Amaliya: "Avropa Oyunları sülhsevərliyimizin təbliğidir"
Bizi izləyin

Magazin1

Amaliya: "Avropa Oyunları sülhsevərliyimizin təbliğidir"

“Bakı-2015” Birinci Avropa oyunlarının ilk dəfə olaraq Azərbaycanda keçirilməsi idman sahəsində çalışanlarla yanaşı, mədəniyyət və incəsənət sahəsinin təmsilçilərini də məmnun edib. Bu cür mötəbər tədbirin məhz ölkəmizdə baş tutması çoxumuzu qürurlandırır. Bu hissi xalq artisti Amaliya Pənahova da yaşayıb:

“Dünyaya tanınırıq. Çox gözəl hadisədir. İstər “Eurovision”, istərsə də bu möhtəşəm tədbir münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Şəhərimizin daha da gözəl olacağına əminliyimiz günü-gündən artır. Bunu görməmək mümkün deyil. Hər gələn qonaq Azərbaycana, xüsusən onun paytaxtına həsəd aparır. Dünyaya nəzər salsaq, görərik ki, paytaxtımız ən gözəl şəhərlərdən biridir. Bu gözəlliyi dünya niyə gəlib görməsin ki?! Hesab edirəm ki, bir görən mütləq bir də gəlmək istəyəcək. Bu baxımdan nəinki Avropa oyunlarının, ümumiyyətlə, bu tip beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin və millətimizin xeyrinədir. Belə tədbirlərə ölkəmizi, sülhsevərliyimizi təbliğ imkanı kimi baxıram. Bizi yaxından tanısalar, həqiqətlərimizə də inanarlar. O zaman dünyanı inandırmaq çətin olmaz”.

Sənətə öz töhfələrini vermiş xalq artisti oyunlar ərəfəsində idmançılarımıza da dəstək nümayiş etdirəcək:

“Sözsüz ki, mən də həmin oyunları tamaşaçı qismində izləyənlər sırasında olacağam. Bir vətəndaş olaraq əlimizdən gələni etməliyik. Hər birimizin bacardığımız nəsə var, elə deyilmi? Biz də həmin bacardığımız işi görməliyik. “Bir mənimlə nə olacaq?” - deməməliyik. Çünki burada bir şəxsin, bir sahənin uğurundan söhbət getmir. Millətin, dövlətin nailiyyətləri əsas təşkil edir. Odur ki, bir an belə tərəddüd etmədən hər birimiz əlimizi bu işin altına qoymalıyıq. Hər kəs əl atarsa, iş asan başa gələr, nəticəsi də uğurlu olar”.

Amaliya Pənahova həmçinin sevdiyi idman növündən də söhbət açıb.

“İncəsənət adamı olsam da, idmanla da maraqlanmışam. Ancaq təbii ki, məni hər zaman incəsənətə yaxın bir idman növü özünə çəkib. Bədii gimnastika məni çox maraqlandırıb. Orada incəlik və gözəllik var. Bir sözlə, bu möhtəşəm tədbirdən Azərbaycanımızın üzüağ, idmançılarımızın bol medalla çıxmasını arzulayıram. Bütün idmançılarımıza, hətta hər birimizə uğur arzu edirəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm