80 yaşın mübarək, Siyavuş Aslan!
Bizi izləyin

Magazin1

80 yaşın mübarək, Siyavuş Aslan!

“Sizdən adam olmayıb, olmayacaq da…”

Milli kinomuzun misilsiz nümunəsi olan “Yol əhvalatı” filmindən bu ifadəni nahaq xatırlamadım. Axı həftəsonu bu məşhur frazanın müəlifi olan xalq artisti Siyavuş Aslanın doğum günü idi. Bu münasibətlə onu sevənlər - sənət yoldaşları, dostları ilə birgə Fəxri Xiyabanda onu yad etdik.

Əslində, yad etməmək, onu anmamaq, unutmaq mümkün də deyil. Bunun üçün o, sağlığında o qədər çox iş görüb ki... Sözləri, hərəkətləri, improvizələri ilə adını yaddaşlara birdəfəlik qazıyıb.

Siyavuş Aslan Azərbaycan mədəniyyətində öz izi və yeri olan aktyor idi. İstər kino, istər teatr, istərsə də, televiziyada o qədər gözəl rollar yaradıb, bu gün o rollara baxdıqca insan qürur hissi keçirir.

Onun haqqında deyilən hər fikir birmənalı qəbul edilir. Siyavuş Aslan dadı-duzu olan aktyor idi. Siyavuş Aslan improvizə ustası idi. Qəfildən elə bir improvizə edirdi ki, tamaşanın istiqaməti büsbütün dəyişirdi. Tamaşaçıya da ləzzət edirdi onun sözləri. Yerində, özü də çox şirin deyilirdi axı.

Onun saysız-hesabsız rollarını xatırlamaq və bir-bir saymaq fikrində deyiləm. Onsuz da həmin rolların hər biri hər kəsin yaddaşına yazılıb. Ona görə də əminəm: nə qədər ki milli kinomuz və milli teatrımız var, Siyavuş Aslan da bizimlə olacaq. Odur ki, deyirəm, 80 yaşın mübarək, sevilən aktyor!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm