İTV rəhbərliyindən ermənilərin provakasiyasına CAVAB
Bizi izləyin

Magazin1

İTV rəhbərliyindən ermənilərin provakasiyasına CAVAB

“Eurovision-2016” mahnı yarışmasının ilk yarımfinal mərhələsindən sonra mətbuat konfransı keçirilib. Finala vəsiqə qazanan 10 ölkə təmsilçisi jurnalistlərin suallarına cavab verib.

Publika.az xəbər verir ki, Səmra Rəhimli mətbuat konfransında müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb. Azərbaycan təmsilçisi özünü xoşbəxt hiss etdiyini deyib: “Finala vəsiqə qazandığım üçün çox xoşbəxtəm, mənə səs verən hər kəsə öz təşəkkürlərimi bildirirəm. Keçirdiyim hisslərimi ifadə etmək çətindir”.

Konfransda iştirak edən İTV-nin baş direktor müavini Şaiq Məmmədov əvvəlcə Səmranı ilk yarımfinal mərhələsində böyük uğuru münasibəti ilə təbrik edib. Daha sonra işğalçı Ermənistan tərəfinin səsvermə zamanı növbəti dəfə təxribata əl ataraq qondarma Dağlıq Qarabağın “bayrağ”ını qaldırılmasına sərt reaksiya verən Ş.Məmmədov ermənilərin qurumun qanunlarını kobud şəkildə pozduğunu, Azərbaycanın ərazisindəki tanınmamış, qondarma “respublikaya” aid olan “bayrağ”ın böyük bir yarışmada dalğalandırılmasının isə müsabiqənin qaydalarına zidd olduğunu deyib: “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir və heç bir dövlət onun müstəqilliyini tanımır”.

İTV-nin baş direktor müavini “Eurovision-2016” komitəsinin bu təxribata qarşı ciddi ölçü götürəcəyinə inamını ifadə edib.

Bayrağın dalğalandırılmasına icazə verən rəsmilər isə bu dəfə İctimai TV-nin Baş Direktorunun müavininin sözünü kəsməyə cəhd ediblər. Lakin Şaiq Məmmədov Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu, ermənilərin isə işğalçı siyasət yeritdiyini dönə-dönə qeyd edib. Baş direktor müavininin bu çıxışı alqışla qarşılanıb.

Məsələyə İctimai Televiziya və Radio Yayımları Şirkətinin prezidenti Cəmil Quliyev də münasibət bildirib.

O, Publika.az-a açıqlamasında deyib: “Televiziyanın baş direktor müavini Şaiq Məmmədov “Eurovision-2016” mahnı müsabiqəsinin mətbuat konfransında iştirak edib. O, bu məsələyə lazım olan münasibəti bildirib”.

Məlumat üçün bildirək ki, aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı. Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosova, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer almışdı.

Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduğu “Miracle” mahnısı ilə ölkəmizi təmsil edən Səmra finalın birinci hissəsində çıxış edəcək. “Bir araya gələk!” şüarı ilə keçirilən müsabiqənin ikinci yarımfinalı mayın 12-si saat 23:00-da, final isə mayın 14-ü saat 23:00-da yayımlanacaq.

Cəvahir, Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm