• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tanınmış teleaparıcı: “İndiki qızlar dözümsüzdür”- FOTOLAR

  • Magazin1
  • 14 Aprel 2015 14:30
  • 2 053 Baxış
Tanınmış teleaparıcı: “İndiki qızlar dözümsüzdür”- FOTOLAR

Müsahibim tanınmış teleaparıcı Saleh Bağırovdur. Həmkarları arasında səmimiyyəti ilə seçilən bu dilli-dilavər oğlan o qədər pozitivdir ki, onunla söhbətləşmək mənə ləzzət elədi. Pis vərdişlərindən tutmuş, sevimli əyləncəsinə qədər hər şeydən danışdıq. Gözü hər yerdə gələcək həyat yoldaşını axtaran Saleh indiki qızlardan giley-güzar da etdi.

- Saleh, fikir vermişəm, çox dəyişkənsən?

- Bizim işimiz elədir ki, mütləq seçilməlisən. Bəlkə də çoxları bu fikrimi qəbul etməyəcəklər, amma mən hesab edirəm ki, aparıcı bir ampluada olmamalıdır. Söhbət peşəkarlıqdan gedirsə, o hər bir verilişi idarə edə bilər. Təbii ki, hər proqramın da formatına uyğun dəyişməlidir. Mən də çalışıram müxtəlif amplualarda özümü sınayım və şükürlər olsun ki, buna da nail oluram.

- Maraqlıdır, Saleh digər həmkarlarından daha çox nəylə fərqlənir?

- Hər halda bunu tamaşaçılar deyə bilər.

- Tamaşaçını qoyaq bir kənara, özünün də yəqin ki, özün haqqında bir qənaətin var.

- Bəlkə səsimlə, bəlkə xarizmamla, mənəm-mənəmlik kimi çıxmasın, bəlkə də özümə məxsusluğumla. Mən həmişə deyirəm ki, aparıcı kimisə təkrarlamamalıdır. Özümüzdən yaşca böyük ustadlardan, yaxud əcnəbi həmkarlarımızdan nələrsə götürə bilərik. Amma özün olmalısan.

- Digər telekanallarda fəaliyyət göstərən həmkarlarının proqramlarını izləyirsən?

- Əlbəttə izləyirəm. Mən ümumiyyətlə, bu sözləri qəbul etmirəm ki, mən digər telekanallara baxmıram, verilişləri izləmirəm... Bunu deyən adamlar inanın ki, verilişlərə də hamıdan çox baxır, hər şeydən də yaxşı xəbərdardır. Özüm də izləyirəm, bəyəndiyim və bəyənmədiyim aparıcılar var.

- Kimlərdir onlar?

- Ad çəkmək istəmirəm. Qəlblərinə toxuna bilərəm.

- Yaxşı onda bəyəndiklərinin adını çək.

- Nəsib Nur, Anar Nəcəfli, Elgizin aparıcılığını çox bəyənirəm. Günel Həsənzadə çox özünəməxsus, səmimi aparıcıdır.

- Səncə, izləyici hansı xüsusiyyətlərinə görə aparıcını daha çox sevir?

- Məncə, əsas səmimiyyətinə görə. Səmimi olmalısan ki, hamı səni qəbul edib, sevsin. Səmimi olmayan uzaqbaşı qısa bir müddətdə kimisə aldada bilər. Tamaşaçını aldatmaq mümkün deyil. Dörd il radio, on il də efir-ümumilikdə on dörd ildir ki, efirdəyəm. Mən bunun şahidi oldum. Səmimi olmayan insan barıt kimidir, atılır, müəyyən vaxtdan sonra yoxa çıxır. Sən nə qədər oynayacaqsan, nə vaxta qədər insanı aldadacaqsan? Özün kimi olmalısan.

- Heç sosial şəbəkə vasitəsi ilə, yaxud üzünə açıq-aydın şəkildə irad bildirənlər olub?

- Təbii ki, olub. Mən iradlara açıq olan adamam, amma o iradda qərəz varsa, onu rədd edirəm.

- Bəlkə deyəsən, hansı iradı qəbul etmisən, hansını yox.

- Bir ara çox kökəlmişdim. Bununla bağlı mənə irad tutdular ki, kökəlmisən, bir az arıqla. Mən də bunu qaydaya saldım. Qonaqlarımla bağlı bəzən iradlar olub. Deyiblər ki, o nə müğənnidir, onu efirə çağırmısınız. Yaxud da, filan sənətçini niyə efirə dəvət etmirsiniz və s. Amma onların da istəyi nəzərə alınır. Əgər haqlıdırsa, nəzərə almıram.

- Zövqlə geyinirsən, stilistin var?

- Yox, geyimlərimi özüm öz zövqümlə seçirəm. Bəzi dövlət tədbirləri olanda bunu nəzərə alıb, modelyerlə məsləhətləşə bilərəm. Amma əksər vaxt öz zövqümlə geyinirəm.

- Yəqin ki, istəmirsən səndə olan köynəkdən, yaxud da digər geyimdən başqalarında olsun…

- Qətiyyən elə bir iddiam yoxdur. Mən dəfələrlə görmüşəm ki, köynəyimdən, yaxud, kostyumumdan başqaları da geyinib. Məsələ geyimdə deyil e, onu necə təqdim etməkdədir. Baxır o adam həmin paltarı necə təqdim edir, mən necə təqdim edirəm.

- Geyimə çox pul xərcləyirsən?

- Lap çox olmasa da, müəyyən qədər xərcləyirəm. Hər bir peşənin uniforması var, biz aparıcıların da uniforması budur. Efir adamıyıq, qəşəng, zövqlü geyinməliyik. Qarderobumu yeniləməyə məcburam.

- Geyimdə ən çox hansı elementə üstünlük verirsən?

- Aksessuarlardan saat xəstəsiyəm. Saatsız heç bir məkanda görünmərəm. Özü də çoxlu, cürbəcür saatlarım var. Hara gedirəmsə, mütləq ordan özümə saat alıb gətirirəm. Bir də breloklarımı tez-tez dəyişməyi xoşlayıram. Hə, yadımdan çıxmışdı, bir də ətir xəstəsiyəm. Mənə yemək-içmək vermə, yalnız ətir ver. Ətirlərə pul xərcləməkdən özümü saxlamıram. Hətta baha da olsa belə, mütləq son qəpiyimi verib o ətri almalıyam.

- İstifadə etdiyin konkret bir ətir varmı?

- Yox, xoşuma gəlir və alıram. Özü də ətri su kimi işlədirəm.

- Daha deynən, ətirlə çimirsən ki…

- Çimirəm, özü də nəyi var.

- Özəl həyatını gizlin saxlayırsan? Məsələn, mən heç bilmirəm subaysan, ya evli?

- Subayam. Bakı o qədər balaca şəhərdir ki, burda tanınmış bir adamın özəl həyatının gizlin qalması mümkün deyil. Məndən qabaq xəbərim eşidilir. Girirəm otağa, deyirlər ki, bəs belə bir xəbər eşitmişik.

- Sevgidə dəyişkənsən?

- Qətiyyən. Yetər ki, kimsə məni içdən, qəlbdən titrətsin. Kimsə məni oyatsın ki, mən varam. Və arada qarşılıqlı hörmət olarsa, ömrümün sonuna qədər o qadının yanımda olacağına əminəm.

- Sən də demə ki, gözəllik önəmli deyil, əsas olan ürəkdir?

- Gözəllik mənim üçün bir vaxtlar önəmli idi. Amma sonradan yaş üstə yaş gəldikcə, düşünürəm ki, normal görünüşlü bir qadın mənə kifayət edər. Onun dünya gözəli olması lazım deyil, mütləq olan məni anlamasıdır. Mənim peşəm ictimai peşədir və işimlə bağlı milyon məkanda oluram, milyon insanlarla oturub-dururam.

- Yəni?

-Yəni qısqanc olmasın, mənə, peşəmə hörmətlə yanaşsın. Başa düşsün ki, mənim qazancım, hörmətim bu peşədən çıxır. Bir də ağıllı və xoşqəlbli bir qadın olmalıdır.

- Mühafizəkarsan?

- Bəlkə də müəyyən qədər mühafizəkaram. Məndə belə bir xüsusiyyət var ki, mənə məxsus olan mənimkidir. Onu bölüşə bilmirəm. Hətta bu, dostlarıma və şəxsi münasibətdə olduğum insanlara da aiddir. Necə deyərlər, uman yerdən küsərlər. Münasibətlərə daha çox qarşılıq gözləyən və eyni zamanda daha çox qarşılıq verən adamam.

- Cəmiyyətdə, olduğun yerlərdə səni ən çox nə qıcıqlandıra bilir?

- Lazımsız iddia. Hansı ki, o insanın iddiası ilə əməlləri üst-üstə düşmür, onda qıcıqlanıram. Ambisiyaların çoxluğu məni özümdən çıxarır. Baxıram o insana, ürəyimdə düşünürəm ki, axı bu sənlik deyil, niyə buna can atırsan, amma heç nə demirəm.

- Bəs səncə, özünün hansı xüsusiyyətin ətrafda qıcıq yaradır?

- Pis vərdişlərim var, amma istəyirəm onlardan qurtulum.

- De, biz də bilək…

- Məsələn, evdə bərkdən, qışqıra-qışqıra danışıram, evdəkilər deyir ki, ay balam bir az sakit ol, efirdə, səhnədə deyilsən e. Çox hündürdən danışıram. Bir də danışmağa başladımsa, dayanmıram. Bir düymə lazımdır ki, üstümdə olsun və bassınlar ki, dayan, stop elə. Əvvəl lap dəhşət idim, indi bir az düzəlmişəm.

İnsan lazım olanda, özünü saxlamalıdır, amma məndə bu yoxdur. Başladımsa, gedirəm e… Bir də, bəzən mənə deyirlər ki, sən özündənrazısan. Əslində belə deyiləm, o qədər fikirli oluram ki, gördüyüm adamlarla salamlaşmıram.

- Xırdaçığılın var?

- Yox, hesab edirəm ki, kişi xeylağında xırdaçılıq olmamalıdır. Pul da xərcləməlidir. Dostluqda, münasibətlərdə, ailə içində xırdacalıq yaxşı iş deyil. Qadının sevmədiyi bir xüsusiyyət varsa, o da kişinin xırdaçı olmasıdır. Məndə belə xasiyyət yoxdur.

- Qadınlara hədiyyə etməyi xoşlayırsan?

- Həm də necə. Baxmaram pula-paraya, istədiyim adama ən gözəl hədiyyəni alıb bağışlayaram. Söz yox ki, hədiyyə almağı da xoşlayıram. Məndə hədiyyə vermək daha xoş təsir oyadır, nəinki almaq. Görəndə ki, aldığım hədiyyədən kiminsə gözləri işarır, çox sevinirəm.

- Son vaxtlar əks cinsin nümayəndələrindən tez-tez eşidirəm ki, indiki qızlar belə, indiki qızlar elə… Bu fikrə münasibətin necədir?

- Düzdür, əslində mən də rastlaşıram belə adamlarla. Bəlkə elə indiyə qədər subay qalmağımın səbəbi də budur.

- Elə danışırsan ki, elə bil qocalmısan.

- Nə bilim, deyirlər ki, 34 yaşın var, hələ subaysan, niyə evlənmirsən. Yəni mən də bu fikirlərlə razıyam. Bu gün münasibətdə olduğum, ünsiyyət qurduğum qızlar bu faktı təsdiqləyir. Doğrudan da o sözün əsası var. İndiki qızlar hər şeyin daha rahatını istəyirlər, əzab-əziyyətə qatlaşmaq fikrində deyillər. Mən demirəm e, qızlar əziyyət çəksin, yox, amma bu həyatdır, müəyyən çətinlikləri olur. Valideynlərimiz görün necə, çətinliklə, dözüm göstər-göstərə ailəni qoruyub saxlayıblar. İndiki qızlar dözümsüzdür.

- Ailə quracağınız xanım qarşısında şərtiniz olacaq?

- Yox, ibtidai icma dövrü deyil ki, şərtim olsun. Amma öz qanunlarım, öz qaydalarım var və bu barədə qabaqcadan qızı xəbərdar edəcəm.

- Bəs deyirsən, ibtidai icma dövrü deyil, amma qanunlarından danışırsan…

- Əlbəttə mən ona başa salmalıyam ki, filan peşənin sahibiyəm, bu olmalıdır, bu olmamalıdır və. s…

- Yəni şərti şumda kəsəcəksən ki, xırmanda yabalaşmayasan?

- Yox, yabalaşmaq olmayacaq. Bir ömrü kiminləsə paylaşırsansa, onunla oturub ən xırda detalları belə müzakirə etməlisən. Hər iki tərəf ta indiyə qədər həyatında nələr olubsa, hər şeyi danışmalıdır və gizlin heç nə qalmamalıdır. Daha sonra bu şərtlər və anlaşmalar qəbul olunarsa, evlilik barədə addım atmaq olar.

- Daha deynən əməlli-başlı divan quracaqsan ki… Belə görürəm hələ bir müddət də subay qalacaqsan. Maraqlıdır, indiyə qədər böyük bir sevgi yaşamısan?

- Gəl bunu yada salmayaq.

- Niyə?

- Kimin həyatında olmayıb ki?

- Deyəsən, o eşqin havası hələ də qalır…

- Yox, yox, unudulub, oldu-bitdi, qabağa baxmaq istəyirəm.

- Deyəsən kövrəltdim səni, gəl başqa şeylərdən danışaq. Hobbin var?

- Bəlkə də təəccüblənəcəksiniz, çünki indi bu işlə heç kim məşğul olmur. Dəhşət dərəcədə marka sevənəm və kolleksiyam da var. İndinin özündə satışı yoxdur, çətin tapılır, amma mən hələ də marka yığıram.

- Nə qədər varındı?

- Dörd-beş kitablıq.

- Aqibəti necə olacaq?

- Evdədir, arada götürüb baxıram, zövq alıram. Yəqin ki, həmişə saxlayacağam.

- Əyləncələrə münasibətin necədir?

- Əyləncələri sevirəm, amma gecə həyatı mənlik deyil. Hardasa olum, qızlarla şəkil çəkdirim, sosial şəbəkədə paylaşım, bu, mənlik deyil. Mənimki ev, ailə, dostlarımdır.

- Ən çox sevdiyin və hər gün işlətdiyin söz hansıdır?

- Əzizim sözünü o qədər çox sevirəm ki... Sözümün əvvəli də əzizimdir axırı da.

- Elə hamıya?

- Təbii ki, yox, amma ünvanladığım və əziz saydığım insanlar çoxdur. Onlardan əziz münasibət gördüyüm üçün mən də onlara ağızdolusu əzizim deyirəm.

- Xətrin həmişə əziz olsun.

- Səninlə bahəm.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR