Azərbaycanın işgüzar qadınları Yaponiyada qlobal sammitdə çıxış etdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanın işgüzar qadınları Yaponiyada qlobal sammitdə çıxış etdi - FOTOLAR

Azərbaycanın işgüzar qadınları Yaponiyanin paytaxtı Tokioda keçirilmiş XXVII Qadınların Qlobal Sammitində (Global Summit of Woman) iştirak ediblər.

Publika.az xəbər verir ki, bu barədə Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova məlumat verib.

Sammitə görkəmli ictimai xadimlər, mədəniyyət, elm və işgüzar dairələrin tanınmış nümayəndələri qatılıblar.

“Global Summit of Woman” dünya qadın ictimaiyyəti üçün qabaqcıl biznes forumdur. Mövzusu “Vumenomika sərhədləri xaricində: əlçatmanın sürətləndirilməsi” olan sammit qadın sahibkarların nailiyyətlərini və imkanlarını nümayiş etdirməyə, onların biznesdə rəhbər vəzifələrə doğru irəliləməsi yolunu müəyyənləşdirməyə, habelə onların qlobal bazara girişini təmin etməyə hesablanıb.

Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva, “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri Yazgül Abdiyeva, “İşgüzar Qadınlar” İctimai Birliyinin sədri Sürəyya İsmayılova, araşdırmaçı Kəmalə Paşayeva, sahibkarlar Arzu Bağırova, Lalə Bağırova və Tehran Nağıyeva daxil olublar.

G.Xəlilova bildirib ki, Qadınların Qlobal Sammiti konstruktiv biznes-dialoqun qurulması, işgüzar əlaqələrin və yeni ideyaların qazanılması, biznes və liderlikdə təcrübə mübadiləsi və tədrisi üçün nəhəng platformadır: “60 ölkədən 100-dən çox qadın dünya siyasətinin, iri beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələrinin, qadın liderlərin müasir və dinamik inkişaf edən dünyanın mürəkkəb şərtlərində qadınların iqtisadi vəziyyətinin təkmilləşdirilməsi, bütün dünyada qadın iqtisadi tərəqqinin sürətləndirilməsi üzrə fikirlərini dinləmək üçün bu əhəmiyyətli və irimiqyaslı tədbirə toplaşıb. Sammit çərçivəsində tərəfimizdən Qarabağ müharibəsinin həqiqətləri, erməni təcavüzkarlarının torpaqlarımızı işğal etməsi dünya ictimaiyyətinin diqqətinə çatdırılıb, Azərbaycanın qədim tarixi və mədəniyyəti, onun iqtisadi inkişafı, beynəlxalq arenadakı uğurları barədə bəhs edilib”.

O, sammitin bəzi fəxri qonaqlarına Azərbaycanın milli geyimi təbliğinə dair kataloq və kəlağayının hədiyyə etdiyini qeyd edib. G.Xəlilova deyib: “Nümayəndə heyətimiz Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə tərəfindən böyük ehtiramla qəbul edilib. Görüşdə səfirə və onun xanımına Milli Geyim Mərkəzi tərəfindən milli kostyumlar hədiyyə olunub”.

Sammitdə iştirak edən nümayəndə heyətlərinə Yaponiya və Asiya-Sakit okean bazarına çıxışın necə əldə edilməsu barədə ətraflı məlumat verilib, qadınların korporativ liderliyə çıxışlarının sürətləndirilməsi və dünyada qadınların başçılıq etdiyi müəssisələrin sayının artırılması üçün strategiyaların hazırlanması üzrə təşəbbüslər nəzərdən keçirilib. Bundan başqa, “Fond birjalarında rəhbər mövqelər tutan qadınlar”, “Dəb və dizayn sahəsində biznes”, “Qadın korporativ liderliyinin sürətləndirilməsi”, “Əməyin ödənilməsində fərqin bərabərləşdirilməsi” və s. sessiyalar keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm