Gecələr işıqda yatan məşhur: “Çalışıram bu hissdən uzaq olum...” - MÜŞAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Gecələr işıqda yatan məşhur: “Çalışıram bu hissdən uzaq olum...” - MÜŞAHİBƏ/FOTOLAR

Fərqli rejissor, fərqli düşüncə sahibi, həm də fərqli insandır. Başqalarından çox seçilir: həyat tərzindən tutmuş, həyata münasibətinə qədər. Elə çəkdiyi filmləri də anlamaq özünü anlamaq qədər qəlizdir. Amma qəliz olduğu qədər də maraqlıdır. Tanınmış rejissor Ayaz Salayevi deyirəm. Onunla sonuncu dəfə bir tədbirdə qarşılaşdıq. Fürsəti fövtə verməyib ordan-burdan söhbətə tutduq. Filmlərində olduğu qədər söhbətində də uzunçuluğu sevməyən Salayevi elə bu qısa cavablarla tanımağa çalışdıq. Özü-özünü tanımayan sənətkarı biz necə tanıya bilərik ki?

Publika.az Ayaz Salayevlə müsahibəni təqdim edir:

- Görürəm, maşallah, kefiniz kökdür…

- Ömrümüzü bu sənətə - kinoya həsr etmişik. Kino ilə bağlı insanda bir mənsubiyyət hissi yaranır. Hiss edirsən ki, sən hansısa bir ailəyə, hansısa bir birliyə mənsubsan. O mənsubiyyət hissi biz kino işçilərində bir qədər fərqlidir.

- Elə özünüz də hər zaman fərqliliyinizlə, özəlliyinizlə seçilmisniz. Buna necə nail olmusunuz?

- Ola bilsin, amma mən fərqlilik və kimlərdənsə fərqlənmək barəsində heç vaxt düşünməmişəm. Sadəcə olaraq, istədiyimi eləmişəm.

- Kinonu seçərkən hansısa bir kumiriniz olubmu?

- Yox, yalan nə deyim, kumirim olmayıb. Amma hər halda, sevimli filmlərim olub və bu gün də var. Kumir anlayışına gəlincə, mənim üçün rejissor-şəxsiyyət olmayıb. Bir qədər Çarli Çaplin ona yaxın ola bilər, amma yox, sadəcə olaraq, sevimli filmlərim var. Hər halda, mən belə deyərdim və belə daha düzgün səslənərdi. Mən kinoda insanlara sitayiş eləmirəm. Bəlkə deyərdim, Sergey Eyzeynşteyn. Sualınıza daha dəqiq cavab vermiş olsam, bəli, Sergey Eyzeynşteynin adı mütləq çəkilməlidir.

- Demək ki, kumiriniz olub. Ayaz müəllim, bir çox kino adamları bu peşəni seçdiyinə görə müxtəlif səbəblərdən peşmanlıq hissi yaşadıqlarını deyirlər. Bəs, siz necə, zaman-zaman içinizdə peşmanlıq duyğusu yaşadınızmı?

- Heç vaxt, heç bir saniyə də. 1977-ci ildə Moskvada Kinematoqrafiya İnstitutuna daxil oldum. Həmin vaxtdan ta bu günə qədər nəinki kinonu seçdiyimə görə peşman oldum, heç bu barədə fikirləşməyi ağlıma belə gətirmədim.

- Filmlərinizə heç fərq qoyursunuzmu?

- Çalışıram fərq qoymayım.

- Amma yəqin ki, fərq var və bunu bizə açıqlamasanız da, özünüz özünüzə etiraf edirsiniz?

- Təbii ki, var, amma həmişə çalışıram bu hissdən uzaq olum.

- Sevimli aktrisanız olubmu?

- Əlbəttə olub, Cülyetta Mazina.

- Bəs Azərbaycanda?

- Yox, bizdə belə bir aktrisa yoxdur.

- Hər hansı addım atanda cəmiyyəti nəzərə alırsınızmı? Məsələn, filan hərəkəti etsəm, insanlar nə deyər, nə düşünər deyə?

- Yox, heç vaxt insanlar barəmdə nə düşünər, nə deyər deyə hansısa fikrimdən daşınmamışam. Öz istədiyimi etmişəm.

- Atdığınız hansısa addıma görə özünüzə haqq qazandırırsınızmı? Hətta bu addım səhv olsa belə?

- Mən heç vaxt bu barədə düşünmürəm. Mən özümlə bağlı, ümumiyyətlə, fikirləşmirəm.

- Mənə çox maraqlıdır, siz özünüzü yaxşı tanıyırsınız?

- Yox, yox, tanımıram.

- Bu hal sizi narahat etmirmi? Ümumiyyətlə, özünü tanımadan yaşamaq çətin deyilmi?

- Yox, yox, yox. Mən, sadəcə olaraq, həyatı yaşayıram. Heç vaxt kənardan özüm-özümə baxmağı düşünməmişəm. Düşünməmişəm deyəndə ki, sadəcə olaraq, çalışmışam kənardan özümə baxmayım.

- Niyə?

- Belə istəmişəm və belə də edirəm.

- Ayaz müəllm, bəlkə kənardan özünüzə baxmağa ehtiyatlanırsınız, müəyyən qüsurlarınızı görməkdən çəkinirsiniz?

- Onu deyə bilərəm ki, kənardan özümə baxmıram.

- Özünüz-özünüzü tənqid edirsinizmi?

- Yox, əziyyət çəkən insanam, amma özünü tənqid edən insan deyiləm.

- Onda bəlkə özünüzdə bəyəndiyiniz, dəyər verdiyiniz xüsusiyyəti deyəsiniz?

- Özümdə bəyəndiyim xüsusiyyət ardıcıllığım və yolumdan dönməməyimdir.

- Bəs insanlarda rastlaşdığınız hansı xüsusiyyət sizi qıcıqlandırır?

- İkili standartlarla yaşayan insanlardan xoşum gəlmir.

- Yaradıcı insan olaraq nədən ilham alırsınız?

- Yalnız və yalnız film çəkməkdən.

- Əvvəllər gecələr qaranlıqda yata bilmədiyinizi demişdiniz. Yenə həmin vərdişiniz qalırmı?

- Əvvəllər belə olub, amma son vaxtlar qaranlıqda yata bilirəm.

Cəvahir Səlimqızı

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm