gedirik. Yəqin bu səbəbdən elə düşünürlər ki, biz Türkiyədə yaşayıb, istirahət edirik.

- "Azdrama"da olan məsələlərdən, yəqin ki, siz də halisiniz. Sizin məsələyə münasibətinizi öyrənmək istərdim.

- Mən çalışıram ki, səhhətimlə əlaqədar olaraq söz-söhbətdən, qalmaqaldan uzaq durum. Qarışmaq istəmirəm. İnşallah, sentyabr ayında qayıdanda sözümü deyəcəyəm. Yəqin ki, bütün bunların bir sonu olacaq. Açıqlama olmalıdır. Bütün mediaya fikrimi deyəcəyəm. Hələ ki, sakit olmaq istəyirəm.

- Firəngiz xanım, sevgi barədə nə düşünürsünüz?

- Siz mənim "instagram" hesabıma daxil olun. Gözlərimə diqqətlə baxın. Şəkillərimin hamısında gözlərimin parıladığını görəcəksiniz. Çünki sevəndə gözlərim parıldayır. Nə vaxt o gözlər solacaqsa, deməli, sevmirəm. Gördüyünüz kimi, gözlərim parıldayır, deməli, hələ ki, sevgi var (gülür).

- Sevirsiniz demək?

- Sevgisiz insan yaşaya bilməz ki! Vacib deyil ki, əks-cinsi sevəsən. Balanı, vətəni, təbiəti sevirsən... Məsələn, Pirquluda oldum. Orada elə dolu yağdı ki, elə bildim Şuşaya getdim gəldim. Çalışıram hər şeyə yaxşı baxım. İkiüzlu, paxıl, gopçu, quyuqazan və yalançı insanlardan uzaq olmağa çalışıram. Təəssüf ki, belə murdar insanlar baş alıb gedir. Saf insan çox az qalıb. Bu səbəbdən çalışıram gözəllikdən zövq alım.

- Nə qədər uzaq durmağa çalışsaq da, ikiüzlü insanları həyatımızdan kənarda saxlaya bilmirik. Belələri ilə tez-tez qarşılaşmısınız?

- Sözsüz! Nə görməmişəm?! Gözümün içinə baxıb yalan danışan, özünü məni çox istəyən kimi göstərib, quyumu qazan. Camaat elə bilir ki, mən çörəyi qulağıma yeyirəm. Yox, əzizlərim, mən çörəyi ağzıma yeyirəm. Özüm də aktrisayam. Mənim işim insanları müşahidə etməkdir.

- Bu pislikləri edən insanlar sənət adamlarıdır?

- Yox. Daha çox insanın öz ətrafındakılardır. Sənət insanlarının adı çıxıb. Sənətdə də var, təbii ki. Amma bu, sənət rəqabətidir. O durub mənim şəxsi həyatıma burnunu soxmur. Sənətdəkilər paxıllıq çəkir, həsəd aparırlar. Həyatda hər şeyi pulla almaq olar. Bircə abır-həya, ismət, xətir-hörmət və tamaşaçı sevgisini pul ilə almaq olmur. Çünki bunları Allah insanın ürəyinə görə verir. Mənə quyu qazan təpəsi üstə qazdığı quyuya düşür. Mən kiməm ki, Allahın yanında? Mənə yaxşılıq və pislik edənləri mən yalnız Allaha həvalə edirəm.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm