Habil Əliyev: “Vallah adamın heç ölməyi gəlmir...” - SON MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Habil Əliyev: “Vallah adamın heç ölməyi gəlmir...” - SON MÜSAHİBƏ

Azərbaycan xalqı bu gün böyük sənətkarına vida etdi. Böyük kaman ustadı Habil Əliyev bir az öncə son mənzilə yola salındı.

Uzun illər bundan əvvəl sənətinə yeni nəfəs gətirən, ifası ilə kamanı dünyaya tanıdan, musiqidə öz imzasını qoyan Habil Əliyev yaxşı sənətkar olmaqla yanaşı, həm də əsl vətəndaş idi. “Xalq artisti” adının haqqını layiqincə verən sənətkarın ürəyi yalnız milli musiqimizlə deyil, həm də vətəni ilə döyünürdü. Vətəndaşı olduğu ölkənin hər uğuruna sevinən sənətkar İlk Avropa Oyunları ərəfəsində Publika.az-a müsahibəsində bunu açıq şəkildə ifadə etmişdi. O, ölkədəki inkişafdan ruhlandığını, yaşamaq istədiyini vurğulamışdı.

Xalq artisti, Şöhrət və İstiqlal ordenli Habil Əliyevin bir neçə ay öncə Publika.az-a verdiyi müsahibəni təqdim edirik:

- Habil müəllim, ölkəmizdə ilk dəfə keçirilən Avropa Oyunları ilə bağlı xəbərləri izləyirsinizmi?

- Əlbəttə, izləyirəm və fəxarət hissi keçirirəm. Heyf ki, yaşlanmışam, son vaxtlar səhhətimdə yaranan problemlərə görə həkimlər məni evdən bayıra çıxmağa qoymur. Şərqiyyə elə dava-dərmanla məni evdə uşaq kimi saxlayır. Ürəyim atlanır ki, mən də geyinim-kecinim, bir xoşbəxt vətəndaş kimi o tədbirlərə qatılım. Gözümü televizordan çəkmirəm. Paytaxtımızda Prezidentimiz Avropa Oyunlarının məşəlini alovlandıranda mən ağladım. Sevincimdən kövrəldim, həm də çox qürurlandım. Prezidentim İlham Əliyev və onun xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Azərbaycan naminə atdığı hər addım məni qürurlandırır. Sənət adamlarımız da orada idi, o an ürəyimdən keçdi ki, kaş mən də orada olaydım, o məşəlin alovuna yaxından tamaşa edəydim. Elə televizora baxa-baxa qaldım.

- Havalar da isinir, inşallah, tezliklə sağalarsınız, elə iyun ayında Avropa Oyunlarını daha yaxından izləyərsiniz…

- Ay qızım, Allah ağzından eşitsin. Azərbaycanı bu gün tanımaq olmur, dəyişib, gözəlləşib. Vallah adamın heç ölməyi gəlmir. Deyirəm kaş heç qocalmayaydım, bu xəstəlik olmayaydı, hələ yaşamaq istəyirəm.

- Habil müəllim, kimdir sizi ölməyə qoyan, siz hələ bu xalqa çox gərəklisiniz…

- Elə məni də yaşadan bu xalqın sevgisidir. Xalqımın hər uğurunu özümün uğurum saymışam.

- Habil müəllim, ölkəmizdə keçirilən Avropa Oyunlarını necə qiymətləndirirsiniz? Azərbaycan bu mötəbər tədbirdən nə qazanacaq?

- Çox şey. Birincisi ölkəmizin adı dünyanın ən güclü dövlətləri ilə eyni sırada çəkiləcək. Yarışların keçirildiyi hər gün bütün dünyanın gözü Azərbaycana dikiləcək. İkincisi, ingilis, rus, fransız və daha neçə-neçə xalq Azərbaycandan danışacaq. Ölkəmiz qapılarını bütün xalqların üzünə açacaq. Onda başa düşəcəklər ki, Azərbaycan necə sülhsevər, barış istəyən bir ölkədir. Bu möhtəşəm tədbir ermənilərin əsrlər boyu apardığı yalançı təbliğatı heçə döndərəcək. Bakıdan qayıdandan sonra hələ uzun müddət Azərbaycan və Azərbaycan xalqının qonaqpərvərliyi, sülhsevərliyi, gözəlliyi haqqında danışılacaq. Bu nüfuzlu tədbir beynəlxalq aləmdə yerimizi daha da möhkəmləndirəcək. Bu tədbirin keçirilməsi Azərbaycan üçün böyük bir fürsət və uğurdur.

- Habil müəllim, idmanla aranız necədir?

- Cavanlıqda həmişə idmana maraq göstərmişəm. Çünki idman sağlamlıq deməkdir. Şərt o deyil ki, idmanın hansı növü iləsə məşğul olasan. Elə fiziki işlə məşğul olmaq, gəzmək idman etmək deməkdir. Qolumun gücünü yalnız kamançaya göstərmişəm. Azərbaycanın adını dünyada tanıdan qalib idmançılarımızla həmişə fəxr etmişəm.

- Avropa Oyunlarında iştirak edən idmançılarımıza bir ağsaqqal, sevilən sənətkar kimi xeyir-duanızı da eşitmək istərdik…

- Təkcə öz idmançılarımıza deyil, Azərbaycanıma qonaq gələn və qalib olmaq istəyən hər bir idmançıya uğurlar arzulayıram. Qoy öz ölkələrinə qalib adıyla qayıtsınlar. Bizim idmançılarımız qalib olmasalar da olar. Çünki Avropa Oyunlarının keçirilməsi elə Azərbaycanın ən böyük qələbəsidir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm