Gülüstan Əliyeva: “25 yaşımda yaraşıqlı deyildim” - FOTOLAR
Bizi izləyin

Magazin1

Gülüstan Əliyeva: “25 yaşımda yaraşıqlı deyildim” - FOTOLAR

Bu gün əməkdar artist, operamızın cazibədar Leylisi Gülüstan Əliyevanın ad günüdür.

Sənətçi təəssüratlarını Publika.az-la bölüşüb.

- Necəsiniz, ad gününüzdə hansı ovqatdasınız?

- Əhvali-ruhiyyəyə gəlincə, adi günlərimdən birini yaşayıram. Onu da deyim ki, ad günlərimi qeyri-adi gün kimi yaşamaqdan xoşum gəlmir. Bu, məni darıxdırır. Ömrümə yazılan günləri fərqləndirmək istəmirəm.

Amma fərq bundadır ki, bu gün zənglər, xoş sözlər həddən artıq çoxdur. Mən, ümumiyyətlə, təmtəraqlı ad günlərindən də qaçıram. Heç bəzən ad günümü qeyd etmirəm. Bu, əhvali-ruhiyyəmlə bağlıdır.

- Bu dəfə necə, əhvali-ruhiyyəniz ad gününüzü qeyd etməyə icazə verir?

- Yox. Bu dəfə də ad günümü qeyd etməyəcəyəm, çünki anamın ili hələ çıxmayıb. Yara sağalmayıb.

- İlk təbriki kimdən aldınız?

- Gecə saat 12-nin tamamında oğlum üzümdən öpüb təbrik etdi. Sonra telefonum susmadı.

- Bəs gəlininiz nə hədiyyə etdi?

- O da məni qucaqlayıb öpdü və təbrik etdi.

- Bəs özəl hədiyyəniz oldu?

- Yox, olmadı.

- Yəqin, gözləyirsiniz, olacaq?

- Yox, heç gözləmirəm də. Əsas olan budur ki, dostlarım, sənətimi sevənlər mənə zəng edib xoş sözlər söylədilər. Ən gözəl hədiyyə diqqətdir.

- İndiyə qədər ən yaddaqalan ad gününüz neçə yaşınıza təsadüf edib?

- Çox balaca idim onda. Atam mənə özüm boyda gəlincik almışdı. Həmin vaxt Ukrayna gəlincikləri asanlıqla tapılmırdı, amma atam mənə alıb gətirmişdi. O gəlincik yeriyirdi və əlindən tutub onu yeridəndə özümü dünyanın ən xoşbəxt qızı sayırdım. Amma son vaxtlar yadımda qalan bir ad günüm olmayıb.

- Yaşınız sizi qorxutmadı ki?

- Qətiyyən. Heç vaxt yaşla bağlı kompleksim olmayıb. Əsas olan ömrü dəyərli yaşamaqdır. Nəyimə lazımdır yaşım 25 olsun, amma özümü 50 yaşlı qadın kimi hiss edim. İnanın ki, heç 25 yaşıma qayıtmaq istəməzdim. Çünki 25 yaşımda indiki kimi yaraşıqlı, maraqlı deyildim. Yaş qadını qorxutmamalıdır. Mənim bir rəfiqəm var, bu yaxınlarda ad günü oldu, yarızarafat ağladı ki, ay aman, bir-iki ildən sonra 50 yaşım olacaq. Mən ona başa saldım ki, ay qız yaş önəmli deyil, hansı yaşda olursansa ol, həyatın dadını çıxar. Allah verən ömür payına görə şükür etməlisən. Elə insan var ki, çox erkən dünyasını dəyişir, arzuları yarımçıq qalır. Amma mənim elə insanlardan fərqim budur ki, mən yaşayıram və qarşıda hələ vaxtım var. Bioloji yaşla, ürəyin yaşını qarışdırmaq olmaz.

- Ürəyinizin neçə yaşı var ay Gülüstan xanım?

- 35.

- Hələ bir az çox dediniz. Həmişə belə gözəl qalın!

- Sağ olun ki, Publika.az həmişə mənə belə diqqət göstərir.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm