“Yadıma gəlmir evimdə xaş bişirtdirib, stəkana içki süzəm”- FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

“Yadıma gəlmir evimdə xaş bişirtdirib, stəkana içki süzəm”- FOTOLAR/MÜSAHİBƏ

Xalq artisti, Şöhrət ordenli sənətkar, professor, ustad tarzən Ramiz Quliyev bu həftə ad gününü qeyd etdi. Onunla uzun illər fəaliyyət göstərdiyi, neçə-neçə tarzən yetişdirdiyi Bakı Musiqi Akademiyasında görüşdük. Bu qədər işin çoxluğunda sağ olsun ki, bizi qırmadı, görüşümüzə gəldi. Düz saat beş tamamda görüşməliydik. Sənətkarın beş on dəqiqəyə yubanacağını təxmin eləsəm də, zənnimdə yanılmışdım. Qapıçıdan içəridə gözləmək üçün icazə istəyəndə dedi ki, Ramiz müəllim artıq gəlib. Onu da əlavə etdi ki, Ramiz Quliyev çox dəqiq adamdır, saat neçədə deyibsə, o vaxt da gəlir. Dəqiqliyinə, nəzakətinə heyran olduğum sənətkarın bağışladığı çiçək dəstəsinə görə lap utandım. Mən ona hədiyyə gətirmək əvəzinə, o, mənə çiçək dəstəsi almışdı…

- Ramiz müəllim, necəsiniz, hansı əhvali-ruhiyyədəsiniz?

- Gözəl bir fəsildir, günəş ordan boylanır, gülün-çiçəyin ətri bir-birinə qarışıb. Necə olacağam, yaxşı. Həyat gözəldir, yaşamağa dəyər.

- Bir sözlə, ruhunuz da bahar fəsli ilə həmahəngdir. Heç doğum gününüzdə gözünüz yolda qalırmı ki, kaş qapım açılaydı, filankəs içəri girib məni təbrik edəydi, yaxud da, ad günümü filan bölgədə keçirəydim?

- Özümdən ixtiyarsız hər ad günümdə gözüm Qarabağda - Ağdamdakı evimizi axtarır. İndi sən deyirsən, yenə o xatirələrim bir kino lenti kimi gəlib keçir gözümün önündən. Deyirəm ki, kaş bir möcüzə baş verəydi, Ağdamdakı məhəlləmizə gedəydim, qapımızı açaydım. Qapını açan kimi bir stəkan su içəydim, həyətimizdəki güllərin-çiçəklərin ətrini ciyərlərimə çəkəydim. İndi Ağdamdakı evimizdə gül-gülü çağırır, bülbül də gülü. Nədənsə, ad günlərimdə o məhəllə, o ev məni sanki dil olub çağırır.

- Yəqin ki, uşaqlığınız keçən o həyətdə, o məhəllədə indi də balaca Ramizin gəzib-dolandığını hiss edirsiniz…

- Beş-altı yaşım olanda Ağdamda evimizin divarında bir tar asılmışdı. Hələ də xəyalımdakı o beş-altı yaşlı uşaq o tarın sahibini axtarır. O vaxt Həbib əmim müharibəyə getmişdi və onun evimizin divarına asılan o tarına heç kim ürək edib əl vura bilmirdi. Mən də həmişə o tara həsrətlə baxırdım, amma anlaya bilmirdim, kimindir, nə üçün divardan asılıb. Həbib əmim müharibədən qayıdan kimi kəsdirdim başının üstünü. Hara gedirdisə, onu pusurdum. Bir gün bir mənə dedi ki, noolub, xeiyrdimi, məni gözdən qoymursan? Bir tara baxdım, bir də ona. Arif adam idi, başa düşdü ki, gözüm onun tarına düşüb. Soruşdum ki, əmi, bu nədir, dedi ki, tar. Soruşdum ki, kimindir? Cavab verdi ki, sənin. Onun əli müharibədə şikəst olmuşdu, tar çala bilmirdi. Divardan tarı düşürüb mənə verəndə elə bildim dünya mənimdir. O gündən bu günə o tarsız həyatımı təsəvvür edə bilmirəm.

- Görünür, əminiz o tarı sizə ürəklə verib ki, sonradan tar sizə bu qədər şöhrət, uğur gətirdi?

- Mənə təkcə əmim xeyir-dua verməmişdi, bütün Ağdam camaatı xeyir-dua vermişdi. O vaxtlar bizim tərəflərdə, xüsusən də Ağdamda adət idi, birinin evində musiqi aləti var idisə, hər kəs onun başına yığılardı, çal-çağır qurulardı. Kimin evində bir musiqi aləti vardısa, bütün kənd camaatı yığılıb həmin evə gözaydınlığı verirdilər. Necə ki, qız köçürəndə, gəlin gətirəndə onlara gözaydınlığı verilirdi, musiqi aləti olan adama da elə gözaydınlığı verirdilər. Kənddə birinin toyu olanda musiqi aləti olan uşaqlar yığılıb gələrdilər o məclisə, öz məharətlərini göstərərdilər. Kimin musiqi aləti vardısa, o varlı sayılırdı, nəinki maşını, villası.

- Daha deyin, o vaxt Ağdamda ən varlı adam elə siz imişsiniz?

- Eləydi. Bu xalq ki, bu qədər musiqimizə dəyər verir, vallah bizdən varlı xalq yoxdur.

- Tarın naz-qəmzəsindən heç usanmadınızmı?

- Düz deyirsiniz, tar çox nazlı-qəmzəli alətdir, gərək onun nazını çəkməyi bacarasan. Onu sinəndə elə saxlayasan ki, ruhu inciməsin. Mən tarı sinəmə basanda, elə bilirəm atamı, anamı, əzizlərimi qucaqlayıram. Tarın dilini yavaş-yavaş öyrəndikcə, görmüşəm ki, aman Allah tar nə qədər kaprizli alətdir. Açıq deyəcəyəm, nə mən onu incitmişəm, nə də o məni. Bir-birimizi inciməyə qoymamışıq.

- Sizi heç sınağa çəkmədi ki?

- Tar etibarlı alətdir, ona etibarsızlıq edilsə, o yiyəsini üstündən yerə çırpan ata bənzəyər. Buna görə də tarımla yatıb-dururam. Onun qayğısına qalıram.

- Tarınız sizə heç xəyanət etdimi?

- Mən onun qayğısını elə çəkdim ki, o mənə xəyanət etmədi. Günün bu gün də yuxudan durub İlahinin adını çəkəndən sonra tarımla salamlaşıram.

- Heç tardan aralı qaldığınız vaxtlar oldumu?

- Oldu, o da müəyyən səbəblər üzündən olub.

- Neçə gün?

- 15 gün, hətta bir ay olub. Amma bu ağır həsrət bahasına başa gəlib.

- Heç tarınızla söhbətləşirsiniz?

- Hər zaman. Bəzən elə olur ki, tar sözümə baxmır. Onda deməli, əhvalım yaxşı deyil, formada deyiləm, kimsə ürəyimə dəyib.

- Ramiz müəllim, xətrinizə çoxu dəyiblər?

- Mən xaraktercə mehriban, sözəbaxan adamam. Amma ədalətsiz bir söz eşidəndə, çox pis oluram. O da içimdə qalır.

- Yəni haqsızlığa heç reaksiya vermirsiniz?

- Bəzən olur. Qarşı tərəf həddini aşanda, artıq mən ona düzgün hərəkət etmədiyini başa salıram. Bəzən gənc adamlar olur ki, onlara elə gəlir çox istedadlıdır, ondan başqası yoxdur və s. Amma sənəti öyrənəndən sonra görür ki, yox e, hələ öyrənmək lazımdır. Mən 68 yaşlı Ramiz Quliyev hələ də öyrənirəmsə, deməli, görün onda vəziyyət nə yerdədir.

- Ən çox hansı yaşınızı sevmisiniz və ömrünüzün 68-ci baharında hansı yaşınızın xiffətini çəkirsiniz?

- Ən xoşbəxt yaşım Konservatoriyaya qəbul olduğum ildir. Düz əlli bir il bundan qabaq, onda çox gənc idim, 17 yaşım vardı. Qarabağdan iki-üç nəfər Konservatoriyaya qəbul oluna bilmişdi. Ondan sonra Filarmoniyaya işə düzəldim. Heç vaxt üzünü görmədiyim, ünsiyyətdə olmadığım sənətkarlarla dostlaşdım. Məndən 20-30 yaş böyük olan insanlar məni evlərinə qonaq çağırırdılar, çay içirdik, çörək yeyirdik. Onda kasıb oğlan idim, çox əziyyətlər çəkirdim, kirayədə qalırdım. Amma sənətkarlar heç vaxt mənə fərq qoymayıblar. Çox yaxşı vaxtlar idi onda. Bir də övladlarımın dünyaya gəldiyi günlər ən xoşbəxt günlərim sırasında birinci gəlir.

- İki oğul övladınız var, maşallah, soraqları da yaxşı gəlir. Gənc dirijor Əyyubun beynəlxalq aləmdəki uğurlarına biz də sevinirik. Ramiz müəllim, təəssüf ki, bəzən məşhur sənətkarların övladlarının sorağı pis gəlir, adları narkotik istifadəçiləri sırasında hallanır və s… Bu mənada uşaqlarınızın üzərində nəzarətiniz güclümü olub?

- Mənim ulu babam babamı, babam atamı, atım bizi necə tərbiyə edibsə, mən də uşaqlarımı elə tərbiyə etmişəm. İnanın ki, mən hələ atamın evdə hündürdən danışdığını eşitməmişəm. Anam da elə. Babamı görməmişəm, amma atamın danışdıqlarından bilib yadımda saxlamışam ki, o övladlarını necə tərbiyə edib.

- Maraqlıdır, Ramiz müəllimin tərbiyə üsulu necə olub?

- Mən evdə özümü elə aparmışam ki, bir baxışımla uşaqlarım məni anlayıb. Eləcə də analarını. Əyyub dünyada tanınmış dirijordur, Emin də Bakı Dövlət Universitetinin dosentidir, həm də istedadlı hüquqşünasdır.

- Sərt qadağalarınız olubmu?

- Nə qaydalar qoymuşamsa, ona da əməl ediblər. Hələ yadıma gəlmir ki, evimdə xaş bişirtdirib, stəkana içki süzəm. Heç vaxt bizim evdə belə şeylər olmayıb. Heç vaxt sərt formada oğlanlarıma deməmişəm ki, bu nə hərəkətdir? Bunu həssaslıqla, düşüncə ilə başa salmışam. Günü bu gün də oğlanlarıma nəzarət edirəm.

- Eşitdiyimə görə, böyük gəlininizi xanımınız seçib?

- Bəli, böyük oğluma gəlini həyat yoldaşım seçib. Gəlin yoldaşımın Bakı Dövlət Universitetində tələbəsi olub, bioloqdur. Özü də ali məktəbi qırmızı diplomla bitirib, indi də Universitetdə aspirantdır. Gəlinim olduğu üçün tərifləmirəm ha. Çox savadlı, ağıllı, anlayışlı, tərbiyəli bir gəlindir. Özü də mən onu gəlinim kimi yox, öz qızım kimi çox istəyirəm. Evin qayda-qanunlarını gələn gündən götürüb. Bunu deməklə inanmazsınız. Onu gəlib öz gözünüzlə görməyiniz lazımdır.

- Bəs Əyyuba qızı kim seçdi?

- Özü sevib evləndi. Opera Teatrında məşqə getmişdi. Orda da musiqiyə maraq göstərən cavan uşaqlar varmış. Həmin qız da anası ilə Opera Teatrına gəlib məşqlərə tamaşa edirmiş. Gəlin Rəssamlıq Akademiyasını bitirib, o da əlaçı tələbə olub. Əyyub qızı orda görüb, elə başa düşüb ki, qisməti o qız imiş.

- Seçimlərinə müdaxilə etmədiniz ki?

- Yox, yox, qətiyyən.

- Hansını daha çox istəyirsiniz?

- Böyük gəlinlə kiçik gəlin ikisi də özlərini elə istədir ki, fərq qoymuram. Həmişə pis olurdum ki, evdə qız yoxdur. Şükür indi iksi də qızım sayılır. Özü də çox mehribandırlar. Nəvələrim də evimizin bəzəyidir.

- Bir yerdə qalırsınız?

- Yox, ikisi də ayrı yaşayır. Yoldaşım da onları o çox istəyir, bir də görürsən yemək bişirir, evlərinə pay göndərir.

- Maşallah, xanımınız da o qədər nəzakətli, mehriban, aristokrat bir xanımdır ki… Telefonda mənimlə o qədər mehriban davrandı ki, fikirləşdim, Ramiz müəllimin xanımı yalnız bu cür ola bilər…

- Çox sağ olun.

- Necə tanış olmuşdunuz, bəlkə ad gününüzdə bir xəyalən o illərə aparasınız bizi…

- Yoldaşım o vaxtlar mənim kiçik bacım Səidə ilə universitetdə bir yerdə oxuyublar. Hərdən o qız bizə gəlirdi, Səidəylə dərs hazırlayırdı. Hərdən bacımın başı qarışanda o qız mənə çay gətirirdi. Mən də altdan-altdan onu süzürdüm. Sonradan bildim ki, o qız məni bacımdan da qabaq tanıyıbmış. Mən Filarmoniyada konsert verəndə gəlib mənə qulaq asırmış. Mən də tərifləmək olmasın, onda özümə çox fikir verirdim, şıq geyinirdim.

- Maşallah, indi də formadasınız…

- Çox sağ olun. Nə isə qismət elə gətirdi ki, evləndik. Məndən qabaq bacılarım işi düzüb-qoşmuşdu.

- Toyunuz necə keçdi, məşhurlardan kimlər iştirak etdi?

- Deynən kimlər iştirak etmədi? Onda həm qadın, həm də kişi toyu olurdu. Toyumu Xan Şuşinski edib.

Canım sənə desin, toyda İslam Rzayev, Arif Babayev, Əlibaba Məmmədov, Əbülfət Əliyev, Qulu Əsgərov, Sara Qədimova, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, bəstəkarlar Tofiq Quliyev, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Həbib Bayramov-onları sayıb qurtarmaqla bitməz. Toyda 300 adam vardı.

- Neçənci il idi?

- İndiki kimi xatirimdədir-1976-cı il.

- Ramiz müəllim, toy Ağdamda keçirildi?

- Yox, Bakıda. “Bakı” otelinin 12-ci mərtəbəsində çox təmtəraqlı bir toy keçdi.

- Ailədə necə birisiniz-yumşaq, yoxsa, sərt?

- Mən qayda-qanunu xoşlayan adamam. Ailədə öz qaydalarım var. Çox mehriban insanam, amma hədd aşılanda qəbul eləmirəm.

- Həyat yoldaşınızla evlənəndə heç qarşısına şərt qoymadınız ki?

- Yox, o bilirdi kiminlə ailə qurur. Mən musiqiçiyəm, konsertlərə gedirəm, qastrollarda oluram. Mən də bilirdim ki, o da təhsil dalınca getməlidir, sonradan müəllimə, elmlər doktoru oldu.

- Ailədə ən sərt qadağanız nədir?

- Bilirsiniz, elə şeylər var, qadağa lazımdır. Düzdür, bizdə bunu eləmirlər deyə qadağaya ehtiyac qalmır.

- Ramiz müəllim, maraq mənə güc gəldi, bəlkə deyəsiniz o hansı hərəkətdir elə?

- Ailədə hər kəs bilir ki, mən bir sözü iki dəfə deməyi xoşlamıram. Məsələn, bir dəfə bir qohumumuzu evimə dəvət etmişdim. O da mənim üçün çox əziz adamdır. 12 yaşı vardı. Mən ona dedim ki, qal yemək ye, dincəl, sonra evinizə gedərsən. O dedi ki, yox e, mən bu dəqiqə getməliyəm. Dedim gedirsən, dur çıx get. Elə oldu ki, o şəhərdə evlərinin yerini tapa bilmədi. Mən onun arxasınca getmədim. Sonra evdə mənə dedilər ki, Ramiz uşaq birdən azar e. Ürəyim dözmədi. Getdim gördüm ki, qısılıb bir küncə, bağışladım onu. Sözü bir dəfə deyirəm.

- İnsanlarda hansı xüsusiyyət sizdə qıcıq doğurur?

- İkiüzlü insanları xoşlamıram, bir də nanəcibliyi, namərdliyi. Elə adamları heç vaxt bağışlamıram, lap iki gözüm olsa da belə.

- Çoxdurmu qarşınıza çıxan belə insanlar?

- Bir-iki nəfər var. Tələbələrimdən olub.

- Heç üzrxahlıq etməyiblər?

- Etməyə də qoymamışam. Çünki elə böyük günah ediblər ki, mən onlara üzrxahlıq etməsi üçün imkan da vermərəm. Elə üzrxahlığı qəbul eləmərəm. Gecə-gündüz təmənnasız kiminsə əziyyətini çəkəsən və o adam camaatın qarşısında sənə cavab qaytarsın-bunu bağışlamaq mümkün deyil.

- Onlar tanınmış musiqiçilərdir?

- İndi tanınmışdırlar. Ətrafımda çox gəzib dolanırlar. Yaxınlaşmaq istəyirlər, amma bu inciklik qəbirə qədər davam edəcək. Prinsipial adamam.

- Məncə, düz edirsiniz, çünki insanları bağışladıqca, növbəti dəfə eyni səhvi təkrarlayırlar…

- Yox, mən heç vaxt bağışlamıram.

- Həyatınızı rənglərə bölsək, əlvan rənglər üstünlük təşkil edib, yoxsa, boz, qara?

- Əlvan rənglər, amma əziyyətlərim də ondan artıq olub. Bu gün mənim ən böyük nisgilim Qarabağla bağlıdır. Ağdam ürəyimin yarasıdır. Amma başqa heç bir şeylə bağlı şikayətim yoxdur. Hələ bu günə qədər Azərbaycanda musiqiyə, muğama bu qədər dəyər verilməmişdi. Rahat işləyirik, rahat yaşayırıq. Tar aləti YUNESKO səviyyəsində tanınıb. Mən arzu edərdim ki, bu alətə hər zaman hörmət bəsləsinlər. Bu gün tarzənlər çoxdur, amma tarixdə düşən bir, ya iki tarzən qalır. Uzaqbaşı üç nəfər ola bilər. Çünki tar ifaçısı virtuoz olmalıdır, repertuarın, dünyəvi musiqi bilgin yüksək səviyyədə olmalıdır. Özü də gərək sənət aləmində düz yolla irəliləyəsən. Bu yaxınlarda özəl televiziyaların birində bir neçə tar ifaçıları ilə bərabər çıxış edirdik. Mənim ifamın səsini aşağı edib, özlərinkinin səsini ucaltmışdılar. Tardan danışmaq lazımdır, amma o adam özündən danışır.

- Elə ona gələcəkdim, bədxahlarınız, paxıllığınızı çəkənlər çox olub?

- Oooo, bilirsiniz nə qədər? Mən bir də həyata gəlsəydim, tarzən olmağım barədə çox düşünüb-daşınardım. Çünki başım çox çəkib. Vaxt olub iki musiqiçi ilə Dekadaya getmişəm, qayıdanda mənim lent yazımı Qızıl Fonddan siliblər. Amma onun lentini saxlayıblar. Belə şeylər ediblər e… Elə indinin özündə də, ürək edə bilmirlər. Amma imkanı olsaydı, başımı arxadan kəsərdi. Özü də bu mübarizəni gizlin aparıblar. Açıq edə bilməzdilər.

- Üzlərinə vururdunuz elədiklərini?

- Yox, heç vaxt vurmamışam. Çünki onlara bunu hiss etdirsəydim, onların səviyyəsinə düşərdim.

- Bu sənət aləmində dostlarınız var?

- Musiqi aləmində etibar etdiyim çox az adam var. Çox az, bəlkə də bir, ya iki.

- Kimlərdir onlar?

- Yox, ad çəkmək istəmirəm.

- Ad gününüzdə Allahdan özünüzə nə arzulayırsınız?

- Allah qismət eləsin, Ağdamdakı evimizin qapısını aça bilim. Qapını açan kimi həyətin girəcəyində nar ağacımız vardı, ordan nar dərərdim, üstünün tozunu silib özümlə Bakıya gətirərdim. Nar dərib tozunu əlimlə silib parıldatmamı çox xoşlayırdım. Kaş ki, nəvələrimin əlindən tutub o qapıdan gəlin köçürüm. (qəhərlənir).

- Yuxunuza girirmi məhəlləniz, eviniz?

- İki gündən bir o yerlər yuxuma girir. Sinif yoldaşlarım, kənddəki qonşularımız, məktəb yolum-hamısı yuxuma girir. Nədənsə, yuxuda Ağdamda keçən uşaqlığımı yuxuda görürəm.

- İnşallah Allah nəsib edər, elə mən də gəlib Ağdamda sizdən gözəl bir müsahibə alaram. Ramiz müəllim, baxıram ki, həmişə formadasınız, şıq geyinirsiniz. Yəqin xanımınızın zövqü ilə geyinirsiniz?

- Bizim evdə qiymətli heç nə yoxdur, kitablardır, bir də səliqə-səhman üçün qarderob. Öz zövqümlə geyinirəm. Elə oğlanlarım da səliqəli geyinir. Xüsusən də Əyyub geyim-gecimdə məni keçib. Xanımım da geyimimə müdaxilə edir. Bax elə indi evdən çıxıb səninlə müsahibəyə gələndə yoldaşım mənə iki irad söylədi. Dedi ki, Ramiz, ağ köynək yox, qalstukuna uyğun gələn mavi köynəyi niyə geyinmirsən? Mən də öz bildiymi elədim.

- O biri iradı nəylə bağlı idi?

- O biri sizinlə bağlıdır, birdən desəm inciyərsiniz?

- Deyin, niyə inciyirəm ki…

- Dedi ki, Ramiz gərək bu müsahibəni başqa vaxta salaydın, indi sənin istirahət vaxtındır. Çünki Muğam Festivalında münsifəm, bir yandan da dərslər, tədbirlər o qədərdir ki, heç cürə dincəlməyə vaxt qalmır. Mən də dedim ki, Cəvahir o qədər mehribandır ki, mən onun sözünü yerə sala bilməzdim. Minnət kimi çıxmasın, inanın ki, dünəndən televiziyalar, saytlar zəng edir, müsahibə götürmək istəyir, amma heç birinə razılıq verməmişəm. Siz istisna oldunuz.

- Allah xətrinizi həmişə əziz eləsin, həmişə var olasınız, tarınız sinənizdən, bu təbəssümünüz çöhrənizdən əskik olmasın. Çox sağ olun ki, bizi qırmadınız… Nə xoşbəxt bizlərə ki, sizin kimi sənətkarların müasirləriyik.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm