Xoşqədəmdən ATV ilə bağlı ŞOK AÇIQLAMA
Bizi izləyin

Magazin1

Xoşqədəmdən ATV ilə bağlı ŞOK AÇIQLAMA

ATV kanalından ayrılan tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı bu dəqiqələrdə “Üç nöqtə" qəzetinin redaksiyasında mətbuat konfransı keçirir.

Publika.az-ın məlumatına görə, teleaparıcı tədbirdə ATV-dən ayrılması ilə bağlı səbəblərə aydınlıq gətirib:

“Doğma kanalım barədə danışmaq mənə çox çətindir. Orda mənə böhtanlar atılıb. Beş il əvvəl tanınan sima olmadığım üçün hansı kanala getdimsə, məni qəbul etmədi. O vaxt mənə qapını yalnız doğma kanalım açdı. İndi isə istəmədiyim hadisə baş verdi. Çoxları məni özümü reklam etməkdə qınadı, haqları da var. Üç gün susdum. Bunun da səbəbi vardı. Çünki bu müqəddəs bir layihə idi. Verilişi lağ obyektinə çevirdilər, amma biz özümüzü təsdiq etdik. Beş ildir bütün əməyimi “Səni axtarıram” layihəsinə sərf etdim. Üç gün susmağımın səbəbi bu şəhadətnamə idi. Bu şəhadətnamə sübutdür ki, "Səni axtarıram" mənim layihəmdir. Bu layihə başlayanda məni qınadılar ki, sən Rusiyanın “Jdi menya” verilişini təkrarlayırsan. Bu formatı mən yaratdım. Kanal rəhbərliyi ilə Müəllif Hüquqları Agentliyinə getdim. Bu şəhadətnaməni almağıma səbəb isə digər yerli kanalda eyni formatlı verilişin yayımlanması oldu. Agentlikdə xəbər tutdum ki, üç il əvvəl ATV kanalının rəhbərliyi məndən xəbərsiz bu verilişin şəhadətnaməsini öz adına almaq istəyir. Bu fakt qüruruma toxundu. Buna görə də Vüqar Qaradağlıya dedim ki, siz bunu mənə xəbər vermədən etsəz də, mən ATV-nin adının həmmüəllif kimi çəkilməsinə razıyam. O vaxtdan verilişin müəlliflik hüququ mən və ATV-yə məxsusdu. İndi isə öz müstəsna hüquqlarımı tələb edirəm. Hələ avqustda ATV-dən getmək istəyirdim. Üç ildir ANS-dən təkliflər alırdım. Amma ATV doğma kanalım olduğu üçün ordan ayrıla bilmirdim”.

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı mətbuat konfransında ATV rəhbəri Vüqar Qaradağlı ilə bağlı da maraqlı açıqlamalar verib.

Məlumata görə, teleaparıcı 3 gün ləngiməsinin səbəbini məhz verilişin “Şəhadətnamə”sini ATV-dən ala bilməməsi ilə izah edib:

“Beş il ərzində dünyanın hər yerindən 68500 məktub almışdıq. Bu veriliş çox sevilirdi. ATV rəhbəri Vüqar Qaradağlı mənə dedi ki, apreldən başlayaraq veriliş yayımlanmayacaq. Vüqar Qaradağlı neçə gündür ki, verilişin sənədlərini mənə vermək istəmirdi. Söhbət mənim marağımdan deyil, yüzminlərlə insanın ah-naləsindən gedir. Mən layihənin müstəsna müəlliflik hüququna malikəm. Gəlirin 50 faizi mənim olmalıdır, amma indiyədək mənə heç nə verilməyib. Çünki bundan xəbərsiz olmuşam. ATV-dən çıxmaq fikrində deyildim. Amma buna məcbur oldum.

X.Hidayətqızı 3 gün ləngimə ilə aldığı “Şəhadətnamə”nin də ona verilişin tam hüququnu vermədiyini bildirib. Onun sözlərinə görə, Vüqar Qaradağlı “Səni axtarıram”ın tam hüququnu verməkdən imtina edib. Sənədə əsasən, veriliş hazırda paylı mülkiyyət formasıdır: “Vüqar Qaradağlı dedi ki, harada istəyirsən, get, verilişi aç, ancaq bütün hüquqları sənə verməyəcəm. Mənə əvvəldən bildirdi ki, yuxarıdan ATV-də axtarış verilişinin olmaması tapşırılıb. Mən isə öyrəndim ki, bu, həqiqətə uyğun deyil. Yuxarıdan belə tapşırıq verilməyib. Hətta aprelin 12-də gedən verilişi zorla efirə verdirdim".

X.Hidayətqızı Vüqar Qaradağlıya çağırış edərək bildirib ki, bu veriliş onun əziyyət və zəhməti hesabına gəlib və ona müstəsna səlahiyyət halal haqqıdır: " Bildiyimə görə, Vüqar Dağlı kitab namaz əhlidir. Onun bu məsələyə diqqət yetirməsini istəyirəm".

İsa Şükürov

Cəvahir Səlimqızı

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm