Məşhur rejissor: “Toydan qabaq nişanlım dedi ki...” - FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Məşhur rejissor: “Toydan qabaq nişanlım dedi ki...” - FOTOLAR/MÜSAHİBƏ

Həmsöhbətim Şahin Zəkizadədir. Bir vaxtlar Azərbaycanda çəkilən ən bahalı kliplərin rejissoru. Uzun müddət şou aləmdə görünmədi. Bu yaxınlarda isə “Yüz kağız” adlı yeni filmi ilə gündəmə gəldi. Artıq film çəkilişləri ilə məşğul olacağını deyən Zəkizadə istisna hallarda klip çəkəcəyini bəyan etdi.

Publika.az-a müsahibə verən Şahin Zəkizadə şəxsi həyatından da danışdı.

- Vaxtilə şou-biznesdə ən bahalı kliplərin rejissoru kimi tanınırdın. Amma şou aləmdən qəfil uzaqlaşdın, niyə?

- Səbəblər vardı. Sənəti olmayan yeni müğənnilərin meydana gəlməsi məni klip bazarından uzaqlaşdırdı. Amma bunu hər kəs bilir ki, həmin vaxtda səsi və sənəti olan müğənnilərlə işləmişdim.

- O dövr üçün ən bahalı klipi hansı müğənniyə çəkmişdin?

- Xalq artisti Faiq Ağayevə. Animasiya klipi idi və həmin ərəfədə çox böyük maraqla qarşılandı. Azərbaycanda ilk və son animasiya klipini mən çəkdim. On il əvvəl o klipi 7 min dollara çəkmişdim. 7 min dollar həmin dönəm üçün kifayət qədər böyük məbləğ idi.

- Bir vaxtlar Kənan.M.M bir daha klip çəkməyəcəyini bəyan etdi. Amma sonradan yenidən kliplər çəkdi. Sən necə, vədinə xilaf çıxmayacaqsan ki?

- Mən əslində vəd verməmişəm ki, bir də klip çəkməyəcəyəm. Bu yaxınlarda gənc müğənni Çingiz Mustafayevin ifa etdiyi “Ad günü” adlı bir mahnıya klip çəkdim. Demək istəyirəm ki, həm səviyyəli müğənnilərə kliplər çəkəcəyəm, həm də yeni yaratdığımız şirkətdə film və serial istehsalı ilə məşğul olacağıq.

- Elə bir müğənni varmı ki, ona klip çəkməzsən, hətta yüksək məbləğdə qonorar ödəsə də belə?

- Sənəti olan müğənni ilə işləyəcəyəm. Mənim pula münasibətim fərqlidir. Baxış bucağıma görə pul hər şey deyil.

- Yeni çəkdiyiniz “100 kağız” filmindən danışaq. Hesab edirsiniz ki, bu film kinoteatrlarda nümayiş olunan zaman yaxşı qazanc gətirəcək?

- Bu filmdə işləyən komanda yüksək qonorar almayıb. Sadəcə olaraq, bizim yeni yaratdığımız şirkətin missiyası bundan ibarətdir ki, dirçəliş dövrü yaşayan kino sənayesini inkişaf etdirək. Qazanc da önəmlidir, amma bizim üçün birinci deyil. Ancaq sonda da deyil.

- Sizcə, bu film tamaşaçını kinoteatra daha çox nəyə görə gətirəcək?

- Burda bir tandem var. Yaşlı nəsillə gənc nəslin birliyini nəzərdə tuturam. İnsanlar çoxdan görmədikləri aktyorları yeni ab-havada görəcəklər. Bu filmdə müasir kino üslubundan istifadə olunub. Montajdan tutmuş qrafikaya qədər.

- Filmdə, bildiyimiz qədər, maraqlı improvizələr var. Aktyorların bu improvizələrə münasibəti necə oldu?

- Filmdə 52 aktyorla işləmişəm. Hətta taksi sürücüsü kütlədən biri deyildi, filmdə peşəkar aktyor idi. Hamısı ilə böyük zövqlə işləmişəm.

- Xanımınıza da filmdə rol vermisiniz…Amma bildiyim qədər, o, peşəkar aktyor deyil.

- Mən eyni zamanda Mədəniyyət və İncəsənət universitetində tələbələr hazırlayıram. Bunun üçün xanımımla işləmək mənə çətinlik yaratmadı. Çünki onu qabaqcadan hazırlamışdım. Artıq çəkiliş meydançasında çaşıb qalmadı, bir baxışımla hər şeyi anladı.

- Onu filmə çəkmək sizin, yoxsa, xanımınızın istəyi idi?

- Açığı, mənim istəyim oldu. Filmdə bir dilənçi obrazı var. Əslində dilənçi də deyil e, imkansız bir qadındır. Uşağı deyir ki, ana, mən acam. Amma qadın heç bir reaksiya vermir, əl açmır. Bunu görən bir səfil öz almasını gətirib ona verir. Mən fikirləşdim ki, bu obrazı öz xanımıma həvalə edim.

- Gələcəkdə çəkəcəyiniz filmlərə xanımınızı dəvət edəcəksiniz?

- Xanımım hicablı olduğuna görə, imkanları məhduddur. Amma hicablı bir qadın obrazı olsa, onu çəkəcəyəm.

- Yeri gəlmişkən, xanımınız hicaba keçərkən sizinlə məsləhətləşdi?

- Əslində biz ailə qurmamışdan qabaq mən ona İslamın qayda-qanunlarını izah etmişəm. Toydan qabaq nişanlım mənə dedi ki, yeni evimə hicablı qadın kimi daxil olmaq istəyirəm. Mən də heç bir narazılığımı ifadə etmədim, nə də təhdid etmədim. Əksinə, onun bu addımını xoş qarşıladım.

- O xanımda ən çox diqqətinizi çəkən nə oldu ki, evlənməyə qərar verdin?

- Ürəyiyumşaqlığı, qayğıkeşliyi. Səbinə əvvəllər model biznesində çalışıb. Mən model biznesi ilə məşğul olan xanımları tanıyıram, çox kaprizli olurlar. Bir ilə yaxındır ki, evliyik, amma mən Səbinədə kapriz görmədim. Əksinə, ailə dəyərlərinə hörmətlə yanaşan sadiq bir həyat yoldaşıdır. Bu yaxınlarda da, inşallah, övladımız dünyaya gələcək.

- Ailədə kimin sözü keçir?

- Mənim zahiri görkəmimə baxanda, sizcə, kimin sözü keçməlidir?

- Yəni?

- Əlbəttə, mənim.

- Əsl Azərbaycan kişisi kimi əlinizi masaya vurub "mən deyən olmalıdır" deyirsiniz?

- Əlimi masaya vurmuram, amma hesab edirəm ki, kişinin evdə nüfuzu olmalıdır. Ailənin əsas sütunu kişinin üzərində qurulur. Bu danılmaz faktdır və tarixən belə olub. Amma mən çox demokratik fikirli bir kişiyəm. Bunu Səbinə özü də təsdiq edə bilər.

- Bildiyimiz qədər, Səbinə ilə evlənməzdən öncə də evli olmusan…

- Bu, mənim üçüncü evliliyimdir.

- Səbinə ilə evlənəndə artıq xanımlara etibarınızı itirməmişdiniz ki?

- Mən incəsənət adamıyam və bu sahədə olan istənilən peşə sahibi nədənsə, ilham pərisi alır. Mən də ailədən ilham alıram. Təəssüf ki, bundan öncə qurduğum iki ailə dağıldı. Bu ailənin möhkəm olacağına isə inanıram.

- Səbinə ilə ailə quranda şərtləriniz olmadı ki? Çünki artıq iki ailəniz dağılmışdı.

- Yaxşı bir fraza var: İki sevən insan o demək deyil ki, dayanmadan bir-birinə baxmalıdır. İki sevən insan yetər ki, eyni nöqtəyə baxsınlar. Bizim baxış bucağımız üst-üstə düşür. Bir-birimizi anlayırıq, başı düşürük. Həmişə çalışmışam ki, sadiq həyat yoldaşı olum.

- İki ailənizin ikisi də eyni səhv üzündən dağıldı?

- Ailə dövlətin balaca maketidir. Bəzən elə məqamlar yaranır ki, iki insanın ayrılması daha yaxşı olur, nəinki bir yerdə yaşaması.

- Əvvəlki xanımınızdan övladınız vardımı?

- İkinci evliliyimdən bir qızım var, 6 yaşında. İkinci həyat yoldaşım da hicablı xanımdır və mənim indiki xanımımla rəfiqə kimidirlər. Mən də onunla dost kimi ünsiyyətdəyəm. Qızım Səbinəyə ana kimi münasibət göstərir və deyir ki, mənim iki anam var.

- Səncə, ailənin uzunömürlü olmasının şərti nədədir? Bunun bir resepti varmı?

- Məncə, insan elə yaşamalıdır ki, bu günü dünənə bənzəməsin. Adiləşmək ailəni bir qədər soyudur.

- Tez bezən insansan, deyəsən?

- Yox, tez bezən adam deyiləm. Amma insan bir-birinə stimul verməlidir. Əgər insan dünən hirslənibsə, o hirsi bu günə gətirməməlidir. Dünən səhv edibsə, bu gün o səhvinə görə üzr istəməməldir. Dünən dünəndə qalmalıdır, bu günün dadını çıxarmalıdır. Həyatı rəngarəng yaşamaq lazımdır.

- Şou aləmdə dostluq etdiyin həmkarlarınız varmı?

- Əlbəttə var. Rejissor Kənan M.M, Aqil M.Quliyev, Samir Kərəmoğlu…

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm