"Tərkedilmiş" təqdim olundu - FOTOLAR
Bizi izləyin

Magazin1

"Tərkedilmiş" təqdim olundu - FOTOLAR

Bakıda Nizami Kino Mərkəzində Türkiyədə istehsal olunan “Tərkedilmiş” filminin qala gecəsi keçirilib.

Publika.az-ın məlumatına görə, filmi Azərbaycan tamaşaçısına bir addım daha yaxın edən səbəb filmdə türkiyəli aktyorlar Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek və Mahmut Gökgöz ilə yanaşı, azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayevin də baş rollarda çıxış etməsi olub.

"Tərkedilmiş" filminin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür.

Filmin süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Məhz həmin obrazı Könül Nağıyeva canlandırır.

Filmin şüarı isə belədir: "Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik".


Film tamaşaçılara təqdim olunduqdan sonra rejissor və baş rolları canlandıran aktyorlar səhnəyə çıxaraq təşəkkür nitqi söylədilər:

Kamran Ağabalayev: “Film çəkilişində bu qədər həyəcanlanmamışdım. Amma burada dayanmaqdan çox həyəcanlanıram. Hər kəsə təşəkkür edirəm”.

Könül Nağıyeva isə hər kəsə təşəkkür etdikdən sonra filmdə çəkildiyinə və bu gün səhnədə alqışlara layiq görüldüyünə görə bu işdə ona kömək olan şəxsin adını açıqladı.

“Əgər mənim yaxın rəfiqəm, teleaparıcı Kamilə Babayeva olmasaydı, mən nə bu filmdə çəkilərdim, nə də bu gün bu səhnədə durardım. Buradan Kamilə Babayevaya təşəkkürümü bildiriəm. Filmdə əziyyəti keçən bütün çəkiliş heyəti qarşısında baş əyirəm”.

Filmi izləməyə gələnlər arasında dövlət xadimləri və şou nümayəndələri çoxluq təşkil edirdi. Bütün zal səhnədə olan aktyorları ayaq üstə alqışladı.

Publika.az filmi izləyən şou nümayəndələrindən film haqda təəssüratlarını alıb.

Əməkdar artist Coşqun Rəhimov: “İlk növbədə qeyd edim ki, uğurlu layihədir. Özləri ilə tanışlığım yoxdur. Yoxsa yaxınlaşıb hər birini təbrik edərdim”.

Əməkdar artist Rafael İşgəndərov: “Təbrik edirəm. Uğurlu və davamlı olsun. Aktyor oyunu çox gözəl idi”.

Şoumen və teleaparıcı Murad Arif: “Çox bəyəndim. Türk filmlərinin keyfiyyətini hiss etdim. Əvvəlcə, çəkiliş keyfiyyəti məni təəccübləndirdi. Sonra bildim ki, bütün heyət türklərdən ibarətdir. Yəni, bunu Azərbaycan kinosu adlandırmazdım. Bunu iki azərbaycanlı aktyorun qələbəsi adlandırardım. Mənə görə bu günün ən ümidverən siması artıq Kamran Ağabalayevdir. Filmin cəmiyyətə göndərdiyi mesaj çox doğrudur. Könül isə hərtərəfli istedadlı insandır”.

Müğənni Xəyyam Nisanov: “Könülü təbrik edirəm. Kamranı isə yenidən kəşf etdim. Kamran bu gün məni təəccübləndirməyi bacardı. Çox sevinirəm bu uğura”.

Müğənni Sevda Yəhyayeva: “Hələ də filmin təsiri altındayam. Könülü və Kamranı təbrik edirəm. Sevinirəm ki, artıq belə filmlərə bizim aktyorlar dəvət olunur”.

Film bitdikdən sonra isə jurnalistlər üçün mətbuat konfransı keçirildi. Bakıya gələn türkiyəli heyət azərbaycanlı aktyorlarla jurnalistlərin qarşısına keçib onların suallarını cavablandırdı.

Filmin rejissoru Gökhan Uğur filmin çatdırdığı mesajın özünün dünyaya baxış bucağı olduğunu nəzərə çatdırdı.

“Mən xoşbəxt bir ortam görmək istəyirəm. Mən pislik görmürəm. Bunu da insanlara çatdırmaq istəyirəm”.

Könül Nağıyeva isə filmdə canlandırdığı suriyalı qaçqın qadını canlandırmasından danışarkən, atasının Qarabağ döyüşçüsü olduğunu vurğuladı.

“Mən özüm heç vaxt qaçqın həyatı yaşamamışam. Amma döyüşün, müharibənin acısını çox yaxşı bilirəm. Çünki mənim atam hərbçidir. O, Qarabağ döyüşlərində vuruşub. O, veterandır. Bir neçə medala layiq görülüb. Döyüşlər gedəndə biz atamızı necə gözləmişik, o hissələri ifadə etmək olmur. Uşaqlıqdan bu mənim xatirələrimdədir. Mən heç vaxt 100 faiz əmin olmadığım işin qulpundan yapışmıram. Orxan bəy ssenarini mənə göndərəndə qaçqın qızını o qədər dərinliyi ilə hiss etdim ki, həmin an razılaşdım. Obrazın ruhunu həmin an içimə aldım. Ssenariyə aşıq oldum”.

Filmdə insan orqanı satışını həyata keçirən Kamran Ağabalayev isə fikirlərinə yarızarafatla başladı.

“Həyatda filmdə olduğu kimi insan orqanı satmaqla məşğul olmuram. Bu obraz idi və rejissorun tələblərini yerinə yetirirdim. Necə alındığını filmi izləyənlər deyə bilər. Filmdə ən pis obraz mənim deyil. Məndən də pisi var. O, Ləvənt bəyin obrazıdır”.

İsa Şükürov

FOTO: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm