• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanlı aktrisa: “Xarizmatikdi, amma zövqümdə deyil” - FOTOLAR\MÜSAHİBƏ

  • Magazin1
  • 17 Aprel 2015 12:45
  • 2 759 Baxış
Azərbaycanlı aktrisa: “Xarizmatikdi, amma zövqümdə deyil” - FOTOLAR\MÜSAHİBƏ

May ayında Azərbaycan kinosevərlərinə yeni film təqdim olunacaq. Melodram janrında olan film “Arzuların ardınca” adlanır. Publika.az saytının rəsmi informasiya dəstəkçisi olduğu ekran əsərində baş rolu canlandıran Zarina Qurbanova filmlə bağlı təəssüratlarını bizimlə bölüşdü.

- Zarina necə oldu ki, bu filmə dəvət aldın?

- Filmin rejissoru Ramil Agasiyev tərəfindən kastinqə dəvət aldım. Növbəti gün görüşməyə gəldim. Şəkil, video yoxlanış... Və deyəsən, xoşlarına gəldim.

- Ssenarini oxuyanda oynayacağın rol səndə hansı təəssüratı oyatdı?

- İlk dəfə ssenarini oxuyanda yerimdə donub qaldım. Söhbət xərçəng xəstələrinin həyatından gedirdi, bu isə mənə xərçəng xəstəliyi üzündən həyatını itirmiş doğmalarımı xatırlatdı. Yenə də oxudum. Hadisələr gözlərimin önündə canlandı. Düşündüm ki, necə bilmirəm, amma mən bu işə ürəyimi qoyacağam. Bu düşüncə, bu hisslərlə hər şey başlandı.

- Çəkiliş prosesində heç rejissorla aranızda hər hansı bir fikir ayrılığı oldumu?

- Ramil Ağasiyevlə hazırlıq dövründə anlaşmadığımız məsələlər oldu. Mən başqa şey hiss edirdim, o başqa şey görürdü. Tam səmimi deyim ki, bu filmə qədər harda oynamışamsa rejissor “əla, bravo, keçək növbəti səhnəyə” deyirdi. Burda isə tam tərsinə oldu. Necə deyərlər, Ramil Arzunu yaratmaq üçün Zarinanı xəmir kimi yoğurdu. Məşqlərdən sonra ortaq məxrəcə gələ bildik. Sağ olsunlar, Vaqif Əsədovla, Rasim Cəfər də mənə kömək oldular.

- Filmdəki tərəf müqabilin ürəyincə idimi?

- İlk tanış olduğumuz gün yadımdadı. Prodüserimiz Ziyanı göstərib dedi ki, necədi xoşuna gəlir? Cavabında “Xarizmatikdi, amma zövqümdə deyil” dedim. Aktyor olmadığını bilirdim, amma açığını deyim ki, bu günə qədər oynadığım tərəf müqabillərimin heç birindən Ziyadan aldığım enerjini almamışdım. Ən vacib olan da budur, qarşındakı partnyoru hiss edib enerji alasan.

- Filmdəki qəhrəmanla eşq yaşayırsınız. Maraqlıdır həyatda münasibətləriniz necədir, hələ ona aşiq olmamısan ki?

- Yox, Ziya mənim üçün sadəcə, xətrini çox istədiyim, hörmət elədiyim biridir. Hazırda çox yaxşı dostuq.

- Filmdəki öpüş səhnəsi ilə bağlı nə deyə bilərsən?

- Bir söz deyim ki, film həyatda olanların əksidir. Mən aktrisayam və həyatda normal olan hissləri, yaşantıları tamaşaçıya olduğu kimi çatdırmalıyam.

- Çəkilişlər ən çox hansı hadisələrlə yada qaldı? Heç ekstrim vəziyyətlər oldumu?

- Paraşütlə tullandığımız səhnədə olan həyəcanı yaşamamışdım indiyə qədər. Deməli, çəkim az olduğundan külək məni düşündüyümüz çəkiliş məkanına yox, başqa kəndə apardı. Bir də eşitdim ki, aşağıdan hamı qışqırır. Aşağı baxanda gördüm ki, kəndin ümumi elektrik blokunun üstünə uçuram. Həmin anda nə yaşadım bir Allah bilir. Gözlərimi yumub bərkdən gülməyə başladım. Çünki son dəqiqələrim idi. Düz enerji blokunun üstünə düşdüm, kənd camaatının səsi hələ də qulağlımdadı. Nə yaxşı ki elektrik kəsilmişdi. Ayağım bərk əzilmişdi. Amma gözümə bu görünmürdü, təki filmimiz alınaydı.

- Səncə, izləyicilər tərəfindən bu film seviləcəkmi?

- Nə olacağını, tamaşaçıların necə qarşılayacağını bilmirəm. Bildiyim bir şey var ki, biz komanda olaraq bir-birimizə inandıq. Hər birimiz bu filmə ürək qoyduq. Çalışdıq ki, “Arzuların ardınca” kimin üçünsə mübarizə olsun, bir başqası üçün arzularına inam və həyat eşqi ilə yaşamaq olsun.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR