“Prado"su olan tanışım var, deyir adama 5 manatdan benzin tökək gedək filan yerə” - FOTOLAR
Bizi izləyin

Magazin1

“Prado"su olan tanışım var, deyir adama 5 manatdan benzin tökək gedək filan yerə” - FOTOLAR

“Oda”çılar layihəsinin budəfəki qonağı əməkdar artist İlqar Cahangirdir.

Bir türk rejissoru “kino rəsmdir, teatr dialoq” – demişdir. Siz necə müqayisə edərdiniz?

Tamamilə doğrudur, canlı olduğu üçün teatr dialoqdur. Sənət özü dialoq üzərində qurulmur. Qurulur, yəni o demək deyil ki, ancaq sənəti sözlə deyəsən, yox. Yəni sözü gətirən əməl, hərəkət varsa bəli, o, teatrdır. Bəli, teatr dialoqdur, kino isə rəsm. Ona görə kino bir dəfə çəkilir, 40, 50, 100 il də qalır, baxılır. Bu gün də “Şərikli çörək” filminə baxırıq. 60 ilin filmidir, hələ bəlkə də çox. Bizə ötürülür, biz də baxırıq. Sadəcə, hərəkət edən rəsmdir. Yəni bu, sözün əsl mənasında, rəsm, portret və yaxud janra böləndə sürrealist, amma hərəkətli rəsmdir. Teatr isə yox. Teatrda söz, fikir, ruh, nəfəs var. Kinoda da var, sadəcə, nəfəs var. Nəfəs hər şeyi tamamlayır.

Oda Teatrının qurucularından birisiniz. Bir neçə tamaşada oynadınız, gənclərə dəstək oldunuz. Ümumiyyətlə, gördüyünüz işlərə görə xoşbəxtsiniz?

Özümü çox yaxşı, rahat hiss edirəm. 25 ildə qazandığımız təcrübəni, məktəbi, örnəyi gənclərlə bölüşə bildik. İnşallah, bir layihəmiz də olacaq. Oda Teatrı üçün yeni aktyorlar yetişdirmək, teatrın inkişafı üçün belə bir kurs açmaq istəyirik.

Çox sevinirəm ki, bu işi etmişik. Kimsə nəyisə əldə etmək üçün, nəsə qazanmaqdan ötrü çalışır. Elə şeylər var ki, tədricən yaranır. Mən öz işimlə məşğulum. Amma bəzən uşaqlar hər şeyi tez istəyir. Tutaq ki, biz bir ağacı əkib-becərənə qədər müəyyən vaxt keçir. Amma kimsə bir ağac gətirir, əkir. O da qısa zamanda quruyub məhv olur. Yəni yaradıcılıqda birləşə bilərsən, nə isə edə bilərsən. Müəyyən dövr keçəndən sonra məqsədlər ayrılar.

“Arzular bağı” tamaşasında oynamısınız. İnsanı məhv edən arzuları və xəyallarıdır. Biz necə edək, arzularımızdan xilas olaq? Xoşbəxtliyin düsturu bəlkə budur?

Bir var arzular, bir də var nəfs. Məncə, insanı yaşadan arzularıdır. Baxır, hansı arzular. Bir də var nəfsdən yaranan arzular. Məsələn, tutaq ki, mənim “dörd göz “Mercedes”im” var, belə el dilində danışsaq. Yox mən mütləq “Prado” sürməliyəm. Halbuki o “Prado”nu alsan, bəlkə də həftənin 7 günü ona yanacaq tökə bilməyəcəksən. Mənim elə tanışım var ki, “Prado”su var, deyir gedək filan yerə, adama 5 manatdan benzin tökək. Yəni nəfsdən yaranıb, o, “Prado” alıb. Amma arzu tam başqadır. 40-50 yaşımız olandan sonra arzularımıza çatmaya bilərik. O arzularla da ölə bilərik.

Nəyisə sevirsənsə, deməli, azad deyilsən. Yəni sevgi təkcə qadın sevgisi deyil. Belə deyək, o dövrdəki kimi Bəhlul Danəndəmi olasan, Diyagen olasan. O da mümkün olan şey deyil. Cəmiyyət var, yaşayırsan.

Mənim arzularım odur ki, fərqli teatrlar olsun, insanlar gəlsinlər, dincəlsinlər. Biz də müəyyən istəklərimizi, tamaşalarımızı, tamaşaçılarımızı qazanaq. İşlədikcə qazanmaq, ev-maşın almaq, müəyyən bir vaxtda istirahət etmək də lazımdır. Tutaq ki, mənə ən böyük teatrı veriblər, maşınım, evim, hər şeyim var. Mən yenə başqa nə isə istəyəcəm. Bu il istədim yay tətilində 1 həftə dincəlim, alınmadı. Maddi imkanım olmadı. Bu il bu arzum da öldü. Qardaşım uşaqlarını Yardımlıya aparmaq istəyirdim, alınmadı. Bunu özümə dərd etmirəm.

Turgenev deyir ki, mən olmasam, rus ədəbiyyatı yarımçıq qalardı. Siz necə düşünürsünüz, Azərbaycan teatrı sizsiz yarmçıq qalardı?

Mən belə baxmazdım. Heç kim heç kimi əvəz eləmir. Hamısının özünün bir nəfəsi, bir izi, belə deyək, bir naxışı, bir mərhələsi, bir rəngi var. Mənim də belə bir səsim, ahəngim, belə bir rəngim, belə bir sənətim var. Təbii ki, o boyda böyük sənətkarlar olub. Səməndar Rzayev 42 yaşında vəfat edib. Həqiqətən də belə bir təbəqə var ki, Şahmar Ələkbərov kimi sənətkarlarımız olub. Onlardan çox şey öyrəndim. Sadəcə, onların nəfəsi bir də gəlməyəcək. Mənim kumirlərim Ərəblinskidir. Ondan çox şey öyrənmişəm. Bu gün isə mənim üçün Fuad Poladov var. İstəyir sənətdə, istərsə də həyatda dəyər verdiyim insandır.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm