Aktrisa: “Onlar deməyəcək ki, mənim vəzifəm fahişəlikdir”
Bizi izləyin

Magazin1

Aktrisa: “Onlar deməyəcək ki, mənim vəzifəm fahişəlikdir”

“Oda”çılar layihəsinin növbəti qonağı Şəbnəm Abdullazadədir.

Kamançada ifa edirsiz, aktrisasız və anasız. Hansı daha çətindir?

(gülür) Əslində çətinliyi-asanlığı məsələsi deyil. Hansı daha məsuliyyətlidir?! Əlbəttə ki, birinci ana olaraq daha məsuliyyətlidir, hansı ki sən bir insan dünyaya gətirirsən və tərbiyəsinə fikir yetirməlisən, ona düzgün təhsil verməlisən, qayğı göstərməlisən və.s. Bütün günü teatrda oluram, məktəbdə dərs deyirəm, demək olar ki, hər gün məşqlər, “zapis”lər, çəkilişlər, bununla yanaşı qızımın həyatı, onun təhsili. Bütün bunlar çox məsuliyyət tələb edən gərgin bir həyat yoludur. Uşağım başqa bir dildə təhsil alır. Biz evdə başqa dildə danışırıq. Çəkilişlərim, tamaşalarım və digər işlərim olur. Və bütün bu işlərin içində mən uşağımı düşünməyə məcbur oluram. O, indi neyləyir, haradadır, nə işlə məşğuldur, yemək yeyə bildimi... və.s. Çox vaxt şikayətlənirəm ki, bu nə həyatdır. Ağırlıq çiyinlərimə yüklənəndə deyinməyə başlayıram, amma bununla belə mən başqa həyat yaşaya bilməyəcəyimi də anlayıram.

Həyat yoldaşınızdan ayrılmısız?

Hə, ayrılmışıq. Qızımın atası ilə əlaqəsi yaxşıdır. Uşağa xüsusi bir dəstəyi olmur. Əlbəttə, anlayıram ki, onun da mənim kimi vaxtı yoxdur. O da mənim kimi musiqiçidir, tələbələri var. Məşğuldur. Maddi dəstəyi də olmur. Onu da başa düşürəm. Bizə kömək etməyi çətin məsələdir. Əvvəldən uşağa qarşı etinasız idi. Uşaqla ayda-ildə bir dəfə görüşə bilir. Hərçənd ki hər həftə qızım atasıgilə gedir.

Bildiyimə görə, “Yuğ” teatrında çalışmışız. “Oda”ya gəlişiniz necə olub?

İlk işim Şuşa Musiqili Dram Dövlət Teatrından başlayıb. O vaxt məni Yadigar müəllim dəvət etdi. Orada iki il işlədim. Şuşa Teatrında işlədiyim vaxtlarda müəllim (Vaqif İbrahimoğlu) bir tamaşaya rol verdi və mən orada kamança ilə ifa etdim. Vaqif İbrahimoğlu məktəbini keçməyim həyatımda dönüş nöqtəsi oldu.

Musiqili Dram Teatrına isə İradə xanım dəvət etdi. Məşqlərdə iştirak etdim. Qastrol səfərlərinə görə tamaşalara qatıla bilmədim. Bütün həyatım teatrlarda keçib. Oda Teatrı bir il idi ki yaranmışdı. Onun məqsədi-məramı mənə maraqlı idi. Vaxt azlığından ora gedə bilmirdim. Keçən ilin avqust ayında “Oda”ya gəldim. Nihad və Elminlə (Nihad Qulamzadə və Elmin Bədəlov – O.A.) birinci gündən tanış oldum. Həftədə iki dəfə bura gəlirdim. Teatr qrupundan yalnız mən qaldım. Sonra rollar verilməyə başladı. Və mənim həyatımda yeni bir teatr mərhələsi başladı.

Nihadla mən çox çılğınıq (gülür). Bəzən olur ki, sözümüz boğazımızdan keçmir. Bu isə növbəti tamaşanın sonuna qədər olur. Ondan sonra hər şeyi unuduruq. Elmin mənim yalınız iş yoldaşım deyil, həm də dostumdu. Dostdan da artıqdır. Bacıma deyə bilməyəcəyim şeyləri Elminə deyirəm. İmamla (rejissor İmam Həsənov – O.A.) münasibətim İmamın özü kimidir (gülür). Adamın vicdanı heç vaxt daşlaşmayıb. Görkəmi bu cür təsir bağışlaya bilər, ancaq elə adam deyil.

Klassik musiqini sevirsiz?

Klassika mənim ruhumun ifadəsidir. Təbii ki, bunun da səbəbi var. Uşaqlığımda oyuncağım olmayıb. Dostlarım oyun oynayanda mən gedib klassik musiqi dinləmişəm. Motsart və onun yaradıcılığını çox sevirdim. Saatlarca onun ifasına qulaq asırdım. Skripka üçün yazdığı bütün konsertlərini kamançaya transpozisiya edib ifa edirdim. Milli musiqiyə sevgim konservatoriyaya daxil olduqdan sonra yarandı. Xalq musiqisini və əsas da aşıq sənətini sevməyə başladım. Uşaq vaxtı klassikaya qulaq asdığım üçün muğamı və eyni zamanda aşıq havalarını qəbul etmirdim. Konservatoriyaya daxil oldum və aşıq yaradıcılığına qulaq asdıqdan sonra başa düşdüm ki, bu, böyük bir dünyadır. Ancaq bütün bunlara baxmayaraq, yenə də klassik musiqi məni özünə çəkir.

“Səncə, döyəcəklər?” tamaşasında fahişə obrazını canlandırdınız. Ümumiyyətlə, fahişələrə münasibətiniz necədir?

Bütün cəmiyyətlərdə fahişə qınaq obyekti kimi qəbul olunub. Dərinliyə varanda düşünürəm ki, fahişəlik ictimai-sosioloji problemdir, yəni şəxsilikdən bəlkə də uzaq problemdir. Mənə görə fahişəlik leqallaşmalıdır. Əgər fahişəlik, narkomaniya leqallaşsa, bunun yaxşı tərəfi ortaya çıxacaq, bəlkə də azalacaq. Onları nə alqışlayıram, nə də qınayıram. Onlara sırf yaradıcı kimi baxmağa çalışıram. Yəqin ki, bu insanın başqa edəcək çıxış yolu yoxdur. Ancaq bu səbəb belə kiminsə fahişəlik etməyinə bəhanə olmamalıdır. Leqallaşdıqdan sonra isə avtomatik olaraq fahişələrin üstündən qınaq götürüləcək və onların gördükləri iş vəzifə adını qazanacaq. Düzdü, heç bir insan qürurla bunu səsləndirməyəcək. Onlar deməyəcək ki, mənim vəzifəm fahişəlikdir.

Bir qızınız var. Onu necə yetişdirirsiz?

Mənim həyatım Elladanın həyatıdır. Ancaq bu o demək deyil ki, bütün həyatı mənim kimi olacaq. Dörd yaşından idmana gedir. Altı yaşından musiqi məktəbinə qoymuşam. Qızımın yeddi yaşı var. Təəssüf ki, onun da həyatı müəyyən mənada mənim uşaqlığıma oxşayır və mənim kimi boş vaxtı gün ərzində çox az olur. Yəni qızımın uşaqlığı istənilən uşaq həyatı kimi “oyuncaqlı” deyil.

Uşaqlığınız necə keçib?

Mənim uşaqlıq həyatım olmayıb, yaradıcılığım olub. Kiçik yaşlarımdan musiqiyə getmişəm, kamançada saatlarla məşqlər etmişəm. Tədbirlər, konsertlər, tamaşalarda ifalar uşaqlığımdan başlayıb. Uşaqlığım Lənkəranla bağlıdır. Bakıya gələndən uşaqlığım itdi. Ancaq oxumaq, oxumaq, oxumaq. Uşaqlıqda şıltaq olmamışam. İndiki uşaqlarla müqayisədə elə də yaxşı uşaqlıq yaşamamışam. Rəssamlıqla da maraqlanmışam, ancaq özümü musiqidə tapdım. Anam təhsilli olsa belə, bizə görə işləmirdi. Mənə icazə versəydi ki, oyuncaqlarımla oynayım, bəlkə də indi evdar qadın idim. İndi də düşünürəm ki, uşağın uşaq həyatı bir və ya iki saat içində olmalıdır. İnsan həyatı qısadır, ondan səmərəli istifadə etmək lazımdır. Uşağa vaxt ayırmasan, avaraya çevrilər. Uşaqlığımda xatırladığım günlər maddi çətinliyə düşdüyümüz günlərlə bağlıdır. Nədənsə kasıbçılığa başladığımız günlər ən gözəl xatirələrə çevrildi. Bir tikəni beş yerə bölürdük. Ayrı vaxtlarda isə biz başqa-başqa otaqlarda fərqli dünyalarda yaşayan insanlara bənzəyirdik.

Səhv etmirəmsə, ölkəmizi musiqiçi kimi xaricdə təmsil etmisiz. Qastrol səfərlərinizdən nələri xatırlayırsız?

Azərbaycanın demək olar ki, bütün rayonlarında konsert səfərlərində olmuşam və eyni zamanda xarici ölkələrdə də qastrol səfərlərim çox olub. Almaniya ilə bir layihəmiz var, uzunmüddətli bir layihədir, çəkilişlərimiz, fəaliyyətlərimiz olur. “Dresden” simfonik orkestrinin solistiyəm. İtalyanlarla da başqa bir layihəmiz var, onlarla da solist kimi konsert səfərlərində olmuşam. Ən unudulmaz səfərim, Lixteynşteyndə baş tutan konsertimiz olub. İnsanların biz musiqiçilərə qonaqpərvər, isti münasibəti heç vaxt yaddaşımdan silinməyəcək.

Mütaliyəyə vaxt ayıra bilirsiz? Hansı janrda kitablar marağınıza səbəb olur?

Kitab oxumağı sevirəm. Çexov, Tolstoy, Dostoyevski, Lermontov, Kafka, Mopassan, Sveyq, Dino Buzzati kimi yazıçıları sevirəm. Daha çox Tolstoyu.... “Ovod”, “Cinayət və Cəza”, “6 N-li palata” ən sevdiyim əsərlərdir. Son zamanlar oxuduğum əsərlərin içində “Tatar çölü” mənə dəhşət təsir elədi. Bu romanın mesajı budur: insan olduğu yerdə xoşbəxtdir və yaranmış ən kiçik şansdan belə istifadə etmək vacibdir. Düşünürəm ki, mütaliə etməsəydim, kamançada ifa edə bilməzdim. İstedad çox vacibdir, ancaq ona arxayın olmaq olmaz. Fikir vermişəm, tənbəl adamların çoxu istedadlı adamlar olur. İstedadsız insanlar isə çox xoşbəxtdirlər.

Arzularınız...

Köhnə arzu yerinə yetmədikcə yeni arzu ortaya çıxır. Mən düşünmürəm ki, hansısa yaradıcı insan maddiyat üzərində qursun arzularını. Arzularım qızımla bağlıdır və bunu bəşəri hesab edirəm. Onun xoşbəxt olmasını istəyirəm.

Söhbətləşdi: Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm