• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Əvvəl İblis, sonra Komandir olan əməkdar artist: “Onların söylədiklərini sizə desəm...” – MÜSAHİBƏ

  • Magazin1
  • 29 Sentyabr 2015 14:15
  • 1 280 Baxış
Əvvəl İblis, sonra Komandir olan əməkdar artist: “Onların söylədiklərini sizə desəm...” – MÜSAHİBƏ

Onu Azərbaycan səhnəsində daha çox dramatik aktyor kimi tanıyırlar. Oynadığı rolları ilə tamaşaçı rəğbəti qazanıb. Bəlkə, elə bu keyfiyyətinə görə də kinorejissorların diqqətini daha çox çəkib. Axı kinoya çəkilmək hər teatr aktyoruna da nəsib olmur. Bu mənada, onun bəxti gətirib, bir çox filmlərdə əsas rolları canlandırıb: "Ovsunçu"da Qıvrımsaç, "Cavid ömrü"ndə İblis, "Hökmdarın taleyi"də Əmiraslan, "Dolu"da Komandir... Başqa sözlə, "Cavid ömrü"ndə oynadığı İblislə nə qədər tamaşaçı nifrəti qazandısa, "Dolu" filmində yaratdığı Komandir obrazı ilə bir o qədər sevildi. "Yuğ" Dövlət Teatrının aktyoru, əməkdar artist Məmməd Səfanın Publika.az-a müsahibəsini təqdim edirik.

- Məməd Səfa müəllim, maraqlıdır, hərdən özünüzü insan və aktyor olaraq müqayisə edirsinizmi? Onların bir-birindən fərqi varmı?

- İnsan və aktyor olaraq onların arasında fərq yoxdu. Aktyorluq Məmməd Səfanın seçdiyi, qəbul etdiyi və məşğul olduğu peşədir. Məmməd peşə sahibidir, peşəkardır, işinin bilicisidir.

- Yəqin ki, filmlərinizə tamaşaçı gözü ilə də baxırsınız... Məsələn, hansısa filmdə yaratdığınız obrazı bəyənirsinizmi, yaxud da qüsurlarınızı görüb narahatlıq hissi keçirirsinizmi?

- Açıq etiraf edim ki, tamaşaçı kimi heç bir işimi qəbul etmirəm. Bu, mənim şəxsi qənaətimdir. Filmlərə baxanda çatışmayan tərəfləri daha tez görürəm. Əslində, özümə çox tənqidi yanaşıram.

- Hər halda, inanmıram ki, özünüzə tam tənqidi yanaşasınız. Ola bilməz ki, hansısa bir rolunuza baxıb sevindiyiniz, "əhsən" dediyiniz məqamlar olmasın…

- Əlbəttə, elə filmlər olub ki, yaratdığım rollarımı bəyənmişəm. Amma elə şeylər də var ki, xoşuma gəlmir. Mən bunu demək istəyirdim.

- Bəs tamaşaçılar sizi daha çox hansı keyfiyyətlərinizə görə bəyənir və qəbul edir?

- Bax bunu deyə bilmərəm.

- Yəni özünüzə yaxınlaşıb, heç təəssüratlarını bölüşənlər olmur?

- Əlbəttə olur, sadəcə olaraq, mən onu deyə bilmərəm. Mənə çox söz deyə bilərlər. Amma onların söylədiklərini sizə desəm, düzgün çıxmaz.

- Belə anladım ki, tərifləyən çox olur, siz isə təvazökarlıq edirsiniz. Sizcə, hansı keyfiyyətlər aktyorda mütləq olmalıdır?

- Mənə elə gəlir ki, aktyor ilk növbədə insan kimi bütöv olmalı, qarşısındakına hörmətlə yanaşmalı və peşəkar olmalıdır. Bunlar əsas kriteriyalardır ki, mütləq aktyorda vəhdət şəklində birləşməlidir.

- Bəs təbiilik?

- Elə təbiilik də bu sadaladığım xüsusiyyətlərin içində olur. "Bütöv insan" deyəndə bir çox keyfiyyətlər əhatə olunur.

- Bu sənət sizi yormur ki?

- Yox, heç vaxt. Siz yorulmaqdan danışırsınız, amma ən çətin rolu oynayandan sonra belə, yorğunluğum yadımdan çıxıb. Çünki bu peşəni sevirəm və oynadığım hər rol mənə zövq verir.

- Elə bir aktrisa olubmu ki, onunla tərəf müqabil olmaq istəmisiniz, amma indi o, həyatda yoxdur?

- Yox, elə bir aktrisa olmayıb. Bu gün tərəf müqabil olmaq istədiklərimin hamısı sağdır. Qismət olsa, hamısıyla tərəf müqabil olmaq istərdim.

- Siz həm də teatr aktyorusunuz və müxtəlif tamaşalarda oynayırsınız. Daha çox özünüzü harda rahat hiss edirsiniz – səhnədə, yoxsa kinodaçəkiliş meydançasında?

- Hər ikisində çox rahatam. Çünki əsl aktyor üçün səhnə ilə çəkiliş meydançası arasında fərq olmur. Əsas odur ki, sevdiyin işlə məşğul olasan. Bu, kinoda yaratdığın obraz da ola bilər, teatrda oynadığın rol da.

- Tamaşaçıların çoxu yaxşı filmlərin çəkilmədiyindən gileylənir. Onların fikri ilə razılaşırsınızmı?

- Hamısına hörmətlə yanaşıram, çünki hərənin öz fikri var.

- Sizcə, əvvəlki filmlərimiz səviyyəsində yeni film çəkilirmi?

- Mənə elə gəlir ki, bü gün gözəl filmlər çəkilir və yəqin ki, davamı da olacaq. Hələ daha yaxşı filmlərin çəkiləcəyini gözləyirəm.

- Yeni çəkilən filmlər uzaqbaşı bir dəfə, təqdimatda baxılır. Axı film arxivlərdə saxlanmaq üçün deyil, tamaşaçısına təqdim olunmaq üçün çəkilir…

- Bu artıq başqa bir problemdir.

- Sizcə, yaradıcılığınızın pik nöqtəsi sayılacaq o böyük rolunuzu oynamısınız, yoxsa hələ gözləyirsiniz?

- Aktyor hər zaman böyük filmini ümidlə gözləyir. Deyə bilmərəm ki, gözlədiyim o rolu oynamışam. Məncə, elə bir aktyor tapa bilməzsiniz ki, o, sualınıza cavab olaraq desin: "Bəli, mən o böyük filmimə çəkilmişəm, istədiyimə nail olmuşam". Ömür hələ qabaqdadır, yaşayarıq, görərik. Yəqin ki, arzuladığım və böyük ekranda yaratmaq istədiyim rolu oynayacağam.

- Bəs öz taleyinizi oynadığınız rol olubmu?

- Yox, olmayıb.

- İstərdinizmi? Həyatınızı ekranda canlandırardınız?

- Sözün düzü, bu suala cavab verməyə çətinlik çəkirəm.

- Sizə belə bir imkan yaradılsaydı, o filmin janrını necə müəyyənləşdirərdiniz - dramatik, yoxsa komik…

- Deyə bilmərəm. Heç o barədə düşünmürəm.

- Deyirlər bu sənətdə dost tapmaq çətindir. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı...

- Mən belə düşünmürəm. İnsan hamıyla dost olmağı bacarmalıdır. Fərqi yoxdur, kino aləmindədir, ya başqa sahədə. Yaxşı dost olmağı bacarmalı, bu yükü çiynində daşımalıdır.

- Sizcə, hamı dostluq etməyi bacarır?

- Sizinlə razıyam, yaxşı dost tapmaq çətindir, amma mümkündür. Ətrafımız gözəl insanlarla doludur. Bu insanlar olmasa, həyat maraqsız olardı.

- Deyəsən, dost xəyanətinə tuş gəlməyən xoşbəxtlərdənsiniz?

- Hər halda, özümə qarşı heç vaxt paxıllıq, pislik hiss etməmişəm. Mənə qarşı hər zaman hörmət hissi olub və mən də bunu qoruyub saxlamışam. Mənim ətrafım həmişə normal insanlardan ibarət olub və pis adamlara rast gəlməmişəm.

- Kənardan çox eqoist insan təsiri bağışlayırsınız.

- Ola bilər. Amma bu, sizin fikrinizdir.

- Bəs sizcə?

- Mən belə düşünmürəm. Bəlkə də, belə görünürəm, yaxud da belə təsir bağışlayıram.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR