Aqil Abbas: “Fiziki xəyanəti deyə bilmərəm...”
Bizi izləyin

Magazin1

Aqil Abbas: “Fiziki xəyanəti deyə bilmərəm...”

Bu gün millət vəkili, eyni zamanda şair-yazıçı Aqil Abbasın doğum günüdür. 62 yaşının kürəyini yerə vuran səbəbkarı biz də təbrik etdik. Adətinə uyğun olaraq tikanlı danışacağını gözləyirdim, amma bəxtimdən belə olmadı. Doğum günündə qılığına girib ən zəif nöqtəsinin nə olduğunu da öyrəndik, indiyə qədər xanımına xəyanət edib-etmədiyini də… Bir sözlə, Aqil Abbası daha yaxından tanımağa çalışdıq.

- Necəsiniz Aqil müəllim, ad gününüzdə hansı havadasınız?

- Dünəndən dostlarım zəng edir, xoş sözlər söyləyir, hədiyyələr göndərir.

- Hədiyyələr ürəyinizcədir?

- Bilirlər ki, mən saat sevənəm, buna görə də hədiyyələrimin çoxu saatdır. Nə deyim, yaxşıyam.

- Sizin üçün fərqi varmı ki, Aqil Abbasın tutalım, 25 yaşı tamam olur, ya 62 yaşı?

- Təbii ki, heç özüm də bilmədim zaman hardan gəldi necə keçdi. Baxıram ki, 62 yaşım tamam oldu. Hansı ki, özümü dünənin uşağı sayıram. Dünənə qədər küçədə futbol oynayırdım. Amma 25 yaşımı unutmamışam, indiki kimi yadıma gəlir. Elə povestlərimin birini kirayədə qaldığım vaxtlarda-25 yaşımın tamamında yazmışam. 25 yaşımda ən xoşbəxt adam idim. İndi durub öz-özümə sual verirəm ki, sən bu dünyaya niyə gəlmisən? İndiyə qədər neyləmisən, neçə yazı yazmısan, xalqın üçün, millətin üçün nə iş görmüsən? Görürsən ki, borcun hələ çoxdur. Lap 100 il yaşasan da bu borcu qaytarıb qurtara bilməyəcəksən.

- Ağcabədidə doğulsanız da niyə həmişə özünüzü ağdamlı saymısınız…

- Mən Ağcabədidə Boyat kəndində doğulmuşam, on yaşıma qədər də orda yaşamışıq. Ondan sonra Ağdama köçmüşük. Sadəcə olaraq, mən özümü ağdamlı sayıram. Ağdamda oxumuşam, Ağdamda qız dalınca düşmüşəm, Ağdamda məni qız üstündə döyüblər. Dostlarımın, sinif yoldaşlarımın çoxu Ağdamda şəhid olub. İçimdə bir Ağdam havası var. Ağdam azad olunandan sonra da deyəcəyəm ki, ağdərəliyəm.

- Elə ağdamlılara xas xüsusiyyətləriniz də var, çox dalaşqansınız…

- Hə, bu yaşımda da dalaşaram. Bu ağdamlıların hamısına xas xüsusiyyətdir. Keçən il bir taksi sürücüsünü necə oldusa döydüm.

- Heç elə məqam olubmu ki, Aqil Abbas içindəki Aqil Abbasa əsəbiləşib ona bir sillə çəkmək istəsin?

- Aqil Abbas içindəki Aqil Abbasa yox, içindəki Aqil Abbas Aqil Abbasın dədəsinə gündə azı 120 dəfə söyür. Bunu səhv elədin, gərək belə eləməyəydin deyə-deyə.

- Bəs içinizdəki Aqil Abbas hansı xüsusiyyətinizə görə əlinizi sıxıb “əhsən” deyərdi?

- Aqil Abbasın dostluğa, yoldaşlığa bir etibarı var. Özümü tərifləmək kimi çıxmasın, həddən artıq etibarlıyam. Heç vaxt dosta, yoldaşa xəyanət eləmərəm. Yalan danışmaq-filan olar, bunlar başqa şeylərdir. Bir də mən həddən artıq səmimi insanam və kimliyindən asılı olmayaraq insanları çox sevirəm. Məsələn, məndə belə immunitet var: yoluxucu bir xəstəni bağrıma basıb öpə bilərəm. Heç ağlıma da gəlmir ki, onun xəstəliyi mənə keçə bilər. Bu dərəcədə səmimi adamam. Tutalım rayona gedirəm, yolda maşını saxlayıb tanımadığım adamlarla oturub bir stəkan çay içirəm, söhbətləşirəm. Elə bütün günü yolda-görüşlərdə oluram. Zövq alıram belə şeylərdən.

- Aqil Abbasın zəif nöqtəsi nədir? Xanımlar ola bilərmi?

- Gözəl qadına baxarlar. Amma qadın mənim zəif nöqtəm ola bilməz. Mənim zəif nöqtəm elə səmimiyyətimin özüdür. Səmimiyyətin yoxluğu bəzən zəifliyə aparır. Onu da deyim ki, tez hövsələdən çıxanam, adi bir söz məni özümdən çıxarıb əsəbiləşdirə bilər.

- Bir dəfə xanımınız İradə Tuncay efirdə söylədi ki, Aqil Abbasın ən böyük şansı mənimlə evlənməyi olub... Sizdə belə hesab edirsiniz?

- Hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır. Bəli, o düz deyir və mən onunla evlənməyimi özümün şansım sayıram. Bəlkə də başqa bir Aqil Abbas ola bilərdim. İradə həyatımda elə bir önəmli rol oynadı ki, daha doğru yolla getməli oldum. Bəli, həyatımda ən böyük qazancımdan biri də ailəm və xanımım olub. Digər bir tərəfdən mən Məmməd Araz kimi bir dahinin tərbiyəsini görmüşəm, evində yaşamışam. Mənim uzun müddət evim olmayıb, 8 il Məmməd Arazın evində yaşamışam. Kirayədə qalırdım, gəlib məni evinə apardı ki, bala, nə vaxt evin olar, onda da evinə yığışarsan. İnsanlar onu bir dəfə görməkdən ötrü sıraya düzülürdülər, amma mən onu hər gün görürdüm, söhbət edirdim, çay içirdim, çörək yeyirdim. Bu mənada, həm Məmməd Araz amili də var, həm də təbii ki, arxamda məni qoruyan bir xanım da olub. Biləsiniz ki, İradə bütün günahlarımı da bağışlayıb.

- Xanımınızda ən çox qiymətləndirdiyniz xüsusiyyət hansıdır?

- Ən başlıcası ortada bir sevgi var. Sevgi olmasa, nə olursa-olsun, ailəni qoruyub saxlamaq mümkün deyil. Digər tərəfdən xanımım məni bağışlaya bilir və məni başa düşür. Zamanında mən 110 manat məvacib almışam, heç vaxt bunu üzümə vurmayıb. Məsələn, qardaşımın Ağdamda iki maşını vardı, amma mən Bakıda piyada gəzirdim. İradə bir dəfə də olsun deməyib ki, atanın iki maşını var, niyə birini sənə bağışlamır, niyə bizim filan şeyimiz yoxdur və s. Heç vaxt kasıblığımızı qabartmayıb, nəsə istəməyib ki, birdən onu ala bilmərəm, qarşısında utanaram. Həmişə bir-birimizi başa düşmüşük.

- Ailədə daha çox kim güzəştə gedir?

- Təbii ki, İradə xanım. Mənim həyatda səhvlərim olub. Səhv deyəndə ki, şairlər bir az başqa cür olur axı.

- Həmişə səmimi olduğunuzu deyirsiniz və sualıma da səmimi cavab alacağıma inanıram. Heç İradə xanıma xəyanət etmisinizmi?

- Sənə bir misal çəkim?

- Çəkin.

- Peyğəmbər Əleyhissəlam Xədicədən sonra üç xanımla evlənmişdi. Aişədən soruşurlar ki, sən o biri xanımları Peyğəmbərə qısqanmırsan? Aişə cavab verir ki, mən Peyğəmbəri vəfat etmiş Xədicəyə belə qısqandım. Yəni Peyğəmbər evlənsə də, onun Xədicəyə olan sevgisi içindədir. Mənim sevgim mənim xanımımdadır, başqa cür ola da bilməz. Fiziki xəyanətləri deyə bilmərəm, amma sevgimə xəyanət etməmişəm.

- Bu gün Gülüş günüdür, zarafatla aranız necədir?

- Məndən çox zarafatcıl adam yoxdur. Bir məclisə gedəndə ən dilxor adam belə məni görsə, eyni açılır. Elə qəzetimdə də tanınmış adamlar, elə özüm haqqımda da lətifələr yazmışam. Mənə olunan zarafatları da yaxşı qəbul edirəm.

- Zarafatda hədd məsələsinə necə baxırsınız?

- Ürəyimdən bir söz gəlirsə, deyirəm. Mənim üçün zarafatda hədd yoxdur. Çünki elə özüm təbiətli adamlarla zarafatlaşıram. Tanımadığım adamlarla zarafat eləmirəm ki, hədd də qoyum.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm