Fidan Hacıyeva: “Ərim bu məsələdə çox sərtdir” – MÜSAHİBƏ – FOTOLAR
Bizi izləyin

Magazin1

Fidan Hacıyeva: “Ərim bu məsələdə çox sərtdir” – MÜSAHİBƏ – FOTOLAR

Müsahibim xalq artisti, Opera Teatrının solisti, səhnəmizin iddialı Karmeni Fidan Hacıyevadır. Başı bərk qarışıqdır. Aprelin19-da Heydər Əliyev Sarayında “Bir bahar axşamı” adlı solo konsertə hazırlaşır. Gününü məşqlərə həsr edən Fidan xanım bizə də vaxt ayırdı.

Publika.az istedadlı sənətçi ilə maraqlı müsahibəni təqdim edir:

- Sizinlə müsahibələrimiz olub, amma əməkdar artist kimi. Bugünkü müsahibim xalq artisti Fidan Hacıyevadır. Əvvəlki Fidanla indiki Fidan arasında nə dəyişib?

- İnanın ki, heç nə dəyişməyib, elə əvvəlki Fidanam. Əksinə, indi məsuliyyətim artıb, daha çox işləməliyəm, daha çox əziyyət çəkməliyəm. Çünki xalq artisti titulunu daşımaq asan iş deyil, gərək bu ada layiq hərəkət edəsən. Təkcə oxumaq şərt deyil, eyni zamanda, müğənni daşıdığı fəxri titula uyğun olaraq da özünü təqdim etməlidir. Əlbəttə, bu mənada özümə nəzarəti daha da artırmışam. Xalqın artistiyəm və xalqımın da zövqünə cavab verməliyəm.

- Daxilən dəyişmədiyinizi dediniz, amma xarici görünüşünüzdə xeyli dəyişiklik var…

- Eləmi? Bəlkə də… Bir az arıqlamışam, çünki ora-bura çox qaçıram.

- Əksinə, sizə çox yaraşır.

- Komplimentə görə çox sağ olun. Bilirsiniz ki, Heydər Əliyev Sarayında “Bir bahar axşamı” adlı böyük bir solo konsertə hazırlaşıram. Yeni bir repertuarla çıxış edəcəyəm. Bu dəfə ariyalar, klassik musiqilər deyil, mahnılar və romanslar ifa edəcəyəm. Konsertim tamamən yeni bir təqdimatda olacağından həyəcan hissi çoxdur. Bilmirəm insanlar məni yeni ampulada necə qarşılayacaqlar, buna görə bir az narahatam.

- Niyə birdən-birə elə qərar verdiniz?

- Hər zaman sevənlərim mənim ifamda opera musiqiləri dinləyiblər, istədim onlara bir qədər fərqli repertuarla zövq verim.

- Repertuarınızdan söz düşmüşkən, adətən, repertuar seçərkən kimlərləsə məsləhətləşirsiniz, yoxsa elə öz zövqünüzə uyğun müəyyənləşdirirsiniz?

- Yox, müəllimlərimlə, bəstəkarların özləri ilə məsləhətləşirəm. Hazırda Eldar Həsənov adlı bir bəstəkarla çalışıram və onunla tez-tez məsləhətləşirəm.

- Bəs həyat yoldaşınız necə, repertuarınızla maraqlanırmı?

- Filip mahnı seçimində mənə çox kömək edir. Deyir ki, filan mahnı səsinə düşür, filan mahnı çox keyfiyyətlidir və s. Tərifləmək olmasın, onun çox gözəl musiqi zövqü var və hər zaman mən onunla məsləhətləşirəm. Filip mənim mahnılarımı ingilis dilinə tərcümə edir. Xaricdə işıq üzü görən albomlarımın ərsəyə gəlməsində də onun böyük rolu olub. O, həmişə mənə deyir ki, sən mütləq repertuarını zənginləşdirməlisən. Mənim repertuarıma birbaşa nəzarət edir, bu, mənə çox xoş təsir bağışlayır.

- Həyat yoldaşınız sizin ifanızda ən çox hansı musiqini dinləməyi xoşlayır?

- Yoldaşım klassik musiqiləri daha çox sevir. Buna görə də mənim ifamda opera musiqilərini çox dinləyir. Xüsusi sevdiyi musiqiyə gəlincə, “Koroğlu” operasında xanəndə qızın oxuduğu “Saqi” musiqisini saatlarla dinləməkdən yorulmur.

- Maraqlıdır, geyimlərinizə müdaxilə edirmi? Məsələn, hansısa geyiminizi bəyənməyəndə, "Fidan, bu, sənə yaraşmır" deyirmi?

- Elə geyimlərim var ki, həyat yoldaşım onları özü seçir və mənimlə bərabər alış-veriş edir, məsləhətlərini verir. Zövqlərimiz üst-üstə düşür. Heç elə bir məqam olmayıb ki, yoldaşımın bəyəndiyi və məsləhət verdiyi paltar xoşuma gəlməsin. Buna görə də onun zövqünə uyğun geyinirəm və irad da eşitmirəm.

- Qayınanan necədir, onunla görüşmək üçün İngiltərəyə tez-tez gedirsiniz?

- Mütləq gedirəm. Həyat yoldaşım tək övlad olduğu üçün mən özüm də onun tez-tez anasına baş çəkməsini istəyirəm. Elə yoldaşım da çox yaxşı övladdır, uzaqda yaşasa da, bir dəqiqə də olsun anasını unutmur. Tez-tez zəngləşirik, gedirik-gəlirik. Qayınanam məni çox istəyir, həmişə yanına gedəndə mənimlə ana kimi davranır. O, mənə və uşaqlarıma geyim almağı çox xoşlayır. Son günlər ağır xəstədir, səhhətində problemlər yaşayır. Buna görə çox pis oluram. İndi danışırıq, gözlərim dolur.

- Heç sizi birdəfəlik İngiltərədə yaşamağa dəvət etmir ki?

- Mənim vətənim Azərbaycandır, bura çox bağlıyam.

- Keçən il konsertinizə geyindiyiniz libaslardan birini modelyer qızınızın eskizi əsasında hazırlamışdı. Yəqin ki, böyüyəndə moda sahəsini seçəcək?

- Hələ ki, müəyyənləşdirməyib, sadəcə olaraq, gözəl zövqü var.

- Uşaqlarınızın gələcəkdə müğənni olmasını istərdinizmi?

- Qızım, yəqin ki, müğənni olmayacaq, çünki səsi yoxdur. Həm də seçim özünündür. Amma körpə oğlumun səsi var, hər gün elə gözəl musiqilər oxuyur ki…

- Bu qədər işin çoxluğunda uşaqlarınıza vaxt ayıra bilirsinizmi?

- İşlərim həddən artıq çoxdur, amma buna baxmayaraq, mütləq uşaqlarıma zaman ayırıram. Çünki onların anaya çox böyük ehtiyacları var. İş çox ola da bilər, amma övladları unutmaq olmaz. Çünki böyüyəndə ananı qınaya bilərlər.

- Uşaqların tərbiyəsi ilə daha çox kim məşğul olur - atası, yoxsa siz?

- Hər ikimiz. Amma mən çox mülayim anayam.

- Bəs ata?

- Filip məndən fərqli olaraq uşaqlarla sərt davranır, onun tərbiyə üsulu mənimkindən fərqlənir.

- Qıza qarşı, ya oğlana?

- Oğlanlara qarşı sərtdir, istəyir ki, onlar əsl kişi kimi böyüsünlər. Oğlum çox balacadır, amma indidən atasının sayəsində olar-olmazı başa düşür. Hər halda, gələcəkdə onların doğru-dürüst tərbiyələnməsi üçün yoldaşım bu addımı atır. Amma mən yox, ürəyim çox yumşaqdır və onlarla sərt davrana bilmirəm.

- Uşaqları tez-tez gəzməyə aparırsınız?

- Hara gedirəmsə, mütləq maşında uşaqlarım da mənimlə bərabər olmalıdır.

- Bəs konsertlərinizi, tamaşalarınızı necə, gəlib izləyirlərmi?

- Mən istəməsəm də, özləri buna can atırlar. Çünki musiqini çox sevirlər. Xüsusən də opera musiqisinə məxsusi münasibətləri var. Bu da məni çox sevindirir. Çünki uşaqlara elə körpəlikdən musiqi zövqü aşılamaq lazımdır.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm