• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dilarə: “Oqtay elə qadınları bəyənmir”

  • Magazin1
  • 6 Aprel 2015 11:45
  • 2 669 Baxış
Dilarə: “Oqtay elə qadınları bəyənmir”

Həmsöhbətim əməkdar artist, tanınmış aktrisa və teleaparıcı Dilarə Əliyevadır. Dediyinə görə, təbiətində aqressiya yoxdur. Düz deyir, "Dilarə bacı" şou əhlini yağ-bal çəkə-çəkə elə sancır ki, heç ruhları da incimir. Maşallah, ağzından söz tökülür. Son vaxtlar da, qonaqlarının pişvazına şeirlə çıxır. Publika.az Dilarə xanımla maraqlı müsahibəni təqdim edir:

- Bir müddət efirdən uzaq düşdün, niyə?

- Özüm istəmədim.

- Yəqin ki, bir səbəb vardı?

- Sözün düzü, 15 il eyni verilişə aparıcılıq etmək məni yordu. Düzdür, format dəyişirdi, amma yenə də məzmun eyni idi. Bu da mənə yerində saymaq kimi gəldi və efirdən uzaqlaşdım. Verilişin ən baxımlı məqamları olsa da, mən heç bunu tamaşaçıya da sezdirmədim və sadəcə olaraq, bir az efirdən uzaqlaşmaq istədim. Həm də həmin ərəfədə “Üç bacı” serialına çəkilirdim. Yaradıcı adamlarda belə hallar olur, nəsə yorucu gələndə, mühitin ab-havasını dəyişir. Serial çəkilişi mənə daha maraqlı gəldi və iki il vaxtımı seriala həsr etdim. Ondan sonra yenə də belə bir veriliş təklifi aldım. Baxdım, götür-qoy etdim, mənə maraqlı gəldi, yeni bir format idi. Sözün düzü, tamaşaçı da məni yaxşı qəbul etdi.

- Dilarə bacı qonaqlarını bal çəkə-çəkə elə sancır ki, heç ruhları da incimir…

- Gərək sözün düzünü, insana əyər-əskiyini sevə-sevə deyəsən. Mənim söylədiklərimin alt qatında aqressiya yoxdur. Ümumiyyətlə, mənim təbiətimdə aqressiya yoxdur ki, kimisə pisikdirim, kiminsə xətrinə dəyim. Qonaq gəlibsə və həmin ərəfədə onunla bağlı hansısa hadisə yaşanıbsa, buna toxunmadan keçmək mümkün deyil. Amma mən qonaqlarıma heç kimin toxunmadığı tərzdə toxunuram.

- Lap çoxdan müsahibələrinin birində demişdin ki, hər səhər yuxudan duranda yatağında 15 dəqiqəlik hind kinosu kimi xəyallarını gözünün önündə canlandırırsan…

- Mən demişdim ki, illər keçsə də, dəyişməz olaraq qalan mənim xəyallarım, qurduğum planlarım, gedişlərim-gəlişlərimdir. Bu, türklər demiş, məni mutlu edir. 10-15 dəqiqə o xəyal dənizində üzürəm, öz dünyamı qururam, sonra yenidən reallığa qayıdıram.

- Yəni o xəyalların heç reallığa çevrilmir?

- Zaman keçdikcə çevrilir.

- O xəyal dünyan, yəqin, indi daralar?

- Zamanla bağlı olaraq tələskənlik olduğundan xəyal dənizində daha az üzürəm.

- “Cavid ömrü” filmində Cavidin xanımı obrazını canlandırdın. Düzdür, seriallarda göründün, amma belə bir böyük ekran işində daha səni görə bilmədik, niyə?

- Təklifdən və rejissorun inanmağından asılıdır. Mən nə qədər ki gülməyi və güldürməyi bacarıram, o qədər də ağlamağı və ağlatmağı bacarıram. Əsas odur ki, aktrisanın ürəyi olmalıdır. Mən özümü bu mənada həssasam və o həssas nöqtələrin harda, necə işlədilməsi məqamına diqqət yetirirəm. Ümumiyyətlə, elə bir insanam ki, “mən bunu bacardım” deyib bir kənara çəkilmirəm. Hətta müəyyən bir zamanda təklif, rol almasam belə, özümü işsiz buraxmıram. İçimdə məşqlərimi davam etdirirəm.

- Gözəl idin, bir az da gözəlliyinə gözəllik qatmısan, paxıllığın adı nədir, bunun reseptini de, biz də bəhrələnək?

- Özümü formada saxlamaq üçün müəyyən vasitələrdən istifadə edirəm. Bioloji dərman vasitələri ilə orqanizm özü öz fəaliyyətini bərpa edir. O dərmanlar üzü sallanmadan qoruyur, hətta üzdə olan çapıqlar belə yox olur. Bu vasitələr gəncliyin özünü belə geri qaytarmağa qadirdir. Təbii ki, 42 yaş da artıq 42 yaşdır. Qadın həmişə baxımlı və gözəl olmaq istəyir.

- Səncə, qadınların ən böyük fobiyası nədir?

- Maraqsızlaşmaq.

- Yəqin ki, həm də yaşlanmaq. Bəzən 45 yaşlı bir qadın 25 yaşlı bir qadından daha gözəl və cəlbedici təsir bağışlayırsa, niyə qadınlar yaşdan bu qədər qorxur?

- 40 yaşdan sonra istər-istəməz insanda müəyyən komplekslər yaranır. Əgər əvvəllər insan xarici görünüşə o qədər də fikir vermirdisə, artıq bu yaşdan sonra güzgüyə baxıb qüsurlarını sayırsan. Əvvəl bu yox idi, indi üzümdə müəyyən qırışlar var və s. Onsuz da yaşlanırıq və hamı yaşlanacaq. Hər kəs gözəl yaşlanmaq istəyir. Mən səhnədə bir gözəl görəndə mütləq ona gözəl olduğunu deyirəm. Çünki mən özüm də surətpərəst insanam.

- Səncə, sənin şarmın nədədir?

- Məncə, daha çox gözlərimdə. Hər halda, mənə belə deyirlər, mən də inanıram (gülür).

- Həyat yoldaşın deyir?

- Oqtay heç vaxt bunu demir. Heç bunu demək vacib də deyil, çünki münasibət artıq öz sözünü deyir.

- İllər keçdikcə, həyat yoldaşının sənə olan sevgisinin azalmasından qorxmamısan ki?

- Qorxmamışam, çünki Oqtay heç vaxt mənə “sevirəm” deməyib. Mən onun dərəcəsini bilmirəm, harda azdır, harda çoxdur, nə vaxt azalır, nə vaxt çoxalır, o gediş-gəlişi hiss edə bilmirəm. Bir onu bilirəm ki, necə vardısa, elə elədir.

- Qısqancdır?

- Bəlkə də, qısqanclığı olub, amma bunu elə məharətlə gizlədib ki, mənə göstərməyib.

- Bəs sən?

- Məndə olmayıb. Ümumiyyətlə, bu hissi yaşamamışam.

- Onun sizdə dəyərləndirdiyi xüsusiyyət hansıdır?

- Ünsiyyətcil olmağım, deməyim-gülməyim. Ümumiyyətlə, Oqtay deyən-gülən qadınları daha çox xoşlayır. Oqtay qaşqabaqlı, özünüçəkən qadınları bəyənmir.

- Daha deynən onu daha çox deyən-gülən qadınlara qısqanırsan ki?

- Yox, mən özüm də onun kimiyəm, ünsiyyətcil insanları xoşlayıram.

- Evdə də bu baməzə danışıq maneralarından istifadə edirsən?

- Bu, artıq mənim canıma-qanıma hopub. Roldan-rola tam ciddi vəziyyət alıram.

- Özündə ən çox bəyəndiyin xasiyyətin hansıdır?

- Güzəştə getməyi bacarmağım, başa düşməyimdir.

- Bəs ən zəhlən gedən xasiyyətin?

- Bəziləri kimi yalandan deyə bilmərəm ki, zəhləm getdiyi xasiyyətim sadəliyim, hamıya inanmağımdır. Bir də görürsən məsələnin axırını gözləməmiş, nə baş verdiyini anlamamış içimdə şüvənlik salıram. Özüm-özümü didirəm, alovlanıb ortalığa düşürəm, elə bilirəm dünya dağılıb. Az qalıram özüm özümü döyüm. Söz yox ki, bunu qarşı tərəfə göstərmirəm. Normalda insan məsələnin mahiyyətini biləndən sonra reaksiya verir, məndə əksinə olur.

- Adam var, başqasını döyür, sən də özünü?

- Hə, məndə də belədir. Amma barışmağa üz yeri də qoyuram. Hətta bəzən hərəkətimə görə o insanın yanında utanıram da.

- Özünün təbirincə desəm, “liriçni-romantiçni” ağlamaqla aran necədir?

- Bax necə gülürəmsə, elə də ağlayıram. Bu yaxında məni Zaurun verilişinə çağırmışdılar. Mən onlara dedim ki, elə bilirsiniz gəlib orda adam balası kimi sakitcə otura bilərəm? Zalda dalımca üç təcili yardım maşını gələcək ki, məni sakitləşdirsin. Adicə evdə hansısa verilişə baxanda özümü saxlaya bilmirəm. Məni necə güləyən tanıyırsınızsa, beşqat artıq ağlayan kimi tanıyın. Mən bunu zəiflik sayıram, əsəbiləşirəm bu halıma.

- Evdə həyat yoldaşınla aranızda söz-söhbət ən çox nəyin üstündə düşür?

- İş üstündə.

- Yemək bişirmək, paltar ütüləmək - belə şeylər üstündə davalarınız olur?

- Yox, yox, mən onun harda, nə vaxt, nə istədiyini gözəl bilirəm.

- Öz aramızdır, qayınanana yerini yaman şirin salmısan, hər yerdə səni tərifləyir…

- Çünki mən ətrafıma həmişə sevgi ilə yanaşıram və onun da qarşılığını gözləyirəm. Elə ki qarşılığını alıram, həmin vaxt pərvanə olub insanın başına dolanıram. Bəlkə heç ana balasından, bala anasından belə razı ola bilməz ki, biz bir-birimizdən razıyıq.

- Ən çox kim kimə güzəşt edib?

- Təbii ki, mən gənc olduğum üçün təzə ailə qurduğum vaxtlarda o, mənə çox güzəştlər edib, mən də bunu çox yüksək qiymətləndirmişəm.

- Səncə, bu, gəlinlər arasında qısqanclığa səbəb olmur ki?

- Yox, yox, əsla.

- Səncə, qayınanan daha çox hansı gəlini çox istəyir?

- Düşünürəm ki, məni daha çox istəyir.

- O biri gəlinin qulağından iraq (gülür).

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR