İlyas Tapdıq: "Həkimlər dərdimə əlac tapmır" - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

İlyas Tapdıq: "Həkimlər dərdimə əlac tapmır" - MÜSAHİBƏ

Çoxdandır ki, xalq şairi İlyas Tapdıq səhhətində olan problemlərdən əziyyət çəkir. Şair xəstəxanaya yerləşdirilməsə də, ev şəraitində həkim nəzarəti altında müalicə alır.

Publika.az şairlə hal-əhval tutub.

- İlyas müəllim, necəsiniz, eşitdik naxoşlamısınız...

- Elə yorğan-döşəkdəyəm. Çoxdandır ki, bu xəstəlik mənə evdən bayıra çıxmağa imkan vermir. Bir müddət xəstəxanalarda müalicə aldım, axırda bezdim. Mən təbiət, çöl-bayır adamıyam, xəstəxanada qalmaq mənim üçün elə ölməyə bərabərdir. Fikirləşdim ki, xəstəxanada əziyyət çəkməkdənsə, elə evdə müalicəmi davam etdirim. Havalar qızsa, bəlkə, mən də çölə-bayıra çıxaram, eynim açılar.

- Bəs niyə xəstə olmağınız barədə danışmırsınız ki, bizim də xəbərimiz olsun… Axı siz təkcə özünüzə məxsus deyilsiniz, xalqın şairisiniz…

- Durub hamıya car çəkən deyiləm ki, xəstəyəm. Hamının diqqətini özümə çəkim, hay-həşir salım... Belə şeylər mənim xasiyyətimə yaddır. Hamının dərdi-səri var. Üstəlik, mən də dərdimi onlara niyə yükləyim ki?

- İlyas müəllim, siz sıradan biri deyilsiniz axı, biz hamımız sizin şeirlərinizlə böyümüşük…

- Sağ olun ki, məni yad edirsiniz, elə quru xoş söz məni göylərə qaldırır.

- Həkimlər nə deyir, diaqnoz qoyublarmı?

- Onların dediyinə görə, ciddi xəstəliyim yoxdur. Yadınızda olar-olmaz bilmirəm, keçən il bərk xəstələnmişdim. Bir neçə ay Kliniki Tibbi Mərkəzin kardiologiya şöbəsində müalicə aldım. Hətta səhhətim o qədər kritik idi ki, reanimasiyada qalırdım. Amma sonradan vəziyyətim düzəldi, özümə gəldim.

- Onda yenə də narahatlığınız ürəyinizdən idi?

- Əslində heç vaxt ürəyimdən şikayətim olmayıb. Ürək ağrısı nədir bilməmişəm, mənim evimi yıxan soyuqlar oldu. Qocalıq da öz sözünü deyir. Yaş o yaş da deyil. Bir neçə dəfə qripə yoluxdum, xeyli vaxt yorğan-döşəkdən qalxa bilmədim. Həkimlər də məni sağaltmaq əvəzinə lap da heydən saldılar.

- Neylədilər ki?

- Firma dərmanlarını yazdılar, mən də ağına-bozuna baxmadan qəbul etdim. Bir onda gördüm ki, yaxşılaşmaq əvəzinə günü-gündən geri düşürəm. Həkimlər dərdimə əlac tapmır.

- İnşallah düzələrsiniz, siz güclü insansınız, bir xəstəlik nədir ki, İlyas Tapdığın qəddini əyə bilsin…

- (gülür)

- Hələ bir deyin görək, təbiniz yerindədirmi, təzə şeirlər doğulurmu?

- A qızım, 81 yaşında şairdə təb qalar? O, əvvəllər idi, təbim soruşmadan gəlirdi, gecə-gündüz yazırdım. İndi də şeirlər yazıram e, amma ara-sıra. Əvvəllər böyük poemalar yazırdım, enerjim çox idi. İndi daha qocalıq imkan vermir, təbim də qaçıb.

- Heç çap etdirirsiniz o şeirləri, biz də oxuyub zövq alaq?

- “Ədəbiyyat” qəzetinin rəhbərliyi sağ olsun, ara-sıra çap edir.

- “Ədəbiyyat” qəzetindən söz düşmüşkən, Yazıçılar Birliyindən heç sizinlə əlaqə saxlayıb, hal-əhval tutanlar olur?

- Heç bəlkə də, xəstə olmağımdan xəbərləri yoxdur.

- Niyə xəbər eləmirsiniz ki?

- Xəbər edib, nə deyəcəyəm ki?

- Dostlarla əlaqə saxlayırsınız?

- Hanı dostlar, indiyə dost qalar? 81 yaşım var, dostlar çoxdan köçünü çəkib gedib. Qalan bir Nəriman Həsənzadədir, o da ayağını sındırıb. Elə telefonla zəngləşirik, dediyinə görə heç işə də gedib-gələ bilmir. Dost yaxşı şeydir, insan dərdini danışır, sözünü deyir, yüngülləşir. Ürəyim çox doludur, amma danışmağa dost tapmıram.

- Fikrət Qoca da xəstədir, bir müddət öncə, Türkiyədə müalicə alıb qayıtdı…

- Hə, ondan da xəbərim oldu. O da evdən bayıra çıxa bilmir, həkimlərin nəzarəti altındadır. Cəmi bir-iki dost qalmışıq, hamımız da xəstəliklə əlləşirik.

- Cavan şairlər heç sizinlə maraqlanır?

- Hansı cavan şairləri soruşursan?

- Təzə-təzə yazanları. Ümumiyyətlə, yeni yazarlardan kimləri tanıyırsınız, bəyəndiyiniz şair, yazıçı varmı?

- Sözün düzü, cavan şairləri oxumuram, nə də maraqlanmıram. Elə tədbirdə-zadda olanda kitablarını bağışlayanlar olurdu, onda bir-iki sətrinə baxmışam. Belə xoşuma gələn yoxdur.

- Qızınız Şəbnəm xanım necədir?

- Salamı var. Elə səninlə danışıram, Şəbnəm başımın üstündə dayanıb. Deyir ki, yeməyini ye, soyuyur. Şəbnəm mənə çox qayğı göstərir, həkimə aparır, həkimdən gətirir, dava-dərmanımı alır. Üstümdə əsir. O, mənə həm qızdır, həm də oğul. Bir azdan məni xəstəxanaya aparacaq, görək həkimlər nə deyəcək?

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm