Azərbaycanlı yazıçıdan gözlənilməz etiraf: “Anasından acıq çıxmaq üçün qızını öldürdüm” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Azərbaycanlı yazıçıdan gözlənilməz etiraf: “Anasından acıq çıxmaq üçün qızını öldürdüm” - MÜSAHİBƏ

Həmsöhbətim vicdanının səsinə qulaq asa-asa “Vicdan susanda” romanını yazıb, hələ illər öncə oxucularının ürəyini ələ almağı bacaran Vidadi Babanlıdır. Nədənsə, onu hər zaman həlim insan kimi tanımışam. Əksər ipə-sapa yatmayan, qəliz və mürəkkəb qələm yoldaşlarından fərqli olaraq müsahibə üçün nə günlərlə bizi gözlədib, nə də bir bəhanə ilə başından edib.

İnsan kimi həlim olsa da, yazıçı kimi çox sərt, kinli və hətta qisascıldır. Lazım gələndə, qəhrəmanlarını öldürməyi də bacarır.

Publika.az-a müsahibə verən 88 yaşlı qocaman yazıçımızdan təzə xəbər də var. Qoy özü desin…

- Vidadi müəllim, ad gününüzdə mənə demişdiniz ki, yeni romanınızı tamamlamaq üzrəsiniz. Üstündən 5 ay keçib, xəbər çıxmadı axı...

- İnşallah, ayın sonuna qədər yeni romanımı oxucularıma təhvil verəcəyəm. Sizə demişdim, bu roman üzərində çoxdan idi işləyirdim, axır ki, başa çatdırdım.

- Bəlkə, danışasınız, adı nədir, nədən bəhs edir?

- Kitab əslində roman içində romandır. Çünki iki kitabdan ibarətdir. Birinci kitabda baş verən hadisələr ikinci kitabda davam edir. Ümumilikdə kitab “Zəmanə adamı” adlanır. Amma romanların biri “Ləkələnmiş namus”, digəri isə “Təzə sevdalar” adı ilə təqdim olunacaq. Kitab keçid dövrünün hadisələrinə həsr olunub, amma bütün romanlarımda olduğu kimi, bu romanda da sevgi-məhəbbət məsələlərinə yer ayırmışam. Sevgisiz həyat olmaz ki…

- Əlbəttə. Bütün romanlarınızda qəhrəmanlarınız müsbət insanlar olub. Bu dəfə də ənənənizə sadiq qalacaqsınız?

- (Gülür) Yox, budəfəki qəhrəmanım dələduz, fırıldaqçı çıxdı. Öz mənafeyi naminə hər kəsi ayaq altına alıb tapdalamağa çalışan qəhrəmanım mənimlə heç hesablaşmır. “Vicdan susanda”, “Ömülük cəza”, “Müqəddəs ocaq”, “Həyat bizi sınayır” və digər əsərlərimin hamısında qəhrəmanlarım üzümü ağ edib, amma bu romandakı qəhrəmanım bunu bacarmadı. Ətrafalı danışıb romana olan marağı azaltmaq istəmirəm, qoy kitab təqdim olunsun, sonra özünüz hadisələrin şahidi olacaqsınız və qəhrəmanımı özünüz qiymətləndirəcəksiniz.

- Vaxtilə “Vicdan susanda” romanınız 100 000 tirajlarla çap olunurdu, çünki hər kəs o əsəri sevirdi. Sizcə, yeni romanınızı eyni aqibət gözləyirmi?

- Yadıma yaxşı saldınız, o vaxt mənim romanımı yalnız Azərbaycanda deyil, Rusiyada da əl-əl gəzirdilər. “Vicdan susanda” 3-4 dəfə Rusiyada 100 000 tirajla çap olunub. İndi yeni romanım 500-1000 tirajla çıxsa, papağımı göyə ataram.

- Vidadi müəllim, nə dəiyşdi ki, oxucular belə naxələf çıxdı?

- Ovaxtkı oxucular daha sadiq, daha həvəsli idilər. Hanı o oxucular ki, gecə-gündüz kitab oxuyurdular? Yadımdadır ki, oxucularımdan hər gün məktublar alırdım. O məktubları oxuyub qurtara da bilmirdim.

- Nə yazırdılar o məktublarda?

- Əsərlərimi təhlil edirdilər, tərifləyirdilər, xoş sözlər yazırdılar. Oxucularım əsərlərimi ədəbiyyatşünaslardan gözəl təhlil edirdi. Mən özüm də onlara məəttəl qalırdım. Fikirləşirdim ki, adi oxucu olasan, amma əsəri ədəbiyyatşünaslardan da dərin təhlil edəsən. O dövrün oxucuları dərin, düşüncəli, hər şeyə maraq göstərən oxucular idi.

- Elə bütün məktublarda sizi tərifləyirdilər, heç hansısa qəhrəmanınıza görə məzəmmət edən olmurdu?

- O da olurdu, amma daha çox xoş sözlər yazırdılar. Bir neçə dəfə “Vicdan susanda” romanıma görə məni danlamışdılar. Yəqin, yadınızda olar, romanda professorun xanımı öz qızı Alagözü Vüqara sırımaq istəyir. Amma qəhrəmanım Vüqar öz sevdiyi qıza xəyanət etmir və professorun arvadının sözünə, var-dövlətə, şan-şöhrətə uymur. Hansı ki zəif insan olsaydı, öz sevdiyini qoyub, professor qızı ilə evlənərdi. Mən romanda Alagözü öldürmüşəm, bu da oxucuların narazılığına səbəb olmuşdu. Məktublar yazırdılar ki, niyə Alagözü öldürdün, o qızın günahı yox idi axı?

- Doğrudan, anasının qisasını balasından niyə aldınız ki? Əslində, Alagöz özü yaxşı qız idi, onun nə günahı vardı ki?

- Anasına görə. O qadının hərəkətləri məni özümdən çıxardığı üçün mən də acığımı o arvadın üstünə tökdüm. Anasından acıq çıxmaq üçün qızını öldürdüm. Bununla ürəyimi soyutmaq istədim.

- Sonradan peşman olmadınızmı?

- Qətiyyən.

- Ay Vidadi müəllim, ürəyinizə niyə belə daş bağladınız?

- Mən qızını öldürməklə, o qadının dərsini verdim. Başa salmaq istədim ki, bu meşşan xarakteri ilə balasını bədbəxt etdi. Bununla digər analara da dərs vermək istədim. Çünki həyatda belə hadisələr çox olur. O qədər analar var ki, öz qızını zorla kiməsə sırımaq və bədbəxt etmək istəyir. Elə edir də. O qızın bədbəxtliyini əzabını ömrünün axırına qədər də özü çəkir. Roman da elə həyatda yaşananlardır, uydurmalar deyil ki…

- Alagözü öldürsəniz də, o roman sizə yaxşı qonorar gətirdi…

- Hə, həmin vaxt aldığım qonorarla bütün borclarımı verdim. İşsiz idim axı onda. Kitablarımın qonorarı olmasaydı, dolana bilməzdim.

- Bəs indi neynəyirsiniz, əvvəlki qonorar da yoxdur…

- Allah ulu öndərimizə rəhmət eləsin, Prezident təqaüdü alıram.

- Başınız yeni əsərə qarışıb, dostlarınızı unutmamısınız ki?

- Hanı, indiyə dost qalar? Dostlarım çoxdan dünyasını dəyişib. Elə bir tək Nizami Cəfərovla hal-əhval tuturam.

- Bəs Anar, Fikrət Qoca?

- Fikrət Qoca ilə görüşəndə hal-əhval tuturuq. İndi də, deyəsən, xəstələnib. Anarla əvvəllər münasibətim yaxşı idi, amma indi aramız soyuqdur.

- Niyə, nə baş verib ki?

- Bir neçə il olar ki, Anarla heç danışmırıq. Əslində, mən Anarı heç qınamıram da. Çünki ortaya aravuranlar girdi və məni şərləyib Anarıın gözündən salmağa çalışdılar. O da insandır da, inanıb, amma gərək inanmayaydı. Çünki mənə də çox sözlər deyirlər. Heç vaxt kiminsə sözü ilə kimdənsə soyumamışam.

- Anara sizdən nə çatdırmışdılar ki?

- Elə quru söz-söhbət. Güya Yazıçılar Birliyi haqqında nəsə demişəm. Tənqid etmişəm. Ağ yalandır. Ara vurmaq üçün tutarlı bəhanəyə də ehtiyac yoxdur. Nə isə, indi nə Yazıçılar Birliyinə gedirəm, nə də ordakılarla münasibətim var.

- Bəs nə əcəb Anara zəng edib, özüylə məsələyə aydınlıq gətirmədiniz? Ən azı içiniz rahat olardı…

- Çox cəhd etdim, hətta bir neçə dəfə bəzi saytlar vasitəsi ilə ona fikirlərimi eşitdirdim. Başa salmağa çalışdım ki, mənim səninlə heç bir problemim yoxdur.

- Bəs bu barışıq addımından sonra ondan xəbər çxmadı?

- Yox, çıxmadı. Əslində, Anarla aramızın vurulması mənim üçün heç də təəccüblü olmadı. Çünki cavan vaxtlarımdan o qədər məni şər-böhtanla gözdən salmağa çalışıblar ki, indi belə şeylər mənə adi gəlir. "Vicdan susanda" romanıma görə məni gözümçıxdıya saldılar, partiyadan çıxartdılar, uzun illər işsiz qoydular. Yadıma salmaq istəmirəm o günləri. Mənim xalq yazıçısı adı almağıma da mane oldular.

- Kimlər idi onlar, tanınmış yazarlar idi?

- İndi hamısı rəhmətə gedib, buna görə də adlarını çəkmək istəmirəm. Çoxu da elə adsız-sansız dünyasını dəyişdi. Ədəbiyyata yamaq olan o adamların ucbatından çox əziyyət çəkdim.

- Bəs onlara reaksiyanız necə olurdu, mübarizə aparmırdınız?

- Həmişə daxilimdən gələn bir səs məni sakitləşdirirdi... Deyirdi ki, sakit ol, əsəbiləşmə, cavab vermə. Həmin vaxtlarda zərbələrə görə stress keçirirdim, səhhətimə ziyan vurur, yazı da yaza bilmirdim. Yaradıcı adam üçün bilirsiniz bu nə deməkdir? Ruh düşkünlüyü olan adam əsər yaza bilməzdi axı. Mən də yaxşı ki, o vaxtlar heç kimə əhəmiyyət vermədim və romanlarımı yazıb oxucularımın sevgisini qazandım.

- Amma belə, dostlarsız sizə çətin deyilmi?

- Çox darıxıram. Səhhətimlə əlaqədar heç yerə çıxa bilmirəm, çöl-bayır üzü görmürəm.

- Səhhətinizə nolub ki?

- Gözümdə problem var, zəif görürəm. Heç olmasa, təbiətə çıxıb gəzərdim, eynim açılardı. Dostlar olsaydı, söhbətləşərdik. Ədəbiyyatdan, yeni yazılan kitablardan. Yenə yaxşıdır ki, qələm sözümə baxır, başımı qarışdırır. Yoxsa, xiffətdən lap bağrım çatlayardı.

- Vidadi müəllim, bir çox tanınmış yazarlarımızın övladları onların yolunu davam etdirir. Məsələn, Anar, Fikrət Qoca və digər yazarların uşaqları cəmiyyətdə atalarının davamçısı kimi tanınır. Nə əcəb sizin övladlarınız bu yolu seçmədi? Bəlkə, seçib, xəbərim yoxdur?

- Yox, seçmədilər.

- Siz istəmədiniz?

- Özləri belə qərar verdilər. Çünki onlar mənim keçdiyim əzəiyyətli həyatdan xəbərdar idi və buna görə yazıçı olmaq istəmədilər. Ay qızım, nə gizlədim səndən, işsiz vaxtlarım olub ki, evimə çörək ala bilməmişəm. Uşaqlarım buna görə çox əziyyət çəkib. Belə həyatı görəndən sonra onlar da anladılar ki, yazıçı həyatı hamar deyil.

- Bəs hansı peşəni seçdilər?

- Qızlarımdan biri rus dili müəlliməsidir, o birisi də biologiya üzrə namizəddir. Oğlum isə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Övladlarımdan çox razıyam, heç vaxt mənə ağrı-acı yaşatmayıblar. Onlardan küskünlüyüm, incikliyim yoxdur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm