• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Elə bil öpüşməyi dünya kinosuna biz gətirmişik”- MÜSAHİBƏ - FOTOLAR

  • Magazin1
  • 8 Aprel 2015 12:15
  • 1 215 Baxış
“Elə bil öpüşməyi dünya kinosuna biz gətirmişik”- MÜSAHİBƏ - FOTOLAR

May ayında Azərbaycan kinosevərlərinə yeni film təqdim olunacaq. Melodram janrında olan film “Arzuların ardınca” adlanır.

Ekran işi bir gəncin həyat və sevgisindən bəhs edir. Uşaqlıqda atasını itirmiş Kamil tənha yaşayır. Öz kiçik fotostudiyasında çalışan Kamil xəstəlik tapdıqdan sonra sevgilisi tərəfindən tərk edilir. Hər şeyə ümidini itirən Kamilin Arzu ilə görüşü yeni həyatın başlanğıcı olur. Filmin süjet xəttində gərgin hadisələr məhz bundan sonra başlayır. Ekran işinin məqsədi xərçəng xəstəliyinə tutulan insanlarda ümidlərin yaranması, yaşamaq eşqi, gələcəyə inam yaratmaqdır...

Filmin ssenari müəllifi Mehman Rəsulov, quruluşçu rejissoru Ramil Ağasıyev, quruluşçu operatoru Şahmar Səfəroğlu, texniki direktoru Nicat Zeynallıdır. Baş rollarda xalq artisti Vaqif Əsədov, Ziya Ağa, Zarina Qurbanova və digər aktyorlar çəkilib.

Publika.az saytının rəsmi informasiya dəstəkçisi olduğu ekran əsəri haqqında onun yaradıcı heyəti danışacaq.

Beləliklə, Publika.az filmin rejissoru Ramil Ağasıyevi, eləcə də baş rolları canlandıran Ziya Ağa və Zarina Qurbanovanı söhbətə çəkib.

- Niyə məhz “Arzuların ardınca”? Haradan yarandı bu ideya?

- Ramil: Tammetrajli film çəkmək hər zaman arzum olub. İdeyanı isə həyat verdi. Əmim xərçəng xəstəliyindən dünyasını dəyişdi. Bu hissləri yaşamağı heç kimə arzulamıram. İnsan gözlərinin qarşısında sönür, sən isə ona kömək edə bilmirsən. Qərara gəldim ki, bu xəstəliyə qarşı silah tapım. İdeyanı dostum Mehman Rəsulova göndərdim. O da bu xəstəliyin əziyyətini ailəsində görüb. Birlikdə çalışmağa başladıq. Necə alındı, inşallah, zaman göstərəcək.

- Ziya və Zarina - adlarınız da bənzərdi...

- Ziya: Adlarımızın oxşarlığı təsadüfdür. Xərçəng xəstəsini canlandırmaq ifadəsi özü də qəribə səslənir. İkimiz də çarəsiz xəstəliyə yoluxmuşuq. Çıxış yolu tapmaq lazımdı. Mənim real həyatda yerinə yetməmiş çox arzum var. Amma filmdə hamısını yaşadıq.

- Zarina: Ramil Ağasıyev filmin ssenarisini mənə verəndə ağır rol olduğunu demişdi. Bu, psixoloji cəhətdən sarsıdıcı bir işdir. Filmin son çəkiliş günlərində əməlli-başlı depressiyaya düşmüşdüm. Özüm də inanmışdım xərçəng olduğuma. Hətta bir səhnə var idi ki, orada bir saat dayanmadan ağladım. Çəkiliş mənə görə dayandı, zorla sakitləşdirdilər.

- Ramil Ağasıyev maşınını satıb film çəkdi. Belə xəbərlər də yayılıb...

- Ramil: Doğrudur. Filmin büdcəsi yox idi. Arzumu reallaşdırmaq üçün daha artığını da edərdim. 22 min manat xərcləyib bu işi ərsəyə gətirdik. Amma dostların köməyi olmadan bunu edə bilməzdik. Bu prosesdə bizə kömək olan “Planeta Parni iz Baku” studiyasının bədii rəhbəri, əməkdar artist Tahir İmanova minnətdarlığımızı bildirirəm. Onlar bir aydır ki, təmənnasız olaraq səsyazma studiyasını bizə həvalə ediblər. Çəkiliş meydançasında çalışan bütün dostlarımızın da filmdə böyük əməyi var. Biz bir ideya ətrafında birləşdik və bu işi sona çatdırdıq.

- Çəkiliş zamanı, yəqin ki, maraqlı hadisələrlə də rastlaşdınız...

- Zarina: Hə, Ramil mənə “paraşütdən tullanacaqsan” deyəndə başım fırlandı. Yüksəklikdən qorxuram. Zarafatla dedi ki, ya tullanacaqsan ya da səni zorla atacağıq. Birtəhər razılaşdım. Yerə düşənə qədər ürəyim ağzıma gəlmişdi. Amma büruzə verməməyə çalışdım.

- Filmdə sevgili oldunuz, bəlkə, hansısa hisslər hələ də qalıb?

- Ziya: Hə, premyeraya qədər bu hisslər qalacaq. Ya da növbəti filmdə çəkiləcəyimə qədər. Rolumuzu bacardığımız qədər yaşamağa çalışdıq. Amma real həyatda belə bir şey yoxdu, nə bilim, bəlkə, Zarina vurulub, onu deyə bilmərəm (gülür).

- Zarina: Hə, arzularımın hamısını yerinə yetirmisən, kim olsa, vurular (zarafatla cavab verir – red.).

- Ramil Ağasıyevin bu filmdən qazancı nə olacaq?

- Ramil: Mən bu günə kimi çoxlu dostlar qazandım. Qısqanc münasibət bəsləyənləri də gördüm. Maddi baxımdan isə onu deyim ki, biz bu filmi sırf pul qazanmaq üçün çəkməmişik. Söhbət ölümcül xəstəlikdən gedirsə, insanların heysiyyatı ilə oynaya bilmərik. Əgər insanlar bu filmi sevib qəbul etsələr bu, əsl qazancımız olacaq. May ayında film nümayiş olunacaq, yaşayarıq görərik.

- İndi rejissorlar daha çox komediya janrına üstünlük verir.

- Ramil: Bu, maddi baxımdan daha sərfəlidir. Mən bunun əleyhinə deyiləm, qoy film sektorumuz inkişaf etsin. Janr məsələsi zamanla öz yerini tapacaq: dram da çəkiləcək, triller də, dedektiv də..

- Filmin anonsu böyük ajiotaj doğurdu. Açıq səhnələrə görə sizə qarşı təzyiqlər olmadı?

- Zarina: Əvvəlcə onu deyim ki, bu səhnələrdə dublyorlar çəkilib. Amma yenə də ifrat açıq-saçıq səhnələr yoxdur. İnsanlar düşünür ki, bu, mentalitetə ziddir və s. Amma xeyr, bu filmdir...

- Ziya: Bəzən elə reaksiya verirlər ki, sanki öpüşmə səhnəsini dünya kinosuna biz gətirmişik. Gəlin gözləyək, filmə tam baxaq, sonra tənqid edərik...

- Tənqid demiş, Ramil Ağasıyev tənqidlərə açıqdırmı?

- Ramil: Tam olaraq. Haqlı tənqid bizi inkişaf etdirir. Amma ağa qara da demək olmaz. Yenə də arxı tullanmadan hop demirik, may ayına kimi gözləyək. İnşallah hər şey yaxşı olacaq.

- Premyerada görüşənədək!

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR