İzzət Bağırzadə: “Coşqun və Rafaelə görə konsert verə bilmirdim”
Bizi izləyin

Magazin1

İzzət Bağırzadə: “Coşqun və Rafaelə görə konsert verə bilmirdim”

Bu gün BMM-də müğənni İzzət Bağırzadə mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, keçiriləcək solo konsertinə hazırlaşan müğənni hazırlıqlarla bağlı media nümayəndələrinin suallarını cavablandırıb.

Uzun müddətdir silsilə konsertlərinə ara verən ifaçı, artıq konsert vaxtının çoxdan yetişdiyini bildirib: “Düz 12 il ardıcıl olaraq hər il martın 8-də xanımlar üçün konsert vermişəm. Bir neçə il Heydər Əliyev Sarayında bunu etmək istəsəm də, məlum oldu ki, Cosqun və Rafael mart ayının ilk on gününün kirayəsini ödəyir. Bizim müraciət etməyimiz yersizdir. Ona görə də 8 mart konsertim təxirə düşdü”.

Düz bir həftə sonra reallaşacaq konsertinə isə Bağırzadə var gücü ilə hazırlaşır. Narahat olduğu məqam isə bilet satışı ilə bağlıdır: “Mən səbirsiz insanam. Ancaq bilet satışından narahatam. Əslində, biletlərin çox hissəsi satılıb. Hələ konsertə 7 gün var. Bilirəm qalanlar da satılacaq. Amma narahatam. Konsetimiz 2 saat yarım davam edəcək. Sürpriz müğənni qonağım da olacaq. İfa edərkən “Yaşıl teatr”ın rəqs qrupu məni müşayiət edəcək. Konsertim 18 sentyabr Musiqi günü, Üzeyir Hacıbəyovun doğum günündə baş tutacaq”.

Konsertdə ifaçı 2 yeni mahnı da ifa edəcək. Həmin mahnılara artıq klip də çəkilib: "Mahnılardan birinin sözləri anama məxsusdur. Anam şeir və romanlardan ibarət bir neçə kitabın müəllifidir. Bu dəfə qərara gəldim ki, məhz anamın sözlərinə mahnı ifa edim”.

İfaçı biletlərin qiymətindən də danışıb: “Təşkilatçılar mənə 80-100 manat arası qiymət məsləhət gördülər. Mən öz tamaşaçımı tanıyıram. Elə olub ki, bir ailədən 11 nəfər konsertlərimdə iştirak edib. Bütün ailə üzvləri ilə konsertimə gələn tamaşaçılarımı nəzərə alaraq biletlərin qiymətini özüm müəyyənləşdirdim. 10-50 manat arasında bir qiymət olacaq”.

İfaçı həmçinin heç bir sponsor köməyindən istifadə etmədiyini də bildirib: “Dost hesab etdiyim bəzi iş adamları tez-tez deyirdilər ki, konsert elə, sənə kömək edək. Konsertin posterləri çıxdıqdan sonra hamısı yoxa çıxdı. Mən bütün konsertlərimi öz gücümə etmişəm. Bunu da özüm edirəm”.

İ.Bağırzadə konsertdə əsas diqqət ayırdığı məqamlardan birinin də musiqiçilər olduğunu vurğulayıb: “Öz musiqiçilərimlə yanaşı, məni Moldova, Ukrayna və Türkiyədən musiqiçilər müşayiət edəcək ”.

İfaçı heç bir həmkarına dəvətnamə yollamadığını xüsusilə vurğulayıb: “Heç kəsə dəvətnamə yollamamışam. Yalnız müraciət edən həmkarlarıma dəvətnamə vermişəm. Niyam Salami, Yaşar, Sərxan Kərəmoğlu, Xatun məndən dəvətnamə istəyib. Nazənin xanım isə özü 4 bilet alıb. Bax, dəstək budur”.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm