“Əzrayıl adam daşıyır, bu dünyadan o dünyaya” – Bayram Kürdəxanılının dəfnindən FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Magazin1

“Əzrayıl adam daşıyır, bu dünyadan o dünyaya” – Bayram Kürdəxanılının dəfnindən FOTO/VİDEO - (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında qəza nəticəsində dünyasını dəyişən tanınmış meyxanaçı Bayram Kürdəxanılının dəfn mərasimi baş tutub.

İzdihamlı keçən dəfn mərasimində şairin sənət dostları, meyxanaçılar Ağamirzə, Namiq Məna, Mehman Əhmədli, İntiqam və Ehtiram qardaşları, Namiq Qaraçuxurlu, Gülağa, Kürdəxanı kənd sakinləri və media nümayəndələri iştirak edib.

Onlar meyxanaçı barədə xatirələrini jurnalistlərlə bölüşüb. Mərasimdə göz yaşlarının saxlaya bilməyən B. Kürdəxanılının yaxın dostu olan Namiq Məna onun haqqında bunları deyib:

“Bayram bu gözəl kəndin yetirməsi, özünə hörmət edən sənətkar idi. Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Xəstəxanada yanında idim, girdim o vəziyyətdə gördüm. Bayramla 30 ilin dostu idik. Hər zaman deyirdik ki, bizi sənət birləşdirmir. Ailəvi gediş-gəlişimiz var idi. Çox fərqli səs tembri var idi. Elə vaxt olub onun səsilə yuxuya getmişəm. Allah ona fərqli və qeyri-adi istedad vermişdi. Zamanında mən də Bayramdan bəhrələnmişəm. Daxilində öz dərdləri var idi. Cavan ikən ziyalı qardaşını və bir bacısını itirmişdi. Biz onunla dünən 1 saata yaxın danışmışdıq. Sumqayıta məclisə gəlmişdi. Mənə dedi ki, studiyada bir-iki mahnı yazdırmaq istəyirəm. Onun studiya yazıları ancaq mənimlə olan yazılardır. Məşədibabanı itirdik, Nizami Rəmzini itirdik. Bayramı da onun kimi...

Bayram çox savadlı idi - tarixi, ədəbiyyatı dərin bilirdi. Necə ki, musiqi dünyamızda Habil Əliyev var idi, lətifələri, sənəti ilə yaddaşlarda qaldı. Bayram da meyxana dünyasında eyni idi.

Bayram Nizami Rəmzi məktəbinin yetirməsi idi. Mən də, sənət yoldaşlarım da ondan çox bəhrələnmişik. Bayramı itirmək heç vaxt ağlıma gəlməzdi. Bu yaxınlarda dedim ki, Bayram, özündən müğayat ol. Söz verdi ki, edəcək. Bayram mənə atamın əmanəti idi. Atam onu öz oğlu kimi görürdü. Atamın əmanətini qoruya bilmədim... Çox təəssüf...

Hər zaman gəlib evdən götürürdüm, birlikdə el şənliklərinə gedirik. Bu gün isə onu son mənzilə yola salmağa gəlmişəm. Bu, mənim üçün çox ağırdır”.

Meyxanaçı İntiqam və Ehtiram qardaşları isə mərhum haqqında fikirlərini belə dilə gətirib:

“İnsanın inanmağı gəlmir. Biz onu hər zaman deyib, gülən görmüşük. Allah ona rəhmət eləsin. O, avazı ilə seçilən şair idi. Gənclər çalışırdı özlərini ona bənzətsin”.

B.Kürdəxanılının dəfn mərasiminə qatılan N.Qaraçuxurlu isə jurnalistlərə müsahibə vermək istəməyib.

Meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Ramin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, "10 PS 782" dövlət seriya nişanlı avtomobil tərəfindən vurulub. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxanaçını sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Xatırladaq ki, meyxanaçı heç vaxt evli olmayıb. Ondan geriyə qalan isə boynubükük ailəsi və saysız-hesabsız şeir, meyxana və qəzəlləri oldu.

***

Avtomobil qəzası nəticəsində vəfat edən meyxanaçı Bayram Kürdəxanılının dəfn mərasimi başa çatıb.

***

Xəbər verdiyimiz kimi dünən avtomobil qəza nəticəsində meyxanaçı Bayram Kürdəxanılı vəfat edib.

Publika.az meyxanaçının evində nəşinin görüntülərini çəkib.

Məşhur söz ustadının yas mərasiminə onun yaxınları ilə yanaşı sənət dostları və onu sevən insanlar toplaşıb. Dəfn mərasimi saat ikidə baş tutacaq. Mərhumun yas mərasiminə çox adam gəldiyi üçün artıq izdiham yaranıb.

Xatırladaq ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.

Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törətmiş E. Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Pərviz Hüseyn

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm