Mətbuat konfransında qalmaqal: “Teatra dava salmaq üçün gəlməmişəm”
Bizi izləyin

Magazin1

Mətbuat konfransında qalmaqal: “Teatra dava salmaq üçün gəlməmişəm”

Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətov media mənsublarını başına yığaraq mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, baş rejissor yeni təyinatı ilə bağlı fikirlərini bölüşüb: "Bu teatr mənim doğma teatrımdır və çalışacağam ki, mənə həvalə olunan işin öhdəsindən layiqincə gəlim. Teatrla bağlı yeni layihələrim var, gənclər üçün yeni studiyalar yaradacağam. Bacardığım qədər işləri yoluna qoyacağam. Bu müddət ərzində aktyorlarla görüşüb onların ürək sözlərini dinləmişəm. Bəzi xoşagəlməyən hadisələr olub. Çalışacağıq bir də belə hallar yaşanmasın. Sözsüz ki, teatrın tarixində belə hallar yaşanıb. Teatrın enişli-yoxuşlu yolu olub. Aktyorları həmişə sevmişəm və hər zaman da sevəcəyəm. Hesab edirəm ki, teatrın inkişafında aktyorun böyük rolu olub. Teatrın adı onilliklər boyu rəhbərliklə bağlı olub. İstəyirəm mən olmayanda da desinlər ki, Azərpaşa Nemətovun da belə bir tetrı olub".

Jurnalistlər teatrın direktoru İsrafil İsrafilovun və aktyorların mətbuat konfransına qatılmamasının da səbəbini soruşublar. Baş rejissorun cavabı belə olub: “Bu, mənim mətbuat konfransımdır, direktorun və aktyorların yox. Bu mətbuat konfransı mənim təyinatımla bağlıdır və özümdən danışmalıyam”.

“İlham Əsgərovun ölümündə teatrın direktorunu günahlandıran xalq artistləri bununla bağlı yenidən prezidentə müraciət ünvanlayacaqlarını deyiblər, bundan xəbəriniz varmı?”

Jurnalistlərin sualını baş rejissor belə cavablandırıb: “İlhamın ölümündən qabaq biz görüşdük, qucaqlaşdıq. Yüksək mədəniyyətə malik insan idi. Mən hələ "Hamlet" tamaşasını hazırlayanda o dedi ki, mən şəkər xəstəsiyəm, oynamaq istəmirəm. Onun ölümünü direktorla əlaqələndirmək düzgün deyil. Mən də bu teatra dava salmaq üçün deyil, teatrı əvvəlki zirvəyə qaldırmaq üçün gəlmişəm. Teatr səhnədir və səhnədə gözəl tamaşalar oynanılmalıdır. Mən çalışacağam teatrda sülh yaradım. Əgər sülh baş tutmasa, bu, onların problemidir. Çünki sülh olmadan yaradıcılıq mühiti olmayacaq”.

Azərpaşa Nemətov yeyni mövsümdə təqdim olunan repertuardan da danışıb. Qeyd edib ki, yeni mövsüm “Hökmdar və qızı” tamaşası ilə açılacaq. O, oktyabrın 3-də Böyük Britaniyanın məşhur "Qlobus" Teatrının da “Hamlet” tamaşası ilə teatrın səhnəsində çıxış edəcəyini bildirib: “İnanıram ki, bu tamaşa Şekspir yaradıcılığına xüsusi maraq göstərən azərbaycanlı tamaşaçıların ürəyincə olacaq”.

Azərpaşa Nemətov sonda onu da bildirib ki, yeni təyinatından əlavə, Teatr Xadimləri İttifaqının sədri vəzifəsini də davam etdirəcək.

Cəvahir Səlimqızı

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm