• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bağırovun aradan götürmək istədiyi xanəndəni Cabbar Qaryağdıoğlu xilas etdi - MÜSAHİBƏ

  • Magazin1
  • 20 Avqust 2015 14:15
  • 2 243 Baxış
Bağırovun aradan götürmək istədiyi xanəndəni Cabbar Qaryağdıoğlu xilas etdi - MÜSAHİBƏ

1901-ci il avqustun 20-i Şuşada anadan olanda bəlkə də valideynlərinin ağlına da gəlməzdi ki, böyüyəndə o balaca körpənin taleyinə məşhurluq yazılacaq. Bu məşhurluğu ona vəd edənsə, səsi idi. Bu səs isə ona Tanrı vergisi idi. Söhbət Xan Şuşinskidən gedir. Bu gün Niyazi kimi, onun da doğum günüdür.

Xan Azərbaycan xanəndəlik məktəbində qeyri-adi səsi ilə yaddaşlarda iz salan sənətkarlardandır. Hələ 16 yaşında ikən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə oxuduğu "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan" adını vermişdi. Şuşada tez bir zamanda məşhurlaşan, el məclislərinin bəzəyi olan xanəndə 1939-cu ildə Mircəfər Bağırovun göstərişi ilə Bakıya gəlib.

Publika.az doğum günündə sənətkarın tələbəsi, xalq artisti Canəli Əkbərovla yad edib:

- Canəli müəllim, Xan Şuşinskininin tələbəsi olmusunuz. İlk tanışlığınızı necə xatırlayırsınız?

- Mən hələ uşaq idim, evimizdə Xan əminin qrammafon vallarını dinləyirdim. Onun qeyri-adi səsini eşidəndə, həyəcandan ayaqlarım yerdən üzülürdü. Elə bilirdim yerlə-göy arasında qalmışam. Ağlıma da gəlməzdi ki, vaxt gələcək, mən onun yetirməsi olacağam. İlk tanışlığımız LənkəranınVilvan kəndində olub. Nüsrət kişinin oğlunun toyuna gəlmişdi. Atam Xanəli kişi də o toya dəvətli idi. Onu da deyim ki, atam dövrünün tanınmış xanəndəsi olduğundan Xan əmi ilə yaxınlığı vardı. Özü də biz atamızdan çəkinərdik, ondan icazəsiz heç yerə gedə bilməzdik. Amma mən bu qorxunu adlayıb, atamdan icazəsiz həmin toya getdim. Yaşım az idi. 12 kilometrlik yolu piyada, yayın istisində getdim ki, Xan əmini yaxından görüm. Xan əmini görməsəm də, hündürboylu, ağsaçlı kişini görən kimi tanıdım. O dəqiqə bildim ki, o, xan əmidir. Atam məni görəndə gözü dörd oldu və məni yanına çağırdı. Xan əmi soruşdu ki, bu oğlan kimdir? Atam cavab verdi ki, nökərinizdir. O da qayıtdı ki, nökər niyə olur, qoy elə ağa olsun. Xan əmi birdən qayıtdı ki, səsin var? Üzümə salıb dedim ki, bəli. Zildən bir mahnı oxudum. Oxuyub qurtarandan sonra Xan əmi atama dedi ki, bu uşaqdan muğayat ol. Sonralar qismət elə gətirdi ki, onunla ünsiyyətdə oldum, gözəl səsini yaxından dinlədim, onun yaratdığı muğam studiyasında təhsil aldım. Mən Xan əminin Şur, Zabul-Segahını, eləcə də, xalq musiqilərini dinlədim. Pərdədən-pərdəyə elə gərdişlər edirdi ki, səni alıb hara aparırdı, özün də bilmirdin.

- Deyilənə görə, o konsert verəndə izdiham elə böyük olub ki, insan axını Filarmoniyada pəncərələri sındırıb…

- Doğrudur, biz köhnə xanəndələr gözümüzün şahidiyik ki, onun Filarmoniyada verdiyi konsertlər zamanı zal necə dağılırdı. İzdiham əlindən iynə atsaydılar, yerə düşməzdi. O dövrdə polislər Azneft meydanından ta Filarmoniyaya qədər keşik çəkirdilər ki, izdizamın qarşısını alsın. Çünki biletlər satılıb qurtarmışdı, amma hər kəs onu dinləmək istəyirdi. Onun bütün konsertlərində Filarmoniyanın şüşələrini sündırırdılar. Xan belə bir sənətkar idi.

- Doğrudurmu ki, Mircəfər Bağırov onu sürgün etdirmək istəyib, amma Cabbar Qaryağdıoğlunun xahişindən sonra bağışlayıb…

- Bəli, bunun da səbəbləri var. O dövrdə Xan əmi Şuşada yaşayırdı və Qarabağ toylarının bəzəyi idi. O heç Bakıya gəlmək istəmirdi. 1938-ci ildə Moskvada keçirilən mədəniyyət ongünlüyünə xanəndə lazım imiş, Mircəfər Bağırova xəbər verirlər ki, Xan Şuşada toylara gedib, pul qazanır, amma dövlət tədbirlərindən qaçır. Onda Mircəfər Bağırov göstəriş verib ki, Xanı sürgün etsinlər. Belə olan halda, Cabbar Qaryağdıoğlu Bağırovun yanına gedib deyib ki, "Özümdən sonra bir xanəndə yetişdirmişəm, onu da sürgünə göndərirsiniz?". Yəni, ondan bu qərarından dönməsini xahiş edib. Mircəfər də Cabbar əminin xətrini istəyirdi, buna görə də xahişini yerə salmayıb. Sonra Xan əmi Mircəfər Bağırovun göstərişi ilə Bakıya gəldi. Dövlət tədbirlərində iştirak etdi və "günahını" yudu. Bir il keçməmiş xalq artisti adına layiq görüldü.

- Xan əmini insan kimi necə xarakterizə edərdiniz?

- Onun səsi İlahidən verilən vergi idi. Elə insan kimi də mükəmməl idi. Çox ağayana, özünə hörmət edən, ailəsinin qədrini bilən, dostlarına dəyər verən şəxsiyyət kimi tanınırdı. Abırlı-həyalı insan idi. Tələbələri arasında ən çox mənə etibar edirdi. Məni əzizləmək üçün "Caniş" deyə çağırırdı. Hər yay Şuşaya dincəlməyə gedəndə mənə deyirdi ki, Caniş, mənim donluğumu alıb gətiriərsən. Məvacibinə donluq deyirdi.

Bu gün də Xan əminin səsi yaşayır. "Havalansın Xanın səsi, Qarabağın şikəstəsi…" Gün o gün olsun ki, Qarabağımızda Xan əminin lent yazılarını havalandıraq.

- Amin! Xüsusi bir vərdişi, hobbisi vardımı?

- Nərdi çox sevirdi və mahir oyunçu idi. Özü də həmişə oyuna başlayanda daşlarla danışırdı. Deyirdi ki, ayqaragöz, bu yaşımda məni mağmın eləmə, qoşa gəl. Hətta təkcə, öz-özüylə də nərd oynamağı xoşlayırdı. Sol əlini rəqib, sağ əlini isə öz adına oynayırdı. Hətta özü-özünə də uduzmazdı. Geyinib-gecinməyi də xoşlayırdı. Həmişə başında buxara papaq olardı, əynində də kastyum. Bir sözlə, səliqəli geyimi ilə bizə nümunə idi.

- Birgə toylara da gedirdiniz. Toylarda necə qarşılanırdı?

- Çox gözəl. Yadımdadır ki, Lənkərana toya gedəndə insanlar onun başına duz çevirib, dalınca su atırdılar. Toyda o qədər şabaş tökürdülər ki, yığıb-yığışdırmaq olmurdu. Həmişə də cibimə pul basırdı. Əliaçıq insan idi. Mən həmişə onun evinə də gedib-gəlirdim. Çox qonaqpərvər idi. İndi onu yada salıram, kövrəlirəm, qəhər məni boğur. Görün, mən nə bəxtəvər insan olmuşam ki, Xan əminin əlindən su içmişəm (Ağlayır).

- Varlı idi?

- Deməzdim. Ailəsini dolanıdırırdı, pulgir adam deyildi.

- Paxıllığını çəkən, ona əngəl olmaq istəyən adamlar da yəqin çox olardı?

- O dönəmlərdə də vardı belə şeylər, amma çox açıb-ağardılmırdı. Xan əmi özünə arxayın insan idi, çünki səsi, sənəti vardı. Sənəti, səsi də onu qoruyurdu. Görünən dağa nə bələdçi?!

CƏVAHİR SƏLİMQIZI

Xəbər lenti

DAHA ÇOX XƏBƏR