Miri Yusifin etirafları - BİRİNCİ HİSSƏ - FOTOLAR
Bizi izləyin

Magazin1

Miri Yusifin etirafları - BİRİNCİ HİSSƏ - FOTOLAR

Onun mahnıları yazılmasaydı, oxunmasaydı, heç bilmirəm mən və mənim kimi yüzlərlə insanın qəlbinə indi hansı mahnılar məlhəm olardı... O, Azərbaycanda reggae, estrada və konsert mədəniyyətinə yeni nəfəs verən ən yaraşıqlı və ən xarizmatik ifaçıdır. Ən əsası, insanlığın hələ ölmədiyini, yalan danışa bilməyən, ikiüzlülüyü bacarmayan, kiminsə qəlbinə toxunmağı ağlından belə keçirə bilməyən insanların hələ də var olduğunu əməlləri ilə göstərən ifaçıdır. Səmimiyyəti və mehribanlığı ilə insanın qəlbini uzaqdan ələ ala bilir. Bu, müsahibimin söhbət ərzində mənə ötürdüyü xoş təəssüratlar idi. Beləliklə Publika.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı Yaşıl Teatrda növbəti konsertini verməyə hazırlaşan Miri Yusif oldu.

Müsahibəyə başlamazdan əvvəl deyim ki, suallarım və ürəyim o qədər dolu idi ki, hansı sualdan başlayacağımı bilmirdim. Oxucuların və özümün vermək istədiyim sualları nəzərə almağa çalışdım.

Həyatımda uğursuz sevgilər çox olub

- Uğur qazanmaq istəyirsənsə, mərhəmətsiz olmalısan. Yaxşı olsan, səndən həmişə istifadə edəcəklər. Sizdən istifadə edənlər olub?

- Belə hallar xeyli olub və hazırda yenə baş verir.

- Yəni, mərhəmətsiz olmusunuz?

- Yox, onları həyatımdan uzaqlaşdırmağa çalışıram. Onsuz da bu dünya əvəz-əvəz dünyasıdır. Həyat kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. Məsələn, belə izah edim. Siz bu gün məndən sözün yaxşı mənasında istifadə edib müsahibə alırsınız. Mən isə öz daxilimdə və beynimdə olan fikirlərimi sizə danışacağam. Yəni, insanlar mənəvi aləmini təmin etmək üçün yaxşı mənada bir-birindən istifadə edir. Yaşamaq çətinləşəndə, bu həmişə köməyə gəlir. Digər mənalarda əlbəttə ki, çox mənfi baxıram.

- Yaradıcılığınızda sevgi əsas yerlərdən birini tutur. Bu sevgiyə olan inamınızdan ya sevgidə yaşadığınız uğursuzluqdan qaynaqlanır?

- Həyatımda uğursuz sevgilər çox olub. Hər bir sevgi insana həyat dərsi verir, təcrübəsini artırır və müəyyən mənada müdrikləşdirir. Sonda içimə yığılan bütün duyğularımı mahnılara yönəldirəm.

- Elədiyiniz səhvlərin, yoxsa etmədiklərinizin və deyə bilmədiklərizin peşmançılığını çəkirsiniz?

- Nadir hallarda nəyinsə peşmançılığın çəkərəm, bu, insana heç bir fayda gətirmir. Olubsa da, uşaqlıq illərimdə baş verib. Sonradan bu hissiyyatı boğdum. Çünki bu dünyada peşmançılıqdan mənasız heç nə yoxdur. Onsuz da heç nəyi qaytarmaq olmaz. Yoxsa hamımız müqəddəs olardıq.

- Həyat əslində çərçivə kimdir. Bəzən ondan kənara çıxa bilmirsən. Amma mühüm olan şey o çərçivəyə qoyduğun fotodur. Bəs Miri Yusif öz çərçivəsinə hansı şəkli qoyub?

- Uzun yola çıxan dərvişə oxşar bir insan fotosu.

- Niyə bu foto?

- Yəqin daxili dünyam bu cürdür və onun tələbidir.

- Çərçivələr yaradıcılığı məhv edir?

- Sözsüz ki. Əsl yaradıcı insan çərçivələrə sığmır, onu dağıtmalıdır.

- İlahi ədalətə inanırsınız?

- Əvəzsiz qalmaz dünya, 100 faiz...

- Bəs dinlərin təbliğ etdiyi ədalət bu həyatda həmişə öz yerini tapır?

- Tutmasa da bunun özündə böyük bir müdriklik var, Allahın hikmətidir. Əksərən ədalət öz yerini tapır, sadəcə, səbirli olub məqamı gözləməyi bacarmaq lazımdır. Az çəkəcək, çox çəkəcək, bunu da bilən yoxdur. Amma 100 ildən sonra da olsa ədalət mütləq öz sözünü deyəcək.

- Allaha olan inamınızı necə tənzimləyirsiniz?

- Bu, çox özəldir. Ona inandığım qədər onu sevirəm.

- Bəs o, sizi sevir?

- Gördüyünüz kimi hə. (Çox təvazökarsınız. Gülürük)

“Daşlar bitkidən məhrum olduğu kimi insanlar da mərhəmət hissindən məhrum olmağa başlayıblar”

- Niyə həyatda baş rolları həmişə pis insanlar oynayır?

- Neyləyəsən, bu dünya özü belə qurulub... Məncə, əksəriyyəti qəddar və mərhəmət hissindən məhrum olan insanlardır. Qəddarlıq isə yaxşı insanların məhvinə gətirib çıxarır. Tarix boyu siyasətdə də yaxşı insanları məhv etməyə çalışıblar. Hər kəs bu həyatın çətinliklərinə axıra qədər tab gətirə bilmir. Bir yerdə qırılır... Daşlar bitkidən məhrum olduğu kimi insanlar da mərhəmət hissindən məhrum olmağa başlayıblar.

- Belə çıxır ki, güc, qüdrət ədalətə zəfər çalır.

- Təəssüf ki, ədalət, güc üzərində öz parlaq qələbəsini çox gec qazanır. Bu da taleyin izahedilməz bir qanunudur.

- Miri Yusif yaxınlarına, əzizlərinə və dostlarına qarşı hər zaman ədalətli və dürüst davranır?

- Miri Yusifi tanımaq istəyən şəxs onun mahnılarını dinləməlidir. Çünki özümü mahnılarımda daha yaxşı ifadə edə bilirəm. Mənim düzgünlüyüm, səmimiyyətim yalnız ordadır. Dolayısı ilə Miri Yusif mahnılarda necədirsə, həyatda da elədir.

- Sevginin sonu nifrətlə bitirsə, onu əsl sevgi adlandırmaq olar?

- Hər bir saflığın sonu çirkinliklə bitməyə məhkumdur. Amma hər bir çirkinliyin də sonu saflığa aparır. Eyni zamanda ən ülvi sevginin sonu nifrətdir. Lakin nifrətdən yenidən sevgiyə qayıtmaq insanın özündən asılıdır.

- Bəs siz bunu bacarmısınız?

- Həyat yoldaşımla münasibətlərimdə hansısa məqamda nifrətə yox, qəzəbə gətirib çıxara bilər. Normal da qarşılamaq lazımdır, çünki biz insanıq. Bütün gücümü toplayıb qəzəbimi boğmağa çalışıram. Sevgi nifrəti üstələyir.

- Yəni, güzəşt varsa, sevgi də var.

- Hər şeyin dərmanı səbirdir.

- Siz səbirli insansınız?

- Bəzi məqamlarda xeyr. Səbirsiz insan olsaydım, bu günümə çıxmazdım.

- Necə səbirli ola bilirsiniz, sizi nə sakitləşdirir?

- Hirsli vaxtımda Allah həmişə imdadıma çatır. Hər şeyi Allahın hikmətinə tapşırıram. Bu da səbirli olmaq deməkdir. Hadisənin üstündən bir müddət keçəndən sonra görürsən ki, həqiqətən də dəyişiklik baş verib. Daxilimdə baş qaldıran fırtına yatır. Müdrik insanlar həyatlarını bur cür qururlar. Mən də o məqama yüksəlməyə çalışıram.

- Alınır?

- Çox çətindir.

- Yaşa dolduqca ən çox nəyə nifrət edirsiniz?

- İnsanlara, desəm yanılmaram.

- Hansı hərəkətləri sizi qıcıqlandırır?

- Haqsızlıq, riyakarlıq, süni simalar, saxta sevgilər... saymaqla bitməz.

- Ən böyük axmaqlığınızı bizə danışa bilərsiniz?

- Bilmirəm, bunu danışım ya yox. Los Ancelesdə maraqlı bir əhvalat baş vermişdi.

- Oxu atıb, yayı gizlətməyin. Əminəm ki, danışmasanız, oxucular intizarda qalacaq.

- Onda danışım... (Tərəddüd edir) Hər bir insanın həyatında çox çılğın və dəliqanlı vaxtları olur. Düşünürəm, bu axmaqlığımı da gəncliyimin çılğınlığına bağışlamaq olar. Deməli, bazar günü dostlarımla oturub günümüzü necə maraqlı keçirmək haqqında fikirləşirdik və mən mağazanı soymaq üstündə mərc gəldim. Bu əslində, bir əyləncə və macəra xarakteri daşıyırdı. Heç kimə belə bir iş görməyi tövsiyə etmirəm. Çünki axırı yaxşı qurtarmır.

- Axırı nə olmuşdu?

- Beverli Hills zindanda yatdım.

- Nə qədər qaldınız orda?

- Çox az, dilxoşluğa, mərc xətrinə etdiyimi biləndən sonra tez buraxdılar.

- Səmimiyyətinizə və cəsarətli olduğunuza görə təşəkkür edirəm. Bunu hər kəs cürət edib danışa bilməzdi.

- Gəncliyimin bir axmaqlığı idi sadəcə...

"Bu, çox çirkin həyat tərzidir və nakişilikdir

- Əgər bir qadının taleyi sevdiyi insanın xəyanəti və sevmədiyi insanın sədaqəti arasında yazılmışsa, o nə etməlidir?

- Qadınların mənim fikrimlə razılaşcağını bilmirəm, amma sevmədiyi insanın sədaqətini seçsə, hər zaman əzab çəkəcək. Fikri-zikri, qəlbi hər zaman başqa kişinin yanında olacaq. Nəticə etibarı ilə qarşı tərəfi də aldatmış olacaq. Xəyanətdən də çox şey asılıdır. 2 cür xəyanət olur: bir var öz ehtirasını təmin etmək məqsədilə edilən xəyanət, bir də var başqa bir qadına vurulmaq. Amma sevgilisi, yaxud həya yoldaşı ola-ola gedib özünə başqa bir qadın tapan kişiləri heç cürə anlamıram. Bu, həm özünü, həm evindəki doğma insanı, həm də 3-cü qadını alçaltmaq deməkdir. Öz xanımının qürurunu ayaqlar altına atmış, mənəvi duyğularını təhqir etmiş olur.

- Bunu ancaq ucuz kişilər edə bilər.

- Bu, çox çirkin həyat tərzi sürmək deməkdir və nakişilikdir.

- Bəs xəyanət sevginin bitdiyini göstərir?

- Kişi həmrəyliyi bu haqda daha çox danışmağa icazə vermir. (Gülürük) Dediyim kimi, xəyanət 2 cür olur.

- Söhbət insanı aldatmaqdan gedirsə, burda xəyanətin hansı növə bölünməsinin nə əhəmiyyəti var?

- İstənilən halda xəyanətə münasibətim çox-çox pisdir.

- Mən sizdən elə bu cavabı da gözləyirdim.

- Təşəkkür edirəm.

- Bir kişi neçə də dəfə sevə bilər?

- Zənnimcə, kişinin qəlbi binadır. Amma bu binada gecələr ancaq bir mənzilin işığı yana bilər. O biri mənzillərin heç biri nurlu deyillər.

- Siz neçə dəfə sevmisiniz?

- Dəfələrlə vurulmuşam, daha doğrusu, çox sevmişəm. Sözsüz ki, ailə qurmazdan əvvəl!

- Qadınlar niyə tez-tez köhnə kişilərin qalmadığından şikayətlənir?

- Mühafizəkar olduğum üçün dostlarım çox vaxt köhnə kişilərə xas olan xüsussiyyətlərin məndə qaldığını söyləyirlər. Kənardan müasir görünsəm də həyata olan baxışım, düşüncə tərzim dəyişməyib. Əslində köhnə qayda-qanunları qoruyub saxlayan insanam. Ən bəsit nümunəni çəkəcəm. Yeni telefonlar çıxsa da dəyişdirməyə can atmıram. Mənə əsas telefonuma zəng gəlməsi lazımdır. Təəssüf ki, indi bəzilərində arvadlaşma prosesi gedir, kişilər yüngülləşiblər.

- Nə məcbur edir onları dəyişməyə, zamanmı təsir göstərir?

- Hətta ən ad-sanlı kişinin üzdən-iraq oğlu olur. Genlə bağlılığı yoxdur. Keçmişdə bizim ata-babalarımız sevdiyi qız uğrunda hansı fədakarlıqlardan keçiblər. Rəhmətlik babam o dövr haqqında elə şeylər danışırdı ki, indiki dövrün kişiləri ilə müqayisə etməyə dəyməz. Bəlkə də qan çıxmalıdır.

- Necə yəni?

- Müharibələrə və istənilən zorakılığın əleyhinə olsam da, bizdə də nə vaxtsa müharibənin başlamasının ümidilə yaşayıram. Çünki bir millətin güclü və yaxşı olmasını müharibələr müəyyənləşdirir. Əgər başlasa, bütün kişilər ora getməlidir.

- Siz gedəcəksiniz?

- Yoxsa, bu barədə pafosla danışmağa cürət etməzdim.

- Əsgər getməyən oğlanlara münasibətiniz necədir?

- Səhhətində ciddi problemləri varsa, başa düşmək olar.

- Hansısa məmur oğlunun əsgər getmədiyini bəhanə gətirərək, öz hərbi borcunu yerinə yetirməkdən imtina edənləri başa düşmək olar?

- Vətən sevgisindən söhbət gedirsə, çox ağılsız yanaşmadır. Kişi öz evini qorumağı düşünməlidir. Düşmən gəlirsə, deməli, sənin də evin təhlükə altındadır.

Qadın özü elə ən böyük fələkdir

- Kişilərdən çox danışdıq, indi də keçək qadınlara... Qadın fələyin yıxmadığı evi yıxa bilər?

- Qadın özü elə ən böyük fələkdir. Tarixdə baş verən hadisələrin çoxunda qadınların əli də olub. Qınamıram, elə də qalsın!

- Sizcə, dünya yaşanılası yerdir, yoxsa dərd çəkməyə dəyməz?

- Həyat yüngül bir komediyaya bənzəyir və bəzən yaşamaq çox qəliz olur. Bu dünya isə bir sınaqdır. Əslində, insanların niyyətindən asılıdır. İnsanın niyyəti onun taleyinin gedişatını müəyyənləşdirir.

Sınaq üçün könlümə vermişdilər bir həyatı

Soruşdum sən kimsən, dedi sənin niyyətin!

- Bir siqaret dərin fikirlərə qərq edir, yoxsa əsəbiləri sakitləşdirir?

- Çalışır, amma əsəblərimi sakitləşdirə bilmir. Bu, onda qətiyyən alınmır.

- Oğlunuza hansı öyüdləri verirsiniz?

- Bu gün oğlumla üzgüçülüyə getməli idim, müsahibəyə görə təxirə saldım.

- Yəqin ki, oğlunuz məni bağışlayar.

- Mütləq. Soyumuz böyük və çox qədimdir. Seyid əhliyik, bizə bağlı olan adət-ənənələri və məsuliyyəti oğluma tapşırıram. Bu yükü daşıya bilməsi üçün öyüdlərim əsasən bununla əlaqədar olur. Ancaq bundan sonra dünyanı rahat tərk edə bilərəm.

- Üstündən xətt çəkdiyiniz qaydalar hansılardır?

- Qaydaları daha yazmamaq.

​"Yekəxana insanlara qarşı laqeyd qala bilmirəm

- Nəyə və kimə qarşı tolerant ola bilmirsiniz?

- Özündən razı insanlara qarşı dözümlü deyiləm.

- Özündən razı olmaq pis əlamətdir?

- Çox. Özünə hörmət etməklə özündənrazı olmaq tamam fərqli anlayışdır. Dərəbəyliyə və yekəxana insanlara laqeyd qala bilmirəm. Hökmən cavablarını verməliyəm.

- Gənclərin çoxu başqa ölkədə yaşamaq üçün fürsət axtarır. Təhsil bəhanəsi ilə ölkəni tərk edirlər. Siziisə tamam başqa bir məsələyə görə ölkədən getmişdiniz. Sizcə, həmin xanım indi sizin uğurlarınızdan xəbərdardır və indi sizin haqqınızda nə düşünür, peşmandırmı?

- Peşman olmasın.

- Niyə?

- Çünki biz bir yerdə olsaydıq, böyük ehtimalla mən peşman olacaqdım. İndi nə bu uğurları qazanacaqdım, nə də siz məndən müsahibə alacaqdınız.

- Cavabını tapmadığınız suallar çoxdur?

- Var. Onların cavabını heç bir kitabda tapa bilmirəm. Tapmadığım bir sual qeybdir, hansı ki, onun cavabını heç kim bilmir. Hətta alimlər də... Gecələr bu suallar sanki üstümə hücum çəkir və məni dağıdır. Araşdırsam da, nə qədər düşünsəm də, tapa bilməmişəm. Lakin bu suallar mənim mahnılarımın yaranmasına gətirib çıxarır. “Məktub” mahnısında sevgiyə yer verilsə də, əsas məğzi cavabı naməlum suallardır...

- Hansı ölkələri gəzməkdən zövq alırsınız?

- Qədim tarixə malik ölkələri səyahət edəndə mənəvi rahatlıq tapıram. Oranın qədim və mistik aurası məni cəlb edir.

- Ukraynada olmusunuz?

- Ukraynaya heç vaxt getəməmişəm, amma Kiyevdə konsert verməyə hazırlaşıram. İnşallah, həm ticarət, həm ziyarət olar.

- Hazırda Ukraynada baş verən hadisələrdən xəbəriniz var?

- Sözsüz.

- Rusiyanın təzyiqlərini necə qiymətləndirirsiniz?

- ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan SSRİ-ni “Dünyanın ən böyük şər imperiyası” adlandırmışdı. Əslində, bu ifadə SSRİ ölkələrinə deyil, Rusiyaya yönəlmişdi. Başqa bir şərhə ehtiyac yoxdur.

- Miri Yusif Azərbaycan musiqisində tarix yaza biləcək?

- Bunun 50 faizi məndən asılıdırsa, 50 faizi də insanlardan asılıdır. Bunu dinləyicilər müəyyənləşdirəcək.

- İyunda Yaşıl Teatrda baş tutacaq konsertə hazırlıqlar necə gedir?

- Yaxşı, durmadan yeni mahnılar üzərində işləyirik.

- Duet gözlənilir?

- Düzü, duetlərdən uzaq olmağa çalışıram.

- Niyə sonuncu duet çox möhtəşəm alınmışdı?

- Zülfiyyə xanım çox gözəl və böyük sənəti olan insandır. İnşallah, bu konsertdə heç bir problem çıxmaz və “İki doğma insan” mahnısını birlikdə ifa edərik.

- O boyunbağının mənası nədir? Həmişə taxırsınız.

- 2008-ci ildə Hindistandan gətiriblər. Simvollara inandığım, yaxud məni qoruduğunu düşündüyüm üçün taxmıram. Sadəcə, xoşum gəlir, bədənimə çox doğma olub. Onu dünyanın heç bir qızılına dəyişmərəm.

- Qadınlar kişilərdə tapmadığı sevgini və təsəllini Miri Yusifin mahnılarında tapa bilir?

- Konsertimə gələnlərin əksəriyyəti xanımlar olur.

- Orda mən də var idim və bunun şahidi oldum.

- Yalnız budur cavab! (Gülürük)

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm