Elçilərinin sayı azalan əkizlər: “Ərə görə...” – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Elçilərinin sayı azalan əkizlər: “Ərə görə...” – MÜSAHİBƏ/FOTOLAR

Onları hamı tanıyır. Biri müğənni kimi, başqası veriliş aparıcısı kimi. Yerli şou biznesin məşhur əkizləri tez-tez müzakirə mövzusuna çevrilir. Publika.az-ın qonağı olan Sevinclə Sevil yeni mahnılarından, yeni prodüserlərindən, yeni efir mövsümündə planlarından, ən əsası, öz sevgi həyatına aid bir sıra maraqlı məqamlardan söhbət açıb.

- Yeni efir mövsümünə start verdiniz.

- Sevil: Açığını deyim ki, enerji bol, həyəcan isə yox idi. Hərçənd, hamı ilk günün həyəcanının çox olacağını deyirdi. Vallah həyəcan olmadı. Özümü elə hiss edirdim ki, sanki heç fasilə verməmişəm.

- Sevinc (sözünü kəsərək): Əsas odur ki, sağlam rəqabət olsun. Bizimkilər "sağlam" sözünü atır, qalır ancaq "rəqabət". Məncə, telekanallar bir-biri ilə düşmənçilik aparmamalıdır. Hər insanın öz izləyicisi var. Bu gün bizi hansı kanala atsalar da, biz reytinq verəcəyik. Çünki bizim artıq tamaşaçı kütləmiz formalaşıb. Amma xahiş edirəm, kanallar öz aralarında düşmənçilik aparmasınlar. Böyük layihələrdə biri-birimizə dəstək olsaq, başqa kanallara heç kəs baxmayacaq.

- Artıq "Xəzər" televiziyasının simasına çevrilmisiniz. Digər kanallarda özünüzə qarşı qadağa hiss etmirsiniz?

- Olub. Təəssüf ki, bu, reallıqdır.

- Hansı kanalda qadağa qoyulub?

- Sevinc: Kanalların adını çəkməyəcəyəm. Hər birinə hörmətim var. Hamısında da qonaq olmuşuq. Ona görə də heç bir telekanala qarşı hörmətsizlik etmək istəmirəm.

- Sevil: Problemimiz ondadır ki, verilişimizin uğuruna görə bizi sevməyən müğənnilərin sayı artır. Bunu yavaş-yavaş hiss etməyə başlamışam. Bizimlə düşmənçilik aparanların sayı artıb. Bu isə bizə lazım deyil. Biz gəncik. Buna baxmayaraq, bizi sıxışdıranlar lap çoxdur.

- Sevinc: Aparıcısı olduğu kanalımızı da unutmuruq. Onlara təşəkkür edirik. Nə olursa-olsun, indiyədək kanalımız bizi meydanda tək qoymayıb.

- Bəs "Xəzər" telekanalından sizə hər hansı qadağa qoyulmayıb? Məsələn, hansısa kanala çıxmağınıza etiraz etməyiblər ki?

- Sevil: Nə başqa telekanalların dəvətini qəbul etməyimizlə, nə də hər hansı telekanalın aparıcısını dəvət etməyimizlə bağlı hər hansı qadağa olmayıb. Bunu verilişə baxsanız, görəcəksiniz. Verilişimizə bütün kanalların aparıcılarını dəvət edirik. Hamı ilə mehribanıq. Çalışırıq hər kəsə dəstək olaq. Bu səbəbdən belə bir qadağamız yoxdur. Hətta qonaq çağırılan digər kanalların verilişinə getdiyimiz halda, bizə demirlər ki, məlumat verin.

- Sevinc: Bu gün biz xoşbəxt insanıq ki, arxamızda dayağımız var. İstər kanalımız olsun, istərsə də bizimlə çalışanlar olsun. Gileyləndiyimiz bir şey var. O da mehribançılıqdır. Şou biznesdə isə mehribançılıq görmürəm. Ailəndən, yaxınından biri saydığın insan arxanca elə sözlər danışır ki, adam şoka düşür. Axı, evimin içi saydığım birisi arxamca danışırsa, başqasından nə gözləyəsən?!

- Tolik öndə gedən prodüserlərdən biridir. Onunla işləmək rahatdırmı?

- Sevil: Onun sayəsində indi özümə inamım xeyli artıb. Əvvəl tədbirə daxil olanda sıxılırdım. İndi bu, yavaş-yavaş azalır. Bilirsiz, şou-biznesdə tab gətirmək çox çətindir. Sadə bir misal çəkim: Uşaqlıqdan bizə belə öyrədiblər ki, getdiyin məkanda tanıyıb-tanımamağından asılı olmayaraq, hər kəsə salam verməlisən. Şou biznesdə isə təəssüf ki, belə bir şey yoxdur. Nəinki normal münasibət, burada salamlaşmaq da mümkün deyil.

- Sevinc: Amma Toliklə işləyəndən özümüzə əminliyimiz artıb. Artıq bilirəm ki, heç kəs mənə artıq söz deyə bilməyəcək.

- Yeni layihələr olacaqmı?

- Sevil: Rayonlardan birində xalq konsertimiz olacaq. Fərqli səhnə dekorasiyası, geyimlər və səhnə şousu hazırlayırıq. Elton da səhnəni bizimlə bölüşəcək. Hələlik konkret hansı rayonda reallaşacağını bilmirəm. Eltonla nəinki birgə konsert, duetimiz də olacaq.

- Sevinc: Sənət işləri ilə yanaşı başımız bağ evinin tikilməsinə qarışıb (gülür).

- Sevil: Fan görüş də təşkil edəcəyik. Bu görüşdə yeni mahnımızı ilk olaraq elə fanatlarımıza təqdim edəcəyik.

- Sevgi həyatınız necədir? Gündəmdəsiniz, baxımlı və gözəlsiniz. Ola bilməz ki, sevəniniz olmasın...

- Sevil: Heç kəs deyə bilməz ki, Seva mənim sevgilim olub. Bu, bizim həyatımızda baş verməyib. Ailə həyatı üçün isə elə bir özəl insan yoxdur. Ailə quracağım şəxsin şou biznesdən biri olmasını istəmirəm. Ancaq onu deyə bilərəm ki, ailə quracağım şəxs mənə desə ki, səhnədən çəkil, heç nəyə baxmadan dediyini edəcəm. Ailəmi hər şeydən üstün tutacam. Bu səhnəni, bu həyatı bir andaca tərk etməyə hazıram.

- Sevinc: Bacımın fikiri ilə tam razıyam.

- Əkiz oğlanla ailə qurmaq istərdiniz?

- (Gülüşürlər) Sevil: Yox, yox, yox. Hamı bizə bunu deyir. Hələ üzümüzə də deyirlər ki, inşallah, əkiz oğlana ərə gedərsiniz. Amma biz bunu heç istəmirik. Allah eləməsin.

- Sevinc – Nəsli artırmaq lazımdır. Fərqli-fərqli nəsillərdən olsun ki, nəslimiz daha da böyüsün. Nə əkizlərlə, nə qardaşlarla, nə də dostlarla ailə qurmaq barədə düşünmürük.

- Belə bir adət var ki, birinci böyük bacı ailə həyatı qurmalıdır. Sizdə necə olacaq?

- Hər dəfə evimizə elçi gələndə deyirdilər ki, "böyük qızınıza" elçi gəlmişik. Xəbərləri yoxdur ki, 2 dəqiqə aramızda fərq var. Amma indi gələn elçilərin sayı azalıb. Yəqin ki, şou biznesin təsiridir.

- Sizcə həyat yoldaşınız sizi ayırd edə biləcək?

- Düzdür, evdə atam və anam səhv salır. Amma düşünürəm ki, sevən seçməyi də bacaracaq.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm