“Məni xəyallarda qanadlanıb uçmağa vadar edən qadın...” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

“Məni xəyallarda qanadlanıb uçmağa vadar edən qadın...” - MÜSAHİBƏ

“Məni xəyallarda qanadlanıb uçmağa vadar edən qadın...” - MÜSAHİBƏ

Məlahətli səsi, özüməxsus geyim tərzi və səmimi rəftarı ilə qəlblərdə taxt quran Zamiq Hüseynov Publika.az-ın qonağı olub.

- İnsanoğlu doğulan gündən etibarən hakimiyyət, var-dövlət üstündən müharibələr gedib və bu proses bu günədək davam edir. Bütün bunlar sözsüz ki, incəsənətə də təsir edib. Eyni zamanda incəsənətin bir çox sahələrinin əsas funksiyası gözəlliyi, sevgini və humanizmi təbliğ etməkdir. Məsələn, sevgi üzərində qurulan mahnılar kimi. Sizcə, şiddətin, terrorun və müharibələrin qarşısının alınmasında musiqinin gücü nə qədərdir və ya musiqi çirkli qəlbləri yumağa qadirdimi?

- Hər zaman qeyd etmişəm ki, ürəyi musiqi ilə döyünən kəslər xeyirxah və yaxşı insan olur. Məsələn, hirsli vaxtımda dava etmək istəyəndə özümü ancaq mahnılarla sakitləşirirəm. Elə bir mahnıya qulaq asa bilərəm ki, o mənə hətta narkozdan güclü təsir edər.

- Yəni, musiqi dərman və silahdan güclü təsirə malikdir?

- Tamamilə razıyam və musiqinin dili, dini yoxdur. Sözləri başa düşməsək belə, melodiyanın səsi gələn kimi onu duyuruq, dərhal təsir altına düşürük. Əminəm ki, incəsənət, o cümlədən musiqilər yuxarıda sadaladığın problemlərin həllində müəyyən qədər rol oynayır. Ən azından yaxşı insan kimi fomalaşmaqda böyük qüvvəyə malikdir.

- Müğənninin vəzifələrinə mahnılarında hanısa sosial mesajlar ötürmək daxildirmi? Məsələn, Türkiyədə son illərdə tez-tez terror hadisələri baş verir. Sizcə, müğənni səhnədə çıxıb bu və ya digər məsələlərinin həlli istiqamətində çıxış etməlidir?

- Musiqi bütün pisləklərə qarşı çağırışdır, lakin belə mövzularda danışmaq istəməzdim. Çünki mənim əsas işim oxumaq, insanlara zövqlü mahnılar təqdim etmək, onların qulaqlarını və könlünü oxşamaqdır. Türkiyədə baş verənlər məni də qəlbən sarsıdır və sözsüz ki, heç kəs istəməz ki, öz ölkəsində xoşagəlməz hadisələr yaşansın. Şükürlər olsun ki, Azərbaycan günü-gündən çiçəklənir və başqa ölkələrlə müqayisədə bu gün kiyafət qədər yaxşı yaşayırıq.

- Özünüzü daha çox ağıllı, şanslı, yoxsa istedadlı hesab edirsiniz?

- Ağıllı.

- Sizcə, hansı daha çox xoşbəxtlik gətirir?

- Şübhəsiz ki, ağıl. Hər bir insanın müəyyən sahədə istedadı var, sadəcə onu üzə çıxartmaq lazımdır. Ağıl varsa, istedadı düzgün istifadə edə və şansı özünə tərəfə çəkə biləcəksən. Uümumiyyətlə, uğur əldə etmək üçün bütün bunların üçü də birləşməlidir.

- Sizin “Həyat oyundur başdan-başa, istəyir atır səni ora-bura” adlı mahnınız var. Əgər həyat oyundursa, Zamiq bu oyunda hansı rolu ifa edir?

- Həmişə demişəm ki, hamımızın sonu ölümdür. Və hər zaman dua edirəm ki, ömrümü heç kimin qəlbinə dəymədən, heç kimə pislik etmədən başa vura bilim. Allah məni o günlərdən qorusun! Hansı rolda olmağımın əhəmiyyəti yoxdur, əsas odur ki, taleyimə yazılan ömrü rahat yaşayım. Mən Zamiqəm, heç vaxt oyun oynamamışam və necə varamsa, eləyəm.

- Yəni, belə başa düşdüm ki, siz bu dünyada hər şeydən çox kimisə intiməkdən qorxursunuz.

- Bəli, o biri dünyaya rahat və alnıaçıq getmək istəyirəm.

- Ölüm haqqında düşünmək tez deyil? Qorxursunuz ölümdən?

- Yox, onu dərk edəndən sonra qorxmursan. Hər gün dua edirəm, özümdən çox xalqımız və insanlar üçün dua edirəm. İstəyirəm ki, xalqımızın ruzisi bol olsun, hamıdan yaxşı yaşayaq.

- Dualarınız hər zaman eşidilir?

- Mən öz borcumu yerin yetirirəm.

- Heç kimi incitmədən yaşamaq mümkündürmü?

- Əlbəttə ki, çətindir və səhvsiz insan yoxdur. Amma hər şeyin insanın öz əlində olduğuna inanıram. Əgər insan nəfsinə qalib gələrsə, qarışısındakı bütün maneələri keçə bilər.

- Zamiq kim olmasa, özü-özünə yadlaşar?

- Burada sırf sevgidən söhbət gedirsə, təbii ki, öyrəşdiyimiz hər hansı bir şəxs olmayanda insan sanki özü-özünə yadlaşır. Onda güzgüyə də baxa bilmirsən, getdiyin yerlərdə də hər kəs sənə yad olur. Mən belə sevirəm, başqalarını deyə bilmərəm. Sevəndə ürəkdən sevirəm, hətta heyvan və əşya xoşuma gələndə də ona bütün qəlbimlə bağlanıram. Ümumiyyətlə, yalandan dona girə bilmirəm. Onu da vurğulayım ki, mənim üçün həyatda əvəzolunmaz insan yoxdur.

- Bəs ayrılıq ağrısını necə yüngülləşdirmək olar?

- Bu dünyada hətta ən əziz insanları belə itiririk. Ayrılıq acısı da müvəqqətidir, gün gəlir və bir də görürsən ki, o xatirələrin içində nifrətdən başqa heç nə qalmayıb, yaxud da o günlər sənə artıq gülməli gəlir. Odur ki, yanımızda olanların qədrini bilməli və onları qorumağa çalışmalıyıq.

- Sizə aşiq olan xanım pərəstişkarların sayı-hesabı yoxdur. Bəs Zamiq özü neçə dəfə aşiq olub?

- Çox sevmişəm. Bu, o demək deyil ki, həyatımda saysız qadın olub. Sadəcə bir neçə dəfə vurulmuşam. İlk dəfə ikinci sinfdə aşiq olmuşam. Sevgilə yaşayan insan olduğum üçün eşqsiz qala bilmirəm. Oxuduğum mahnılar da qəlbimdə yaşanan sevgilərə həsr olunub.

- Niyə münasibətlərin heç biri xoşbəxt sonluqla bitməyib?

- İstədiyim insanla qarşılaşmamışam, tapsaydım, evlənərdim. Amma heç nəyə görə qətiyyən peşman deyiləm. Əksinə, xoşbəxtəm ki, onlarla gözəl anlar yaşamışam. Mənə gözəl duyğular yaşatdıqlarına görə o xanımlara təşəkkr edirəm. Onlar olmasaydı, mahnılarımı belə təsirli oxuya bilməzdim…

- İndi həyatınızda kimsə var?

- Yox.

- Tənhalıq qadın üçün lənət kimidir. Bəs bu, kişi üçün nə ifadə edir?

- Allah heç kimi tənhə qoymasın. Əlini göyə qaldırıb dua edirsənsə, deməli, Rəbbin səninlədir! Və əgər ailə üzvlülərimiz, dostlarımız yanımızdadırsa, deməli, yenə də tək deyilik.

- Sizcə, hansı daha uğurlu alınır: valideyn məsləhəti ilə, yoxsa sevgi üzərində qurulan nikahlar?

- Qismətdir. Bəzən hər ikisi uğurlu alınır, bəzən heç biri xoşbəxtlik gətirmir. İnsanın özündən də çox şey asılıdır, insanlar səbirli olmalı, bir-birini bağışlamağı bacarmalıdır.

- Kişilər hansı qadınlara ilk baxışda və ömürlük aşiq olur?

- Kiməsə ömürlük aşiq olacağımızı əvvəlcədən demək mümkün deyil.

- Zamiqi necə qadınlar yoldan çıxara və xəyallar qanadında uçmağa vadar edə bilər?

- Məni necə qadın yoldan çıxara və xəyallarda qanadlanıb uçmağa vadar edə bilər… (Düşünür) Qadının gülüşünə, baxışına, səs tonuna və yaxud danışığına vurula bilərəm.

- Qadını nə çirkin göstərir?

- Kobud danışıq tərzini qadına heç yaraşdırmıram. Qadın o qədər həssas və incə olmalıdır ki, ona baxanda heyranlıqdan başqa heç nə duymayasan.

- Kişilər hansı qadınları heç vaxt tərk etmir?

- Yəqin ki, uşaqlarına, həyat yoldaşına daha çox diqqət göstərən, evinə daha çox bağlı olan qadınları.

- Bəs kişini nə çirkin göstərir?

- Dürüst olmaması, yalan danışması.

- Qadınları kəşf etmək üçün onunla nə qədər ünsiyyətdə olmalısan?

- İnsanları tanımaq olmur, maska taxıbsa, vaxt gəlir və əsl siması üzə çıxır. Lakin yaxşı insan dərhal bilinir. Sənin yanında olmağa layiqdirsə, hər zaman səninlə qalacaq. Elə insanlar da var ki, 10, 20 il keçsə belə tanımaq olmur, yaxud da tanımadığın insan ilk dəqiqədən sənə doğma olur. Sanki onu illərdir ki, tanıyırsan.

- Yağış sizə nəyi xatırladır?

- Romantika… Yağışı sevirəm, maşına minib yol gedirəm və mahnlılara qulaq asıram. Bu, məni sakitləşdirir.

- Bəs darıxmaq sözü?

- Gözəl anlar yaşadığım insanları.

- Daha çox keçmiş, yoxsa gələcək üçün darıxırsınız?

- Elə xatirlər var ki, məsələn, uşaqlıq illərini zamanla onları yada salanda darıxırsan. “Kaş o illərə qayıdıb bəzi səhvlərimi düzəltmək şamsım olardı” ,- dediyim hallar çox az olub. Çünki onlar yaxşı, yaxud pis də olsa, artıq yaşanıb, bitib və heç nəyi geri qaytarmaq mümkün deyil. Bütövlükdə isə heç vaxt keçmişə qayıtmaq istəməzdim. Mən keçmişimə baxaraq düzgün nəticə çıxaran və sabahını düşünən adamam.

- Keçmiş sözü sizi incidir, deyəsən?

- Uşaqlığım Azərbaycanın ən çətin illərinə təsadüf edib. Keçmişim haqqında film çəkmək olar, kimə danışsam, oturub ağlayar. "İnstagram"da şəkil paylaşanda altına bəzən xoşagəlməz rəylər yazırlar, elə bilirlər ki, Zamiq bu yerə asanlıqla gəlib çıxıb. Keçmişdə nələr yaşadıqlarımı bilsələr, sözlərindən utanar və özlərinə şükür edərlər. Daha xəbərləri yoxdur ki, Zamiqin necə çətin vaxtları olub.

Qarabağlıyam, müharibə zamanı məcburən Bakıya gəlmişik. Təzə gələndə bir müddət çadırda, sonra isə uzun illər yataqxanalarda yaşamışıq. 11, 12 yaşında ailəmi saxlamaq üçün küçədə əlimdə mal satmışam. Gecə-gündüz yatmadan işləmişəm. Bunu ancaq mənim valideynlərim və ətrafımda olan qohumlarım bilir. Eyni zamanda musiqi ilə məşğul olmuşam. O günlərin heç bir ağrısı qalmayıb, indi xoş xatirə kimi yada salıram. Çünki məqsədlərinə çətinliklə nail olanda onun qədrini daha yaxşı bilirsən, insanlarla daha yumşaq davranırsan. Məsələn, kiminsə dönər yediyni görəndə mənim də ürəyim istəyirdi, onda gözüm qalırdı. Yaxud yolda kimsə gəlib maşınımın şüşəsini siləndə dərhal özümü onun yerinə qoya bilirəm, uşaqlıq illərim yadıma düşür. Demək istədiyim odur ki, hansı sahədə çalışmaqdan asılı olmayaraq insanın niyyəti təmiz olmalıdır.

- Bu gün qazandıqlarınıza görə, ən çox kimə minnətdarsınız?

- Elə vaxtlar olur ki, tək Allahla danışıb ağlayıram. Oturub haradan hara gəldiyimi fikirləşirəm. Çadırda yaşadığımız illər, yataqxana həyatı… Valideynlərimin mənə təhsil verməyə, bahalı paltar almağa imkanı olmayıb, bununla belə hər zaman onlara borclu olduğumu deyirəm. 10 yaşımdan bəri bütün xərclərimi özüm ödəyirəm və heç kimdən heç nə istəməmişəm. Atama bir dəfə də olsun “Məktəbə geyinməyə ayaqabım yoxdur, mənə təzə ayaqqabı alın” deməmişəm. Metronun ağzında dayanıb qələm də, parça da satmışam, hətta bazarda fəhlə də işləmişəm. Bütün bunlarla bərabər məkbətə gedib dərs oxumuşam, öz üzərimdə işləmişəm, sənətimi inkişaf etdirmişəm. Başa düşürdüm ki, valideynlərimin vəziyyəti yaxşı deyil. Bacıma da, qardaşıma da baxmışam və bugünədək belədir. Valideynlərimə yaxşı insan olduqları üçün borcluyam. Bilirəm ki, onların qəlbində heç vaxt pislik olmayıb. Öz balalarına arzuladıqlarının 100 qatını qonşuya arzu edirlər. Şükürlər olsun ki, indi pis yaşamırıq. Bununla belə ailəmiz 10 il öncəki kimi sadədir. Allah süfrələrimizi həmişə bol eləsin. Bir qazanda yemək bişirilərdi və hamı ondan yeyərdi. Anam indi də elədir. Onlar var-dövlət fikirləşməyiblər, təki qəlbləri və niyyətləri təmiz olsun. Heç vaxt kimin bostanına daş atmazlar, heç kimin qəlbinə dəyməzlər. Allah da onların təmiz əməllərinə görə mənə ruzi yetirir.

Gənclərə çalışmaq istədikləri sahədən bərk yapışmağı, başqasının dəbdədbəli həyat tərzini düşünməməyi arzu edirəm. Bu, heç kimə baş ucalığı gətirmir. İnanıram ki, niyyəti təmiz insan istənilən halda məqsədlərinə çata bilir. Uşağa bahalı paltar və maşın almaq yaxşı valideyn olmaq demək deyil. Ana-atalarımızın da niyyəti təmiz olmalıdır ki, uşaqları düzgün yola yönləndirə bilsinlər. Onda o ailə də xoşbəxt olacaq!

- Şan-şöhrətə çatana qədər illər insanı adətən tamamilə dəyişidirir. Hətta şöhrət öz qurbanını çirkləndirir. Məsələn, yaltaqlıq, riyakarlıq şou dünyasının nümayədnləri arasında daha çox rast gəlinir. Bəs şöhrətin sizi çirkənləndirməməsi üçün nə edirsiniz?

- Yaltaqlıq, paxıllıq, riyakarlıq genetik olaraq ötürülür. Heç vaxt heç kimin qarşısında əyilməmişəm. Əlbəttə ki, səhvim olarsa, o insana yalvara da bilərəm. Amma hansısa işimin alınması üçün həyatı boyu yaltaqlanmamışam. Belə hallar mənə yaddır.

- Zamiqin xoşuna gəlmək üçün onu mütləq tərifləmək lazımdır?

- Qətiyyən! Ulduzlar tərif eşitməyi xoşlayır. Lakin mən ürəkdən deyilən səmimi və xoş sözlə, yaltaqlıq edən şəxsi dərhal tanıya bilirəm. Üstəlik özüm də nadir hallarda kimisə tərifləyrəm. Çünki elə bilirəm ki, yaltaqlıq kimi qəbul ediləcək.

- Hisslərinizi ifadə etməkdə çətinlik çəkirsiniz?

- Bəli, sevdiyimi göstərə bilmirəm. Uzaqdan sevirəm.

- Tənqidə dözümlüsünüz?

- Ətrafımda olan dostlarımı və tanışlarımı yaxşı tanıyıram. Bilirəm ki, məni tənqid edəndə yaxşılığımı düşünürlər. İnsanın şəxsiyytinə toxunmamaq şərtilə hər təndiqi eşitməyə hazıram.

- Heydər Əliyev Sarayında konsert verməmisiniz?

- Yox.

- Kifayət qədər səhnə təcrübəsi və sevənləriniz var. Nədən qorxursunuz?

- Sarayın səhnəsi yaxşı mənada çox vahiməlidir. Orada oxuyanda ayaqlarım əsir. Lakin yaxın aylarda pərəstişkalarımı sevindirəcəm.

- 2007-ci il ilə 2017-ci ildəki Zamiq arasında nə kimi fərq var?

- Hər saniyə insan yeni nələrsə öyrənir, düşüncə tərzi dəyişir, böyüyür. Odur ki, ötən illərdə yaşadıqlarımın hər biri mənə doğmadır. 2017-ci ildə özümə daha çox uğur və nailiyyətlər arzu edirəm.

- Zamiqin həyatında nə çatışmır?

- Azla da çoxla da qane olan adamam. Həyatımda hər şey gözəldir. Çox gözəl ailəm və dostlarım var, sağlamam. Peşəm məni çox yaxşı insanlarla tanış edib, gözəl dostlar qazanmışam. Həyatımda təkcə sevgi çatmır. O da nə vaxtsa olacaq. Bir də çox istərdim ki, övlad sahibi olub. Ata olmağı həqiqətən də çoxdan istəyirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm