• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Ölümünü yuxusunda görmüşdü” - Səxavət Məmmədovla bağlı ŞOK FAKTLAR - MÜSAHİBƏ

  • Magazin1
  • 30 Sentyabr 2015 16:45
  • 1 790 Baxış
“Ölümünü yuxusunda görmüşdü” - Səxavət Məmmədovla bağlı ŞOK FAKTLAR - MÜSAHİBƏ

Azad bir quşdum,

Yuvamdan uçdum.

Bir bağa düşdüm,

Bu gənc yaşımda...

Çox yaşamadı, amma Tanrının ona bəxş etdiyi 37 illik ömür payını elə başa vurdu ki, hələ də ürəklərdədir. Öz ömrü qısa olsa da, möhürünü vurduğu mahnılar ölümündən sonra da onun adıyla sevildi. Bənzərsiz, şirin səsə və gözəl avaza malik sənətkar Səxavət Məmmədovdan danışacağıq.

Bu gün xatirə günüdür. Sevilən sənətkarı sənət dostu, xalq artisti, Milli Konservatoriyanın professoru, ustad tarzən Möhlət Müslümovla bərabər yad etdik.

Publika.az tarzənlə müsahibəni təqdim edir.

- Səxavət Məmmədovla bizi 24 illik zaman kəsiyi ayırır. Bu müddət ərzində onun yoxluğunu daha çox hansı məqamlarda hiss edirsiniz? Yeri görünürmü?

- Böyük konsert salonlarında çıxış edəndə, oxuya bilməyən, istedadsız müğənniləri görəndə Səxavət yadıma düşür. Səxavət kimi oxuyan tək-tək olur. Bu adam 5-10 saat fasiləsiz oxuyurdu, amma yorulmurdu. Səsi o qədər təbii, avazı o qədər şirin idi ki, insanın ruhunu dincəldirdi. İndiki müğənnilər kimi məşq eləməzdi. Bədahətən oxuyardı. Bəzən elə olurdu ki, bir toyda, məclisdə ona beş dəfə "Mirzə Hüseyn segahı" oxudurdular, amma hamısını da fərqli oxuyurdu. Hər ifasında yeni çalarlar kəşf edərdik. Hərdən fiikrləşirəm ki, Səxavət dünyasını dəyişməsəydi, bu gün oxusaydı, yenə də fərqli səs çalarları, boğazları ilə bizi heyrətləndirərdi.

- Bir insan kimi necə insan idi? Bəlkə onu xarakterizə edəsiniz...

- Onunla tələbə yoldaşı olmuşuq. Sonradan dostluq etmişik. Dəfələrlə bölgələrimizə və xarici səfərlərə bərabər getmişik. İmam övladı idi, öz tikəsini başqasına verərdi. Olduqca həssas və duyğulu insan idi. Özü kasıb ailədən idi və imkansız insanlara əl tutmağı sevərdi. Səxavət çox gənc ikən tanınıb sevildi. İlk dəfə radioda çıxış elədi və səhəri gün hamı ondan danışdı. Bir gecənin içində məşhurlaşdı. Bakı kəndlərindən tutmuş bütün ölkə ərazisində məclislərə dəvət aldı. Səxavəti təkcə Azərbaycanda deyil, Cənubi Azərbaycanda da çox sevirdilər. Təbrizdə elə bir ailə yox idi ki, evində onun kasetlərini saxlamasın. Elə indi də onun kasetlərini əzizləyərək saxlayanlar var. Səxavət yalnız məhərrəmlik ayında toya getmirdi. Üstəlik, ilboyu qazandığı pulu bu ay ərzində qohum-əqrəbaya, kasıb-kusuba paylayırdı. Özünə bir qəpik saxlamırdı, hətta kimdənsə borc alırdı. Həddən ziyadə əliaçıq, dostcanlı idi. Biz xarici ölkələrə gedəndə özünə paltar almırdı, amma dostlarına pul verirdi ki, uşaqları üçün geyim alsın.

- Hobbisi, əyləncəsi vardımı?

- Hobbisi maşın idi, bir də gəzmək. Ən böyük hobbisi də sənəti idi. O vaxt "Qaz 24" sürürdü, amma ən böyük arzusu idi ki, xarici markalı maşın alsın. Qismət olmadı. Onda indiki kimi deyildi e, indi kim hansı markanı istəyir, alıb sürür. Bir də bu insan sənətinin fədaisi idi. Bir əhvalat yadıma düşdü. Səxavət toyunda "bəyhamamı"na bizə gəlmişdi. Onu da deyim ki, biz Biləcəridə, onlar da Binəqədidə qalırdı. Oğlan toyu günü "bəyhamamı" olurdu axı. Yedik-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq. Zəng etdilər, gecə saat 3-də Səxavəti evinə apardıq. Bu insan o dərəcədə sənətinin vurğunu idi.

- Sənətkar kimi xoşbəxt idi, bəs insan kimi necə?

- Bədbin adam deyildi. Amma aramızda müəyyən söhbətlər olurdu və Səxavət dərdini-sözünü mənə deyirdi. Aramızda olan o söhbətləri mən sizə deyə bilməyəcəyəm. Çünki o, haqq dünyasındadır.

- İki dəfə evlənmişdi…

- İki dəfə evlənmişdi, amma hər iki ailəsinə gözəl baxırdı. Tərbiyəli uşaqları vardı, indi hamısı böyüyüb.

- Çox məşhur idi, heç şöhrət onu dəyişmişdi?

- Qətiyyən. O insan tərifləndikcə daha da sadə olurdu.

- O vaxt məmurlar uşaqlarının toyuna onu dəvət edirdi?

- Hamısı məclisinə Səxavəti çağırırdı.

- Bahalı hədiyyələr verirdilər?

- Əlbəttə, olurdu. Elə sürdüyü avtomobili ona Ağdamın katibi bağışlamışdı.

- Öz ifasında ən çox hansı musiqini sevirdi?

- Segahı.

- Başqalarını kövrəldirdi, bəs özü necə öz ifasından duyğulanırdı?

- O qədər… Segah oxuduğu yerdə gözündən yaş axırdı. Bayaq dedim axı rəhmətlik çox duyğulu insan idi.

- Səsini qoruyurdu?

- Heç vaxt. Nikaraquada 50 dərəcə istidə konsert verirdik. Buzlu su içib oxudu. Necə oxudusa, əcnəbilər dəhşətə gəldilər. Yaxınlaşıb boğazına baxdılar, elə bildilər səs aparatdan çıxır. Onun səsi İlahi vergisi idi.

- Bu dünyadan vaxtsız göçəcəyini hiss edirdi?

- Ölümdən danışmazdı. Bəlkə də ürəyinə dammışdı. O vaxt sənətçilərin iki pasportu olurdu. Birini ölkə daxilində, ikincisini xaricə gedəndə istifadə edərdik. Bir dəfə o xarici pasportunu mənə verdi və dedi ki, qoy səndə qalsın, nə vaxt xaricə getmək istəsən, mənim adıma da bilet al. Heç qismət olmadı, o rəhmətə getdi. Dünyasını dəyişəndən sonra mən o pasportu ailəsinə verdim. Bir dəfə də İsraildə qastrolda olanda yuxu görmüşdü. Bunu mənə onun musiqiçilərindən biri danışmışdı. Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbristanlıq görünür. Onların kənddəki evləri qəbristanlığın yaxınlığında idi. Yuxudan durub deyib ki, mən öləcəm, yuxumu görmüşəm. Üstündən heç bir ay keçmədi.

- Ölüm xəbərini kimdən eşitdiniz?

- Qara xəbər tez yayılır. 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Ağır vəziyyətdə olduğunu görüb tez xəstəxanaya çatdırmşdılar. Ancaq artıq gec idi. O elə yoldaykən dünyasını dəyişmişdi.

- Toydan gəlirmişlər?

- Yox. Dostları ilə Əlibayramlıdan qayıdırmış. Onu doğulduğu Abdal-Gülablıda dəfn etdik. Güllə göydən yağış kimi yağırdı. Yük maşınlarının əhatəsində onu torpağa tapşırdıq. İnsanlar onu o qədər çox istəirdi ki, qandan-qadadan qorxmadı və dəfn zamanı böyük bir izdiham yaşandı. Bəlkə də Səxavət Məmmədovu dəfn etdiyimizi bilsəydilər, ermənilər də bizi topa-tüfəngə tutmazdılar. Çünki onu çox istəyirdilər. Hətta o vaxt Gədəbəydən olan bir qadın Abdal-Gülablıya yasa gələndə azıb ermənilərlə qarşılaşmışdı. Ermənilər Səxavətin yasına getdiklərini öyrənib ona toxunmamışdılar. Onu da deyim ki, onu ermənilər də sevirdi. Məndə olan məlumata görə, hər cür vəhşilikdən çəkinməyən ermənilər hələ də Səxavətin qəbrini dağıtmayıblar.

- Bildiyimizə görə, Bakıda sifariş olunan başdaşı ona qismət olmadı...

- Hə, müharibə vəziyyətinə görə Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

- Heç yuxunuza girirmi?

- Çox qəribədir ki, Səxavət daha çox xarici ölkələrdə olanda yuxuma girir. Həmişə arzulayırdı ki, Təbrizə getsin, amma o vaxt sərhədlər açıq deyildi. Mən Təbrizə gedəndə yuxuma girdi. Bir dəfə də Amerikada olanda onu yuxuda gördüm. Onda da fikirləşmişdim ki, Səxavət Amerikaya gəlməyi arzulamışdı.

- Yuxunuza necə girir - bədbin, yoxsa şən?

- Həmişə gülür.

- Yəqin ruhu şaddır. Axı məzarı doğulduğu Abdal-Gulablıdadır, bəlkə ona görə?

- Bəlkə də. Çünki torpağına bağlı insan idi. Bir də görürdün ürəyinə Ağdam düşdü, gedirdi Ağdama. Deyirdim, ay Səxavət, Ağdama getmək Binəqədidən Biləcəriyə getmək deyil e, uzun yoldur. Fikir vermirdi, gedib o yerləri görüb gəlirdi.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR