Mehriban Zəki: “Sevginin qulu deyiləm” - MÜSAHİBƏ - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin1

Mehriban Zəki: “Sevginin qulu deyiləm” - MÜSAHİBƏ - FOTOLAR/VİDEO

Mən onu ilk dəfə "Yuğ" Teatrında görüb tanımışam. Vaqif İbrahimoğlunun sevimli aktrisası kimi məşhur olan bu xanımın gözəl çalıb-oxumağı da var. İlk dəfə onun sazda ifasını eşidəndə ürəyimdən keçmişdi: "Necə gözəl və kirlənməmiş ruhu var".

Oynadığı tamaşalar haqqında dəfələrlə yazmışam. Ancaq indiyə qədər müsahibim olmamışdı. Ümumiyyətlə, müsahibə verməkdən həmişə qaçıb. Bir sözlə, o, hər gün efirə çıxan, geyimi, saç düzümü, bahalı ətirləri, şəxsi həyatı ilə gündəmə gələn, məclislərdə tez-tez fotokameralara poz verən aktrisalardan deyil.

Əməkdar artist Mehriban Zəkidən danışıram, Yerə göy üzündən baxan, ruhu qədər özü də gözəl olan sirli bir bir xanımdan…

Aktrisanın Publika.az-a müsahibəsini təqdim edirik…

Kriteriyalar üçün artıq qocalmışam

- Mehriban xanım, jurnalistlər üçün əlçatmaz müsahib sayılırsınız. Niyə efirdən-mediadan bu qədər uzaqdasınız?

- Mənim aləmimdə sənət adamı hansısa bir işi ilə gündəmə gəlməlidir, daha çox sənətlə məşğul olmalıdır. Düzdür, indiki zamanda kriteriyalar fərqlidir, dövrün ritmi, ab-havası başqa şey deyir. Amma mən və mənim kimi sənət adamları var ki, bu ab-havaya uyğunlaşmırlar. Heç uyğunlaşmaq fikrimiz də yoxdur. Əslində, bu, içdən gəlməlidir. Bir də yəqin ona görə ki, mən yeni kriteriyalar üçün artıq qocalmışam. Mənasız olanlara yeni məna verib ortaya çıxarmağı heç sevmirəm. Bəzən məni də dilə tutub müsahibə alırlar, amma sonradan o müsahibəni oxuyanda qanım qaralır. Sözlərimi kontekstdən çıxarıb təqdim edirlər. Sonra da özümü danlayıram ki, bu yazığı niyə günahlandırırsan, gərək müsahibə verməyəydin.

- "Qızım sənə deyirəm, gəlinim sən eşit…" Sözü mənə atırsınız yəqin?

- Yox, yox, qələminizə bələdəm və düşünürəm ki, belə bir problemlə qarşılaşmayacağam.

Hərdən böyüyürəm

- Fərqli aktrisa olmaqla bərabər, həm də fərqli xanımsınız. Nə vaxtsa ruhunuzun çirklənə biləcəyindən qorxmursunuz ki?

- Çalışıram qoruyam. Aktyor uşaq kimidir. Uşaq nə qədər səmimi, safdırsa, aktyor da elədir. Sadəcə olaraq, uşaq zaman keçdikcə böyüyür və içindəki təmizliyi qazanc dalınca qaça-qaça, qarşılaşdığı problemləri həll etdiyi əsnada itirir. Uşaq heç vaxt pul barədə düşünmür, yalnız arzularla yaşayır. Aktyorlar uşaq xasiyyətlidir, elə bil heç böyümürlər. Mən də çalışıram ki, böyüməyim. Amma hərdən görürəm ki, böyüyürəm. Bununla belə, içimdəki uşaqlığı, kövrəkliyi saxlamağa cəhd edirəm.

- Sizcə, qəliz, mürəkkəb insansınız?

- Məncə, yox.

- Amma nədənsə, kənardan belə təəssürat yaradırsınız?

- Özünüz deyirsiz ki, kənardan.

- Üç sözlə özünüzü necə xarakterizə edərdiniz?

- Qoy özümü xarakterizə etməyim, insanlar mənim barəmdə hansı fikirdədirlərsə, elə o fikirdə də qalsınlar. Gəlin bütün sirləri açmayaq.

Ruhumu incidib, sonra qarşısında baş əymişəm

- Ruhunuzu incitdiyiniz məqamlar olur?

- Çox dərin sualdır, indi o qata enmək lazımdır ki, görüm ruhumu incitmişəm, ya yox. Yəqin ki, olub.

- Amma adama elə gəlir ki, Mehriban Zəki heç vaxt ruhuna xəyanət etməz. Demək ki, edibmiş.

- Xəyanət başqa şeydir, incitmək başqa, ruhumu incitdiyim olsa da, xəyanət etməmişəm.

- Bilərəkdən, yoxsa qəsdən?

- Çox vaxt bilmədən, məişətin diktəsinə, reallığın ritminə görə olub.

- Sizcə, buna dəyərdimi?

- Yox dəyməz. Hətta həmin an ruhuma baş əymişəm.

Özümü tanıyıram ki...?

- İnsan həm də içindəki "mən" ilə mövcuddur. İçinizdəki "mən"lə dostsunuz, yoxsa onunla yola getmirsiniz?

- Tez-tez mübahisələrimiz olur. Gah dalaşır, gah da barışırıq. Bəzən mənə xoş sözlər də deyir. Adətən, söhbətimiz müzakirə səviyyəsində olur, götür-qoy edirik, bunu beləmi edək, eləmi deyək deyə…

- Özünüzün özünüzü anlamadığınız məqam olur?

- İnsan heç vaxt özünü sona qədər tanımır. Heç kim deyə bilməz ki, özünü gözəl tanıyır. Mənə elə gələ bilər ki, özümü sona qədər tanıyıram. Amma hansısa bir situasiyada, hadisədə, ekstremal vəziyyətdə elə bir hərəkət edirsən ki, özün də məəttəl qalırsan, yəni bunu mənmi etdim?

- Maraqlıdır, adam tanıyansınızmı?

- Mən özümü sona qədər tanımıramsa, başqasını necə tanıya bilərəm. Tutalım, məndə özünə qarşı yaxşı insan olduğuna dair təsəvvür formalaşdıran şəxs haqqında bir başqası əksini düşünə bilər.

İnsanlara inanıram, amma yaxına buraxmıram

- Belə çıxır ki, tanımadığınız üçün inanmırsınız da?

- İnsanlara inanıram, sadəcə olaraq, onları yaxınıma buraxmıram.

- Niyə?

- Bunun üçün mənə vaxt lazımdır.

- Hər halda, inamınızı qazanan adamlar var yəqin ki?

- Var və həmin adamlar hələ də qəlbimdədir. Mən kimisə qəlbimə yaxın buraxmışamsa, demək, buna layiq olduğunu sübut edib.

İnsanı bilmək istədikləri yaşadır

- Ən çox sevdiyiniz və tez-tez işlətdiyiniz söz, ya kəlmə hansıdır?

- Heç fikir verməmişəm. Daha çox durumumla bağlı olduğundan "bilmirəm" sözünü tez-tez işlədirəm.

- Bilmək istədiyiniz, amma bilmədiyiniz çoxmu məqamlar olur?

- Əlbəttə, insanı yer üzündə yaşadan bilmək istəyi və maraqdır. Maraq ölürsə, maraq yox olursa, yaşamaq istəyi də yox olub gedir. İnsanı maraq hissi yaşadır, xüsusilə də sənətkarı.

- Türklərin gözəl bir sözü var - aşq qadını. Sevgi dolu qadınsınız. Maraqlıdır, romantik xanımsınız?

- Yox, qətiyyən.

- Sevgiyə qul olmağa dəyər?

- Nəinki sevginin, heç nəyin qulu olmağa dəyməz. Hər bir hisslə, hər bir ovqatla, elə sevginin özüylə də dost münasibətində qalmaq yaxşıdır. Mən də sevginin qulu deyiləm, onunla dostam və belə ünsiyyətin daha yaxşı olduğuna inanıram.

- Deyirlər bu gün leyli-məcnun sevgisi yoxdur, razısınız bu fikirlə?

- Deyirlər də… Çünki onlar özləri leyli-məcnun sevgisinə inanmırlar.

- Bəs inanmağa dəyər?

- Əlbəttə ki… İnsanı yaşadan yalnız və yalnız sevgidir. Leyli-məcnun sevgisinə inanmırlar, amma hamı sevmək və sevilmək istəyir. Çünki sevmək də gözəldir, sevilmək də. Sevmək daha gözəldir, sevilmək isə xoş duyğudur.

- Sizcə, qadınlar sevdiklərini itirməkdən niyə qorxurlar?

- Elə qorxduqları üçün də itirirlər. İtirməkdən qorxmasan, onu itirməyəcəksən. İnsan itirməkdən qorxanda, itirir.

- Belə deyirlər ki, sevgi quşa bənzəyir, əlində bərk sıxsan, ölər, boş saxlasan uçub gedər… Bəs siz nəyə bənzədərdiniz?

- Sevgi hec bir aforizmə, şüara, tezisə sığmır. Sevgini yaşayırsan, vəssalam. Yox, sevə bilmirsənsə, yazıq sənin halına.

- Sizcə, sevgini nə bitirə bilər?

- Ölüm.

- Bəs xəyanətlə bağlı nə düşünürsünüz?

- Dost xəyanət edirsə, səbəbini analiz etmək olar... Sevgilin xəyanət edirsə, demək, sevgi daha yoxdur, əlini üzsən, daha sağlam münasıbət olar. Vətəndaş ölkəsinə, məmləkətinə xəyanət etsə, vətən xainidir, bu xəyanət heç vəchlə bağışlanmaz. Valideyn övladına, ya da övlad valideyninə xəyanət edirsə, bu, yalnız qəlb ağrıdır. Allah qorusun.

- Bizdə kişi ilə qadının xəyanətinə fərqli baxışın səbəbini nə ilə izah edərdiniz? Niyə xəyanət edən kişi olanda, "əşi, kişidir də, ona hər şey olar", amma qadın xəyanət edəndə, əxlaqsız damğası vurulur?

- Bilmirəm. Mən bu cür münasibətin səbəbini bilmirəm.

- Bir aktrisa kimi deyil, bir qadın olaraq sizin anlamınızda xoşbəxtliyin düsturu nədir?

- Aktrisa da insandır, qadın da insandır, insan kimi xoşbəxtliyin düsturu isə İNSAN olmaqdır.

- Leksikonunuzda "bağışlamaq" kəlməsi varmı?

- Mən sizi bağışlayıram.

- Bəs nəyi bağışlamazdınız?

- Mən nə karəyəm ki, bağışlayım, ya da bağışlamayım...

- Göz yaşı ovcunda olan xanımlardansınız?

- Bəli.

Göz yaşları süzüldükcə adamın quru üzünə,

İçimizdə batan dərdlər bir-bir çıxar su üzünə.

- Sonuncu dəfə nə vaxt hönkürüb ağlamısınız və sirr deyilsə, səbəbi nə olub?

- Bu günlərdə Suriyadakı müharibədən qacan körpənin ölümünə ağlamışam. Uşaqların ölməyinə dözə bilmirəm.

- Sizi ovundurmaq asandır?

- Həyat bizi elə ovudur ki...

- Kompleksləriniz varmı?

- Bütün komplekslərimizi sosium yaradır.

- Hansı xasiyyətinizi silib atmaq istərdiniz?

- Hec birini. Hamısı mənimdir. Pisi də, yaxşısı da.

Cəvahir Səlimqızı

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm