Qorbaçovla hədələnən azərbaycanlı rejissordan ŞOK FAKTLAR: “Dedilər quldurdur” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Qorbaçovla hədələnən azərbaycanlı rejissordan ŞOK FAKTLAR: “Dedilər quldurdur” - MÜSAHİBƏ

Elə filmlərimiz var ki, milli kinomuzun şedevrləri sayılır. İllər keçdikcə daha maraqla izlənilir. Belə filmlərimizdən biri də Qaçaq Nəbiyə həsr edilən "Atları yəhərləyin" tarixi filmidir.

1985-ci ildə ekranlara çıxan film rejissor Əbdül Mahmudbəyov və Həsənağa Turabovun yozumunda ərsəyə gəlib. Filmin ssenari müəllifləri Əhmədağa Muğanlı və Süleyman Rüstəmdir. Qeyd edək ki, Həsənağa Turabov rejissor kimi özünü ilk dəfə bu filmdə sınayıb.

Bu il "Atları yəhərləyin" filminin 30 illik yubileyidir.

Yubiley filmimizi rejissor Əbdül Mahmudbəyovla yad edəcəyik.

Publika.az həmin müsahibəni təqdim edir.

- Bildiyimizə görə, filmin adı əvvəlcə "Qaçaq Nəbi" olub, sonradan dəyişdirilib …

- Bəli. O vaxtlar SSRİ Dövlət Kinematoqrafiyasının erməni baş redaktoru filmin istehsalata buraxılmasına əngəl törətməyə cəhd göstərdi. Hətta filmin adının da dəyişdirilməsi üçün mübarizə apardı. Əlində bəhanəsi də vardı, Qaçaq Nəbini başqa bir qəhrəman olan Qara Nəbi kimi təqdim etdilər. Bildirdilər ki, güya Qara Nəbi ermənilərə qan uddurub, quldurluqla məşğul olub. Onların dərdi bu idi ki, Qaçaq Nəbi kimi bir quldur, film qəhrəmanı ola bilməz. Buna görə də filmin adının dəyişdirilməsinə nail oldular. Əvvəlcə film "Atları yəhərləyin", sonra isə "Qanlı zəmi" adlandı.

- Bildiyimizə görə, filmin yalnız adı dəyişdirilmədi. Bəzi kadrlar da filmdən çıxarıldı...

- SSRİ Dövlət Kinematoqrafiyasının baş redaktoru erməni idi. O, Qaçaq Nəbinin quldur olduğu iddiasını ortaya ataraq filmin istehsalının dayandırılmasına da çalışdı. Hətta ermənilər rəsmi şəkildə M.S.Qorbaçova müraciət edərək bu məsələyə münasibət bildirilməsini xahiş etdilər. Nəticəsi də oldu, filmdəki bəzi kadrların çıxarılmasına nail oldular. O zaman buna etiraz elədim. Belə olan halda məni Moskvaya çağırdılar. Gedib sözümü dedim. Bəzi kadrlar çıxarılmaq şərtilə, filmin razlığını aldıq. Onu da deyim ki, filmin Moskva tərəfindən təsdiq olunmasında Süleyman Rəhimov, Famil Mehdi böyük rol oynadı. Mərkəzi Komitə yenidən filmə baxış keçirdi.

- Hansı kadrlar filmdən çıxarıldı?

- Film Qaçaq Nəbinin yeniyetməlik dövrü ilə başlanırdı. 14 yaşlı Nəbi qoyun sürüsünü azad etmək üçün canavarla vuruşur. Üst-başı qan içində olan oğlan qəfildən Qaçaq Nəbiyə çevrilir. Bu səhnəni çıxardılar. Orada bir kadr da vardı, erməni ağbirçəklər gəlib Nəbiyə yalvarırlar ki, bizi bu Stepan yüzbaşının zülmündən qurtar. Bu kadr erməniləri qəzəbləndirmişdi, onu da kəsib atdılar.

- Tədqiqatçıların araşdırmasına görə, Qaçaq Nəbi, əslində satqınlıq nəticəsində bir tövləninin qarşısında öldürülmüşdü. Bəs niyə filmdə onun ölümü başqa cür təqdim olunub?

- Sovet dövründə belə bir fikir vardı ki, xalqın qəhrəmanı, yaxud da bəy nəslindən olan adam rəiyyət əlində ölə bilməz. Buna görə qəhrəman kimi tanınan Nəbinin də bir tövlə qarşısında həmkəndlisinin əli ilə öldürülməsinə etiraz etdilər. Nəbi zəmidə taxıl yığarkən ölür. Bunun da fəlsəfi mənası var. Nəbi silahını ataraq zəmidə taxıl yığır. Bu da o anlama gəlir ki, Nəbi, əslində qaçaq, quldur yox, daxilən zəhmətkeş, silahdan, qandan-qadadan uzaq bir insandır. Yeri gəlmişkən, ümumiyyətlə, filmdə Nəbinin Qaçaq Nəbi adlandırılmasının əleyhinə idim, amma razılaşmadılar.

- Niyə istəmirdiniz ki?

- Çünki hər kəsə Nəbini qaçaq-quldur kimi təqdim edirlər, əslində o, elmə, mədəniyyətə, ədəbiyyata maraq göstərən bir insan olub. O adam Aşıq Ələsgərlə dostluq edirdi.

- Nəbinin toyuna heç kim gəlmir, həyatda da belə olub?

- Bəli. Mən bunu çox araşdırdım, soruşdum. Əslində kənd camaatı Nəbini çox istəyirdi. Sadəcə, kəndin koxasından, pristavdan qorxduqları üçün onun toyuna gəlmədilər.

- Əbdül müəllim, eşitdiyimə görə, bir çox kino xadimləri Həsən Turabovun bu rola yaraşmadığını deyiblər...

- Söz-söhbət çıxarmışdılar ki, güya Həsən bu rol üçün qocadır. Yalan söhbətdir, elə Nəbi də Həsənlə eyni yaşda olardı. Əksinə, Turabovun bu rolda çıxış etməsi filmin uğurunu təmin etdi.

- Həcər rolunda çıxış edən aktrisanı da filmə güclə razı saldığınız deyilir… Daha doğrusu, aktrisanın həyat yoldaşı tanınmış aktyor Ənvər Həsənov xanımının filmdə çəkilməsini istəməyibmiş...

- O vaxt mən filmin ssenarisini aktyorları gözümün önündə canlandırararq yazırdım. Həcər roluna da Mömünət Qurbanovanı nəzərdə tutmuşdum. Sadəcə olaraq, o xanım ailə qurandan sonra filmlərə çəkilmirdi. Amma həyat yoldaşı mənə "yox" demədi. Gözəl aktrisa idi, sonralar avtomobil qəzasında dünyasını dəyişdi, Allah rəhmət eləsin. Yeri gəlmişkən, bu yaxınlarda saytlarda oxudum ki, güya Həcər erməniyə ərə gedib. Yalan söhbətlərdir. Həcər Nəbinin ölümündən sonra dul qaldı. O vaxt da tənha dul qadınlara yaxşı baxmırdılar. Ləkələyirdilər. Buna görə də onu yaxın qonşusu və uzaq qohumu ilə evləndirirlər.

- Əbdül müəllim, çəkiliş zamanı maraqlı hadisələr yaşandı?

- Çox şeylər oldu. Bilirsiniz ki, tarixi filmlərdə kütləvi döyüş səhnələri yer alır. Həmin kadrların çəkilişi zamanı istər-istəməz xoşagəlməz olaylar baş verir. Həsən Turabov da belə kadrların çəkilişi zamanı atdan yıxılıb, zədə almışdı. Aktyorların başına belə işlərin gəlməməsi üçün biz filmə kaskadyorlar dəvət edirdik. Həmin kaskadyorlarla da müqvilə imzalanırdı. Əgər başlarına bir iş gəlsə, bizlik olmurdu.

- Film necə qarşılandı?

- Bəh-bəhlə. Film çox böyük maraqla izləndi. Rejissor kimi mən, Həsənağa Turabov, ssenari müəllifi Əhmədağa Qurbanov, operator Kənan Məmmədov, rəssam Kamil Nəcəfzadə, bəstəkar Emin Sabitoğlu, aktyor Gümrah Rəhimov, Rasim Balayev Azərbaycan Dövlət Mükafatına layiq görüldük.

- Eşitdiyimizə görə, o vaxt sizin bu filmi çəkməyinizi istəməyiblərmiş, hətta bununla bağlı rəsmi etiraz olub...

- Düz eşitmisiniz. O vaxt müəllimim olan Ədil İsgəndərovu istəməyənlər onun tələbəsi olduğum üçün məni də gözümçıxdıya salmışdılar. Buna görə də mərkəzi komitədə çalışan və kino işlərinə nəzarət edən Azad Şərifov narazılıq etmişdi ki, belə bir tarixi filmi Əbdülə etibar etmək olmaz. Filmin ssenari müəllifi olan Süleyman Rüstəm məsələyə müdaxilə etdi. Hətta onu da dedi ki, filmi çəkəcəksə, Əbdül çəkəcək, ssenarimi başqasına verməcəyəcəm. Kinostudiyanın ovaxtkı rəhbəri Cəmil Əlibəyov Həsənağa Turabov vasitəsi ilə məsələni həll etdi. Çünki Turabov Azad Şərifovla dost idi. Turabov filmdə həm rejissor kimi, həm də aktyor kimi iştirak etdi. Bununla da söhbət bağlandı.

- Maraqlıdır, filmin büdcəsi nə qədər idi?

- Sovet pulu ilə 3-4 milyon.

- Bəs sizə nə qədər qonorar verdilər?

- 5-6 min manat.

- O pula nə aldınız, xatırlayırsınız?

- Heç nə, qəpiyinəcən batdı. O vaxt uşaqlarım balaca idi, pulu banka qoydum ki, böyüyəndə onlara bir gün ağlayım. Elə oldu ki, pul bankda batdı, illər keçəndən sonra bunun əvəzində mənə 80 manat pul verdilər. Təsəvvür edin, o boyda filmdən mənə çatan 80 manat oldu.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm