Azərbaycanlı müğənni: “Cinsi azlıqları dəstəkləyirəm”- ÖZƏL/FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni: “Cinsi azlıqları dəstəkləyirəm”- ÖZƏL/FOTOLAR

Özümüzü millətçi ruhumuzun zəif olmasında, milli və dövlətçilik maraqlarımıza biganəlikdə qınayırıq. Xüsusən, xaricdə yaşayan azərbaycanlıların ölkəmizin və onun problemlərinin təbliğindəki rolu, lobbiçilik fəaliyyəti başqa millətlərlə, xüsusən, ermənilərlə müqayisədə çox zəif görünür. Bu vəziyyəti dəyişdirmək üçün dövlət bir sıra vacib addımlar atır, geniş layihələr həyata keçirir. Lakin ayrı-ayrı fərdlərin də fəallığı önəmlidir. Fransada yaşayan, öz fəallığı ilə artıq Azərbaycanın Fransadakı mədəni səfiri titulunu qazanmış müğənni Təranə Monbarbut işgüzar məqsədlə Bakıda idi. Publika.az bu fürsət əldən buraxmayıb və Fransa Kulinariyası günü münasibəti ilə vətənində bir neçə gün keçirən müğənnidən müsahibə götürüb:

- Təranə xanım, Fransada albomunuz çıxdı... Fransada albom hazırlayıb çıxartmağın, yəqin, öz çətinliyi var. Bu çətinlik nədən ibarətdir?

- Üç ildən çoxdur ki, həyatımın əsas hissəsini Fransa və Azərbaycan arasında mədəni vasitəçiliyə yönəltmişəm. Bu ilk albomum da “Esquisse”, yəni “Eskiz” adlanır. Əslində, albom asanlıqla ərsəyə gəldi. Çünki alboma daxil olan mahnıları bir neçə ildir ki, ifa edirəm. Alboma 6 mahnı daxildir. Fransada bir musiqi şirkəti ilə çalışıram. Burada albom çıxarmaq çox qəliz məsələdir. Bunun üçün həmin ölkənin müvafiq qurumunun icazəsi olmalıdır. Albomum iki ölkə arasında mədəni əlaqələrin inkişafına xidmət etdiyindən müraciətimə müsbət cavab verdilər. Həm də albomun tirajı böyük deyil. Fransada yüksək tirajlı albom buraxmaq üçün müəyyən şərtlər var. Məsələn, mahnılar əvvəllər ifa olunmamış bəstələr olmalıdır. Məndə isə əvvəllər fransız ifaçıların hitə çevrilmiş mahnılarıdır. Yeri gəlmişkən, qeyd edim ki, mahnılar artıq fransız radiolarında səslənir.

- Fransada erməni lobbisi çox güclüdür. Layihənizi reallaşdırarkən hər hansı maneəyə rast gəldinizmi?

- İncəsənətdə siyasət yoxdur. Ona görə də, belə çətinliklə qarşılaşmadım. Bizə Fransanın Azərbaycandakı və Azərbaycanın Fransadakı səfirlikləri dəstək oldu. Xüsusən, səfirimiz Elçin Əmirbəyov bu işdə xüsusi fəallıq nümayiş etdirdi. Fransa səfirliyi isə mənə Azərbaycanın Fransadakı mədəni səfiri olmağı təklif edib. Mən də bu missiyanı həyata keçirməyə çalışıram.

- Azərbaycanda müğənnilər albom satışından qazanc əldə etmədiklərindən gileylənir. Siz necə, bu albomdan qazanc əldə edə bilmisiniz?

- İqtisadi böhran bütün dünyada olduğu kimi, Fransada da hiss olunur. Buna baxmayaraq, disklərim Fransada satışdadır. Lakin onlayn sifarişini də dünyanın hər yerindən etmək mümkündür. Bunun üçün rəsmi saytımda müvafiq bölmə var. Artıq bu yolla sifarişlər verilir. Azərbaycandan da sifariş qəbul etmişəm. Hətta tələb olunan disklərin bir qismini gələndə özümlə Bakıya gətirmişəm. Amma hələ ki, disk satışından varlanmamışam. Əsas odur ki, disk bütün xərclərini özü ödəyib. Məqsədim bu diskdən qazanc əldə etmək deyil. Əsas albomun çatdırdığı ismarışdır. Bu albom mənim üçün dəyərsizdir.

- Son dəfə 2 il öncə vətənə gəlmisiniz. Azərbaycana gec-gec gəlməyinizin səbəbi nədir?

- Dəvətləri həmişə qəbul edirəm. Bu dəfə Novruz ərəfəsində gəldim. Amma məqsədim Novruz bayramında iştirak etmək deyildi. Mart ayının 19-u bütün dünyada “Fransız kulinariyası” günüdür. Bir güllə ilə iki quş vurdum. Martın 18-21-də konsert proqramları ilə müxtəlif məkanlarda çıxış etdim.

- Fransada qazancınız nədən çıxır?

- Azərbaycanda “şou-biznes” dedikdə ancaq toy başa düşülür. Fransada çox nadir hallarda toya müğənni dəvət edirlər. Orada bir toya müğənni gəlibsə, bu, həmin toyun bahalı olduğuna işarədir. Fransada toyları DJ idarə edir. İstəsələr, özləri hər hansı proqram təşkil edirlər. Fransada müğənnilər, əsasən, konsertlərdən qazanır. Fransanın bütün bölgələrinə səfərlər təşkil edirlər. Həmin turnelər əvvəlcədən reklam olunanda gəlir daha çox olur. Diskdən də qazanmaq olur. Mən də başqa fransız müğənnilər kimi qazanıram. “Milfaset” orkestri ilə çıxış edirəm. Rok, caz və müxtəlif janrlarda ifa edirəm.

- Yerli müğənnilərdən kimi bəyənirsiniz? Kiminlə duet ifa etmək istərdiniz?

- Utanıram bu suala cavab verməyə. Müğənnilərimizi çox pis tanıyıram. Onların yaradıcılığını izləməyə vaxtım yoxdur.. Aygün Kazımovanı uşaqlıqdan sevirəm. Ondakı şirinliyi çox bəyənirəm. İndi bəlkə də daha yeni müğənnilər var. Amma təəssüf ki, tanımıram. Onlarla duetim olsa, çox sevinərəm. Çox bəyəndiyim müğənnilərdən biri də Röyadır. Səsini və tembrini, stilini çox bəyənirəm. Fransada klip də çəkdirib. Sami Nasri ilə birlikdə klipə çəkilib. Fransada olduğundan gec xəbər tutdum. Yoxsa, görüşərdim.

- Bakıda konsert verməyi düşünürsünüz?

- “Jazz Center” məni hər zaman ev yiyəsi kimi qəbul edir. Orada 2 il əvvəl solo konsertim olub. Bakıya öz musiqiçilərimlə gəlmirəm. Yeni musiqiçilərlə konsert vermək üçün ən azı 5 gün tez gəlmək lazımdır. Mən isə cəmi 1 həftəlik xüsusi dəvətlərlə gəlirəm. Hər gün də bir salonda çıxış edirəm. Ona görə də ötən il konsert olmadı. May ayında möhtəşəm konsert nəzərdə tutulub. Heydər Əliyev sarayında keçiriləcək tədbirdə dünya şöhrətli fransız müğənnilərlə yanaşı, mən də çıxış edəcəyəm.

- Gələn ay beynəlxalq “Eurovision” müsabiqəsi baş tutacaq. Fransa hər il uğursuz nəticə əldə edir. Orada yaşayan biri kimi, bunun səbəbini nədə görürsünüz? Fransaya bu müsabiqə lazım deyil, yoxsa...

- 2012-ci ildə bu müsabiqə keçiriləndə mən də “Eurovision”un Təşkilat Komitəsinin tərkibində idim. Fransanı Anqun təmsil edirdi. Heç kimə sirr deyil ki, həmin müsabiqənin nəticələrinə siyasi amillər də təsir edir. Fransada bu müsabiqənin reputasiyası aşağıdır. Hətta müsabiqəyə baxanlar da bunu gizlədirlər. Etiraf etməyə utanırlar.

- Siz niyə bu müsabiqədə iştirak etmirsiniz? Fransanı təmsil edən siz olsanız, Azərbaycandan 12 bal ala bilər...

- Yəqin ki, Fransa qalib gəlmək istəmir (gülür). Yəqin ona görə ki, qalibiyyətdən sonrakı xərclər çoxdur. Fransa “Eurovision”u udmaq niyyətində deyil. Təmsilçini də özləri seçir. Heç bilinmir necə seçirlər. Çünki məqsədləri qələbə deyil, sadəcə iştirakdır.

- Ötən il bu müsabiqədə Konçita Vürst qalib gəldi. Onun bu qələbəsi “Eurovision” mahnı yarışması ilə bağlı söyləntiləri gücləndirdi. Sanki müsabiqənin homoseksuallığı təbliğ etməsi fikri təsdiqlənmiş oldu. Fransada bunlara necə baxırlar?

- Bu müsabiqənin dinləyicilərinin böyük bir qismi homoseksuallar olub. Sözügedən cəmiyyət incəsənəti və modanı sevir. Hətta bu müsabiqə hansı ölkədə keçirilirsə, orada mütləq “Euro club” və “Gey klub”lar açılır. Amma etiraf etməliyik ki, qaliblərin mahnıları çox gözəl olur. Əvvəllər transseksualın o geyimdə səhnəyə çıxmasını qəbul etməzdilər. İndi isə cəmiyyət inkişaf edir. Mən Fransadan gəlirəm. Belə şeylərə normal baxıram və buna görə də homoseksualları dəstəkləyirəm. Mesaj çatdırmaq lazımdır ki, təbiət necə yaradıbsa, elə də yaşamaq insanın haqqıdır. Bizim məqsədimiz xoşbəxt yaşamaqdır. Mən insan azadlığının tərəfdarıyam. “Eurovision”un çatdırmaq istədiyi mesaj da elə budur. Azərbaycanın təmsilçisi Dilarə Kazımova da müsahibəsinin sonunda “Peace and love”, sülh və sevgi söylədi. Əsas da elə budur.

- Azərbaycan təmsilçilərinin ifa etdiyi mahnıları bəyənirsiniz?

- Bəlkə də mahnı müəlliflərini dəyişmək vaxtıdır. Azərbaycanı bu il Elnur təmsil etdi. Onun səs diapazonu çox güclüdür. “O səs Türkiyə”də izləyə bilməsəm də, qalibiyyətindən xəbər tutdum və çox sevindim. Fransada da belə səs müsabiqəsi keçirilir. Ancaq orada başqa dövlətin vətəndaşı iştirak edə bilməz. Mütləq Fransa vətəndaşı olmalısan.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm