Ülviyyə Könül: “Onun iyini almadan rahat olmuram” – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Ülviyyə Könül: “Onun iyini almadan rahat olmuram” – MÜSAHİBƏ/FOTOLAR

Onun iyini almaqdan ötrü ta Amerikaya gedir. 1 həftəlik yolu su yoluna döndərən tanınmış rejissor Ülviyyə Könülü nə vaxt axtarsaq, səsi Amerikadan gəlir. Azərbaycanda keçirdiyi günlərin sayı isə o qədər az olur ki, hamı onun okeanın o tayında məskunlaşdığını düşünür.

Amma o, hələ Bakıda yaşayır. Azərbaycanı tərk etmədiyini iddia edir.

Rejissor Publika.az-a müsahibəsində onu Amerikaya çəkən səbəblərlə yanaşı, işindən-gücündən də danışıb. Həmin müsahibəni təqdim edirik.

- Amerikada yaşayırsınız. Bir qədər oradakı həyatınızdan danışın...

- Əslində bu, bir qədər yalnış məlumatdır. Amerikada mən yox, qızım yaşayır. Orada təhsil alır. Mən isə dözmürəm, onu görmək üçün ora gedirəm. Sosial şəbəkə, “Skype” olsa da, bu, mənə yetmir. Onun iyini almadan rahat olmuram. Bu səbəbdən 2-3 aydan bir Amerikaya gedirəm. Amerika elə bir uzaq yerdir ki, ora 5 günlük, 1 həftəlik getmək olmur. Odur ki, hər dəfə gedəndə 1-2 ay qalmalı oluram.

- Bəs orada işləmirsiniz?

- Mən Amerikaya gedəndə sifarişlərimi yığıram və oturub orada işləyirəm. Köməkçilərim onsuz da Bakıdadır. Bütün işlərimi internet vasitəsi ilə həll edirəm. Hətta kastinqləri belə “Skype” ilə həyata keçirirəm. Çəkiliş və montaj prosesində isə Bakıya gəlirəm. Əslində, bu, mənə çox çətindir. Özüm də aviafobiyadan əziyyət çəkən insanam. Elə olub ki, 2 gün üçün Amerikaya getmişəm. Qızımın ad günü idi. 1 gün yolda oldum, 1 gün də qızımın yanında.

- Qızınız orada nə işlə məşğul olur?

- Reklam, PR və televiziya sahəsi üzrə təhsil alır. Gələn il təhslini tamamlayacaq.

- Qızınızın orada qalıb karyerasını davam etdirməsini istərdiniz, yoxsa Azərbaycana qayıtmasını?

- Əslində, Azərbaycan üçün çox lazımlı kadrdır. Mükəmməl təhsil alıb. Qızım olduğu üçün demirəm. Mən onu ərə verib, indi nənə də ola bilərdim. Amma qızımın təhsilə hədsiz marağı var. Uşaqlıqda ona dərslərini oxuması gərəkdiyini xatırlatmağa heç vaxt ehtiyac qalmayıb. Bunun bəhrəsini də indi görürəm. Bu sualı 3 il əvvəl versəydiniz, deyərdim ki, xaricdə yaşasın. İndi isə Azərbaycanda elə perspektivlər açılır ki, hazırlıqlı, təhsilli kadrlar yüksək əmək haqqı ilə təmin olunur. İstərdim qızım ona harada rahatdırsa, orada yaşasın. Hərçənd o, Azərbaycanda az olub. Hətta orta təhsilini də Türkiyədə alıb. Nəticədə mentaliteti dəyişib. Amma vətənini çox sevir. Hərdən mənə deyir ki, Azərbaycan üçün darıxıb. “Qız qalasını görmək istəyirəm”, - söyləyir. Bu artıq qanda olan bir şeydir.

- Çoxdandır klip bazarından uzaqlaşmısınız. Kənardan baxanda vəziyyət necə görünür? Sizi qane edir?

- İzləyib baxmağa vaxtım olmur. Amma eşitdiyimə görə, gənclər arasında istedadlılar var. Zövqsüz və qeyri-peşəkarlar isə hər zaman olub. Bu təbii prosesdir. Klip bazarından getməyim qocalmağımla bağlı deyil. Guya cavanlar bizi ötdü? Yox, sadəcə, bu işə öz marağım itdi. Düşünürəm ki, yaşa dolduqca şou biznesdən mədəniyyətə yönəlmək lazımdır. Mən klip bazarına 23 yaşımda gəlmişəm. Artıq ambisiyalarım da böyüyüb. Faiq Ağayev, Aygün Kazımova, Tünzalə Ağayeva, Samirə Allahverdi ilə paralel böyümüşəm. Biz paralel inkişaf etmişik.

- Nədən narazısınız?

- Mən hazırda müasir estradadan narazıyam. Artıq meqa hit olan mahnılar eşitmirəm. Hətta tanınmış müğənnilərin də bəyənilən mahnısı olmur. Görünür, çoxunun həvəsi ölüb. Həm bəstəkarların, həm də müğənnilərin. Bunun nə ilə bağlı olduğunu da bilmirəm. Bəlkə də stimul verən yoxdur. Samirə, Faiq Ağayev, Tünzalə Ağayeva kimi sırf dost olduğum üçün işbirliyimiz olan çox az müğənni var. Tünzalənin bəstəkar kimi fanatıyam. Ondan hələ pis mahnı eşitməmişəm. Ancaq təəssüf ki, bu günlərdə məşhurluğun zirvəsində olan müğənnilər belə, təkrarına qulaq asmaq istəyəcəyim mahnı oxumur. Mən vaxtilə Zamiq Hüseynovun “Sən necə də gözəlsən” mahnısına dəfələrlə qulaq asmışam.

- Bəs, Ülviyyə Könülün qazancı hardandır?

- Mən universalam. Kommersiya reklamı, sosial reklam, tədbirlər həyata keçirirəm, xaricdə Azərbaycanı təmsil edən saysız konsertlərin müəllifiyəm. Çəkiliş tərtibatının rejissoruyam. Elə rejissorlar var ki, sırf reklam və ya film çəkir. Məsələn, çox hörmət etdiyim Elxan Cəfərov, əsasən, kino çəkir. O, tədbirlərin rejissorluğu ilə məşğul olur. Eynilə də Aqil M. Quliyev. Mən dövlət xətti ilə işləyirəm. Müxtəlif verilişlər, sənədli filmlər çəkirəm.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm