Vasif Məhərrəmli: ”Qızıma bunu qadağan etmişəm” - FOTOLAR\MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Vasif Məhərrəmli: ”Qızıma bunu qadağan etmişəm” - FOTOLAR\MÜSAHİBƏ

Publika.az-ın qonağı hər zaman geyimi, repertuarı və elə mühafizəkar xasiyyəti ilə də şou əhli arasında seçilən Vasif Məhərrəmlidir. Jurnalistlərdən hər zaman ehtiyat edən və onlardan gen gəzib-dolanan sənətçi bizə ürək qızdırdı.

- Vasif müəllim, ilin-günün bu vaxtında müğənninin səviyyəsini qoruyub saxlaması o qədər də asan məsələ deyil. Buna necə nail ola bilirsiniz?

- Biz səviyyəmizi həmişə qoruyub saxlamaq istəsək də, nə yazıq ki, hərdən bizi səviyyəsizləşdirməyə çalışırlar.

- Yəni?

- Ad çəkməyəcəyəm, təxminən bir-iki həftə öncə bir verilişdə qonaq idim. Çox biabırçı bir veriliş idi, mənə azı min nəfər zəng elədi ki, o verilişə niyə çıxmışdın, sənin yerin deyildi. Mən tutalım, min adama dedim, amma durub doqquz milyon xalqa başa sala bilmərəm axı, məni bura aldadıb gətiriblər. Belə şeylər də var. Buna görə də indiki dövrdə səviyyəni qoruyub saxlamaq çox müşkül məsələdir. İnsan özünü dərk etsə, bilsə ki, hansı ölkədə yaşayır, təmsil etdiyi millət hansı mental dəyərlərə malikdir, onda səviyyəsini qoruyub saxlayacaq. Ağadadaş Ağayev, İzzət Bağırov, Mənsum İbrahimov və digər dostlarım kimi. Bəzən verilişə gedəndə həmin proqrama kimlərin dəvət olunduğunu soruşuram, təəccüblənirlər. Hər halda, mən bilməliyəm ki, hansı verilişdə kimlərlə bərabər oturacağam.

- Siz fikir vermisiniz, bütün aparıcılar hətta ciddi mövzuya həsr olunmuş bir veriliş olsa da, onu şouya çevirmək istəyirlər.

- Razıyam. Reytinq deyilən bir meyar var, amma bu reytinqin də elə adı var. Guya 600 evdə cihaz quraşdırılıb, amma mən hələ bir adama rast gəlmədim ki, evində həmin cihaz quraşdırılsın. Hamı reytinqə söykənərək hər verilişi şouya çevirir. Futbolda 22 oyunçu bir topu qovan kimi, bütün aparıcılar da o topu qovmaqla məşğuldur. Əslində belə olmamalıdır.

- Verilişlərə gedəndə seçim edirsiniz?

- Eləsəm də, hərdən bizi aldadırlar. Gedirik verilişə, görürük ki, veriliş tamam başqa səpkidədir.

- Verilişi yarımçıq tərk etdiyiniz vaxtlar olur?

- Mən o tərbiyənin yiyəsi deyiləm axı, verilişdən yarımçıq çıxım. Hətta o dediyim biabırçı verilişdən sonra irad da tutdular ki, niyə axı o verilişi yarımçıq tərk etmədin. Əslində mən ona görə verilişi tərk etmədim ki, birdən mənə kanal rəhbərliyi el dilində desəm, qadağa qoya bilər. Qətiyyən bundan qorxmuram, sadəcə olaraq, öz tərbiyəm buna imkan vermədi.

- “Ay Zaur” verilişi evinizdə çəkiliş edərkən qonaqlara evinizdə ayaqqabı ilə gəzmələrinə icazə vermədiyinizə görə aparıcı Zaur sizə irad tutmuşdu…

- Çəkiliş zamanı qonağın ayaqqabıda olması normaldır. Çünki ayaqqabısız kostyum da yaxşı görünməz. Xüsusən də qızların boylarında problem olanda ayaqqabılarını çıxarmırlar. Sadəcə olaraq, mən hər şeyin qədrini bilən adamam. Fikirləşdim ki, bir çəkilişə görə döşəmə niyə pis kökə düşsün ki? Mən onlara ayaqqabının altına yapışdırılan vasitə verdim ki, döşəmə xarab olmasın. Əslində onlar ayaqqabılarını çıxarmaq istəyirdilər, mən etiraz etdim.

- Geyimləriniz həmişə xarakterinizi tamamlayıb. Belə görünür ki, nə gəldi əyninə keçirən insanlardan deyilsiniz…

- Yox, mən bir çörək almağa getsəm də belə, formada olmalıyam. Ona görə yox ki, müğənniyəm. Təmiz, səliqəli və gözəl geyinməyi xoşlayıram. Mən öncədən qarderoba baxıb nə geyinəcəyimi götür-qoy edirəm.

- Seçim edərkən daha çox ovqatınız rol oynayır, yoxsa getdiyiniz məkan?

- Getdiyim məkan. Məsələn, mən gündəlik idman üslubuna üstünlük verirəm.

- Həmişə brend geiynirsiniz?

- Brend olsa, daha yaxşı olar. Ancaq düşünürəm ki, brend geyim yaraşmasa, onu geyinməyin mənası yoxdur.

- Geyimdə ən çox nəyə önəm verirsiniz?

- Ayaqqabı və saatları çox sevirəm.

- Çoxdurmu?

- Çox deyil, amma az da deyil.

- Qarderobunuzda ən bahalı geyiminizin qiymətini deyə bilərsiniz?

- Deyərəm e, amma bu cür şeylər insanlarda qıcıq yaradır.

- Burda nə var axı? Hollivud ulduzunun bir çantasını qiymətini normal qarşılayırıq, amma Vasif Məhərrəmlininin bir kostyumunun qiyməti insanlarda qıcıq yaradır?

- Bura Azərbaycandır axı. Son vaxtlar bəzi müğənnilərin özünü doğru-dürüst aparmaması, bir çox şeylər insanlarda müəyyən şeylərə qarşı qıcıq yaradıb. O qıcıq yarandığına görə demirəm. Əgər qıcıq yaratmasa, mən normal şəkildə qiymət açıqlayardım.

- Qarderobda artıq qalan geyimlərin aqibəti necə olur. Adam var əli gəlmir onları kiməsə versin.

- Yox, mən ildə 15-20 kostyumu qohumlara verirəm. Tünd rəngli kostyumları saxlamaq olur. Amma açıq rəngli kostyumları nə qədər saxlamaq olar, buna görə də məcbur olub kiməsə verirəm. Bax, əynimdəki pencəyi bir az geyinib kiməsə verəcəyəm.

- Türkiyənin meqastarlarının dəbdəbəli gecə həyatları var, bizdə necə, qlamur həyat yaşayan müğənnilər varmı?

- Gecə həyatı yaşayan bəzi müğənnilərimiz var. Hətta evi ola-ola kirayə evdə yaşayanlar da var. Guya bunlar gecə həyatı yaşayır. Mənim aləmimdə gözəl həyat tərzin varsa, elə bu, ulduz həyatıdır. İzzət Bağırovla mən yaxın dostam, 15 il bundan qabaq o, mənə dedi ki, maşını niyə dəyişmirsən? Mən ona dedim ki, kişinin birinci evi olmalıdır. Maşını hər dəqiqə almaq olar. Bu söz indi də onun qulağında sırğa kimi qalır. İzzət həmişə deyir ki, həmin sözlərlə Vasif məni ayıltdı. İzzət onda cavan idi, bəlkə, heç ev barədə düşünmürdü. Küçədə avara-avara gəzmək ulduz həyatı yaşamaq demək deyil. Ulduz həyatı budur ki, mənim çox gözəl yataq otağım olsun, yataq otağımda cakkuzim var və s. Mən ulduzsayağı qalxım yatağımdan, xalatımı geyinim və televizora baxım, mənim üçün ulduz həyatı budur, nəinki küçədə avaralanmaq.

- Belə başa düşürəm ki, evə bağlı adamsınız?

- Bəli, evə və ailəyə, ocağa bağlı adamam. Ailə deyəndə təkcə öz ailəmi, uşağımı nəzərdə tutmuram, bacım, qardaşım və qohumlarım da bu sırada gəlir. Mən yeyim, qardaşım durub baxsın, o tikə boğazımdan keçməz.

- Yəni qardaş-bacınıza da əl tutursunuz?

- Əl tutmuram e, hər şey mənlikdir.

- Bu, hərdən sizi yormur ki?

- Təbii ki, hərdən yorulursan, amma yorulan vaxtında düşünürsən ki, bəlkə də, Allah onların ruzisini da sənin əlinlə yetirir.

- Sənət adamlarından kimlərlə dostluq edirsiniz?

- Ədalət Şükürov, İzzət Bağırov, Manaf Ağayev, Nadir Qafarzadə…

- Heç dost xəyanəti ilə qarşılaşmısınız?

- Ciddi nəsə olmayıb.

- Yəni kinli adamsınız, qırılanda birdəfəlik salam-əleyki kəsirsiniz?

- Bəli, kinli adamam. Amma nə qədər kinli adam olsam da, o həddə gəlib çatdıran olmayıb. Mən yola tez-tez çıxan adamam. Məsələn, yolda Ədalətin kaprizi olub, dözmüşəm, bəlkə də, o, mənim kaprizimə dözməzdi. Bəlkə, mənim də kaprizim olub.

- Deyəsən, ailədə mühafizəkarsınız. Çünki bəziləri kimi evinizin içini - ailənizi efirdə nümayiş etdirənlərdən deyilsiniz…

- Bəli, mühafizəkaram. Müğənni ictimailəşmiş adamdır. Təbii ki, mənim evim, ailəm, maşınım hamı üçün maraqlıdır. Amma yenə də gəldik mental dəyərlərə. Bu qısqanclıq deyil e, amma cavan bir ailənin xanımının, bacısının, həddi buluğa çatmayan bir qızının efirdə görünməsinin əleyhinəyəm. Məsələn, hamı bilir ki, mən ailəmə və qızıma düşkün biriyəm. Qızım Əfşanın 13 yaşı var, heç özü də efirdə görünmək istəmir.

- Ata kimi Əfşana sərt qadağalarınız var?

- Təbii ki, var. “Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir”. Bu qadağa bir baxışla da ola bilər, bir kəlmə sözlə də, danlamaqla da.

- Məsələn, qadağalardan birini deyəsiniz, bəlkə?

- Qızıma sosial şəbəkədə olmağı qəti şəkildə qadağan etmişəm.

- Daha deyin telefonuna da nəzarət edirsiniz də?

- Yüz faiz… Çox vaxt telefonu onun əlindən alıb seyfə atıram və deyirəm ki, dərsinlə məşğul olmalısan.

- Yəqin ki, ailə qurarkən də seçiminə müdaxilə edəcəksiniz?

- Hər şeyə müdaxilə edəcəyəm, çünki “qızı özbaşına qoysan, ya halvaçya gedər, ya zurnaçıya”.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm