Bakıda dəb həftəsi keçiriləcək - FOTOLAR
Bizi izləyin

Magazin1

Bakıda dəb həftəsi keçiriləcək - FOTOLAR

Bu gün “Bakı Dəb Həftəsi” keçiriləcək.

Publika.az xəbər verir ki, dünən bununla bağlı mətbuat konfransı keçirilib.

Tədbirin təşkilatçısı "Mister dünya" müsabiqəsinin iştirakçısı, yaradıcısı və təsisçisi azərbaycanlı model və prodüser Hafiz Ağayevdir.

Hafiz Ağayevin sözlərinə görə, moda həftəsi çərçivəsində 2015-ci ilin payız və qış kolleksiyası təqdim olunacaq. Moda həftəsində iştirak etmək üçün təcrübəli, peşəkar və mehriban kollektiv yığılıb. Layihənin rejissoru belarusiyalı mütəxəssis Nina Drakoyadır.

Moda həftəsinin əsas hədəfindən söhbət açan Ağayev deyib: “Azərbaycanda böyüyən moda sənayesinin populyarlaşdırmaq və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün uyğun şəraitin yaradılması əsas məqsədimizdir. Yeri dizaynerlərlə bərabər, burada Rusiya, Gürcüstan kimi ölkələrdən dizaynerlər dəvət olunub" - deyib.

Konfransda Gürcüstanın tanınmış modelyeri Avtandil Çkvitinidze, Cəmilə Malikova, yerli modelyerlərdən Gülşən Tağı, Yeganə Sadıqova, Natəvan Əliyeva və başqalarının geyim kolleksiyaları modasevərlərə təqdim ediləcək.

Belarusiyalı rejissor Nina Drako yenidən Bakıda olmaqdan, o cümlədən layihənin ona həvalə olunmasından çox şad olduğunu bildirib:

“Keçən dəfəki dəfilədə bir çox maraqlı insanlarla tanış olmuşam. Odur ki, bu təkcə yaradıcı insanların görüşü deyil, eyni zamanda da dostların görüşüdür. Bu dəfilədə çox maraqlı kolleksiyalar təqdim olunacaq”.

Modelyer Gülşən Tağı bu gün nümayiş olunacaq kolleksiyasının ancaq iki rəngdən ibarət olduğunu söyləyib.

Gülşən Tağının kolleksiyası “Black in white” yəni, “Qaralar içində bəyaz” adlanır. Dediyinə görə, bu ad təsadüfi seçilməyib:

“Kolleksiyada ancaq iki rəngdən istifadə etmişik. Eyni rəngləri işlədərək müxtəlif insanların zövqünə uyğun olan fasonları yaratmaq mümkün olduğunu göstərmək istəmişik. Kolleksiyada daş-qaşdan bacardığımız qədər az istifadə etməyə çalışmışıq. Əsas yeri parçaların kəsiminə və materialların bir-biri ilə simfoniyasına vermişik. Adi və klassik modelləri yaratmaq hər bir modelyer üçün çətin məsələ deyil. Qeyri-adiliyi sevdirmək də bir o qədər qəliz işdir. Mən isə bu çətinliyin öhdəsindən gəlməyə çalışaraq, qeyri-adi fasonlar yaratmışam. Zənnimcə, xanımlar narazı qalmayacaq” - deyib.

Gülşən Tağı azərbaycanlı xanımların yerli modelyerlərin işlərinə də böyük maraq göstərdiyini və tələbatın getdikcə artdığını deyib: “Əvvəllər xanımlarımız hansısa modelyerə paltar tikdirəndə gizlədirdi, yaxud mağazadan aldığını deyirdi. Yerli modelyerlərin işləri yüksək qiymətləndirilmirdi. İndi isə əksinə, bizdə də xarici olduğu kimi yerli modelyerlərin işlərinə diqqət göstərirlər. Öz fərdiliyini vurğulamaq üçün onlara özəl olaraq tikilmiş paltarlara üstünlük verirlər” - deyib.

Gürcüstanın tanınmış dizayneri Avtandil Çkvitinidze jurnalistlərə açıqlamasında bildirib ki, kolleksiyasında istifadə olunan parçalar Yaponiyada istehsal olunub. Avtandil Çkvitinidze bu parçaların mürəkkəb texnikası ilə seçildiyini, kolleksiyasının olduqca sirli və müəmmalı olduğunu söyləyib. O, xanımlarımızın geyim tərzini çox bəyəndiyini, özünəməxsus stilləri olduğunu da vurğulayıb.

Yeganə Sadıqovanın nümayiş olunacaq kolleksiyası isə “Xarıbülbül” adlanır. O, “Xarıbülbül Azərbaycanın gözəl guşələrindən biri və ayrılmaz hissəsi olan Şuşada bitir. Şuşa bizim doğma vətənimizdir, onu heç vaxt yaddan çıxartmamalıyıq. İnşallah yaxın vaxtlarda o torpaqlara yenidən qayıdacağıq!

Kolleksiyada xarıbülbülün ləçəklərindən, onun koloritlərindən istifadə etmişik. Modellərinin hamısının təbii materiallarından olmasına xüsusi fikir vermişik. Təbii taftalardan və gipürlərindən istifadə etmişik ” – deyib.

Moda nümayişində xarici moda sənayesinin ekspertləri, o cümlədən, Azərbaycanın bir çox tanınmış simaları da iştirak edəcəklər.

Qeyd edək ki, Bakı dəb həftəsi üç gün ərzində davam edəcək. Müxtəlif dizaynerlər 2015 payız-qış kolleksiyalarını təqdim edəcəklər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm