“Akif İslamzadənin toyunu mən eləmişəm” - FOTOLAR
Bizi izləyin

Magazin1

“Akif İslamzadənin toyunu mən eləmişəm” - FOTOLAR

Elə sənətkarlarımız var ki, zamanında çox məşhur olublar. Amma nədənsə, sonralar bir kənara çəkilərək, efirlərdən uzaq düşüblər. Həmin müğənnilərdən biri də Zahidə Məmmədsalahovadır. Vaxtilə mərhum sənətkarımız İslam Rzayevin ansamblında fəaliyyət göstərən sənətçi 40 ildən artıqdır ki, “Nigar” qızlar ansamblına da rəhbərlik edir. Çətinliklə axtarıb tapdığımız Zahidə xanımla evində görüşdük. Köhnə fotoları masanın üzərinə tökən xanım sənətkar xatirələrini də ipə-sapa düzdü…

- Zahidə xanım Qızıl Fondda nə qədər lent yazılarınız var, bu gün niyə efirlərdə görünmürsünüz?

- Müəyyən səbəblər oldu və buna görə efirə çıxmadım. Amma sənətimi bu gün də davam etdirirəm. Tanıyanlar və sevənlərim yenə də övladlarının toyuna məni dəvət edirlər. Səsim də yerindədir.

- Maşallah elə gözəlliyiniz də yerindədir, gənclik illərinin fotolarına baxıram, çox da dəyişməmisiniz. Bu gün dodağına silikon qoydurub, bədənində plastik əməliyyatlar aparan xanım həmkarlarınızla müqayisədə çox gözəlsiniz.

- Sağ olun ki, bizim kimi sənət adamlarını arayıb-axtarıb yad edirsiniz.

- İlk ustadınız kim olub?

- Mən hələ yeniyetmə qız idim, muğamatı, şeiriyyatı gözəl bilirdim. Çünki böyük qardaşım Böyükağanın gözəl səsi olub, muğam oxuyanda hər kəs onun avazına valeh olurdu. Mən də sənətin sirlərini ondan öyrəndim. Çox erkən ailə qurdum, doğulduğum Corat kəndindən şəhərə gəlin köçdüm. Amma oxumaq sevgisi içimi göynədirdi. Elə xəlvətə çəkilib qardaşımdan öyrəndiyim muğamları oxuyurdum. Bir gün qayınanama dedim ki, bəs mən oxumaq istəyirəm. Çox gözəl insan idi, mənim istəyimə qarşı çıxmadı. Elə oğlunu da o yola gətirdi. Anasının sözündən çıxmayan həyat yoldaşım mənim səhnə adamı olmağıma razılıq verdi.

- Bəs böyük səhnəyə necə atıldınız, sizə kim dəstək oldu?

- Allah qəni-qəni rəhmət eləsin bəstəkar Ələkbər Tağıyevlə şair Hafiz Baxışa. İlk dəfə mənim səsimi Hafiz Baxış kəşf edib. Mən Sumqayıtda Musiqi Məktəbində təhsil almağa başlamışdım. Onda da Hafiz müəllim Azərbaycan Dövlət televiziyasında çalışırdı. Özü də Sumqayıtda yaşayırdı. O, məni televiziyaya dəvət etdi və eyni zamanda Ələkbər Tağıyevlə görüşdürdü. Demişdi ki, Ələkbər, bir gözəl qız var, səsinə səs çatmaz, çox gözəl müğənnidir, gətirim, bax. Ələkbər müəllim də mahnılarını hər müğənniyə verməzdi. Bilirsiniz də, onun mahnılarını Zeynəb xanım, bir də Nisə Qasımova oxuyurdu. Amma mənə də etimad göstərib öz mahnılarını verdi. Nəzakət Məmmədovadan sonra efirə çıxarılan ikinci xanım müğənni mən olmuşam. Hər həftə televiziyada çıxışlarım olurdu. Yadımdadır ki, onda hər bazar günü “Səhər görüşləri” musiqili proqramı yayımlanırdı. Mən hər bazar o verilişin qonağı olurdum. Çox tez populyarlaşdım. Demək olar ki, həmin dönəmdə bütün rayonlara qastrol səfərlərinə gedirdim. Həmin ərəfədə həm ailəmi qoruyub saxladım, həm də sənətimi davam etdirdim. Buna görə qayınanama çox borcluyam.

- Ələkbər Tağıyevin mahnılarını həmin dövrdə Zeynəb Xanlarova oxuyurdu. Onda Zeynəb xanımla münasibətiniz necə idi?

- Çox gözəl. Hətta Zeynəb xanım Ələkbər Tağıyevin məhz onun üçün yazdığı mahnıların bir-neçəsini oxumaq üçün mənə verirdi. Mən onun bu dəstəyini heç vaxt yadımdan çıxarmaram. Yadımdadır ki, bir dəfə mənim yanımda Zeynəb Xanlarova Azərbaycan Dövlət Televiziyasına zəng edib dedi ki, Zahidənin ifasında filan mahnıları tez-tez səsləndirin, çünki o həmin mahnıları məndən yaxşı oxuyub. Zeynəb xanım belə ürəyin sahibidir.

- Bu gün necə, rəfiqəsiniz, bir-birinizlə əlaqə saxlayırsınızmı?

- Əlbəttə. Zeynəb xanım oğlunu evləndirəndə məni evinə çağırdı və dedi ki, Zahidə birinci dəfədir ki, evimdə xeyir iş olur. Sən oğul evləndirmisən, bilirsən nişan edəndə qız evinə nə apararlar. Bütün çamadanları tökdü ortalığa, dünyanın hər bir yerindən oğlu üçün gətirdiyi zinət əşyalarını mənə göstərdi. Zeynəb xanım günü bu gün də mənə dəstəkdir. Bir neçə il bundan qabaq efirdə demişdi ki, Zahidə Məmmədsalahova kimi sənətkar çoxdan ad almalı idi. O vaxtlar mən çox tanınmış müğənni idim, heç ad barədə düşünmürdüm.

- İslam Rzayevin rəhbərlik etdiyi ansamblın üzvü olmusunuz. Həmin ansamblda Şövkət Ələkbərova, Rübabə Muradova kimi sənətkarlar da fəaliyyət göstəriblər. Onlarla münasibətiniz necə idi?

- Çox gözəl. Xətrimi çox istəyirdilər. Şövkət xanım həmişə deyirdi ki, o göyçək qıza deyin bizə gəlsin. Onlara tez-tez qonaq gedirdim.

- Maşallah, indi də təravətli xanımsınız, şəkillərinizdən də görünür ki, çox cazibədar xanım olmusunuz. Gözəl qadın ola, üstəgəl də səsi ilə hər kəsi ovsunlaya, ola bilməzdi ki, ətrafınızda paxıllığınızı çəkən olmaya?

- Təbii ki, paxıllığımı çəkənlər vardı. İndi özünüz də şəkillərdən görürsünüz necə olmuşam. Eyni zamanda da həmin dönəmlərdə ən çox toylara dəvət alan xanım müğənni mən idim. Bir il qabaqdan gəlib mənə sifariş verirdilər. Onda indiki kimi əl telefonları yox idi, camaat kəndbəkənd gəzib, soraqlaşıb məni axtarırdı. Bir gündə altı-yeddi toya qaçdığım vaxtlar olub. Camaat çox istəyirdi məni. Deyirdilər ki, təki gəl, heç olmasa, bir mahnı oxu. Təbii ki, belə bir məşhur müğənninin paxıllığını çəkənlər vardı, amma mən öz mehribanlığımla, yaxşılığımla onları utandırırdım.

- Barı utanırdılarmı?

- Bəs necə, mənə elədikləri pisliyə görə xəcalət çəkirdilər. Bilirdim ki, dalımca danışırlar, amma həmin adamlara təbəssümlə cavab verirdim. Bəlkə də elə buna görə də onlar mənə əngəl ola bilmədilər.

Düşməni yaxşılığınla utandırmaqdan gözəl heç nə ola bilməz. Yoxsa ki, mübarizə aparsaydım, enerjimi itirmiş olacaqdım.

- Siz İslam Rzayevin ansamblında fəaliyyət göstərə-göstərə eyni zamanda, xanımlardan ibarət “Nigar” qızlar ansamblını da yaratdınız… İslam müəllimlə buna görə aranızda narazılıq yaşanmadı ki?

- Yox, mən ansamblı yaradanda İslam müəllimlə məsləhətləşdim və onun xeyir-duasını aldım. Dedim ki, İslam müəllim, mən sizin ansamblda çalışmağımla bərabər həm də toylara, el şənliklərinə gedirəm. İcazə versəydiniz, özümə bir ansambl yaradardım. Etiraz etmədi, amma onun rəhbərliyi altında fəaliyyətimi də davam etdirdim. Düz 40 il sərasər o ansamblla bütün Azərbaycanı gəzdik, konsertlər verdik, el şənliklərində oxuduq.

- Niyə məhz “Nigar”?

- Bu adı çox sevirdim, ona görə. Altı nəfərdən ibarət o ansambl bu gün öz fəaliyyətini davam etdirir.

- Həmin vaxtlar “Lalə” qızlar ansamblı da fəaliyyət göstərirdi. Münasibətiniz necə idi?

- Çox yaxşı. Ansamblın rəhbəri Ceyran xanımla həmişə bir-birimizə hörmət etmişik. Onların öz yeri, öz sevənləri olub, bizim də öz sevənlərimiz.

- Bildiyimiz qədər vaxtilə tanınmış sənətkarların bir çoxunun övladlarının toyunu siz oxumusunuz…

- Sara Qədimovanın oğlu Akif İslamzadənin toyunu mən etmişəm. Zeynəb Xanlarovanın oğlunun, aktrisa Nəcibə Məlikovanın övladının toyunda mən oxumuşam. O dövrdə vəzifəli şəxslərin əksəriyyəti övladlarının xeyir işinə məni dəvət ediblər. İndiki müğənnilərin təbirincə desəm, gündəmdə olan sənətçi olmuşam. Həm də ən əsası sevilən müğənni olmuşam. Ola bilər sənətçinin səsi, gözəlliyi olsun, amma sevilməsin. Amma mən şanslı müğənni olmuşam, çünki sevilmişəm. Sevənlərimin sayı-hesab olmayıb.

Cəvahir Səlimqızı

Fotolar: Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm