ANS-in aparıcısı İrəm: "Həyat yoldaşım qərarımı bilir..." - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

ANS-in aparıcısı İrəm: "Həyat yoldaşım qərarımı bilir..." - MÜSAHİBƏ/FOTOLAR

ANS telekanalının ən məşhur simalarından olan “Uşaqdan böyüyə” layihəsinin rəhbəri və aparıcısı İrəm Nəbiyeva Publika.az-a özəl müsahibə verib. 3 il əvvəl Türkiyə vətəndaşı ilə ailə quran xanım aparıcı həm verilişindən, həm də ailə həyatından danışıb.

- “Uşaqdan böyüyə” layihəsi çox uğurlu oldu. Həm bu sahədə boşluq vardı, həm də layihə özü maraqlıdır...

- Elədir. Veriliş uğurlu alındı. 2010-cu ildən efirə gedən verilişin aparıcısıyam. Artıq yubileyimiz də olub. 5-ci ildir ki, layihə uğurla davam edir.

- Necə oldu belə bir veriliş yaratmağı düşündünüz?

- Mən həm yerli, həm də əcnəbi telekanalları izləməyi xoşlayıram. Özüm də aparıcıyam. Maraqlı olan şeylərə baxmaq lazımdır. Türkiyədən Bergüzar Korelin təqdimatında uşaq verilişini gördüm. Aktrisa həmin vaxt hamilə idi. Mənə çox maraqlı gəldi. Fikirləşdim ki, niyə Azərbaycanda belə bir veriliş olmasın?! Və beləliklə, “İrəmlə uşaqdan böyüyə” verilişi yarandı. Koreldən fərqli olaraq, mən əvvəl verilişi yaratdım, daha sonra ailə qurdum. Ana olaraq aparıcılıq etməyim isə Rəbbimizdən asılıdır. İnşallah, mən də ana olaram.

- Daim çoxbilmiş uşaqlarla birlikdəsiniz. Bu, sizi yormur?

- Nə danışırsınız? Uşaqlarla birlikdə olmaq məni sadəcə xoşbəxt edir. Axı bu qədər uşağın cəmi bircə İrəm bacısı var (gülür).

- Kişilər bəzən xanımının televiziyada mütəmadi görünməsinin əleyhinə olur. Sizin yoldaşınız televiziyada çalışmağınıza necə baxır?

- Həyat yoldaşım Cenk işini hələ ki Ankarada davam etdirir. Biz ailə qurmazdan öncə Cenk bilirdi ki, mən uşaqlarla bağlı televiziya verilişinin aparıcısıyam. Cenk ilə tanış olanda mən ona “abi”, yəni qardaş deyə müraciət edirdim. Nə vaxtsa ailə quracağımızı təsəvvür belə edə bilməzdim.

- Bəs harada yaşayırsınız, Azərbaycanda, yoxsa Türkiyədə?

- Mən Azərbaycanda yaşayıram. Ayda ən azı 1-2 dəfə Türkiyəyə gedib-gəlirəm. Mən gedə bilməyəndə Cenk Bakıya gəlir.

- Bəs nə vaxta qədər belə olacaq? Çətin olmur?

- Bu çətinliklər müvəqqətidir. İşlə bağlı olan məsələlərdir.

- Bəs günlərin birində karyeranızla həyat yoldaşınız arasında bir seçim etmək məcburiyyətində qalsanız, hansını seçəcəksiniz?

- Cenk seçim etməyimi istəməz. Çünki qərarımı bilir... (gülür)

- Özünüzü başqa bir layihədə də sınamaq istərdiniz?

- İstənilən layihənin öhdəsindən uğurla gələrəm! Mənə olan güvəni doğrultmağı sevirəm! Ən əsası, gördüyüm işə sevərək sarılmaq və tamaşaçıya hörmətlə yanaşmağı üstün tuturam. Səni var edən tamaşaçıdır, ay özünə “aparıcı” deyən bəzi özünü bəyənmişlər! Evində ailənə olan sevgini və sayğını efirdən də tamaşaçıya göstərmək lazımdır!

İsa Şükürov

Fotoqraf: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm