“Adın yadımda deyil artıq, adını deməyə də bilərsən” - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin1

“Adın yadımda deyil artıq, adını deməyə də bilərsən” - FOTOLAR/VİDEO

Bir neçə il əvvəl mənə “AiD kimdir” sualını versəydilər, cavabım çox sadə olardı: “Əfsanəvi HOST qrupunda ən təsirli, ən qəhərli, ən qüssəli cümlələrin sahibi”.

İndi isə... Cavab üzərində bir az düşünməli olacam... Onu ifadə eləmək üçün bir kəlmə yetməyəcək...

Çünki o əfsanəvi HOST qrupu dağıldı. AiD də qrupun əksər üzləri kimi solo karyerasını qurdu və burada da uğur qazandı. Onu tanıyanlar bilir ki, yaradıcılığında əvvəlki sentimentallığını qoruyub saxlasa da, solo ifalarında daha kəsərli cümlələrin sahibi kimi çıxış edir.

AiD – yəni Orxan Zeynallı bu günkü məşhurluğunu və uğurlarını məhz iti fikirləri ilə qazanıb. Əlbəttə ki, söhbət ağıllı, savadlı, məntiqli və düşündürücü tənqiddən gedir.

Aprelin 26-da onun çoxdan gözlənən konserti vardı... Hamı – AiDin bütün gənc pərəstişkarları Bakı Caz Mərkəzinə yığışmışdı. Hər kəs foyedə dayanıb həyəcanla çoxdan gözlənən konsertin başlanmasını gözləyirdi.

Konsertin başlanmasına isə sayılı dəqiqələr qalırdı...

Elə bu dəqiqələrdə ağlıma bir fikir gəldi. Sən demə, konsert həyəcanı təkcə səhnəyə çıxacaq ifaçıda olmurmuş. Sevimli ifaçısını dinləməyə gələnlərin də gözlərindən həyəcan oxunurdu. Foyedə sanki üsyankar bir ruh dolaşırdı.

Axı, AiDin mahnıları da üsyankar ruhun bədii təcəssümüdür. Gənc reper ifrat mürəkkəbliyə varmadan orijinal fikirləri sadə dillə dinləyiciyə çatdırmağı bacarır.

... AiDi həmin gün həmkar dostları da tək qoymamışdı. Konsertə gələnlər arasında Elmir Məhərrəmov, MC Murad, Promete, o cümlədən Dilarə Kazımova, Elnur Mərdanov, Pərviz Qasımov da var idi. Üstəlik, zalda nə bir boş yer gözə dəyirdi, nə də ki, satılmamış bir bilet qalmışdı.

Zalda hər kəs öz yerini tutandan sonra səbirsizliklə AiDin səhnəyə çıxmasını gözləməyə başladıq. Deyəsən, bu həsrət hələ uzun çəkəcək. Çünki səhnəyə AiD yox, onun duet ortağı Tomris çıxdı. Musiqiçilərlə birgə səhnəyə daxil olan Tomris qonaqları “No Doubt” qrupunun “Dont Speak” koveri ilə açdı. “Im coming home”, “Lose yourself” mahnılarının koveri gecəni davam etdirdi.

Və nəhayət... gecənin səbəbkarı - AiD səhnədədir. O, tamaşaçıları konsert üçün xüsusi yazılmış sözlərlə açdı.

Beləliklə, sehrli, sürprizlərlə dolu gecə başladı...

AiD onu dinləməyə gələnləri dolğun və yığcam fikirlərlə salamladı:

“Gəldiyiniz üçün çox sağ olun. İnanıram ki, konsertin irəliləyən dəqiqələrində abı-hava, dinamika istənilən səviyyəyə qalxacaq. Hə, bir də mahnının sözlərini yaddan çıxarmayacağıma söz vermirəm. Unutduğum yerlədə siz mənə kömək edərsiniz”!

Hər halda, sözünü treklərində deməyə üstünlük verən bir sənətçidən uzun və yorucu təşəkkür nitqi gözləmirdik də... Onsuz da gecə boyu 20-dən çox treki canlı oxumalı idi.

Düzdür, hansısa trekin sözünün yadından çıxmasında da qeyri adi bir şey yoxdur. AiDin bu sözləri, əslində, konsertə gələnləri passiv yox, aktiv tamaşaçı qismində görmək istəyindən xəbər verirdi. Elə də oldu. Tamaşaçıları sübut elədi ki, o sözləri yaddan çıxarsa da, hamı mahnını bilir... Aid unudanda tamaşaçısı davam elədi. Bir sözlə, qəhrəmanlarını pis vəziyyətdə qoymadılar.

Ancaq bu təcrübə bəzi gerçəklikləri üzə çıxardı. Məsələn, məncə, növbəti konsertlərində sözləri əzbərləməklə bağlı problem yaşamamaq üçün treklərin sayını azaltmaq üzərində düşünməyə dəyər.

Tamaşaçısı kimi elə AiD də həyanacanlıydı... Baxmayaraq ki, bu, onun ilk konserti deyildi. Sevimli repçimiz həyəcandan yaranmış çaşqınlığını heç cür gizlədə bilmirdi. Buna baxmayaraq, o, bizim dövrlə bağlı onu narahat edən hansısa mövzuları, mənəvi eybəcərlikləri, kədərli həqiqətləri, bir sözlə, ürəyində olan bütün sözlərini çatdıra bildi. Bu da, məncə, konsertdə yaşanan bütün çatışmazlıqlardan daha vacibdir.

“Bəlkə də nə vaxtsa” treki zalda hər kəsi romantik duyğulara qərq elədi. Mahnının sözləri, musiqiçilərin ifası ilk saniyələrdən hamını öz təsiri altına aldı. Zalda yaranan sakitlik o dəqiqələrdə hamının məhəbbət bağçasında bihuş olduğunu, hərənin öz nakam sevgisini yada saldığını göstərirdi:

Çox ağladı gözlərim, buz bağladı əllərim

Bu şəhərin yalanlarında eşidilmədi sözlərim

Misralarını AiDlə, Tomrislə birgə oxuyan hər kəsin səsi titrəyirdi...

Sıradakı “Verdiyim sözlər” trekidir. Bu mahnı ilə zalda həyəcan bir qədər az da artdı.

Daha sonra AiDlə Tomris “Həyatın özü”ndən danışdılar və bu çıxış konsertin ən gözəl hissəsi oldu.

İnsana nostalji hisslər təlqin edən mahnılardan sonra “Satılmış səhnələr” treki ortamı daha da coşdurdu. Tomrisin müşayiəti isə mahnıya spesifik rəng qatırdı.

“Yaş gəlir” treki ilə AiD gün keçdikcə qocaldığımızı üzümüzə vurdu. Yaş üstə yaş gəlməsi həyatın bir qanunauyğunluğudur, buna etiraz edə bilmərik, əsas odur ki, hisslərimizə qış gəlməsin...

“Yaş gəlir” treki ilə zaldakıların fəallığı bir qədər də artdı.

Nəhayət, mənim ən bəyəndiyim trekə növbə çatdı... Söhbət “Yadımda deyilsən” trekindən gedir.

Hər kəsin həyatında baş verənlərlə uyğunluq təşkil edən, ruhuna yaxın hiss etdiyi, onunla harmoniya təşkil edən bir mahnısı var. Hansı ki, bəzi həssas anlarında məhz onu dinləməyə ehtiyac duyursan. Minlərlə mahnı arasından onu tapandan sonra isə sanki hər şey dəyişir. Fəsli o mahnı ilə başa vurursan, ilə onunla başlayırsan... Telefonda, “play list”-dəki mahnılar arasından barmaqlar olaraq məhz həmin mahnını axtarıb tapır. Dəfələrlə dinləsən də, qulağın yenə o mahnını tələb edir...

Bu mahnı mənim üçün də məhz belə oldu... Sonuncu payızım, ötən qışım “Yadımda deyilsən”-lə yaddaşımda qaldı.

Yeri gəlmişkən, bu mahnıya klip də çəkilib. Klipi konsertin ikinci hissəsində nümayiş etdirdilər. Heç bilirsiniz klipdə kim çəkilib?

Bu barədə aşağıda ətraflı oxuyacaqsınız. Hələlik isə klipə qədərki mahnıları nəzərdən keçirməyə davam edək.

Konsertdə HOST qrupunun fəaliyyəti dövründə yazılmış, dillər əzbəri olmuş “Bir hostçunun həyatı” da səsləndirildi. Bu trekin nəqarət hissəsində AiD dinləyicilərinin nə qədər sədaqətli olduğunu sınağa çəkdi. AiDin dili ilə desək, zalın haradasa 64,7 faizi treki son sözlərinə qədər əzbər oxuya bildi. Beləliklə, pərəstişkarlar bu sınaqdan da üzüağ çıxdı.

Daha sonra “Uzaqlardan məktub”, “Çağırdım”, “Ürəyimin səsi”, “Ən ətirli”, “Vecsiz” trekləri alqışların müşayiəti ilə səsləndirildi.

Mahnıların ifası zamanı AiDin zalla dialoqları, zarafatları, mimika və jestləri hər kəsə pozitiv enerji ötürürdü.

Ancaq AiD danışmaqdan çox oxuyurdu. Özü də gözlərini bərk-bərk sıxıb sanki bütün gücünü toplayıb oxuyurdu. Onsuz da qaranlıq olan məkanda bütün konsert boyu gözlərini yumaraq oxuması hər halda mahnılarının təsiri idi.

Gözləri yumub oxuması bəzən o qədər cəlbedici görünürdü ki, mahnının sözləri ikinci plana çəkilirdi. Bu zaman AiDin səsi oxuduğu mahnıların məzmunundan daha ağrılı olur, zala daha nüfuzedici təsir göstərirdi.

AiD səhnədə gözübağlı olsa da, bu, ona ətrafda baş verənləri hamıdan yaxşı görməyə və qavramağa mane olmurdu.

Konsertdə AiDin ən çox dinlənilən mahnılarından başqa, gözlənilməz duetlər də səsləndirildi. Birinci hissə “Qurtul” treki ilə bağlandı. Bu trekdə səhnəni AiDlə birlikdə Promete bölüşdü. HOST-un dağılmasını indiyə qədər həzm edə bilməyən fanat ordusu AiDlə, Prometenin birgə çıxışını coşğu ilə qarşıladı. Birinci hissədə səslənən bütün mahnıları oturaq dinləyən qonaqları ayağa qaldıran trek, deyəsən, ifaçılarının da həyacanlandırdı. Hətta Promete də bir neçə yerdə sözləri çaş-baş saldı. Mahnı bitəndən sonra isə çaşqınlığını uzun müddət konsert verməməsi ilə əlaqələndirərək zalda oturan ustadları - Elmirlə, Mc Muraddan buna görə üzr istədi.

Konsertin sürprizlərlə dolu olan ikinci hissəsi daha yadda qalan keçdi. İkinci hissənin başlanğıcında, yuxarıda da qeyd etdiyim kimi, “Yadımda deyilsən” klipinin premyerası oldu. Ekranda HOST-un daha bir eks üzvünün görünməsi ilə hamının yerindən “Felon!” qışqrıması və alqışlaması bir oldu. Əvvəlki HOST qrupu üçün darıxdığını heç cürə gizlədə bilməyən qonaqlar hisslərini “HOST” qışqıraraq, alqışlarla ifadə etdilər.

Klipdən sonra AiD “Birotqalı ev”, “Nağıl”, “Ürəyimin səsi” treklərini oxudu. Növbəti nömrə “U.U.A.A” treki idi. “U.U.A.A” AiDin ən sərt çıxışı oldu. Bax, bu treklə reper zala fantastik adrenalin ötürdü.

Digər trek qonaqları, sözün əsl mənasında, təəccübləndirdi. Beləki, AiD-in Felonla birlikdə oxuduğu yeni treki konsertin kulminasiya nöqtəsi oldu.

HOST-un yarandığı ilk illərdə qrupda fəaliyyət göstərən Felon zalın qışqırtılarından, hay-küyündən, deyəsən, təşvişə düşmüşdü. Səhnə fəaliyyətinə son verməsinə baxmayaraq, insanların onu ayaq üstə qarşılamasına normal reaksiya verib, həyəcanını cilovlamaqda çətinlik çəkirdi. Əgər Felon ona edilən alqışlara skeptik yanaşırsa, hərdən bir təzə trek yazdırıb hələ də saxlaya bildiyi auditoriyasını yoxlaya bilər.

Konserti “Hekayəm”, “Biz insan deyilik” albomundan olan “Yarımçıq həyat”, həmçinin “Karusel”, “İlk Bahar”, “Mavi Qızılgüllər”, “Gəl gedək” kimi sentimental treklər davam etdirdi.

Ürəklərdə və beyinlərdə iz qoymuş mahnıları hamının birağızdan oxuması konsertə və mahnılara görə minnətdarlıq hissinin təbii ifadəsi idi.

“Kim inandı, kim yox?”

Gecənin ən böyük sürprizini AiD finala saxlamışdı. “Kim inandı” treki başlayanda zaldakı pıçıltılardan anladım ki, heç kim Camalın səhnəyə çıxacağına inanmır. Amma “cənnətdə oturub Kafka ilə çay içən” Camal Əlinin könlü köhnə dostunun bu treki tək oxumasına razı olmadı. Camal Əli bu konsertə videoçarxla da olsa, qoşuldu. Özü də hər zamankı ampluasında.

Məhz konsert üçün hazırlanmış videoçarxdan görünürdü ki, Camal Əli cənnət kimi yaşıllığın bol olduğu bir yerdə istirahət edir. Düzü, Camal Əlini sevənlər üçün onun harada olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, sağ-salamatsan... Ancaq çalış ki, bir də Sibir tərəflərə yolun düşməsin. Və imkan olanda mötəbər fanatlarını yeni mahnılarla sevindir...

Qrupun dağılma səbəbləri haqqında danışmağı xoşlamayan eks üzvlərin səhnədə birlikdə çıxış etməsi həqiqətən də sevindirici hal idi. Ümid edirəm ki, belə konsertlərin ardı da gələcək...

Konsertin ən xoşuma gəlməyən yeri sağollaşmaqdır! Xüsusən də, konsert hədsiz dərəcədə xoşuma gəlibsə...

Konsertin son dəqiqələrində “Biz insan deyilik”, “Vecsiz” trekləri səsləndi. Digər konsertlərdən fərqli olaraq, burada mahnı bitməmiş nə foyeyə tələsən, nə də ki, zalı tərk etmək istəyən var idi.

Mahnılar o qədər sürətlə oxundu ki, 3 saatdan çox davam edən konsertin nə zaman başlayıb, nə zaman bitdiyini tamaşaçılar hiss etmədi. AiD həm ifası, həm qeyri-standart performansı, həm səmimiyyəti, həm də zirəkliyi ilə bütün zalı ələ alaraq konsertə gələnlərə həyatlarının ən gözəl həftəsonunu yaşatdı... Tamaşaçılar AiDin göstərdiyi performası layiqli şəkildə qiymətləndirib onu alqış və nidalarla yola saldı...

Musiqiçilərlə, AiD səhnəni tərk etsə də, sonuncu trekin nəqəratını

Yüz sədd var yollarımda, düz, səhv var mənim ağlımda

Ayaqlarımda hələ güc var, zirvəyə tərəf sürünməyə yetər – zümzümə edənlər vardı.

Ey, tamaşaçı, sənə də sözüm var...

P.S Konsertlə bağlı təəssüratlarımdan əlavə, tamaşaçılara da bir neçə iradımı bildirmək istərdim. Birincisi, konsertə getmək doyunca əylənmək və oynamaq deməkdir. Ona görə də, konsert boyu içinizdə yığılıb qalan duyğuları, enerjini boğub özünüzə əzab verməyin. Mahnıları hamı ilə birlikdə ucadan, qışqıraraq oxumağa, hisslərinizi göstərməyə çəkinməyin. Əmin olun ki, buna görə sizi heç kim qınamayacaq.

Reperin konsertinə ayağında 9 sm-lik hündürdaban ayaqqabılarla gələn qızlar! O yaraşıqlı sevgilinizin canına and olsun ki, gözəlliyinizə zərrə qədər şübhə etmirik. Çəkici görünmək üçün templi mahnıların çoxluq təşkil etdiyi reperin konsertinə hündürdaban ayaqqabı geyinib gəlmək vacib deyil. Üstəlik, sizi milyon faiz inandıra bilərəm ki, idman ayaqqabılarında da gözəl və çəkici görünmək mümkündür. 3 saat ayaq üstə dayanacağınızı bildiyiniz halda, o hündür ayaqqabıların zərurətini anlaya bilmirəm, anlamaq da istəmirəm. İnciməyin, amma özünüzə bir cüt idman ayaqqabıları, ən azından altı düz ayaqqabı alsanız, yerinə düşər. Hətta özümün ehtiyatda olan ayaqqabılarımdan da təklif edə bilərəm. Təki 2-3 saat ərzində xanımların ayaqüstə onlara dözmək məcburiyyətində qaldığını görməyim... Qarşıdan yay, deməli, çoxlu konsertlər gəlir. Hər ehtimala qarşı alın, lazımınız olar.

Aytən

Foto və video: Elnur Damğa, Bali Bağırlı, Samir Atabəy

Oxumağa davam et
Reklam
Reklam

Gündəm