“Narahat olmasınlar, qızımın Tünzalə kimi anası var” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

“Narahat olmasınlar, qızımın Tünzalə kimi anası var” - MÜSAHİBƏ

Mayın 27-də Yaşıl Teatrda “İmza” adlı konsert verməyə hazırlaşan Tünzalə Ağayeva “Kokteyl” layihəsinin qonağı olub. İfaçı ilə konsert ərəfəsində həm yaradıcılığından, həm də onu narahat edən problemlərdən danışdıq. T.Ağayeva şəxsi həyatı haqqında danışmağı sevməsə də, bu müsahibədə bəzi məsələlərə aydınlıq gətirib.

“Bu konsertdə bütün musiqisevərləri gözləyirəm”

- Mayın 27-də Yaşıl Teatrda “İmza” adlı konsert verməyə hazırlaşırsınız. Bu konsertdə tamaşaçıları nə ilə təəccübləndirməyi düşünürsünüz?

- İldə bir neçə dəfə konsert verən müğənninin mahnılarını dinləməyə gələnlər konsertin gedişatı haqqında müəyyən təsəvvürlərə malik olur. Bu baxımdan dinləyicilərin çoxu konsertdə nələrin baş verəcəyini və repertuarı təxmin edir. Sözsüz ki, yeniliksiz də olmaz. “Səs Azərbaycan” layihəsinin yaddaqalan finalçıları konsertdə mənimlə birlikdə olacaq. Hansı mahnıları ifa edəcəyimizi demirəm, qoy tamaşaçılar üçün sürpriz olsun.

- Bəs bu konsertdən siz özünüz nə gözləyirsiniz?

- Bu konsertdə bütün musiqisevərləri gözləyirəm. Konsert mənim üçün içimdə yığılıb qalmış bütün enerjini, coşğunu ötürmək və duyğularımı tamaşaçılarla bölüşmək üçün gözəl vasitədir.

- Sizcə, pərəstişkarlarınız sədaqətlidir?

- Konsertlərimə adətən yaradıcılığımla yaxından tanış olan və mahnılarımı bəyənən tamaşaçılar gəlir. Sədaqətin əsas göstəricisi tamaşaçının konsertə bilet alıb gəlməsi deyil, bütün mahnıları müğənni ilə birlikdə əzbərdən ifa etməsidir. Ümumiyyətlə, konsertlərimdə tamaşaçı heç vaxt sakit oturmur. Əvvəllər evlərdə disklərimi dinləyirdilər, indi zəmanə dəyişib, insanlar qulacıqları taxıb telefonda “playlist”dəki mahnıları dinləyirlər. Həmin siyahıda mənim də mahnılarım var. O mahnılar şüuraltı insanların beyninə həkk olunur və təbii ki, tamaşaçı konsertdə sevdiyi mahnını eşidəndə mənimlə birlikdə oxuyur. Oxumaq bir yana qalsın, tamaşaçılar konsertlərdə repertuara daxil etmədiyim mahnıları məndən tələb edir. Bütün bunlar mənə dinləyicilərimin sədaqətli olmasını deməyə əsas verir.

- Konsertin adından danışaq. “İmza” dedikdə nəyi nəzərdə tutmusunuz?

- Bu, mənim dəsti-xəttimi və öz üslubumu bildirir. Konsertə bu adı verməklə musiqiyə imzamı qoymuş oldum.

- Musiqi bir növ insanların həyat tərzinə çevrilib, bu gün hər kəsin ona hava və su kimi ehtiyac var. Səhərini mahnılarla açıb, mahnılarla yatan insanlar var. Sizcə, bu hal təhlükəli deyil?

- Musiqi yox, mahnıda ötürülən mesajlar təhlükəli ola bilər. Bu da musiqi anlayışı ilə bağlı deyil, insanın musiqiyə yanaşmasından asılıdır. Bunu həkim bıçağı ilə müqayisə edərdim. Bıçaq həkim üçün xəstəni xilas edən alətdir, cinayətkar isə bıçağa silah kimi baxır. Musiqi də eyni ilə elədir.

- Sizcə, insanın musiqi zövqündən onun necə biri olmasını müəyyən etmək olar?

- Müəyyən qədər mümkün ola bilər. Məsələn, rep hər kəs üçün qəbul olunan janr deyil. Ağır repə qulaq assam, kənardan baxanlara qəribə gələ bilər. Yaxud da klassik simfonik orkestrin konsertinə gedənlərin ziyalı, yüksək zövqlü, intellektual olduğunu fikirləşə bilərik. Amma onun daxili dünyasından xəbərsizik, ona görə də o insanın klassik simfonik orkestrin konsertinə sevərək, yoxsa məcburən getdiyi haqqında dəqiq fikir yürüdə bilmərik.

- Maraqlıdır, həqiqətən də rep dinləyirsiniz?

- Əlbəttə, rep sevdiyim musiqi janrlarından biridir. Bu janrın bizdə daha da inkişaf etməsini istərdim. Dinlədiyim reperlərə Eminem, Cey Z, Tupak, hətta Anar Nağılbaz və Elşad Xoseni misal çəkə bilərəm. Replər də müxtəlif cürdür. Mənə görə reper problemləri deməlidir, eyni zamanda insanların yaşayış tərzi və dərdi mətnlərdə əks olunmalıdır. Hər halda bu janrın sadə xalq tərəfindən yaradıldığını və onların bir növ özünüifadə vasitəsi olduğunu unutmaq lazım deyil. Təəssüf ki, bu gün qərb tək müasir tendensiyaları, proqressiv musiqini, yeni aranjemanları təbliğ etmir. Xarici mahnıların sözlərində həddindən artıq qeyri-etik ifadələrə və söyüşlərə yol verilir. Bu mahnıları dinləyən yeniyetmə və gənclər dərhal təsir altına düşür. Belə mahnılarda üsyankar ruh və etirazın olmasını başa düşürəm. Amma bu da məntiqli olmalıdır. Bəzən də qafiyə xətrinə söyüşlərdən ibarət mətnlər yazılır, sonda da cəmiyyətdə zombiləşmiş, manqurtlaşmış beyinlər çoxalır.

- Bizim musiqi mədəniyyətimizdən danışsaq, sizi ən çox nələr narahat edir?

- Bu gün artıq bəstəkarlıq dalğavari formada musiqi prodüseri anlamına keçib. Lakin musiqi prodüseri anlayışı dünyada 30 ildən çoxdur ki mövcuddur. Ən böyük dünya ulduzlarını da milyonlarla insanlara sevdirən, məşhurlaşdıran, albomları satanlar musiqi prodüserləridir. Bizdəki kimi bununla sadə menecerlər məşğul olmur. Məsələn, alboma daxil olan mahnıları, bu mövsümdə hansı tərzdə mahnıların çıxmasını, hansı aranjemanda olmasını mən özüm müəyyən edirəm, bunları kimsə mənə diktə etmir. Özü-özünün musiqi prodüseri olan individual artistlərin və gənclərin çox olmasını istərdim. Təbii ki, hamı belə ola bilməz, amma nə qədər çox olsa, bu sahə bir o qədər çox inkişaf edər.

“Bu, tək müğənninin üzərinə düşən vəzifə deyil”

- Yaradıcı insanlar sanki başqa dünyanın insanıdır. Maraqlıdır ki, sizin ilham mənbəyinizin nədir?

- İnsan ancaq yer üzü ilə kifayətlənmir, onun mənəvi dünyası var. Bəzilərində o dayaz, bəzilərində isə dərindir. Mənəviyyat olmasa, o mahnılar yaşamaz, 3 gündən sonra unudular. Musiqi çox ilahi qüvvədir, not düzümü, ideyası, melodiyanın axıcılığı, dramaturgiyası yaradıcı insana başqa aləmdən ötürülür. Daha sonra gələn siqnalları yer üzündə materiallaşdırmaq üçün onun riyazi hesablamasını aparırsan. O siqnalların kökü tək bu dünya deyil və mənim də bir tərəfim başqa bir dünyaya ilə kontaktdadır.

- Musiqini kasıbların cənnəti adlandırırlar. Onda bəs varlıların nəyidir?

- Bu fikirlə razı deyiləm. Mənim üçün sadəcə insan anlayışı var. Vəzifəsindən, statusundan, hansı təbəqəyə aid olmağından asılı olmayaraq, insanı heç nə musiqi qədər rahatlaşdıra və sakitlik gətirə bilməz. Müqəddəs “Qurani Kərim” kitabımızın da avazı notlar üzərində qurulub, eləcə də meditasiyalar musiqi ilə edilir, insanı döyüşə də musiqi ruhlandırır, lay-lay da musiqi ilə deyilir və.s. Xalq öz ağrı-acısını, dərdini, kədərini və sevincini də hər zaman öz folkloru və musiqi ilə ifadə edib. Qısası, musiqi həyatımızın hər anındadır, o, həyatımızın danılmaz tərkib hissəsidir.

- Belə bir fikir var: “Sözlər hərdən musiqiyə ehtiyac duyur, musiqinin isə sözlərə ehtiyacı yoxdur”. Siz bu fikirlə razısınız?

- Sözsüz. Elə duyğular var ki, onları sözlə ifadə etməkdə özümü aciz hiss edirəm, ya da leksikonumdakı söz bazası yetərsiz qalır, ya da ki, ümumiyyətlə elə sözlər yoxdur.

- Elitar musiqi təbəqəsinin formalaşması üçün nə etmək lazımdır?

- Bu, tək müğənninin üzərinə düşən vəzifə deyil. Yüksək zövqlü tamaşaçı auditoriyasının artması üçün bütün cəmiyyət var gücü ilə çalışmalıdır. Bu, çox böyük cərəyandır. Burada televiziya, media, insanların yaşam tərzi və mütaliə səviyyəsindən də çox şey asılıdır. Yolda gedən uşağın hansı ailədə böyüməsi, evdə nə cür söhbətlərin getməsi, valideynlərin musiqi zövqü və.s bu kimi məqamlar bir-birinə zəncirvari şəkildə bağlıdır. Televiziya və radiolar da öz növbəsində bizim milli musiqi mədəniyyətimizi, irsimizi, folklorumuzu, bəstəkarlarımızı düzgün təbliğ üslubları ilə gəncləri cəlb etməklə buna nail ola bilərlər. Niyə bizdə pop musiqiçilərin yanında orkestr yoxdur? Niyə musiqili tamaşalar azalıb? Niyə myuzikllar və müxtəlif üslubların sintezi olmasın? Məlumdur ki, ən böyük myuziklın təməlini Üzeyir Hacıbəyov qoyub. Lakin bu, bir dönəmin tarixi olmamalıdır, onları müasir dövrdə də yaşatmaq üçün hamımız əlimizdən gələni etməliyik.

- Uzun müddət gündəmdə qalmaq üçün müğənnidən nə tələb olunur?

- Giqant zəhmətkeşlik. Zəhmət çəkməsən, heç bir nəticəyə gələ bilməzsən. Ancaq tək bununla kifayətlənmək olmaz, müasir musiqidən xəbərdar olmalısan. Müasirliyi də keçmişini, tarixini, irsini mənimsəyən, mədəniyyətinə sahib olan insanlar daha yaxşı bilər. Keçmişini bilməyən sabahını qura bilməz. Sözsüz ki, pul-para ilə, reklam və qara piarla 2-3 gün gündəmdə qala bilərsən, sonra unudulacaqsan. Amma ömrünü, illərini, eşqini bu sənətə verən əsl ustad heç vaxt unudulmur. Çünki o insan sevdiyi işə canını və bütün dəyərlərini xərcləyir. İstedad və zəhmət elə bir bərəkət və bəhrədir ki, onu heç nə ilə satın almaq olmur. İnsan elə yaşamalıdır ki, şöhrət özü gəlib onun qapısını döysün, daha onun dalınca düşməyəsən. Mənə gəldikdə onu deyim ki, heç vaxt populyarlıq aşiqi olmamışam, sadəcə peşəmin vurğunuyam.

- Heç bu sənətdən küsüb uzaqlaşmaq istəmisiniz?

- O qədər olub. Yanımda vəfalı dostum Yalçın olmasaydı, çoxdan bu sənətdən getmişdim... Yaradıcı insanlar hədsiz həssas olur. Keçmişdə baş verənlər yaradıcılığıma da təsir edirdi. Elə məsələlər var ki, onlara səmimi və açıq olmaq olmaz, elə hadisələr var ki, onları göstərmək olmaz. Vaxtı ilə təcrübəsizliyimdən bu yanlışlara yol verdim və ziyanını gördüm. Zamanla qapalı yaşamağı öyrəndim və özümü qorumağa başladım. Dəfələrlə yoluma keçilməz sədlər və daşlar qoyulsa da, onların arasından sızıb çıxa bildim. Çünki axan çayın qarşısını heç nə ala bilməz.

“Nələrisə bitirmək, yeni başlanğıclar deməkdir”

- Söhbət şəxsi həyatdan gedir?

- Hər mənada. Uçurum şkalasının pik nöqtəsini yaşadığım günlər olub, onda elə bilirdim ki, həyat mənim üçün dayanıb. Çox qəribədir ki, o halda belə iradəmin səsi məni yıxılmağa qoymadı, güclü olmağı pıçıldadı.

- Həyatınızın hansısa mərhələsində çətin günlər yaşadığınızı və həyatınızın alt-üst olduğunu qeyd etdiniz. Bu hadisələr sizə necə təsir göstərdi?

- Hər yaşadığımız hadisə bir dərsdir, ondan düzgün nəticə çıxarmalıyıq. Səhvlərimin səbəbkarı özüm və ya başqaları olsa da, bir daha həmin səhvi təkrarlamamağa və mütləq doğru nəticə götürməyə çalışıram. İlk illərdə qazandığım uğurlar həyatımda çaxnaşma və vulkan yaratdı. Hər şey sanki əlimdən gedirdi, amma onların yerinə yeni nələrsə doğurdu. Onda anladım ki, hər işdə bir hikmət və məna var, sadəcə onu görməyi bacarmalısan.

- Həyatın verdiyi hansı dərsi hələ də unutmamsınız?

- Məncə, onların heç birini unutmaq olmaz. Nələrisə bitirmək, yeni başlanğıclar deməkdir. Həyatımı tamam başqa bir nizama saldım. İndi səhnədə, ictimaiyyətdə, sənətdə, tamaşaçı və media qarşısında güclü, hər zaman formada, pozitiv, musiqisi ilə özünün anladığı qədər düzgün mesajlar çatdıran Tünzalə var. Bir də tamamilə sərbəst, qadın və analıq vəzifələri olan Tünzalə mövcuddur. Hansı ki, bu tərəfi ancaq özümə aiddir. İndi daha balanslıyam, özümlə harmoniyadayam, şükür Allaha, depressiv həyat tərzim yoxdur. Həmçinin paparatsiyə açıq sənətçi deyiləm ki, harda gəldi şəkillərimi çəkib onu müzakirə obyektinə çevrilsin. İstədiyim mövzunu mediaya çıxarıram, istəmədiyimi isə özümdə saxlayıram.

- İndi hansı Tünzalə Ağayeva ilə söhbət edirik?

- Siz məni necə görürsünüzsə, eləyəm. Həmişə ortaq məxrəcə uyğun hərəkət edirəm. Səhnəyə maska ilə çıxmıram, sadəcə evdə istər-istəməz daha rahat oluram.

- Mahnınızda “Sən tanımadığım doğmamsan” deyirsiniz. Tanımadığınız insanın sizə doğma olmasını nədən müəyyən edirsiniz?

- Ruh anlaşmasıdır. Mövlanın da bununla bağlı gözəl deyimi var: “Bir-biri ilə anlaşan insanlar eyni dili danışanlar deyil, eyni ruhu paylaşanlardır”. Uzaqdan-uzağa sözsüz ki, insanı tanımaq mümkün deyil. Həyata baxış bucağından, fikirlərin uyğunlaşmasından qarşındakı insanın sənə doğma, yaxud yad olduğunu müəyyən edirsən.

“Uşaqlıq saflığımın qayıtmasını çox istərdim”

- Başqa bir mahnınızda belə misralar var: “İllərə yalvardım, qayıt dedim, qaytar dedim. Qaytar mənə sevgi dolu illərimi, onlu illərimi”. Bilmək istərdik ki, Allaha ən çox kimin və ya nəyin qayıtması üçün yalvarmısınız?

- Bu mahnının sözləri millət vəkili Qənirə Paşayevaya aiddir. Burada konkret mövzu var. Qənirə xanım mahnını dünyasını dəyişmiş atasına ithaf edib. Təbii ki, övlad atasının həsrətini çəkər, onlar bir-biri ilə çox bağlı olub. Q.Paşayeva mahnıda atasını itirdikdən sonra yaşadığı boşluğu və duyğularını ifadə edib. Mən isə bu sualın cavabını belə verərdim: uşaqlıq saflığımın qayıtmasını çox istərdim. Təəssüf ki, biz böyüdükcə o saflıqdan uzaqlaşırıq.

- Əzab insanı kamilləşdirir, yoxsa əksinə?

- Əgər insan mənəvi cəhətdən hazırdırsa, sağlam təfəkkürlüdürsə, çəkdiyi əzab və bəla onu mütləq müsbət istiqamətdə dəyişəcək. O insan kəşməkəşli yollarda bərkiyəcək, təcrübəsi çox olacaq, daha dərindən düşünəcək və iradəsi güclənəcək. Uçurumluq adamlar səhv edə-edə gedir və onların qarşısını almaq olmur. Belələri getdikcə aqressivləşir və bütün nifrinini ətrafa saçır. Bu isə dəhşətli nəticələrə gətirib çıxarır. Nə yazıq ki, son vaxtlarda belə hallarla tez-tez qarşılaşıram.

“İnsan onu insan edən dəyərləri satmaz, ayaqlar altına atmaz”

- Ən çox hansı sualların cavabını düşünəndə tənha olmaq istəyirsiniz?

- Mənim bütün savaşım, tənqidim, üsyanım, etirazım özümlədir. Yaradanımdan başqa, heç kimdən heç nə gözləmirəm! Allah da insan kimi daha da kamilləşmək üçün mənə bütün bacarıq, keyfiyyətlər: özümlə söhbət qabiliyyəti, vicdan və özünü qiymətləndirmək bacarığı verib. Kimisi ona verilən qabiliyyətdən düzgün istifadə edərək böyük uğurlar əldə edir, kimisi də kiçik uğurlarla kifayətlənir. Bununla özümü tərifləmirəm, demək istədiyim odur ki, bütün mübarizələrim özümlədir. İnsana yaraşan yaşantını özümə rəva bilirəm, insanlıqdan çıxan, günaha sövq edən həyat tərzi mənə tamamilə yaddır, şərəfimi satmamışam. Ümumiyyətlə, insan onu insan edən dəyərləri satmaz, ayaqlar altına atmaz. Dolayısı ilə bu gözəl çərçivədə özüm özümlə savaşıram.

- Ən pis xüsusiyyətləriniz nədir?

- Çox səbirsizəm, emosional insanam. Emosionallığımı mümkün qədər cilovlamağa çalışıram, hisslərimlə məntiq bir-birini aşmamalıdır. O da var ki, duyğusuz ağıl da, məntiqsiz duyğusallıq da heç kimə lazım deyil.

- Hansı sizi daha çox peşman edir?

- Emosionallığım məni həmişə peşman edir. Amma elə anlar da var ki, onda ilk saniyədə yaranmış təəssürat və hisslər insanı heç vaxt aldatmır. O anı tutdunsa, yanılmırsan. Tuta bilməyəndə insan özünü aldatmaqla məşğul olur, sonrakılar yalançı informasiyalar olur.

“O insanı tale özü gətirdi”

- Karyeranızın ilk illərində Bakıya təzə gələndə dost tapmaqda çətinlik çəkirdiniz?

- Mən dost axtarmırdım, onu tale özü gətirdi. Söhbət əvəzsiz dostum Yalçından gedir. Allah onu ən həssas və ağrılı məqamımda qarşıma çıxardı. Bakıya ilk dəfə gələndə daha çox saysız-hesabsız riyakar və yalançı adamlar gördüm. Nə yazıq ki, birinci güclü zərbə aldım, sonra isə yaralarımla birlikdə mən də sağaldım. Şəhərin burda heç bir günahı yoxdur.

- Gözünüzün içinə baxa-baxa yalan danışan insanlara necə reaksiya verirsiniz?

- Adriano Çelentano bu barədə maraqlı fikir söyləyib: “Həqiqəti bildiyim halda yalanı eşitməkdən həzz alıram”. Bu sözləri ona dedizdirən böyük həyat təcrübəsidir. Mən isə bu kimi hallardan hələ ki zövq ala bilmirəm, əksinə, üzülürəm. Qəribədir ki, belə hallarda aqressiv ola, qarşı tərəfə nifrət bəsləyə bilmirəm. Qisas hissi məndən çox uzaqdır. Qisası torpağımızı işğal edən ermənilərdən almalıyıq, xırda məsələlərdən ötrü qəlbimizi qisasla, kinlə yükləməməliyik.

“Onun Tünzalə kimi anası var”

- Dinləyiciləriniz mahnılarınızı sevdiyi qədər, onlar üçün sizin şəxsi həyatınız da maraqlıdır. Yəqin ki, növbəti suala görə məndən inciməzsiniz. Qızınızın atası ilə münasibətləri necədir? Bu sual çoxları üçün maraqlıdır.

- İnsanların marağını başa düşürəm, lakin bu mövzuda danışmağı sevmirəm və suala cavab verməməyə haqqım var. Ümid edirəm ki, tamaşaçılar bu məsələdə səssiz qalmağa ixtiyarım olduğunu başa düşəcək. Ancaq onu deyə bilərəm ki, narahat olmasınlar, qızım olduqca güvənli bir ortamda yaşayır. Çünki onun Tünzalə kimi anası var.

- Qızınıza ən çox hansı məsləhətləri verirsiniz?

- Onunla daha çox dost olmağa çalışıram, güclü insan olmağı məsləhət görürəm. Bəxtim onda gətirib ki, övladım heç vaxt mənə söykənmir. Yəni “Mən məşhur bir müğənninin qızıyam” demir.

- Səhv etmirəmsə, məktəbi bu il bitirir. İxtisas seçiminə müdaxilə etdiniz?

- Yox. Qızım yetkinlik çağındadır, öz düşüncəsi və zövqü formalaşıb, qərarlarını da özü verir. Əlbəttə ki, seçimi ilə bağlı söhbətimiz oldu. Birinci qrupa hazırlaşır, İnşallah, uğurla keçər. Ona verdiyim yeganə məsləhət belə oldu: “Özünü hansı peşədə rahat və xoşbəxt hiss edəcəksənsə, o ixtisasa yiyələn”.

- Heç kimi sevməmək insanı məğlubedilməz edir. Heç kimi sevməməklə bir növ ən qorxulu ağrıdan azad olursan deyirlər. Sizcə, bu fikir nə dərəcədə həqiqətə uyğundur?

- Bu, çox böyük kompleksdir. Məgər azadlıq özünəqapanmaqdadır?

- Axı bizi adətən sevdiyimiz insanlar daha çox məyus edir...

- Bu, sevgi ola bilməz. Əgər qızılgülü sevirəmsə, onun tikanlarını necə sevməyə bilərəm? Sanki Allahın işinə qarışmış oluram: “Ay gül, sən gözəlsən, amma tikanların olmasaydı, lap qəşəng olardı”. Biz insanlarda rahatlıq axtardığımız üçün məyus oluruq. Hər şeyi olduğu kimi qəbul edə bilsək, onda bütün problemlər həll olunar. Bunun üçün də böyük iradə tələb olunur. Bu da çox güclü insanlara məxsus xüsusiyyətdir. İnsanlar başa düşməlidir ki, əsl sevgidə məyusluq da, sevinc də, kədər də, əzab da, xoşbəxtlik də var. Əgər iki nəfər bir-birini olduğu kimi qəbul edə bilmirsə, o münasibət mütləq bir yerdə qırılacaq, onun davamı yoxdur. Çünki o hisslərin kökü, təməli möhkəm deyil. Kök isə eşqdə və dərinlikdə var.

- Sizcə, insan neçə dəfə aşiq ola bilər?

- Bu sualın cavabını Elif Şəfəqin “Eşq” kitabında daha ətraflı tapmaq olar.

- Xəyanətin izini silmək mümkündür?

- Yox!

- Xoşbəxtlik səni axtaranı tapmaqdır?

- Razı deyiləm. Məqsədinin fərqində olmaq və bu yolda istənilən fədakarlığa hazır olmaq, eləcə də getdiyin yerdə hüzur tapmaq mənim üçün ən böyük xoşbəxtlikdir. Xoşbəxtlik hüzurdan doğur, onlar ikisi də mənim üçün eyni anlayışdır. Xoşbəxtliyi bir marağın və istəyin reallaşmasında görmürəm. Bu ifadəni cılızlaşdırmaq lazım deyil. Məsələn, "ailə qurdumsa, konsert verdimsə, populyar oldumsa, xoşbəxtəm" demək doğru deyil. Yaxud da səhər yuxudan duranda yağışlı və küləkli havanı görüb ona lənət oxumaq lazım deyil. Hər hadisədə neqativ əvəzinə, hər damlada gözəllik axtarmağa çalışmalıyıq. Neqativlərdən qurtulsaq, onda həqiqətən də insan daxili rahatlığı tapa biləcək. Soğan-çörək yeyəndə də, süfrə nemətlərlə dolu olanda da şükür etməliyik. Daxilin rahatdırsa, ağacın altında da, rahat çarpayıda yatanda da xoşbəxt olmağı bacaracaqsan.

- Suallarım bitdi, amma istərdim ki, sonuncu sualın yerinə özünüzə nə isə arzulayasınız.

- Hamıya və özümə daxili rahatlıq arzu edirəm. Məkanı və həyat tərzini dəyişməklə insan hüzura qovuşmur. O insanın qəlbində gizlənib... Onu tapmaq arzusu ilə...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm