• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Habil Əliyevlə vida mərasimi başa çatdı - FOTOLAR (YENİLƏNİB)

  • Magazin1
  • 9 Sentyabr 2015 14:45
  • 1 915 Baxış
Habil Əliyevlə vida mərasimi başa çatdı - FOTOLAR (YENİLƏNİB)

Bu dəqiqələrdə Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, ustad sənətkar Habil Əliyevlə vida mərasimi keçirilir.

Publika.az xəbər verir ki, görkəmli sənətkarla vidalaşmaq üçün ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin onun pərəstişkarları filarmoniyaya axın edib.

Sənətkarı Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Canəli Əkbərov göz yaşları içərisində anıb. Arif Babayev öz kədərini belə ifadə edib: "Mən hələ də Habilin öldüyünə inana bilmirəm. Elə bilirəm ki, buradadır və kamançada ifa edir. Doğrudan da, sənətkarlar heç vaxt ölmür".

Xalq artisti Əlibaba Məmmədov böyük kamança ustadının əbədiyyətə qovuşduğunu deyib: “Habil Əliyev əvəzolunmaz sənətkardır. O hələ sağ olanda özünə əbədiyyət qazanmış şəxsiyyətdir. Bilirəm ki, adını tarixə yazan Habil Əliyev bu gün əbədiyyətə qovuşub”.

Xalq artisti Mənsum İbrahimov itkinin ağırlığından danışıb: “Çox böyük itkidir, ağırlığını sözlə ifadə etmək çətindir. Azərbaycan mədəniyyəti Habil Əliyevin timsalında nəhəng bir sənətkarını itirdi”.

Xalq artisti Faiq Sücəddinov bir daha belə sənətkar yetişməyəcəyini vurğulayıb: “Habil Əliyev kamançanı dünyaya tanıdan yeganə sənətkar olub. Onun çalğısı bənzərsizdir. Yəqin ki, tarix bir də Habil Əliyevi yetişdirməyəcək. O, bir əfsanə idi”.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, baş nazirin müavini Elçin Əfəndiyev, bəstəkar Səyavuş Kərimi vida nitqində sənətkarla bağli xatirələrindən danışıblar.

Nazir Əbülfəs Qarayev öz nitqində Habil Əliyevin mədəniyyət və incəsənət sahəsində misilsiz xidmətlərini sadalayıb. Sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salan nazir onun zəngin ömür yolu keçdiyini də vurğulayıb:

“Habil Əliyev milli musiqimizə yenilik gətirən, kamançanı bütün dünyaya tanıdan sənətkardır. O, muğamla, milli musiqimizlə nəfəs alırdı”.

Nazir də Habil Əliyevin əvəzolunmaz sənətkar olduğunu və hər zaman xalqımızın yaddaşında qalacağını bildirib.

Habil Əliyevin ailəsi adından nəvəsi Əliəmir Əliyev çıxış edərək ölkə başçısına və xanımına öz minnətdarlığını bildirib:

“Babamın demək istədiklərini, ancaq deyə bilmədiklərini mən deyirəm. Ölkə Prezidenti İlham Əliyevə və onun xanımı Mehriban xanım Əliyevaya babamın yaşaması üçün göstərdikləri səyə görə öz təşəkkürümü bildirirəm.

Bu dəqiqələrdə böyük sənətkarımızın cənazəsi Azərbaycan Dövlət Filarmoniyasından qaldırıldı.

Xatırladaq ki, xalq artisti I Fəxri Xiyabanda dəfn olunacaq.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR