“Təhminə”yə toxunmaq “BAŞIMIZ” üçün DEYİL - Fərda və Elcanla - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

“Təhminə”yə toxunmaq “BAŞIMIZ” üçün DEYİL - Fərda və Elcanla - MÜSAHİBƏ

Dünən gecədən etibarən “Təhmin və Zaur” filmi kinoteatrlarda yayımlanmağa başlayıb. Ekran işində baş rolları aktyorlar Fərda Amin və Elcan Rəsulov ifa edir.

Çəkilişləri 40 gün ərzində tamamlanan filmdə obrazdan-obraza girən aktyorlar ekran işi barədə Publika.az-a müsahibə veriblər:

- Filmdə hansı obrazları canlandırırsınız?

Fərda Amin:

- Obrazım Zaur adlanır. Təhmin mənim mələyimdir. Gözəl ssenarı əsasında çəkilib. “6 günə evlənməsəm öləcəm” deyə bir motivi var. Hər şeydən pul qazanan bir dələduzun məcburiyyət qarşısında evlənməsindən bəhs edir. Zaura təşəkkür edirəm, çox maraqlı ssenaridir. Düzdür vaxt baxımından çox yorulduq. Hətta, aqressivləşirdik. Elə oldu ki, Zaur kimi illərin dostu ilə davalarımız oldu. Şükürlər olsun bu gün qala gecəsindəyik. Bütün tamaşaçıları kinoteatrlara səsləyirəm. Filmin içində 6-7 obraz dəyişmişəm. Sizin vasitənizlə bütün jurnalistlərə səslənib deyirəm ki, tənqid ediriksə, edək. Ancaq birbaşa əzib keçməyək. Rəngləri, səslənməsi hər şeyi çox əladır. Bu gün Rusiya və Türkiyə bazarına çıxa biləcək görüntülərimiz var. Komandamız cavan uşaqlardır. “Oğlan evi” filmində Rusiyadan rəssamlar gəlmişdisə, bu filmdə hamısı azərbaycanlıdır.

Elcan Rəsulov:

- Filmdə Təhmin obrazını canlandırıram. O, mələkdir. Əslində özünə kritik yanaşan bir adamın filmdə mələk obrazını canlandırması tamaşaçılar tərəfindən necə qarşılanacaq deyə çox götür-qoy etdim, sonra çəkildim. Bugün hamıdan çox mən həyəcanlıyam. Səbəbi də odur ki, bu obrazın geri dönüşünü gözləyəcəm. Ola bilər tənqid etsinlər və ya əksinə çox sevsinlər. Çox uğursuz obrazdır deyə də bilərlər.

- Elcan bəy, filmdəki saçlarınız saxta rənglənmə idi, yoxsa çəkilişdən kənarda da bu formada gəzirdiniz?

- Saçlarım ağ rəngə boyanmışdı. 40 gün ərzində ağ saçlarla gəzdim. Başıma papaq qoyurdum, çox yerə getmirdim. Həmin ərəfədə məclislərdən də uzaq qaldım ki, filmin sirri açılmasın.

Psixoloji olaraq saçlarınızı rəngləmək sizə təsir etmədi?

Elcan Rəsulov: Düşünürəm ki, peşəkar aktyor plastilin kimidir. Janrın mənim üçün heç bir fərqi yoxdur. Rejissor aktyoru hansı formaya istəyirsə, həmin qəlibə salıb, istədiyini almalıdır. Əgər sən həmin təlimatlara uyğun olmağı bacarırsansa, deməli peşəkar aktyorsan.

- “Təhmin və Zaur” adı ilə bağlı qalmaqal yarandı. İradlar gəldi ki, siz klassik əsərlərimizə “məzə” ilə yanaşırsınız...

Fərda Amin:

- “Qətiyyən belə bir şey yoxdur. Klassik əsərimiz olan “Təhminə” filminə toxunmaq bizim “başımız” üçün deyil. Bu kommersiya məqsədi ilə atılmış fikirdir. O da öz nəticəsini verdi. Bütün diqqətləri “Təhmin və Zaur”a köklədi. Sadəcə bir-iki replikadan istifadə olunub, vəssalam.

Elcan Rəsulov:

- Bu remeyk film deyil, biz klassik əsərlərə məzə ilə yanaşmamışıq. Bir filmdə Zaur və Təhmin adlı obrazlar varsa, siz filmin adını “Ərimi dəyişmək istəyirəm” yaxud da “Filan yerdən gələn mələk” qoymarsınız. Belə ad PR-a daha uyğundur. Ona görə də bunun üzərində dayandılar.

- Filmin davamı çəkilə bilər?

Elcan Rəsulov:

- Hər şey filmin uğurundan asılıdır. Alınsa, ardı da gələcək.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm