Nura Suri: “Mən belə kişiliyi qəbul etmirəm” – MÜSAHİBƏ\FOTOLAR
Bizi izləyin

Magazin1

Nura Suri: “Mən belə kişiliyi qəbul etmirəm” – MÜSAHİBƏ\FOTOLAR

Həm sənətdə, həm də ailədə eyni vaxtda uğuru yaxalamaq hər adama nəsib olmur. Birinin şansı həyatda, digərininki də karyerada gətirir. Nura Suri özünəməxsus səsi və üslubu ilə öz auditoriyasını formalaşdıran müğənnilərdəndir. İki oğul anası olan sənətçi həm işində, həm həyatında özündən razıdır. Oxuduğu mahnılarla da elə böyütdüyü oğullarla olduğu qədər öyünür. Həyatda öz sözünü deməyi bacaran Nura Suri həm baxımlı qadın, həm də maraqlı müsahibdir.

Publika.az-a verdiyi müsahibə də bunu bir daha təsdiq edir:

- Nura xanın, Azərbaycan xanımları şərq qadınları kimi köklüyə meyillidir. Siz isə hər zaman formadasınız. Bəlkə, bizə gözəlliyinizin sirlərindən danışasınız…

- Mən bu fikirlə razı deyiləm. Amerikada kök insanlar daha çoxdur, nəinki şərqdə. Məsələn, Amerikada rastlaşdığım eybəcər formalı qadınları şərqdə görməmişəm. Biz təbii məhsullarla qidalanırıq. Yeməklərimizdə bir az yağ çox ola bilər. Ancaq Amerikada olduğu kimi qorxunc formalı, artıq çəkidən əziyyət çəkən xanımlar yoxdur.

- Sanki sualdan yayınma cəhdləri hiss edirəm… Nədi, yoxsa sirlərinizi vermək istəmirsiniz?

- Özümə baxan qadınam. Uşaqlıqdan beləyəm. Hamamdan çıxandan sonra mütləq bədənimə və üzümə krem vurmalıyam. Belə şeylərdə qətiyyən qənaət etmirəm. Ən çox xərcim düzgün qidalanmaya gedir. Daha sonra isə siyahıda üz maskaları, yağlar və kremlər gəlir. Yeməklərimdə mütləq limon olmalıdır. Statistikaya görə limon çox yeyən insanların xərçəngə tutulma riski çox aşağıdır. Toyuq və ətdən imtina etməsəm də, onları mütləq çoxlu tərəvəzlə qəbul edirəm. Toyuğu isə meyvə ilə bişirməyi lap çox xoşlayıram. Zövq təkcə geyimdə deyil, qidada da olmalıdır. Oxuduğum kitablar, seyr etdiyim filmlər də zövqümə uyğun olmalıdır. İnsan gün ərzində nə qədər az neqativ məlumat əldə etsə əhvalı da yaxşı olar. Qadının əhvalı gözəl olanda siması da gözəl olur.

- Sizi ancaq “sarışın gözəlçə” obrazında görürük. Dəyişmək fikriniz yoxdur ?

- Tez-tez dəyişən insanları başa düşmürəm. İnsanın həyatında stabillik olmayanda tez-tez dəyişməyə can atır. Bu, psixoloji tərəfdəndir. Dünya ulduzlarına nəzər salsaq, məsələn, Madonna, Merilin Monro, Maykl Cekson, Tina Törner… Onların hər birinin özünəməxsus obrazı var və olmalıdır. Zeynəb Xanlarova, Alla Puqaçovanın indiyədək imici dəyişməyib. Mən səhnəyə gələndə təcrübəm olmadığı üçün bunları bilmirdim. Təcrübə qazanandan sonra isə özümı retro obrazı seçdim. Bunu mənim klip və fotosessiyalarımda görə bilərsiniz. Retro obrazı çox sevirəm. Məndən sonra bəzi gənc müğənnilər bu üsluba müraciət etməyə başladılar. Bu gün qırmızı saç dəbdədir deyə, mən gedib saçımı qırmızıya boyaya bilmərəm. Özümü tapmışamsa, niyə eksperimentləri davam etdirməliyəm?!

- 3 oğul böyütmək çətin deyil?

- Böyük bir xoşbəxtlikdir.

- Qız övladınızın olmasını istəyərdiniz?

- İndi söyləyəcəklərim onu oxuyanları, bəlkə, qəzəbləndirə bilər. Ancaq fikrimi düzgün qəbul etsinlər. Heç vaxt qızım olmasını istəməmişəm. Hər zaman oğlan arzulamışam. Allah da oğlan övladları qismət edib. Mən də bir qız övladıyam. Odur ki, yaxşı bilirəm ki, qadın olmaq nə qədər çətin və məsuliyyətlidir. Bu səbəbdən qız anası olmaq istəməmişəm.

- Bəs yenidən ailə qurmağı düşünmürsüz?

- Yox, düşünmürəm (gülür).

- Kişilərdə önəm verdiyiniz xüsusiyyət hansıdır?

- Elə olur ki, hansısa qadını qiymətləndirərkən onu “kişi kimi qadın” adlandırırlar. Bu fikirlə heç vaxt razılaşmamışam. Çünki bununla kişiləri qadınlardan üstün tutmağa çalışırlar. Bunun da səbəbi məhz kişilərdən qaynaqlanır. Onlar dünyanı idarə etdikləri ilə qürrələnirlər. Edin də, biz dünyanı idarə etmək istəmirik ki. Bir sözlə, kişinin qadından üstünlüyü barədə olan təsəvvürlərlə razı deyiləm. Quranda da yazıldığı kimi, kişi ağır işə getməli, qadın isə evdə, yüngül işlər görməlidir. Kişi gedib pul qazanmalı və ailəsini dolandırmalıdır. Onun oturub qeybət etməsi qədər iyrənc bir görüntü təsəvvür eləmirəm. Ancaq son vaxtlar nəinki məhdud çərçivədə, hətta sosial şəbəkələrdə də kişilərin aşkar formada etdiyi dedi-qoduların şahidi oluruq. Məsələn, indiki kişilərin sosial şəbəkədə hansısa qadına, müğənniyə status həsr edib, onları müzakirəyə qoymasını anlamıram. Mən belə kişiliyi qəbul etmirəm. Yaxşı ki, oğlanlarımda belə, qəbul etmədiyim mənfi xüsusiyyətlər yoxdur.

- “Müğənnidən ailə başçısı olmaz”, - fikri müasir dövrdə ən çox rast gəlinən cümlələrdəndir. Hətta həmkarlarınız da, “uşaqlarımı müğənni ilə evləndirmərəm” kimi fikirlər səsləndirirlər. Bu fikrə münasibətiniz necədir?

- Təəssüf ki, belə dar düşüncəli insanlar çoxdur. İnsana da sənətinə görə qiymət verərlər? Sanki müğənni olmaq pis hərəkətdir. Səhnədə tanıdığım gözəl ailəsi olan müğənnilərimiz var. Həkimlər var ki, qadındır, həm kişiyə, həm qadına, həm də uşağa baxır. Ginekoloq kişilər var. Gündə onlarla xanımı müayinə edir. Biz müğənniyik. Səhnəyə çıxıb mahnımızı ifa edirik. Heç kəsə əlimiz dəymir. Onu deyən adamın yəqin ki, bunu deməyə ciddi səbəbləri var. Belə düşünmək sadəcə ayıbdır. İnsan şəxsiyyət kimi pis və ya yaxşı ola bilər. Onun peşəsinin həkim, müəllim, yoxsa polis olmasının söhbətə aiddiyyatı ola bilməz.

- Niyə verilişlərə çıxmaqda maraqlı deyilsiniz?

- İstəyirsən, hər gün efirə çıx, səni qəbul etmirlərsə, heç nə dəyişməyəcək. Və ya heç efirə çıxma, səni tanıyıb, qəbul ediblərsə, unutmayacaqlar. Məsələn, Zülfiyyə Xanbabayeva. İldə bir dəfə efirə çıxar, ya çıxmaz. Bununla onu sevənlərin sayı məgər azalır? Mən hətta müsahibə verməkdə də maraqlı deyiləm. Elə insanlar var ki, imtina edə bilmirəm. 5 ildir ki, vəkilim bütün saytlara məktub yollayıb ki, mənimlə bağlı heç bir xəbər dərc olunmasın. Mətbuat katibimin də işi odur ki, saytları nəzarətdə saxlasın. Haqqımda saytlarda pis və ya yaxşı heç nə yazılmasın. Yeni mahnı və yeni klip çəkdirəndə jurnalistləri toplayıb təqdimat keçirirəm. Daha sonra verilişlərdə onları təqdim edirəm. Vəssalam. Sonra efirə çıxım nə edim, nə danışım? Camaatın gözünü yara edə bilmərəm ki. Hər gün səhər, günorta və axşam verilişlərində eyni müğənnilərdir. 2 kanaldan savayı bütün kanallar dəvət edirlər. Maraqlandığım mövzu olarsa, razılaşıb verilişə gedə bilərəm.

- Niyə müğənnilərimiz klublarda konsert verməkdə maraqlı deyil?

- Mən sənətə təzə gələndə mütəmadi olaraq klublarda konsertlər verirdim. İndi Dilarə, Miri Yusif klublarda konsert verib qazanırlar. Mən isə artıq toylara gedirəm. 6 ilə yaxındır ki, gəlirim toylardan olur. Sənətə gələndə toy müğənnisi deyildim və klub janrında mahnılar ifa edirdim. Elə bir dövr gəldi ki, klubların fəaliyyəti dayandı. O dövrü bitirdim. İndikilər konserti imic xətrinə verir. Yəni, müğənniyəmsə, konsert verməliyəm. Bizdə şou biznesin inkişafı yoxdur. Durğunluqdur. Zülfiyyə, Aygün, Brilliant, Faiqin klipləri layihə formasında həyata keçirildi. Elnarənin gənclər üçün nəzərdə tutulmuş layihəsi də maraq doğurdu. Artıq bunlara da maraq yoxdur. Qiymətlər də real deyil. Yaxşı bəstəkardan mahnı almaq 5-10 min manat arasında dəyişir. Onu yaymaq, klip çəkdirmək -hamısı puldur. Konsert öncəsi musiqiçilərlə məşq etmək və onların əmək haqqını vermək 15 min manatdan baha başa gəlir. Sarayın icarəsi, geyim, rəqqaslarla məşqi də bura daxil edəndə xərc daha da böyüyür. Əsas problem isə bilet satışıdır. Konsertlərdə zalın yarısının biletləri paylanılır. Müğənnilərin xərci qazancından çox olur. Buna görə də maraqlıdırlar ki, kimlərsə onlarla görüşsün, tanış olsun… Gənc müğənnilər var ki, istedadı var, amma pulu yoxdur. Mahnısının radioda səsləndirilməsinə də imkanı çatmır. Məcburiyyətdən kiminləsə tanış olur və müğənnilərin adı bədnam çıxır.

- Bəs siz necə gəlmisiniz səhnəyə?

- Mən prodakşın şirkəti ilə işlədim. Pulumu ödədim ki, işlərimi görsünlər. Adımı tədbirlərə və efirlərə saldılar. Şirkətin özünün işçiləri var idi. Öz puluma məni tanıtdılar. Efirə çıxanda şirkət stilistdən tutmuş, prodüserə qədər hər ehtiyacı özü təmin etdi. Sonra barəmdə səsimin olmadığı barədə fikirlər səsləndirildi. Necə yəni, səsim yoxdur? Səsi olmayan insan lal olar. Qızdırmalı halda efirə çıxmışam, öskürürəm, məcbur edirlər ki, mahnı oxu. Mən heç kəsə nəyisə sübut etməli deyiləm. Səsim yoxdur, deyib bu məsələni əllərində bayraq ediblər. Ancaq unudurlar ki, bununla sevənlərimin sayını azalda bilməzlər.

- Elnur Hüseynovun “Eurovision” musiqi yarışmasında iştirak edəcəyini hamıdan əvvəl xəbər verdiniz. Bəziləri Elnurun adı ilə gündəmə gəlməkdə ittiham etdi. Məqsədiniz nə idi?

- Verilişlərin birində “Elnurun qədrini bilmədilər” fikri səsləndi. Təbii ki, bu fikirlə heç cür razılaşa bilməzdim. Ona görə də cavab verdim ki, niyə bilmirlər. Hətta bu il Azərbaycanı həmin müsabiqədə ikinci dəfə təmsil edəcək. Mən bilmədiyimi ömründə demərəm. Söhbət bundan başladı. Ancaq dar düşüncəli insanlar məni belə şeylərlə gündəmə gəlməkdə ittiham edə bilər.

- Elnurun ikinci dəfə “Eurovision” da iştirak etməsini necə qiymətləndirirsiniz?

- Niyə də olmasın? Hətta gələn il də Samir Cavadzadənin həmin müsabiqədə tək iştirakının tərəfdarıyam.

- Sizinlə bağlı birmənalı qarşılanmayan daha bir məsələyə də toxunmaq istərdim. Necə oldu ki, prezervativ reklamına çəkilməyə razılıq verdiniz?

- Əvvəla, bu, 9 il qabaq olub. Yaradıcılığa başladığım ilk illərdə bir çox şirkətlərin siması olmuşam. Gəncləri QİÇS-dən qorunmağa çağırış məqsədi ilə hazırlanan reklam çarxına çəkilmişəm. Həmin vaxt bu məqsədlə reklam çarxından əlavə, konsertlər də təşkil edildi. Bir də, reklama çəkiləndə bizə qonorar ödənilir. Mən orada əxlaqsız bir iş görməmişəm. Məni gözdən salmağa çalışırlar, ancaq bunu necə edəcəklərini bilmirlər. 9 il bundan əvvəl çəkilən komik video çarxı üzə çıxardıblar. Üçüncü bir tərəfdən, məndən öncə prezervativ reklamına Aygün Kazımova çəkilib.

- Sosial şəbəkələrin ən aktiv iştifadəçilərindənsiniz. Qarşılaşdığınız problemləri açıq şəkildə ifadə edirsiniz. Çəkinmirsiniz?

- Mənim atam və anam müharibədə iştirak edib, döyüşlərdən keçib. Onlar Qarabağ Müharibəsi veteranlarıdır. Sizcə, məndə qorxu ola bilər? Biz sözümüzü deməyə qorxmuruq. Əgər heç kəsi təhqir etmirəmsə, ədalətli şəkildə fikrimi ifadə edirəmsə, niyə qorxmalıyam? "Xain xoflu olar" deyiblər. Ancaq öz mahnı və şəkillərini paylaşanların deməyə sözü yoxdur. Halbuki müğənni ictimai xadimdir. O, örnək olmalıdır. Sosial şəbəkələrdə belə mənə yazılan bütün məktublara cavab verirəm. Sosial şəbəkələrlə həyat tərzimi nümayiş etdirirəm. Yediyimi, geyindiyimi, dostlarımı, olduğum yerləri hər kəsə göstərirəm.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm