• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Aysel: "Axşamlar “olmaz” dediklərimin sayı artır" - Müsahibə/FOTOLAR

  • Magazin1
  • 18 Aprel 2015 11:30
  • 926 Baxış
Aysel: "Axşamlar “olmaz” dediklərimin sayı artır" - Müsahibə/FOTOLAR

Aysel Əlizadə... Bu ad bir çoxları üçün bəlkə də heç nə ifadə eləmir. Tanıyanlar üçün isə o, hərdən maraqlı layihələri ilə gündəmə gələn gənc müğənnidir.

O, “Yeni ulduz” musiqi yarışının iştirakçısı olaraq burada finala qədər yarışıb. Elə bu yarışla da bəlli bir auditoriyanın tanıdığı gənc müğənniyə çevrilib. Ancaq onun özünə inamı bu kiçik auditoriyaya sığmır. Özünü artıq dünya miqyasında ulduz kimi hiss edən gənc müğənni nəinki səsi ilə, hətta aktrisalıq bacarığı ilə də xariqələr yaradacağına inanır. Azərbaycan rejissorlarına isə özünə inandığı qədər inanmır. Belə ki, musiqi layihələrini reallaşdırdığı Azərbaycan rejissorlarının film təklifinə müsbət cavab verməyəcəyini iddia edir. Bu və digər məsələlərlə bağlı Publika.az-ın suallarını cavablandıran Aysel Əlizadənin müsahibəsini təqdim edirik:

- Bizə bir az yeniliklərinizdən danışın…

- Mənə planlarımı danışmaq düşmür. Həm də alınmayanda adamı yalançı kimi qələmə verirlər. Bu səbəbdən görəcəyim, ya da eləməyi düşündüyüm işlərim barədə elan vermirəm. Məsələn, qışda Murat Dalkılıç ilə konsertim oldu. Bunu əvvəldən deyə də bilərdim. Amma son günə kimi gözlədim ki, dəqiqləşsin. Yalandan vəd vermiş kimi görünməmək üçün susuram. Ancaq bəri başdan sizə yalnız onu deyə bilərəm ki, yay aylarına tamaşaçılara bir sürprizim mütləq olacaq.

- Mütaliəyə nə qədər vaxt ayırırsınız?

- Kitab oxumağı sevirəm. Amma buna vaxt lazımdır. Vaxt tapanda mütləq kitab oxuyuram. Amma internetdən, televiziyadan xəbərləri izləyirəm. Vaxt olduqca hər sahə üzrə elmlə maraqlanmağı sevirəm.

- Həmkarlarınızın aparıcılıq etməsinə necə baxırsınız?

- Uğurlu alınırsa, niyə də olmasın?! Məsələn, elə mən də aparıcılıq üçün bir neçə təklif almışam. Hamısından imtina etmişəm. Çünki bu barədə düşünmürəm. Mən müğənniyəm. Sənətimə vaxt ayırmalıyam. İşimi bir kənara atıb vaxtımın böyük hissəsini aparıcılığa sərf etməyə ehtiyac duymuram.

- Amma müğənnilik fəaliyyətinizdə də bir qədər lənglik hiss olunur…

- Ləng getməyinə, bəli, sizinlə razıyam. Amma bu tənbəllikdən irəli gəlmir. Hər bir işin başında maddiyyat durur. Pul olduqdan sonra işə başlamaq asan olur. Mən yarımçıq işi sevmirəm. Klip çəkilişi xəbəri ilə gündəmə gəlmək üçün ucuz bir iş görməyə çalışmıram. Gördüyün və təqdim etdiyin iş keyfiyyətli olmalıdır. Bu səbəbdən də gec-gec olsa da, səviyyəli olur. Bu səbəbdən kəmiyyət arxasınca deyil, keyfiyyətə üstünlük verirəm.

- Dəbi izləməyi sevirsiniz?

- Məni yaraşanı geyinməyi sevirəm. Amma dəbə uyğunlaşmağa da çalışıram. Çünki dəbə gələn hər üslub bütün geyim dükanlarında satışda olur. Artıq istəsən də, istəməsən də dəbi izləmiş olursan.

- Özünüzə nə kimi “olmaz”lar qoyursunuz?

- Məsələn, gecələr yemək yemirəm. Ümumiyyətlə, axşam saat 6-7-dən sonra “olmaz” dediklərimin sayı artır. Artıq bir ay olar ki, buna tam əməl edirəm (gülür). Novruz bayramı ərəfəsində özümə heç nədə qadağa qoya bilmədim. Hər il belə olur. Hara baxırdımsa, şəkərbura, paxlava görürdüm. Elə buna görə də həmin ərəfədə çəkim də artdı (gülür). Baxmayaraq ki, Novruz şirniyyatından bacardıqca az yemişəm.

- Özünüzü aktrisa kimi sınamaq istərdiniz?

- İstənilən obrazın öhdəsindən gələ biləcəyimi düşünürəm. Amma yetər ki, film səviyyəli olsun.

- Rejissorlarımızın çəkdiyi müasir filmləri bəyənirsiz?

- Tam qane etdiyini deyə bilmərəm.

- Bəs, təklif məhz yerli filmlərdən gəlsə, aktrisa kimi özünüzü sınamaq istərdinizmi?

- Açığını deyim ki, yox, qəbul etməzdim və çəkilməzdim.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR