Tanımadığımız tanışlar – Azərbaycan kinosunun unudulmuş simaları – FOTOLAR
Bizi izləyin

Magazin1

Tanımadığımız tanışlar – Azərbaycan kinosunun unudulmuş simaları – FOTOLAR

Telekanallarımızın tez-tez nümayiş etdirdiyi milli filmlərimizin çoxu sovet dövründə çəkilsə də, bu ekran əsərlərinin qəhrəmanlarını çox gözəl xatırlayır, sevirik. Hətta o qədər sevirik ki, gündəlik məişətimizdə də onlardan sitatlar gətiririk.

Lakin elə aktyorlar, aktrisalar da var ki, onlar müxtəlif səbəblər üzündən ya mətbuata az-az çıxırlar, ya da mətbuat onlardan az yazır. Bu səbəbdən də bəzilərini yaxşı tanımırıq, bəziləri unudulub, bir çoxu isə dünyasını dəyişib.

Publika.az incəsənətimizin ən az tanınan, üzdə olmayan sənətçilərini təqdim edir:

Rauf Gözəlov "Ömrün ilk saatı", "Alma almaya bənzər", "Bizi bağışlayın", "Evlənmək istəyirəm" filmlərində çəkilib. Filmlərdə yadda qalan obrazları məharətlə canlandırmış bu aktyoru bir çoxumuz tanımırıq.

Azərbaycan kinosunun korifey ustadlarından olan Yusif Vəliyevin canlandırdığı obrazlar, səsləndirdiyi filmlər hər birimizin dönə-dönə izlədiyi ekran əsərləridir. Yusif müəllimin həyat yoldaşı Zemfira Sadıqova Azərbaycan kinosuna öz möhürünü vursa da, nədənsə bu aktrisanı bəzilərimiz yaxşı tanımırıq. “Torpaq, dəniz, od, səma", "Dəli Kür", "Xatirələr sahili”, "Dörd bazar günü", "Alma almaya bənzər", "Çətirimiz buludlardır", "Vulkana doğru", "Dantenin yubileyi", "Evin kişisi", "Bizi bağışlayın", "Anlamaq istəyirəm", "Anın quruluşu", "Asif, Vasif, Ağasif", "Qara gölün cəngavərləri", "Bağ mövsümü", "Qətl günü", "Əlavə təsir", "Axırıncı dayanacaq", "Qardaşımdan yaxşısı yox idi” filmlərində çəkilib.

“Yeddi oğul istərəm” filmindəki Novruz şənliyi, xüsusən Keçəl obrazı, yəqin ki, bu filmi seyr etmiş hər kəsin yaddaşındadır. Həmin rolu uğurla canlandırmış Nadir Əsgərov “777 №-li sexdə” , “Alma almaya bənzər”, “Dəvətnamə”, “Evlənmək istəyirəm”, “Xatirələr sahili”, “Qaraca qız”, “Onun bəlalı sevgisi”, “Şir evdən getdi”, “Uşaqlığın son gecəsi” filmlərində də aktyorluq məharətini böyük ustalıqla nümayiş etdirib.

Rəna Səlimova o qədər də diqqət mərkəzində olmayan aktrisanın "Cazibə qüvvəsi", “Sən niyə susursan?", "Nəsimi", "Şir evdən getdi" filmləri onu Azərbaycan kinosu tarixinə qovuşdurub. Onun “Sən niyə susursan?” filmindəki uğurlu rolunu xüsusi qeyd etmək yerinə düşür.

Rəşid Mahmudzadəni də bu siyahıya daxil etmək olar. Bir zamanlar uşaqların sevə-sevə izlədiyi “Cin mikrorayonda” filminin uğurlu ekran əsəri kimi ərsəyə gəlməsində bu aktyorun müstəsna xidmətləri olub. O, habelə “İlıq dənizdə buz parçası", "Şeytan göz qabağında" filmlərində istedadını nümayiş etdirib.

Nəcibə Hüseynova – uşaqların indi də sevimli filmlərindən olmuş “Asif, Vasif, Ağasif” filmindəki müəllimə onun böyük uğurlarındandır. “Bəyin oğurlanması”nda rəqqasə rolunu oynamış Nəcibə xanım “Afroditanın qolları”, “Doğma sahillər”, “Əlaqə”, “Xoca”, “İşarəni dənizdən gözləyin”, “Qara "Volqa", “Qətl günü”, “Qəzəlxan”, “Ölsəm bağışla”, “Təhminə”, “Yaramaz” kimi məşhur filmlərdə də maraqlı epizodlar yaradıb.

Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunmuş Mehriban Abdullayevanı bəzilərimiz “Solğun çiçəklər” filmindən tanıyırıq. Bəzilərimiz isə heç tanımırıq. Halbuki bu aktrisa “Məşədi İbad-94”, “Yoxlama”, “Pərvanələrin rəqsi”, habelə digər ekran əsərlərində də üzərinə düşən vəzifənin öhdəsindən çox uğurla gələrək sənətkarlıq qabiliyyətini nümayiş etdirib.

Aktyor və rejissor, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadəni bəzilərimiz “Qərib cinlər diyarında” filmindən tanıyırıq. Halbuki bu sənətçi “Dantenin yubileyi”, “İşgüzar səfər”, “Salur Qazanın evi talandığı boy”, “Fatehlərin divanı”, “Nigarançılıq”, “Ovsunçu”, “Cavid ömrü” və digər filmlərindəki rolları ilə kinomuzun inkişafına öz töhfəsini verib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm