Mircəfər Bağırov Ədil İsgəndərovu niyə ölümlə hədələyib?
Bizi izləyin

Magazin1

Mircəfər Bağırov Ədil İsgəndərovu niyə ölümlə hədələyib?

Oynadığı rolları da özünə bənzəyirdi - ağayana, mərd… Elə “Axırıncı aşırım” filmindəki Kərbəlayi obrazı sanki onun özü üçün yazılmışdı.

“Mən haqqı-sayı tapdalaya bilmərəm, Qəmlo”... Həyatda da dediyi sözü tutan əsl Azərbaycan kişisi idi. Görkəmli kino və teatr rejissoru, xalq artisti Ədil İsgəndərovun bu gün xatirə günüdür.

Ədil İsgəndərov Azərbaycan teatrında dönəm yaradan rejissorlardan sayılıb. Hətta onun dönəmində Akademik Milli Dram Teatrını “Ədil İsgəndərovun teatrı” kimi tanıyırdılar. Təsadüfü deyil ki, onun teatra rəhbərlik etdiyi mərhələ milli teatrımızın intibah dövrü kimi tarixə düşüb. Həmin vaxt Ədil İsgəndərov “Platon Kreçet”, “Həyat”, “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqin səhəri”, “Otello” tamaşalarına quruluş verib. “Vaqif” milli teatr tariximizdə ən uğurlu tamaşalardan oldu.

Ədil İsgəndərov eyni zamanda filmlərdə də aktyor kimi özünü sınayıb. “O olmasın, bu olsun”, “Romeo mənim qonşumdur”, “Qanun naminə”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Uzaq sahillərdə” filmində bənzərsiz obrazlar yaradıb.

Sənətkarın tələbəsi, tanınmış rejissor Əbdül Mahmudbəyli Publika.az-a sənətkarla bağlı xatırələrindən danışıb:

“Ədil İsgəndərovsuz milli teatrımızı təsəvvür etmək mümkün deyil. Onun sənət aləmində və insanlar arasında çox böyük nüfuzu vardı və ona hörmətlə yanaşırdılar. Teatr onun canı-qanı idi. O cür əzəmətli, zabitəli bir insan olsa da, ürəyi uşaq ürəyi kimi kövrək və yumşaq idi. Bu adamla üz-üzə gələndə sanki insanı ovsunlayırdı. İnsanın içini oxuyurdu, onu sevməmək mümkün deyildi. Hətta düşmənləri belə onu sevirdilər, amma üzə vurmurdular. Çünkü mərd insan idi. Onun teatra rəhbərliyi dönəmində möhtəşəm monumental tamaşalar səhnələşdirildi. Hətta bu tamaşaların sorağı Moskvaya qədər gedib çıxdı. Onun “Otello” tamaşası ümumittifaq miqyasında yaxşı mənada böyük səs-küy doğurdu. Özü mənə danışırdı ki, Mircəfər Bağırov onu çox incidirmiş. Hətta ona deyirmiş ki, qoyduğun tamaşalar xoşuma gəlməsə, səni öldürəcəyəm. Heyif ki, ömrünün son vaxtlarında onu çox incitdilər, haqqında yuxarılara danos yazdılar və teatrdan uzaqlaşdırdılar. Elə buna görə də ürəyi tab gətirmədi”.

Qeyd edək ki, Ə.İsgəndərov 1978-ci il, sentyabrın 18-də dünyasını dəyişib.


Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm